Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəRBƏnd folklor öRNƏKLƏRİ



Yüklə 13,01 Mb.
səhifə33/71
tarix10.01.2022
ölçüsü13,01 Mb.
#106716
1   ...   29   30   31   32   33   34   35   36   ...   71
Yaxşılığa yaxşılıq (48)
Biri var idi, biri yox idi. Qədim zamanlarda bir padşah var idi. Onun aman-zaman bir oğlu var idi. Padşah qocalmışdı. Elə oldu ki, padşahın gözləri tutuldu. Təbiblər buyurdular ki, pad­şa­hın gözünün dərmanı dəryada qızıl balıqdır. Əgər həmin balığın qanı padşahın gözlərinə çəkilsə, açılar. Padşah əmr elədi balıq­çılar həmin balığı tutsun. Padşahın oğlu da onlarla getmişdi. Balıqçılar xeyli tor atdılar, ancaq qızıl balığı tuta bilmədilər. Günortadan xeyli keçmiş, nəhayət, qoca balıqçının toruna par-par parıldayan bir qızıl balıq düşdü. Padşahın oğlu gəlib balığın o üzündən, bu üzündən öpüb, dəryaya atdı. Həmin gün qoca ba­lıq­çı üç dəfə qızıl balığı tutdu, padşahın oğlu onu dəryaya adı. Ba­lıqçı hirslənib, bu əhvalatı padşaha söylədi. Əhvalatdan xə­bər­­dar olan padşahın hirs başına vurdu. O saat qırmızı geyinib, taxta çıxıb, dedi:

– Cəllad, vur bunun boynunu.

Bunu eşidən vəzir gördü ki, doğurdan da, padşah aman-zaman bircə oğlunu öldürmək istəyir. Baş əyib deyir.

– Qibleyi-aləm, gəl sən onun boynunu vurdurma, torpa­ğın­nan çıxar, qoy getsin.

Padşah vəzirin sözlərinə qulaq asdı. Oğlunu öldürmək fik­rindən daşındı. Əmr elədi ki, oğlunu torpağından çıxartsınlar. Pad­­şah oğlu Məlikməmməd cəlayi-vətən oldu. Az getdi, üz get­di, dərə-təpə düz getdi. Gəlib bir bulağa rast gəldi. Oturub, bir az dincəldi. Elə yoluna davam etmək istəyirdi ki, bir səs eşitdi:

– Məlikməmməd, əylən, mən də gəlim.

Məlikməmməd geri çevrildi, ancaq heç kimi görmədi. Bu səs bir də gəldi. Gördü ki, cavan bir oğlan dayanıb. Məlikməm­məd xəbər aldı:

– Hara gedirsən? Mən də sənə yoldaşam.

Onlar gedib bir şəhərə çatdılar. Şəhərdə eşitdilər ki, pad­şa­hın qızının dili tutulub. Heç kim onun dilini aça bilməyib. Oğlan gəlib elçi daşının üstündə oturdu. Onu padşahın yanına gətir­di­lər. Padşah dedi:

– Ey oğlan, əgər sən qızımın dilini açsan, onu sənə verə­cəm, özünü də dünya malından qəni eliyəcəm.

Oğlan dedi:

– Mən qızın dilini açaram. Amma otaqda ikimizdən başqa heç kim olmamalıdır.

Padşah razı oldu. Bəli, oğlan qızın otağına daxil oldu. Qız dinib-danışmırdı. Oğlan üzünü qapıya tutub, danışmağa başladı.

– Qapı qardaş, günlərin bir günündə üç yoldaş səfərə çıxır. Onlar bir meşədə gecələməli olur. Növbə ilə keşik çəkirlər. Birinci dəfə xarrat keşik çəkir. Xarrat ağacdan bir xatun heykəli düzəldir. İkinci dəfə dərzi növbə çəkir. O görür ki, xarrat gözəl bir xatun heykəli düzəldib. Dərzi də xatun heykəlinə layiq gözəl bir paltar biçib-tikir. Üçüncü dəfə molla növbə çəkməli olur. Mol­la görür ki, bir gözəl xatun heykəli var, əynində də gözəl pal­tar. Molla əlini göyə ucaldıb deyir:

– Ya Allah, buna dil ver.

Mollanın arzusu da yerinə yetir. Heykəl canlı xatuna çevrilir. Allah-təala ona dil verir, o da olur xatun adam, onlar olurlar dörd nəfər.

Söhbətin bu yerində oğlan üzünü qapıya tutub dedi:

– Qapı qardaş, indi de görək, xatun kimə düşür?

Qapıdan səs gəldi:

– Dərziyə.

Qız qəzəbləndi. Dedi:

– Xatun mollanındı.

O saat padşaha xəbər çatdı:

– Padşah sağ olsun, hər günün mübarək olsun, qızın dili açıldı.

Padşahın eyni açıldı. Çox şad oldu.

İkinci gün yenə oğlan qızın otağına daxil oldu. Yenə də qız dinmədi. Oğlan üzünü bu dəfə də şamdana tutub söhbətə baş­ladı:

– Şamdan qardaş, sənə bir hekayət danışım, qulaq as. Gün­lərin bir günündə padşahın xatını hamama gedəndə yerə düşmüş bir boyunbağı gördü. O, boyunbağını yerdən götürmədi, keçib getdi. Sonra həmin yoldan vəzirin xatunu gəlib keçdi. O da bo­yun­bağını gördü, amma götürmədi, keçib getdi. Mollanın xatunu həmin yerdən gəlib keçəndə yerə düşmüş boyunbağını gördü. Əyilib boyunbağını götürdü, hər üçü qayıdıb evinə getdi. Padşa­hın xatunu dedi:



– Əvvəl boyunbağını mən görmüşəm. Boyunbağı mənə çatır.

Vəzirin xatunu dedi:

– Bu boyunbağı mənə çatır.

Mollanın xatunu dedi:

– Bu boyunbağını mən götürmüşəm, mənə çatır. İndi ki razılaşmırsınız, onda hərəmiz bir əhvalat danışaq, ərlərimizi al­datmağımız barədə, kiminki güclü olsa, deməli, bo­yunbağı onun­du.

Əvvəl padşahın xatunu ixtilata başladı: “Mən qırx həra­mi­ba­şını çağırdım. Onları bir otağa apardım. Onlara çərgə ilə ayaq­qabılarını düzdürdüm. Padşaha xəbər çatdı. Padşah gəldi. Tez açarları ona verib dedim: “Mərci apardım”. İkinci vəzirin xatunu ixtilata başladı:



– Ərim yatmışdı, gecə nökərlərə tapşırdım, yorğan-döşəkli aparıb qoydular onu bir hambalın yerinə, hambalı da gətirib qoy­dular onun yerinə. Vəzir axşama kimi hamballıq elədi, ham­bal da vəzirlik elədi. Sabahısı vəzir bu əhvalatı danışanda onu inan­dır­dım ki, yuxu görüb. Vəzir də naəlac qalıb, bir söz deyə bilmədi.

İndi mollanın xatunu ixtilata başladı:

– Bir cavan oğlan götürüb, getdim qazının yanına.

Qazı dedi:

– Ay oğlan, bu qızı alırsan?

Oğlan dedi:

– Alıram.

Bir də qazı gördü ki, qarşısındakı öz arvadıdı. Tez qaçdı evinə. Mən ondan qabaq evə gəlib, başladım qabağıma düyü tö­küb təmizləməyə. İkinci dəfə yenə hadisə təkrar oldu. Üçüncüdə qazı məcbur olub kəbinimizi kəsdi.

– Şamdan qardaş, boyunbağı kimə çatır?

Şamdan dedi:

– Vəzirin xatununa.

Qız o saat qışqırdı:

– Mollanın xatununa.

Padşaha xəbər apardılar ki, gözlərin aydın olsun, qızının dili açıldı. Padşah qızının dilinin açılmasına çox sevindi. Şərtinə əməl etdi. Qızı oğlana verdi. Qızı ilə birlikdə qırx dəvə yükü cehiz də verdi. Məlikməmməd, oğlan, bir də şah qızı gəlib həmin bulağın başına çatdılar. Oğlan dedi:

– İndi biz ayrılmalıyıq. Bu dövləti də, qızı da bölməliyik.

Şahzadə razı oldu. Hər şeyi böldülər. Ancaq bölünməmiş bir dəvə, bir padşahın qızı qaldı. Oğlan dedi:

– Bunları da gərək bölək.

Qılıncını çəkib əvvəl dəvəni böldü. Sonra iki ağac bas­dı­rıb, qızı bu ağaclara sarıdı. Məlikməmməd çox yalvardı ki, qızı bölməsin. Bütün dövlət qoy oğlanın olsun, təkcə qız bunun ol­sun. Oğlan yenə razı olmadı. Belə olduqda Məlikməmməd təklif elədi ki, qızı bütöv götür. Yenə də oğlan razı olmadı. Qılıncını çəkib yüyürdü ki, qızın təpəsinə endirsin, qız qorxusundan qus­du, ağzından bir ilan da yerə düşdü. Oğlan ilanı öldürdü, qılın­cını qınına qoyub Məlikməmmədə dedi:

– Məlikməmməd, sən məni ölümdən qurtarmısan. Mən balıqlar şahının oğluyam. Balıqçı məni üç dəfə tutdu, sənsə o üzümdən, bu üzümdən öpüb, dəryaya atdın. Onda mən toy ha­ma­­mına çıxmışdım. İndi mən sənin yaxşılığının əvəzini verdim. Oğlan öz qanından da Məlikməmmədə verib tapşırdı ki, onu ata­sının gözlərinə sürtsün. Onun gözlərinin dərmanı budu. Məlik­məmmədlə qız məəttəl qalmışdı. Oğlan bir də Məlikməm­mədi qu­caqlayıb bərk-bərk öpdü, sonra birdən yoxa çıxdı, Məlik­məm­mədlə qız sanki yuxudan ayıldılar.

Onlar gəlib atasının padşahlıq etdiyi şəhərə çatdılar. Gör­dü­lər ki, şəhərin kənarında bir cütçü şumlayır, özü də başdan ayağa kimi qara geyinib.

Məlikməmməd dedi:

– Get, padşaha muştuluğa.

Cütçü qaça-qaça gedib oğlunun gəldiyini padşaha çatdırdı.

Padşah dedi:

– Məni istəyən bu kişiyə xələt versin.

Cütçüyə o qədər xələt verdilər ki, xələtin altında itib-batdı. Padşahın adamları Məlikməmmədi qarşılamağa çıxdı. Padşah oğlunun qayıtmasından çox şad oldu. Məlikməmməd oğlanın ver­diyi qanı atasının gözlərinə sürtdü, padşahın gözləri açıldı. Padşah toy-düyün qurdurdu. Onlar mətləblərinə çatdılar. Allah hamının mətləbini versin.

Göydən üç alma düşür, biri mənim, biri nağıl söyləyənin, biri də qulaq asanların.


Yüklə 13,01 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin