§ 5. «Şəcəreyi-tərakimə» oğuz-türkmən düşüncəsinin
linqvomodeli kimi
Əbülqazinin kitabdakı etnokosmik informasiyaya münasibətini bildirən başqa bir parçaya diqqət edək. O yazır: «Bu kitaba biz «Şəcərei-Tərakimə» adını qoyduq. Hamıya məlum olsun ki, bizə qədər türk tarixini yazanlar xalqa öz məharət və istedadlarını göstərmək üçün ərəb sözləri qatmışlar, eyni zamanda fars sözləri də əlavə etmişlər, türk sözlərini isə qafiyəli nəsrə çevirmişlər. Biz bunların heç birini etmədik, çünki bu kitabı oxuyanlar və [qiraətini] dinləyənlər, əlbəttə, türklər olacaqlar, türklərə isə türkcə danışmaq gərəkdir ki, hər kəsə anlaşılan olsun. Əgər bizim söylədiyimizi başa düşməyəcəklərsə, [onda] nə fayda olacaq?! Əgər onların [yəni türklərin] arasında bir və ya iki savadlı [və] ağıl yiyəsi olarsa və əgər onlar [deyilənlərin mənasını] özləri başa düşərlərsə, savadlı olmayan çoxluqdan kimə onlar izah edəcəklər?! O halda elə söyləmək lazımdır ki, hamı - yaxşılar və pislər, başa düşsünlər və onların qəlbinə yol tapsın»81.
Sitatdan göründüyü kimi, onun məzmunu etnokosmik informasiyanın necə adlanması, həmin ad altında hansı keyfiyyətdə informasiyanın təqdim olunması və onun etnokosmik mühitdə hansı üsullarla (necə) mənimsənilməsi ilə bağlıdır və buna görə də bizim üçün burada təhlil aktuallığı qazanır:
- Əbülqazi əsərdəki etnokosmik informasiyanı «Şəcəreyi-tərakimə», yəni «Türkmənlərin şəcərəsi» adlandırır. Şəcərə - genealogiyadır və «Türkmənlərin şəcərəsi» indiki halda türkmən «etnosunun» onun ulu əcdadı (əsatiri) Oğuz xandan tutmuş müasir çağınacan tarixini bütövlükdə işarələyir. Bu baxımdan, əsər etnos haqqında (onunla bağlı) ən mühüm struktur vahidlərinin sistem olaraq gerçəkləşdiyi total-universal etnokosmos işarəsidir.
- «Şəcəreyi-tərakimə» öz çağının tarixi düşüncə kodunu gerçəkləşdirməklə uyğun olaraq «tarix» janrında yazılmışdır. Burada «tarixilik» kodu aydın işarəli kosmoqonik-mifoloji təbiətə malikdir. Tarixilik - öz çağının yeganə həqiqi informasiya olmaq statusu mifin əsas xassəsidir. M.Steblin-Kamenski yazır ki, «mifə münasibətdə bir şey mübahisəsiz aydındır: mif nə dərəcədə qeyri-həqiqət olmasından asılı olmayaraq, yarandığı və yaşadığı yerdə həqiqət kimi qəbul olunan hekayətdir»82. Yaxud K.Levi-Strosun yazdığı kimi: « ... mif nə qədər ki mif kimi qavranılır, o, mif olaraq qalır»83. Bu mənada, mifin mövcudluğu onun həqiqət kimi qəbul olunmasında, başqa sözlə, ona inanılmasındadır. Əbülqazinin «Şəcəreyi-tərakimə»sində dini və mifoloji kosmoqoniyalar bir-birinə laylansa da, «Türkmənlərin şəcərəsi»nin etnokosmik başlanğıcında və əsasında «Oğuz xan» kosmoqonik mifi durur. Başlıcası, bu kosmoqonik əsas «Türkmənlərin şəcərəsi»nin bütün tarixilik «oxunu - nüvəsini» təşkil edir.
- Əbülqazi «Şəcəreyi-tərakimə»nin türk dilində olmasını və ümumiyyətlə, türklərin tarixinə aid əsərlərin onların ana dilində - türk dilində yazılması zərurətini xüsusi vurğulamışdır. Bu məsələdə onun «əsaslandırması», sadəcə olaraq, öz dövrünün etnik-milli görüşləri ilə müəyyənləşən «millətsevərlik - vətənpərvərlik» olmayıb, daha geniş məna qatlarını əhatə etməklə «xüsusi» tarixi-metodoloji əsaslarına malikdir.
- Əbülqazinin əsərin yazılması zamanı tətbiq etdiyi «tarixi metodologiyaya» görə, hər bir xalqın tarixi, o cümlədən türkmənlərin tarixi onun ana dilində yazılmalıdır. O, özü bu prinsipdən çıxış edib əsəri saf, xalis türkcədə yazmağa səy etmişdir. Ə.İnanın yazdığı kimi, «Şəcəreyi-Türk» və «Şəcəreyi-Tərakimə» adlı əsərlərini yazan Əbülqazi Bahadır xan bu əsərlərini yazdığı dilin ən açıq (aydın, təmiz – S.R.) türkcə olduğunu qəti şəkildə söyləməkdədir... Heç şübhə yoxdur ki, Əbülqazi xan üçün xalis türkcə yazmaq, bir kəlmə belə yad söz işlətməmək, hətta cığataycadan istifadə etməmək bir ideal olmuş və bu idealını gerçəkləşdirməyə çalışmışdır 84.
- Əbülqazinin türk tarixşünaslığı sahəsindəki müşahidələrinə görə, türk tarixini yazanlar türk dilinə ərəb və fars sözləri qatırlar ki, bu da türk haqqında türkə lazım olan etnokosmik tarixi informasiyanın, şərti olaraq desək - «Türknamə»nin qavranmasını çətinləşdirir.
Beləliklə, Əbülqazinin «tarix metodologiyasında» ünsiyyətin ən mühüm amili olan dil başlıca prinsip kimi götürülür. Bu prinsip semantik strukturuna görə mifoloji-kosmoqonik xassəlidir. Mif «birinci işarələr sistemi olan» dilin85 əsasında təşəkkül tapıb, xüsusi tipli struktur kəsb etmiş «ikinci işarələr sistemi» kimi dil invariantının paradiqmasıdır. K.Levi-Stros yazır: «Mif - dildir. Ancaq bu dil elə bir yüksək səviyyədə işləyir ki, həmin səviyyədə məna... onun təşəkkül tapdığı dil əsasından ayrıla bilir»86. Əvvəlki tədqiqatlarımızdan birində göstərildiyi kimi, «...mifin strukturu dilin strukturunu proyeksiyalandırır. Bunlar eyni bir strukturu fərqli səviyyələrdən əks etdirir. Dil bu halda mifin invariantı, mif isə öz növbəsində onun paradiqmasıdır»87. Demək, Əbülqazinin oğuz-türkmən cəmiyyətinin struktur harmoniyasını bərpa etmək məqsədilə yazdığı əsərdə tətbiq etdiyi «tarix metodologiyası» ən ümumi planda «Dil-Tarix» münasibətlər modelinin etnokosmik harmoniyasına söykənir.
Dostları ilə paylaş: |