Qaçmaq – dabanına tüpürmək − daban almaq, “ ( Tarverdi: )Barı qaçım, bəlkə evi yıxılmış tüfəngi mənə düzəldib atdı” ( M.F.Axundov. Komediyalar, səh 75) . “ ( Vəzir: ) Gedib həmin şah tənbəlini alovdan çıxarırlar, o birisi görür ki, bu xına o xınadan deyil, durub dabanına tüpürür, bir baş əkilir” ( S.Rəhimov “ Şamo” ), “ Daban aldı müxalifin qoşunu” ( M.Rahim).
Qorxmaq − canına üşütmə düşmək – ürək-köbəyi düşmək ( ürək – göbəyini yemək) – bağı yarılmaq – vahimə bürümək. “ Seyr edirəm bərru – biyavanları; Quli biyaban görürəm qorxmuram” ( M.Ə.Sabir), “ Bir anlığa Gəlbiyevin canına üşütmə düşdü” (M.İbrahimov “ Metamorfoza” ) , “ (Nardaranlılar:) Alə, ay evin tikilsin, neynirsən, ürək–göbəyimiz düşdü ki...” (H.Abbaszadə “Burulğanlar”), “(Heydər bəy:) Vallah, Hacı, səni tanımayan adam olsa, görəndə bağrı yarılacaq” (M.F.Axundov “Hacı Qara”), “Tellini yenidən vahimə bürüdü” ( S.Hüseyn “Yatmış kəndin qış gecələrində”).
Yalvarmaq − əl−ayağına düşmək – ayağına yıxılmaq. “Acı- acı yalvarır vahid pərvərdigara” ( M.Rahim), “ (Aytəmizin anası:) (Gedib yenə düşəcəksən dayının əl-ayağına...” (Ə. Qasımov “ Aytəmizin dəftərləri”), “(Usta Ağabala) onun ayağına yıxılıb sevindiyindən ağladı” (Y.V.Çəmənzəminli).
Yemək – içəri ötürmək – toqqanın altını bərkitmək – qarnını – otarmaq-qurşağın altını bərkitmək. “...Sən də şirin-şirin qoğal yeyərsən” (S.Vurğun “26-lar”), “Qulunun iştahası yox idisə, axırda əlacı kəsilib, rəngsaz dodaqlarını aralayıb, dolmanı içəri ötürdü” (Y.V.Çəmənzəminli “Əziz”), “(Məmməd:) Girdim restorana ki, toqqanın altını bərkidim” (Ə.Qasımov “Adilənin taleyi”), (Talıbxan:) Eşitdiyimə görə kəndlərdə veyllənib qarnını otarırsan...” (S.Rəhimov “Şamo”), “( Cahangir bəy:) Xəlil, sən də gəl otur, bir az qurşağının altını bərkit, balam” (N.Vəzirov “Keçmişdə qaçaqlar”).
II. Sinonimikanı təşkil edən ifadələrin hər ikisi frazeologiyaya aid olur. Bunlar da üç cür düzəlir: a) sinonim ifadələrin biri eyni sözdən, ikinci söz isə müxtəlif məfhumlardan ibarət olur; b) sinonim ifadələrin hər ikisi (hamısı) müxtəlif məfhumlardan ibarət olur; c) sinonim tərkibli frazeoloji ifadələr.
a) Eyni sözdən və müxtəlif məfhumlardan ibarət olanlar:
Dostları ilə paylaş: |