§ 16.3. Uruzun ətinin yeyilməsi kosmosyaradıcı
formul kimi
Ətyemə formulunun sxeminə görə, Burla xatun oğlu Uruzun ətini:
– yeməyəcəksə tanınacaq;
– yeyəcəksə tanınmayacaq.
Demək, Şöklü Məliyin təklif etdiyi “tanı(n)ma sxemi”, əslində, iki semantik qata malikdir:
1. Xaosoloji semantika: Ana öz oğlunun ətindən yeməyəcək və Qazanın “namusunu sındıracaq”. Bu halda xaosoloji düşüncəyə görə, oğulun canı atanın namusundan üstündür. Bu, antikosmik, başqa sözlə, xaosyaradıcı dəyərdir. Burla xatun bunu edərsə, xaosyaratmaya – yəni Xaosun yağmalanmış Oğuz kosmosunun məhvi hesabına böyüməsinə səbəb olar.
2. Kosmoloji semantika: Ana oğlunun ətindən yeyəcək və Qazanın namusunu sındırmayacaq. Bu, kosmosyaradıcı dəyərdir. Burla xatun bunu edərsə, Qazanın Oğuz kosmosunu simvollaşdıran namusunu qorumuş olur.
Beləliklə, ananın oğlunun ətini yeməməsi – xaosyaradıcı, yeməsi – kosmosyaradıcı formuldur.
Buradan çıxan ən böyük nəticə ondan ibarətdir ki, Uruzun ətinin yeyilməsi kosmosyaradıcı formul kimi, məhz Kosmosun yenidən yaradılmasına xidmət edir. Beləliklə, xaosluların yağmalayıb gətirdikləri Oğuz kosmosunun yenidən yaradılması Uruzun ətinin yeyilməsindən asılıdır: Uruzun əti:
– yeyilərsə kosmos yaranacaq;
– yeyilməzsə kosmos yaranmayacaq.
Dostları ilə paylaş: |