Tacir qızı (50)
Biri var idi, biri yox idi, keçmiş zamanlarda bir tacir, onun da bir qızı var idi. Bu tacirin var-dövləti başından aşıb-daşırdı. Aylar, illər gəlib keçdi, tacirin qızı gəlib on səkkiz yaşına çatdı. Tacir çox çalışdı ki, qızını ərə versin, ancaq qız razı olmadı, bu minvalla beş il gəlib keçdi. Bir gün bir şirəçi oğlan tacirin evinin yanından keçirdi. Oğlan bərk susamışdı. Odu ki, tacirin qapısını döydü. Tacirin qızı qapını açdı. Oğlan dedi:
– Bacı, bir içim su ver.
Qız oğlana su verdi. Oğlan suyu içib getdi. Şirəçi oğlan yaraşıqlı bir oğlan idi. Qız bir könüldən min könülə şirəçi oğlana vurulmuşdu. Bir gün atası söhbət salanda qız dedi ki, mən filan oğlanı sevirəm.
Bəli, axtarıb şirəçi oğlanı tapdılar. Oğlan əvvəlcə işi başa düşmədi. Qorxub dedi:
– Ağa, mənim heç bir günahım yoxdu. Bərk yanmışdım, ona görə də sizin qapını döyüb, su istədim.
Tacir dedi:
– Oğlum, qorxma, mən qızımı sənə verirəm.
Şirəçi oğlan dedi:
– Ağa, mən bir kasıb, kimsəsiz oğlan, siz varlı tacir, bizimki tutmaz.
Tacir dedi:
– Oğlum, mənim bütün var-dövlətim sənindi, nə qədər lazımdısa pul da verəcəm, hazırlaş toya.
Bəli, tacir oğlana nə qədər lazımdırsa pul verdi, onlar hazırlaşdılar toya. Üç gün, üç gecə toy eləyib, tacir qızını bu oğlana verdi. Bir müddət keçdi, tacir ömrünü bağışladı qızına. Tacirin var-dövləti oğlana çatdı. Oğlan tacirin bütün işlərini əlinə aldı. Doqquz ay, doqquz gün tamam oldu, şirəçi oğlanın gözəl-göyçək bir oğlu dünyaya gəldi.
Atalar yaxşı deyib, sən saydığını say, gör fələk nə sayır. Elə oldu ki, oğlanın bazarı kasadlaşdı. Bir dükanını oğurladılar, bir karvanını taladılar, bir gəmisi dəryada batdı, xülasə, tacirdən qalan bütün var-dövlət havaya sovruldu. Dərd azmış kimi oğlan özü də xəstələndi və bir qədər keçəndən sonra öldü. Tacir qızı uşağı ilə kimsəsiz qaldı, elə oldu ki, qız bir parça çörəyə möhtac qaldı. Qızla uşağı burda qalmaqda olsun, xəbəri verək şah Abbasdan.
Bir gün şah Abbas vəziri ilə dərviş libasında şəhəri gəzməyə çıxmışdı. Gördülər ki, bütün evlərdə işıqlar sönüb, hamı yatır, təkcə bir evdən işıq gəlir.
Şah Abbas dedi:
– Vəzir, gedək bu evə, görək kim var burda.
Şah Abbasla vəzir gəlib tacir qızının qapısını döydülər. Şah Abbas dedi:
– Ay ev yiyəsi, aç qapını.
Qız dedi:
– Ey qonax, evdə sizin qabağınıza çıxası başıpapaqlı yoxdu, qapını necə açım.
Şah Abbas dedi:
– Qızım, aç qapını, qorxma, biz dərvişik.
Tacir qızı qapını açdı. Şah Abbasla vəziri içəri girib gördülər ki, bir gözəl xatun, bir də uşaqdan başqa evdə heç kim yoxdu. Şah Abbas soruşdu:
– Qızım, sən kimsən, nəçisən, niyə bu hala düşübsən ki, gecələr də yatmırsan?
Tacir qızı başına gələnləri mən sizə nağıl elədiyim kimi şah Abbasa, vəzirinə danışdı. Şah Abbas qıza bir qədər pul verdi. Sonra isə təsbehini ona verib dedi:
– Qızım, bilirəm, gec-tez pul qutaracaq. Nə vaxt pulun qurtarsa, bu təsbehi satarsan, ancaq onu min tüməndən ucuz verməzsən.
Şah Abbasla vəziri çıxıb getdi. Bəli, nağıllarda vaxt tez keçir, bir gün, beş gün axırda qızın pulu qurtardı. Tacir qızı dərvişlərin verdiyi təsbehi götürüb, bazara çıxdı. Kim soruşdusa, tacir qızı dedi ki, təsbehin qiyməti min tüməndi. Tacirlər gördü ki, doğrudan da, təsbehin qiyməti yoxdu. Bu şəhərdə Əfrayim adında çox zalım bir tacir var idi. O, hiyləyə əl atdı. Camaatı inandırdı ki, təsbeh onun babasından qalıb, bu qız onu oğurlayıb. Tacir Əfrayim qızı döydürüb təsbehi əlindən aldı, bundan da sakitləşməyib qızın sağ qolunu kəsdirdi. Tacir qızının dərdi birdisə, oldu min.
Tacir qızı uşağı ilə burda qalmaqda olsun, xəbəri verək xəbərdən, görək şah Abbas nə etdi.
Bir gün şah Abbas öz-özünə fikirləşdi ki, gedim görüm yazıq qızın başına nə iş gəldi. Gəlib nə gördü, onun yaxşılığı qızı bədbəxt edib. Qan onun beyninə vurdu. Səhər açılan kimi Şah Abbas taxtına çıxdı. Əmr elədi:
– Filan küçədə yaşayan qızı tez yanıma gətirin.
O saat tacir qızını şahın hüzuruna gətirdilər. Şah Abbas xəbər aldı:
– Qızım, kim səni bu hala salıb?
Tacir qızı başına gələnləri Şah Abbasa nağıl elədi.
Şah Abbas dedi:
– Qızım, həmin taciri görsən tanıyarsanmı?
Qız dedi:
– Bəli.
O saat şah Abbas əmr elədi, nə qədər tacir varsa, yığın gətirin hüzuruma. Bu xəbəri eşidən Əfrayim tacirin canına titrətmə düşdü. Özünə yalançı şahidlər tutmağa başladı. Ancaq hansı tacirə ağız açdısa, heç kəs razı olmadı. Heç kəs başını şah qılıncının altına vermək istəmədi. Əfrayim tacir fikirli gedirdi. Bir də gördü ki, üç nəfər hambal qarpız kəsib yeyir. Fikrini onlara bildirdi. Hamballar razı olub şahidlik edəcəklərinə söz verdilər. Əfrayim tacir hambalları pulla ələ aldı.
Tacir qızı Əfrayim taciri görən kimi tanıdı.
– Şah sağ olsun, qolumu kəsib təsbehi əlimdən alan bu tacirdi.
Şah Abbas qəzəbini gizldib sakitcə dedi:
– Əfrayim tacir, bu qızın qolunu niyə kəsdiribsən?
Tacir dedi:
– Şah sağ olsun, bu qızı çağırdım ki, evdə çörək bişirməyə kömək etsin. Bu isə mənim babamdan qalan təsbehi oğurladı.
Şah dedi:
– Şahidlərin varmı?
Tacir dedi:
– Şah sağ olsun, şahidlərim var.
Şah hambalları bir-bir dindirdi. Birinci hambal dedi:
– Bu təsbeh, həqiqətən, Əfrayim tacirindi.
İkinci hambal dedi:
– Bu təsbeh, həqiqətən, Əfrayim tacirindi.
Üçüncü hambal həm ağıllı, həm də ürəyiyumşaq adamdı. Odu ki, dedi:
– Şah sağ olsun, bizim heç nədən xəbərimiz yoxdu. Bu tacir bizi pulla tutub.
Şah Abbas dedi:
– Sənə görə yoldaşlarını da bağışlayıram. Əfrayim tacir, qaldı ki təsbehə, təsbeh mənim babamındı. Sən bu təsbehə görə günahsız qızı şikəst edibsən. Gərək sənə elə cəza verəm ki, sənin kimilərə görk ola.
Şah Abbas əmr elədi, qızılı əridib Əfrayim tacirin boğazına tökdürdü. Əfrayim tacir cəhənnəmə vasil oldu.
Şah dedi:
– Qızım, günahkar öz cəzasına çatdı. Sənin bu hala düşməyində mənim də günahım var. De görüm, mənim günahımdan keçirsənmi?
Tacir qızı dedi:
– Şah baba, taleyim beləymiş.
O gündən Şah Abbas tacir qızını özünə qızlığa götürdü. Onlar xoşbəxt yaşamağa başladılar.
Göydən üç alma düşdü, biri mənim, biri sənin, biri də nağılı söyləyənin.
Dostları ilə paylaş: |