21. YAZIYA POZU YOXDUR
I mətn
Şah Abbas vəzir Allahverdi xannan ildə bir dəfə gedərmiş vilayəti gəzərmiş ki, görüm nə təhər dolanır camaat. Olar gedib gəzib gələndə bir ilə gəlib çıxırmışdar. Bunlar gedəndə görüblər ki, – onda da belə təmtərağ yoxmuş, yerdən qazma damlarda-zadda olurmuşdar, – bir damnan işıx gəlir. Bu, vəzirə deyir ki, vəzir, çönək görək gecənin bu aləmində bu nə işıxdı, nə hikmət var burda? Elə bular qapının cəftəsinə çatanda görüllər ki, əmmaməli, nurrı bir kişi qapıdan çıxdı. Çıxanda yapışıllar tutullar qolunnan ki, sən kimsən, gecənin bu vaxtı nə gəzirsən? Deyir ki, mən baxt-tale yazanam. Bu (ev yiyəsi – top.) çobandı, camaatın naxırını otarır. Bunın yeddi qızı vardı, oğul evladı yoxıdı. İndi bının bir oğlu olub, onun talehin yazdım.
Deer:
– Onun talehinə nə yazdın?
Deer:
– Yazdım ki, bu çobanın oğlu Şah oğlu Şah Abbasın qızını alacağ.
Şah Abbas əl atır yapışır bının yaxasınnan ki, əyə, sən dəli olmusan? Gədənin biri mənim qızımı alsın? Mən Şah oğlu Şah Abbasam. Mənim dərviş libasında olduğuma baxma. Poz!
Deer:
– Qardaş, yaxamı burax. Da burda nə var ki, poz deyirsən. Yoldaşınnan da məsləhət elə, məsləhətdi, pozum.
Bının yaxasını bıraxır, çönür deer:
– Vəzir, düz deerəmmi?
Deer:
– Gözəl deyirsən.
Çönür görür, bıy, qeyb oldı, yoxdı.
– Ayə, bı nə iş idi başımıza gəldi? Nə məsələ idi, nə qayrağ? – deyəndə, vəzir deer ki, ayə, nə var ki, kasıf adamdılar, çoban adamdı. Girək bir az qızıldan-puldan verək, uşağı buların əlinnən alağ, aparağ gedək, o dərənin birində başına bir daş vurağ, ölsün, çıxsın getsin işinə. Heç sənin qızını da ala bilməsin.
Deer:
– Ay səni sağ ol! Sənin dədən dədəmə ölüncə vəzirik eliyib, özün də özümə eliyirsən, heç belə ağıllı söz eşitməmişdim.
Girdilər içəri, röziyə diyə-diyə. Hə, bəs dərviş babayıx, sonsuzux, övladımız yoxdu, özü ağırrığında qızıl verək, bını ver bizə. Allah kasıbçılığın evini yıxsın. Belə deyəndə qadın kişinin üzünə baxır, kişi qadının üzünə baxır. [Arvad] deyir:
– Əşi, Allah genə verər. Gəlsən, elə kasıblığın daşını atax.
Uşağı satıllar bulara.
Gedillər kənara. Şah Abbas vəzirə deyir ki, daş tap gətir. Deyəndə vəzir deyir:
– Əə, başın xarabdı. Daşı vırağ başına, qanı üsdümüzə sıçrasın, üsdümüzü bılasın? Onnansa, gedək çıxax o dey, misal üçün, Himalay dağının başına, dağın başınnan atağ, düşsün yerə, para-para olsun. Heç nə səsini eşidək, nə qanı üsdümüzə çıtdasın.
Şah Abbas dedi:
– Afərin, sana. Getdik.
Getdilər çıxdılar hündür bir dağın başına, uşağı ordan atdılar. Allah-tala Cənabi Cəbrayıla hökm elədi ki, aç şapərizlərini, al qənədinin üsdünə, qoyma düşsün. Çünki bının taleyini mən yazdırmışam. [Cənabi Cəbrayıl] uşağı aldı qanadının üsdünə.
Allah-tala dedi:
– Filan meşədə, filan cəzirədə bir maral quzuluyub, apar qoy maralın quzularının yanına.
Vəhy gəldi ki, ya Süleyman, sən bütün heyvanatın dilini bilirsən, cannının, cinninin dilini bilirsən. Marala de ki, balalarından çox ona qulluğ eləsin, onu əmizdirsin.
İndi, deyəllər ki, nağıl ayağı yüyrək olur. Bu uşağ yekəldi, cüürlərnən gəzdi. Bir gün Ovçı Pirim çıxdı ova. Belə bir meşənin talasına çıxanda gördü orda bir dəsdə cüür var. İçində bir bəni-insan da var. Cüürrər bını yalıyır, bı cüürrərin boynunu qucaxlıyır, oynaşıllar. Dedi:
– Bıra güllə atmağ olmaz. Bu nə insandı, bu nə hikmətdi, bilmirəm. Bıra bir kəmənd qurax, o uşağı kəməndinən tutax.
O uşağı kəməndinən tutdu. Uşağ elə bir uşağ idi ki, ilahi-pərvərdigara özünün ürəyinin isdədiyi vaxtda onu xəlq eləmişdi. O qədər şəxsiyətdi, o qədər gözəl, o qədər hikmətdi bir uşağ idi. Götdü apardı evinə, bını savatdandırdı, oxutdurdu, o yan-bu yan.
Tacirrər gedirdi alverə. Bırdan keçəndə karvannan, gördü ki, Ovçu Pirimin qapısında bir uşax var, elə bil gün belədən doğub, işıx salır. Soruşdu ki, bu uşağ Ovçu Primindi?
Dedi:
– Yox, bını meşədən tapıb.
Dedi:
– Əə, evladı deyil, bir şeyi deyil, canı yana. Gedim elə bı ovçuya pıldan-zaddan verim, bı uşağı alım. Aparıb bını mağazada qoyum, satıcı olsun. Elə bının gözəlliyinə bənd olub gələnnər hərə bir ispışqa alsa, hərə bir kilo qənd alsa, mənim bəsimdi.
Apardı getdi bını mağazaya. Bı elə bir gözəl oğlan idi ki, indi, məsələn, mən ordan bir kilo qənd alsam doymurdum, qayıdıb gedirdim onu bir də görmək üçün bir şeyi mahna* edib.
Genə bir gün Şah Abbas vəzir Allahverdi xannan çıxmışdı gəzməyə ölkəyə ki, görüm vəziyyət nə təhərdi. Gördü ki, bir kəntdə oçeret var bir mağazanın qabağında. Dedi:
– A qardaş, orda nə satıllar?
Dedi:
– Vallah, orda heç zad satmıllar. Orda bir oğlan var, satıcıdı, elə onun gözəlliyini görməyin dərdinnən hərə bir şeyi mahna eliyib gedir.
Dedi:
– Əə, gedək görək.
Getdi Şah Abbas, belə baxanda çöndü vəzirə dedi:
– Əə, vəzir!
Vəzir dedi:
– Bəli?
Dedi:
– Əə, bı naxırçının oğludu.
Dedi:
– Əə, naxırçının oğlu çoxdan öldü, çıxdı getdi.
Dedi:
– Əə, mən Şah oğlu Şah Abbasam, mən şahlar şahıyam. Mənim gözüm Aşıx Cununun gözünnən sərrafdı. Gejə mən o qarannıxda ayın işığında uşağın gözünə baxmışdım. Həmən gözdərdi.
Dedi:
– Hə, nə edək, nə qayrağ?
Dedi:
– Çarası var.
[Şah Abbas] çağırdı taciri, dedi:
– Bu oğlan gündə neçə manatdığ alver eliyir?
Dedi:
– Beş abbası.
Dedi:
– Mən sənə on beş abbası verirəm. Dərviş babayam, təsbehim yadımnan çıxıb, qalıb ceynamazın, möhürün yanında. Bir məktub yazım verim, gedib evimizdən onu götürsün gəlsin.
Tacir tayfası tamahgir olur. Dedi ki, əə, nə gözəl dərvişdi bu. Gündə belə müşdəridən çox ola.
Nə isə, məktuba yazdı ki, indi farscan yazdı, ərəbcən yazdı, hankı dildəsə, filan cəllad, filan evdə filan vəzir, vəkil, filankəs, bu, ora çatan kimi, munı iki şaqqa vurursunuz, bir şaqqasını mənim bələdimin* bir yanınnan asırsınız, bir şaqqasını bir yanınnan.Verdi məktubu. Oğlan daban aldı getdi. Axşama çatdıra bilmədi, qarannıx oldu, hər tərəfdə qapılar cəftələnmişdi. Fırrandı ordan-bırdan, barıdan aşdı, padşahın qızının çarhoozının başında, cavan uşağ idi, yuxu tutdı, bı yatdı. Səhər tezdən padşahın qızı qırx incəbel qıznan çıxmışdı çarhoozun başına seyrə. Gördü, əə, bırda bir oğlan yatıb, deəsən elə bının xətti-xalına, gül camalına tamaşa eliyim. Bu nə gözəldi. Gördü böörünə bir məktub düşüb. Götdü oxıdı, gördü atası belə yazıb. Dedi:
– Qələmin sınsın, bına adam qıyar, belə canı əldən bıraxallar.
Götdü atasının dəsdi-xəttiynən yazdı ki, filan vəzir, filan vəkil, filan cəllad, bı ora çatan kimi filan qazını, filan mollanı çağırın, mənim qızımın kəbinini kəsdirin bına. Qırx gün-qırx gecə toy eliyin. Kejavanı bəziyin, mən gələndə pişvaza qabağıma çıxın ki, əmrinə müntəzir olmuşuq.
Oğlan isdədi gedə məktubu verənnən sora. Qız dedi:
– Haraya gedirsən əə, sən buralısan.
Belə də elədilər. Ha eləyib onlar gəlincə, bir ilə gələrdilər, bıların bir oğlu da oldu. Kejavəni bəzədilər, gözdədilər ki, indi şah gələr. Bir də gördülər ki, atın ayağının altından toz qopur, budaha vəzirnən şah gəlir.
Kejavəynən çıxdılar qabağına ki, şah, əmrinə müntəzirik. Bu sənin qızın, bu sənin yeznən, bu sənin nəvən.
Şah Abbas dedi:
– Ə, siz səfehsiniz-nəsiniz. Mən demişəm bını doğruyun.
Dedilər, bı sənin möhürün, bı sənin qolun, bı sənin məktubun.
Belə deyəndə Şah oğlu Şah Abbas dedi ki, yazıya pozu olmaz, tədbirə təqdir olmaz. Bınnan da iş bitdi.
II mətn
Bir patşah olur, çox zulumkar olur. Elə bil kimə cəza verirmiş deyirmiş ki, boynunu vırın. Patşah bir gün deyir ki, gəlin çıxağın ova. Patşah ayda bir dəfə çıxarmış ova, ceyran ovluyarmış. Gedif düzdərdə ceyran ovluyuf, kavaf bişirif, yeyif-içif gəzərmişdər. Çıxıllar ova, qavaxları düşür qarannığa. Atdanıf gələndə deyillər gedəh gejə bı kəntdə qalax, sabah gedərih. Deyir:
– İşıx yanan yerə gedəh, it hürən yerə?
Deyir:
– Yox, elə üzümüzü tutax o işıx yanan yerə, gedəh o qapıya.
Gəlif çıxıllar o qapıya. Şahın Allahverdi xan adında vəziri varmış. Vəzir qapını döyür. Deyir:
– Ay ev yiyəsi, Allah qonağı isdiyərsən?
Deyir:
– Gəlin, başınıza dönüm, gəlin. Allaha da qurban olum, Allahın qonağına da.
Atdan düşüllər, qonaxlara yer görsədir, keçillər içəri. Patşah baxır görür ə, dədə vay, bı nədi ə, bı çox kasıf bir evdi. Bının da yoldaşı, da bağışda, üzr isdiyirəm, hamiləymiş, boylu. Day ayı, vaxdı, günü keçif, dəyqa qalıf ki, uşağı gətsin dünyaya. Yeyillər-içillər. Gətirir bəənki otaxda bılara yer salır. Bəənki otaxda da kadınnan kişi qalır. Bının da üş-dörd uşağı olur. Gecə vəzir görür ki, bı kadının uşağı oldu, oğlu oldu. Patşahın da yeganə bir qızı varmış. Gejə bıları bir-birinə qismət elədi. Bəs bı naxırçı oğlu yekəlsin bı qızı alsın. Bizim sağ çiynimizdə bir maleykə var, sol çiynimizdə bir maleykə. Hahax deyəni bı yazır, hax deyəni bı yazır.
Xülaseyin, səhər durullar, oturullar sırfada. Onda isdol-zad yox imiş, belənçih stolarımış. Bı Vəzir Allahverdi xan şakka çəkir gülür. Deyir:
– Vəzir, bı nə məsələdi, bı nə işdi?
Deyir:
– Heç ey, şah sağ olsun, bir şöz düşdü yadıma, odu ki, gülürəm.
Deyir:
– Yox, deməsən bırdan ayağa durmuyacam.
Ev yiyəsi çıxıf gedənnən sora deyir ki, şah sağ olsun, bı gecə naxırçının arvadı bir oğlan gətdi dünyaya, o uşağı Allah-tala sənin qızına yazdı müşdəri. Bı hirsdənir, qışqırır. Vəzir deyir ki, qışqırma, qışqırmağın heş bir mənası yoxdu. Belə bir variant var, gəl belə eliyəh. Kişini də, arvadı da çağırax içəri, uşağı qızılnan alax. Qoysun tərəziyə uşağı, bir kilodu, iki kilodu, neçə kilodu çəhsin, onun ağırına dörd dəfə qızıl verəcəm.
Bı sözü vəzir bılara deyir. Kişi deyir ki, ay arvad, bir sürü uşağımız var, altı-yeddi uşağımız var, dolandıra bilmirih, gəl bını verəh bı götsün getsin. Qızılımızı alax, biz də bir varranax da, dolanax. Deyir ki, yaxşı.
Gətirif uşağı qoyullar tərəziyə, uşax gəlir iki kilo. Bına gətirif on kilo, on iki kilo qızıl verir. Şah deyir:
– Uşağı bələyə bük, möhkəm bağla, atı min, al qucağına, dalımca sür.
Uşağı bağlıyır bələyə, minir ata, alır qucağına. Patşah düşür qabağa. Kətdən çıxır, aralanıllar. Gedif bir dağa ras gəlillər. Patşah gedif çıxır dağın başına. Baxıf görür ki, bırdan uşağı tullasa, uşax qarışacax torpağa. Deyir ki, vəzir, uşağın tut bələyinnən, bıla, bıla, bıla, tulla, getsin düşsün yerə, cəhənnəmə vasil olsun.
Deyir:
– Şah sağ olsun, bu iş onsuz da baş tutmuyacax. Ancax eliyim da, şah əmr eliyif.
Vəzir uşağın tutur bələyinnən, dağın başınnan bılıyır, bılıyır, bılıyır, tulluyur. Deyir:
– İndi gəl. Görürsən mən neylədim?
Minillər ata, gəlillər. Gəlillər öz evlərinə.
Bı vəzirnən, şah qalsın bırda, indi saa kimnən deyim uşaxdan. Uşağı tullamadılar? Qurban olum, göydə malakalar uşağı tutur. Təzəcə bir ceyran doğmuşumuş. Ceyrana tapşırıx verillər ki, bı uşağı gündə uş dəfə, dörd dəfə əmizdirirsən, yekəldirsən. Ceyranın da iki əmcəyi var da. Birini balasına verir, birini də bına. Allah ohqədər bına urza verir ki, südü aşıf-daşır. Bir əmcəh bının ikisinə də bəs edir. Bu uşax babatıyıf irilənəndə ceyran qoyıf gedir.
Bir kişi atını götürür, baltasını götürür gedir həmən meşiyə odun yığmağa. Odunu qırır, yığır, hazırrıyır. Görür ki, bir daşın divində bir uşağ ağlıyır. Belə birəz yaxınnaşır, görür ki, daşın divində bir çala var, orda bir çıkqılı uşaxdı, insan uşağıdı. Gedir bı uşağı alır qucağına götürüf gəlir. Pencəyini çıxardır, uşağı bürüyür, qoyur odunun arasına, atır belinə, gətirir əvə. Gətirir deyir:
– Ay arvad, bəs başın sağ olsun, sana bir oğul tapmışam.
Bı uşağı bırda beçərillər, yekəlir, həddi-buluğa çatır. Həddi-buluğa çatanda deyir ki, ata, maa icazə ver, gedim özümə bir iş tapım, işdiyim. Deyillər:
– Ay bala, bırda sən nə işdiyəssən, axı.
Deyir:
– Yox ey, mən bekar qala bilmərəm.
Deyir:
– Yaxşı, bala, odaha, orda bir çəhməçi var. Get onun yanına, gör, səni şagird götürər özünə.
Gedir yanaşır çəhməçiyə. Deyir:
– Əmi.
Deyir:
– Bəli.
Deyir:
– Əmi, məni özünə şagird götürərsən?
Çəhməçi baxır ki, uşax, doğrudan da, bir dəfə baxırsan elə bil çırax yanır, heylə gözəl uşaxdı. Deyir:
– Bala, niyə götürmürəm?
Götürür uşağı, uşax başdıyır orda işdəməyə. Bı qalsın orda işdəməhdə, patşahnan vəzir bir gün atdanıllar ki, genə getsinnər ova. Elə yolları düşür həmən uşax işdədiyi butkanın qapısınnan keçəndə vəzir belə dönür, görür ə, bu həmənki uşaxdı. Birəz gedir irəli, şakka çəkir gülür. Patşah dönür geri, deyir:
– Vəzir, indi noldu, nəyə gülürsən?
Deyir:
– Heş, yeri gedəh.
Deyir:
– Yox ey, illaf olmaz. Bı məsələni maa deməlisən.
Deyir:
– Şah sağ olsun, bilirsən niyə güldüm? Bı çəhməçi qızılnan, pulnan aldıx ha, apardıx dağdan atdıx ha, həmən uşaxdı.
Patşah dönür geri baxır, qalır məhətdəl. Deyir:
– Ə, doğrudan bı həmənki uşaxdı? Ay vəzir, öldüm, partdadım, çatdadım, maa bir məsləhət.
Deyir:
– Məsləhəti yoxdu. Gətir bına bir namə yaz. – Bı patşahın da qızı kətdən aralı bir dənə zdaniya tikir, bağı, gülü, çiçəyi, içində hovuzu, nəyi, nəyi. – Gətir bir namə yaz, peçatını da qoy üsdünə. Yaz ki, cəllat, bı uşax gətirif bı məytubu saa verən kimi, oxuyan kimi iki şakka elə, bir şakkasını as darvazanın bı tərəfinnən, bir şakkasını as bı tərəfinnən. Mən qayıdan baş gəlim oları görüm.
Bu uşax məytubu alır qoyur çivinə, düşür yola. Gedir çıxır həmən xanımın – patşahın qızının sarayının qarşısına. Baxır görür qaroulçu yoxdu, aşır darvazadan girir bağın içinə. Görür bir hovuz var güzgü kimi adamı görsədir. Bunnan əlini-üzünü yuyur. Uşaxdı da çox gəzif yoruluf, bını yuxu tutur, yatır. Belə arxası qatda havızın böyründə uzanır ki, bir az dincəlim. Sora durum gedim, çıxım elçi daşının üsdünə, məytubu verim. Belənçih uzanır, bını yuxu tutur.
Həmən xanım kənizdərinə deyir ki, çıxax bağı gəzməyə, həvsələm darıxır. Çıxıllar bağa gəzəməyə. Kənizdərin biri baxır ki, hovuzun içinə bir şikil düşüf, elə bil nozənbillah gün parasıdı. Yüyürür xanımın yanına ki, ay xanım, bəs belə. Xanım gəlir baxır, elə bir könüldən, min könülə vırılır bı oğlana. Axı Allah-tala yazıf yazısını. Baxır görür ki, oğlanın civində kağız var. Yavaşca kağızı açır götürür, dədəsinin dəsdi-xəttidi, onun peçatıdı. Oxuyur, görür ki, yazıf ki, cəllad, bı məytubu alıf oxuyan kimi bı uşağı iki bölürsən, yarı şakkasını ayna, yarısını bayna asdırırsan, mən gələndə görüm. Götürüf bı kağızı cırıf tökür yerə, ibışkanı vırıf yandırır. Ayrıdan bir məytub yazır ki, vəzir, vəkil, bı oğlan ora çatan kimi aparırsan hamama, üzünü qırxırsan, hamamlandırırsan, bəy libası geydirirsən, toy vırırsan, nağara vırırsan, neynirsən, qızı verirsən bı oğlana. Kağızı qoyuf oğlanın civinə, qaçıf gedillər. Oğlan yuxudan ayılır, görür bay, vaxt keçif. Baxır görür kağız bunun civində. Bilmir ki, bunu dəyişdiriflər. Gedir çıxır elçi daşının üsdünə. Vəzirə xəbər gedir ki, bəs elçi daşının üsdündə bir adam oturuf. Deyif:
– Ə, get tut gətir bura.
Gedif tutuf gətirillər. Civindəki kağızı çıxardıf oxuyuf, görüllər paay. Srazı oğlanı aparıllar hamama, üzünü qırxıllar, başını qırxıllar, bəy libasını geydirillər. Toyçu gəlir, erkək kəsillər, düyü artdanır, toy vırdırır.
Bular burda qalsın, vəzirnən, şah da ceyran ovundadı, xəbərləri yoxdu. Qızı verillər bı oğlana. Qızın boyuna bir cüt oğul düşür. Elə bil ki, bir cüt almadı. Bı uşaxlar gəlir dünyaya. Şahnan vəzir şəhərə qayıdanda hamı çıxarmış onun görüşünə. Vəzir, vəkil oğlana deyir ki, qaynatan gəlir. Yoldaşın bu uşağın əlinnən tutsun, sən də bu əlinnən, üçüz də gedin durun darvazanın qapısında. Babanız gəlir.
Babası oyannan bəri gələndə vəzir arxadan baxır, oğlanı tanıyır. Görür baa, qız verlif bına, bının iki uşağı oluf. Orda şakka çəkir gülür. Güləndə şah deyir:
– Genə nəyə güldün?
Deyir:
– Şah sağ olsun, odaha, qapıda durannar, o sənin qızındı, o sənin giyavındı*, o ikisi sənin nəvələrindi.
Onnan sora Şah Abbas düşür gəlir. Bı uşaxları öpür, alır qucağına. Onnan sora Şah Abbas zulumkarlığını tərgidir. Deyir:
– Bı yazını ki, mən pozammadım, bınnan sora mən olacam sülh dööləti.
Deyir ki, vəzir, indi sən bırdan Kalbaya qədər min dənə tikili tihdir. İnsannarın yeri ayrı, ulaxların yeri ayrı, içində suyu, yeyib-işməyi. Onda da maşın-zad yox imiş. Atnan, ulağnan gedif gələrmiş-dər. Atına, ulaxlara aryıca yer, hər şeyi hazır. Bı vəzir dünyagörmüş vəzir idi. Deyir:
– Şah sağ olsun, min bir dəfə ağızdan çıxır. Amma gəl belə eliyəh. Birini kəsax dokquz yüz doxsan dokquz dənə tikili tihdirəh. Gör neçə dəfə artır. Üş dəfə. Amma mini, bir dəfə deyirsən. Bırda deyəcəhlər ki, Şah Abbas bırdan Kalbaya dokquz yüz doxsan dokquz dənə tikili tihdirif.
Şah Abbas deyir:
– Vəzir, sağ ol, bınnan sora ölüncə sən mənim vəzirimsən, mən də sənin şahın.
Dostları ilə paylaş: |