Azərbaycan miLLİ elmlər akademiyasi


Qafqaz canişini Mixail Nikolayeviçin və qardaşı Aleksandrın Fərhad Mirzənin görüşünə gəlməsi



Yüklə 2,9 Mb.
səhifə24/27
tarix17.11.2018
ölçüsü2,9 Mb.
#82678
1   ...   19   20   21   22   23   24   25   26   27

Qafqaz canişini Mixail Nikolayeviçin və qardaşı Aleksandrın Fərhad Mirzənin görüşünə gəlməsi

Pəncşənbə, 12 səfərül-müzəffər, 1293-cü il (9 mart, 1876). Canişinin adyutantı konsulxanaya gəldi və bildirdi ki, həzrət canişin günortadan bir saat sonra sizi görməyə gələcək. Mirzə Əsədulla xan konsulxananı qaydaya salmaq haqda tapşırıq verdi, İran tacirlərinə xəbər göndərdi. Bir neçə nəfər gəldi.

Təyin edilmiş vaxtda gəldilər. Mehribanlıqla görüşdük. Axundovdan başqa heç kəs yox idi. Dedilər: «Sizin şövqlə danışığınızdan məmnun olduq. Siz bu köhnə evdə necə yaşayırsınız? Baş Konsul necə oturur?»

Ərz elədim ki, əgər ev köhnə olsa da həzrət canişinin qədəmləri ilə indi təzələnəcək.

Xeyli güldülər və dedilər ki, o qədər köhnədir ki, heç vaxt təzə olmayacaq.

Sonra Məkkə və Mədinə barədə suallar verdi. O bu il hacıların sayı ilə maraqlandı. Mən bildirdim ki, Fransa konsulluğundan verilən məlumata görə Ciddədə 145 min nəfər idi. Dedi: «Xeyli var, bəs Şahzadə xanım üçün dəvə ilə getmək ağır olmadı ki? Axı dəvəyə minmək çox çətindir. Yəqin bu səfər onun üçün ağır keçmişdir!» Mən ərz elədim: «Dəvələrə təxti-rəvan bağlamışdılar və rahat idi».

Buyurdu: «Qafqaz və Krım əhlindən də çox idi?» Ərz elədim: «2-3 min nəfər Qafqaz və Krım əhli idi və hər yerdə onlara İran əhli kimi hörmət edirdim, ona görə də onlar İstanbulda general İqnatyevə razılıq etmişlər».

Buyurdu: «Mən də eşitmişəm».

Sonra dedi ki, bu Krım əhli qəribə tayfadır. İmperatorun göstərişi var ki, gərək insanlar ordu sıralarında olsunlar, gərək məşq etsinlər və hərbi qaydanı mənimsəsinlər. Onlar bu işdən qəti imtina edir və mühacirət edərək, Osmanlı torpağına gedirlər. Halbuki Osmanlı dövlətində də qoşun sıralarında olmaq barədə qanun vardır. Sonra Bosniya ilə maraqlanıb, İstanbulda vəziyyəti soruşdu.

Ərz elədim ki, bir neçə dəfə İranda və Peterburqda olmuş Heydər əfəndini təyin etmişlər ki, hökmlərin icra olunması üçün iş görsün. Buyurdu ki, dəfələrlə vədə verilib, amma xilaf çıxmışlar.

Ərz elədim ki, indi Rusiya, Avstriya və Almaniya bu işə qarışdığı üçün yəqin ki, çətinliklər aradan qalxacaq.

Onlar bir qədər oturduqdan sonra qalxdılar. Mən ötürmək istədikdə razı olmadılar.

Onlar getdikdən sonra Mirzə Fətəli Axundov dedi ki, bu müddətə qədər hələ heç bir şahzadə və ya hər hansı bir əyan canişin tərəfindən belə yüksək səviyyədə qəbul edilməmiş və qonağa bir saat vaxt sərf edərək onunla söhbət etmək, onu hər bir yerlə tanış etmək olmamışdır. Bütün bunlar sizə xüsusi hörmət və meyl xatirinə baş verdi.

Axşamçağı Mirzə Əsədulla xanla atlara minərək mərhum Ağa Mir Fəttah bağına getdik. Bu bağ indi dövlətin ixtiyarındadır. Günəşin batmasına yarım saat qalmış qayıtdıq.

Qoşun toplamaq barədə bunu demək lazımdır ki, Rus İmperatorunun əmri ilə 1876-ci ildən bütün kişilər, istər nəcib, istərsə nanəcib, varlı və yaxud kasıb, hamı 21 yaşından etibarən 5 il ordu sıralarında qulluq etməli, məşq, səfər etməli idilər. 5 ildən sonra ordudan azad edilərək evlərinə buraxılırdı. Evdə olduqları zaman əgər 7 il müddətinə bir müharibə baş verərsə, o yenidən xidmətə çağırılır və 32 yaşınadək orduda qulluq edirdi, 32 yaşı tamam olduqda, azad edilərək evə buraxılırdılar. Müsəlmanlar və Krım əhalisi bu işdən tamamilə imtina etdilər (?).

Qafqaz və Qarabağ əhlinə bu əmrdə məsləhətlə 25 yaşadək güzəşt edilmiş, 25 yaşdan sonra bu hökm tətbiq edilmişdir.


Tiflisdə Bakı hakimi və müsyö Velir ilə görüş və səfər əşyalarının tədarükü

1293-cü il, 13 səfərül-müzəffər, cümə (1876, 10 mart) Nahardan əvvəl Əlahəzrət imperatorun Baş adyutantı Andrey Neqov (o həm də Tiflisin və digər dörd şəhərin aristokratlarının rəisi idi) görüşmək və təbrik etmək üçün gəldi. Bu gün mənim 59 yaşım tamam olurdu. Andrey Neqov xoşsima bir şəxsdir. Hər üç ildən bir zadəganlar onu özlərinə rəis seçirlər. Altı ildir ki, onu iki dəfə bu vəzifəyə seçmişlər. 1876-cı ilin may ayında əvvəlinci Məclisə seçilmişdir.

Mən ona dedim: «Bu keyfiyyətlər ki, sizdə vardır yenə bu il və gələn illərdə də seçiləcəksiniz».

O cavab verdi: «Qocalmışam, yorulmuşam və hərbi xidmətdə bir çox baş verən hadisələrdən ziyan çəkmişəm». Ayağa qalxaraq gedərkən gəldiyi üçün ona öz təşəkkürümü bildirdim və mənim salamımı Tiflisin zadəganlarına yetirməyi rica etdim və onların təbriki üçün məmnunluğumu bildirdim. Əlbəttə, nəcib insanın əsil və əyana münasibəti təqdirəlayiqdir.

Ondan sonra Badkubənin qubernatoru gəldi. O, çox təəssüf etdi ki, mən Badkubədə deyiləm. O getdikdən sonra mən də nahar edib, Badkubə qubernatorunun evinə gəldim, danışdıq. Sonra qərara aldıq ki, sabah getmək vaxtıdır və Nuxa yolunu seçdik.

Mənzilə qayıtdıqda əlahəzrət canişinin yanında xidmət edən müsyö Velir Fransəvi Axundova demişdi ki, mən o şəxslə görüşmək istəyirəm. Mən cavab verdim ki, imkan daxilində bu diyarın insanları ilə mən də tanış olmaq istəyirəm, əgər onun meyli varsa, əlbəttə görüşə bilərik. Axundov bu fikrimi ona çatdırdıqda o, görüşmək üçün gəldi.

O, əslən Fransadandır və Həsən bəy Ağalarov Qarabağinin kürəkənidir. General-mayor rütbəlidir. Çox mehriban, gülərüz, söhbətçil bir insandır. Məkkə və Mədinə ziyarəti barədə xeyli məlumat aldı və yarım saat oturub getdi.

Ondan sonra yola çıxmaq ərəfəsində əşyaların vaxtında hazır olması işində məsul olan Mirzə Məhəmmədəli bəy Kaşi gəldi. Sabah əşyalar bağlanır, o biri gün yola düşürük.



Tiflis. Yerli vəzifəlilərlə görüş

Şənbə, 14 səfərül-müzəffər 1293-cü il (11 mart, 1876-ci il). Əvvəl müsyö Məlik Bəylərov Luvarsab, sonra Badkubənin qubernatoru görmək üçün gəldi. Onlar getdikdən sonra Axundov gəldi. Günortadan sonra knyaz Andrey Neqovu, aristokratların rəisini görməyə getdik. Mənzilində idi. Xeyli minnətdarlıq bildirdi və dedi: «Sizin salamınızı Tfiflisdə olan iki şəhərin aristokratlarının rəisinə çatdırdım. May ayında hamı bir yerə yığışacaq. Onda özüm sizin salamınızı hamıya çatdıracağam».

Dedim: «Mənim vida sözümü də onlara çatdırarsınız ki, onların vilayətlərindən razı gedirəm».

Oradan çıxaraq mənzilə gəldim. Küçənin ortasında cənab prins Baqration Mixranskini gördüm. Hal-əhval tutdum.

Buyurdu ki, sabah mənimlə xudahafizləşmək üçün gələcək. Axşamçağı cənab Orbelianini görmək, ona baş çəkmək üçün getdim. Çox mehribanlıq göstərdi və məni rəsmi libasını geyib qarşılaya bilmədiyi üçün üzr istədi.

Dedim: «Bu dəfə siz kefsiz olduğunuz üçün təşrif buyurmadınız və sizinlə söhbət edə bilmədim. Mən özümü bağışlamaram ki, sizinlə görüşmədən gedim».

Dedi: «Heç bilmirəm öz səmimiyyətimi necə izhar edim, sizə necə xidmət edim ki, heç vaxt yadınızdan çıxmasın». O, məndən Məkkə ziyarəti, Ərəfat, qurban vermək hadisələri barədə soruşdu, mən də ətraflı məlumat verdim. O da Mixranski kimi hələ ailə qurmamışdır. Oradan Axundovla birlikdə mənzilə gəldik. Baş konsul Mirzə Əsədulla xan bu gün bəyan etdi: «Prusun konsulu sizin Prussiya-Fransa müharibəsi münasibətilə yazdığınız şeirləriniz barədə eşitmişdir. Konsul həmin şeirlərdən bəzisini fransız dilinə tərcümə etmiş, lakin öhdəsindən yaxşı gəlməmişdir. Məndən xahiş edir ki, onun üçün tərcümə edim. Əgər mətni bütövlükdə mümkün olmasa, şeirin əsas məzmununu qısa şəkildə tərcümə edim».

Mirzə Əsədulla xan fransız dilini çox gözəl bilir. Əlbəttə, fars dilini yaxşı bilməyənlərdən yaxşı gələ bilər öhdəsindən.

Məlum oldu ki, Nəsrəddin şah Avropada olarkən şahzadələrdən bəziləri bu şeirlərdən Prussiya konsulu üçün oxumuşlar. Konsul bunları eşitmiş və çox maraqlanmışdır.

Xülasə, Prussiya və Fransa arasında baş vermiş böyük müharibə zamanı Londonda çıxan «İllüstrated Niews» qəzetinin səhifələrində I Napoleonun yıxılmış heykəlini bir nəfərin balta ilə parça-parça doğradığını gördüm. Bu mənzərəni gördükdə halım çox pərişan oldu. Qeyri-ixtiyarı olaraq aşağıdakı beyti dedim:

Əfsus əz minareyi-Napalyun

Gərdid əz cəfai-fələk varun.

(Heyif Napoleonun heykəlindən ki,

Fələyin cəfası ilə devrildi.)

Mirzə Əsədulla xan bu qərara gəldi ki, şeirlər konsuldan alınaraq fransız və rus dillərinə tərcümə və çap edildikdən sonra mənə bir nüsxə göndəriləcəkdir.

Tiflisdən Kaloniya tərəfə yola düşdük

Yekşənbə, 15 səfər, 1293 (12 mart, 1876). Səhər yükləri fəhlələr vasitəsilə furqona yığdıraraq yola saldıq.

Şəki əhalisinin Behbud bəy adlandırdığı Şelkunnikov indi, hazırda Zaqatalanın (Zakartala) hakimidir. O, bizi görməyə gəlmişdi. O, çox təəssüflə dedi: «Heyif orada hazır deyiləm ki, sizə xidmət edəm». O, yaxşı nitq qabiliyyətinə malik bir insandır. Deyirdi ki, işləri iki gün əvvəl qurtarsa idi, Tiflisdən Zaqatalaya bizdən tez çatardı və hazırlıq işləri görərdi. O, müavini Filatovun indi orada hazır olduğunu da bildirdi.

Şelkunnikov getdikdən sonra Badkubənin qubernatoru gəldi. O, xanımının əvəzinə üzr istədi ki, həkim ona küçəyə çıxmağa icazə vermədi ki, gəlib xanımımla görüşsün. Ərdəbil hakimi Həsənəli xandan çox razılıq edirdi ki, Badkubədə çalışdığı bu üç il ərzində sərhəddə mənimlə onun arasında heç bir ixtilaf baş verməmişdir.

Mən ona dedim ki, Müşarileyh (Həsənəli. – T.H) Urmiya əfşarları aristokratlarındandır.

Sonra Bəylərov, Axundov, Mixranski, cənab Baqration da gəldilər. Mən onlara dedim: «Zəhmət çəkib gəlmisiniz. Mənim salamımı əlahəzrət cənab canişinə çatdırın və əgər vaxtım olsa, İran adətinə görə onunla vidalaşmağa gələcəyəm».

Dedilər ki, həzrət canişin sizinlə görüşdən çox razıdır və məmnuniyyətlə sizin söhbətlərinizi dinləmək arzusundadır.

Onlar getdilər. Qubernator bizi müşayiət etmək üçün dayandı. İmarətin axırınadək gəlib məni kalyaskaya mindirdi və xudahafizləşib getdi.

Günorta namazından beş saat sonra Tiflisdən yola düşdük. Şəhərin bəylərbəyisi, kolonel Beylik, polismeyster xəbər göndərmişdi ki, şəhər əhalisi adından bizi yola salmaq istəyirdi. Lakin onu həzrəti-canişin çağırdığı üçün gec oldu.

Mən dedim: «Sizin insaniyyətliyiniz və ağlınız mənim üçün kifayətdir, işinizi davam etdirin, düşünürəm ki, elə gəlmiş kimisiniz».

Şəhərin aşağı hissəsindən kiçik dəmir körpünü və ondan aşağıda olan digər dəmir körpünü keçdikdən sonra Baş Konsul Mirzə Əsədulla xan, Bəylərov və Mirzə Məhəmmədəli bəy və iranlı tacirlər şəhərdən bir verst uzaqlaşana qədər bizi yola saldılar və sonra xudahafizləşib qayıtdılar.

İki çaparxanadan keçdik. Kaloniya kəndi bir o qədər də xoşagələn olmadığı üçün qərara alındı ki, gecəni orada keçirək. Kənd əhalisinin 2/3 hissəsi almanlardan, 1/3-i gürcülərdən ibarətdir. Onlar əlli beş ildir ki, burda məskən salmışlar. Mötəbər kənddir. Yaxşı bağları vardır. Alman ailələri bu kəndə gələn zaman gürcülərin nökər və rəiyyəti olmuşdular. Sonra get-gedə onlar öz hünərləri, birlikləri nəticəsində gürcülərin mülk bağlarını satın aldılar və özləri sahibkara və ağaya, gürcülər isə rəiyyətə çevrildilər.

«Kaloniya» sözü kalon, fransız dilində sütun mənasındadır. Bunlar bir dəstə gəlmişdilər, vahid bir sütun kimi bir oldular, ona görə onlara Kaloniya adı verdilər.

Bu gün yolumuz şərqə tərəfdir. Hər tərəf yaxşı məhsuldar ərazi təsiri bağışlayır. Günün batmasına üç saat qalanda mənzilə gəldik. Bizi müşayiət edən kazaklar çaparxanalarda dəyişirdilər və bizim üçün yaxşı evlər müəyyən edirdilər. Əmələcat üçün də ayrıca yer olurdu.

Kaloniya kəndinin şimal tərəfində, 7 verstlikdə Mexrvan qalasıdır. Burada rusların böyük topu və bir polku yerləşmişdir.

Gürcüstanın ortası buradır. Buraya yaxın Muğanlı kəndidir. Əhalisi şiəməzhəbdir. Mənim ziyarətdən gəlişimi eşitdikdə öz ağsaqqal nümayəndələrini göndərdilər.

Kaloniya kəndində su quyusu vardır, quyunun dərinliyi 6-7 zərdir və suyu bir az duzludur.

(Fərhad Mirzənin yolu Gürcüstanın bir sıra yerlərindən keçmiş, sonra Zaqatalaya daxil olmuşdur. – T.H.).


Zaqatalada dayandıq. Fərhad Mirzənin şərəfinə çıraqbanlıq və atəşfəşanlıq

1293-cü il, səfərül-müzəffər, pəncşənbə (1876, 16 mart). Furqonda olan mallar islanaraq pis vəziyyətə düşdüyü üçün Zaqatalada dayandıq. Zaqatalanın polismeysteri, əslən şəkili olan şiəməzhəb Rza bəy dedi: «Yaxşı ki, sabah furqonlar Kaxskiyə qədər gedəcək və gecə orada qalacaqdır, sonra o biri gün Nuxu şəhərinə gedəcək. Siz özünüz kalyaska və poçt atları ilə yetmiş bir verst yol gedə bilərsiniz»,

Axşam, pəncşənbə günü bizim buraya gəlişimiz müna­si­bə­ti­lə böyük zəhmət çəkərək, qala divarının kənarında, meydanda və imarət qarşısında atəşfəşanlıq və çıraqbanlıq mərasimi ke­çir­ildi.

Dəftərxana rəisinin müavini Filanov çox nəzakət və mərifət göstərdi.

Burada yeddi həftə ərzində keşiş Bellin hökmü ilə, Kiş (inanc. – T.H.) dini qanunlarının tələb etdiyi böyük pəhriz günləridir. Keşişə hörmət əlaməti olaraq bu müddət ərzində toy etmək, çalmaq, şənlənmək günahdır.

Bizim gəlişimiz isə şənliyə və atəşfəşanlığa səbəb oldu və nə vaxtdan bəri şənlənməyən əhalinin əlinə fürsət düşdü ki, bu torpağa ayaq basmış ilk şahzadənin qarşılanması şərəfinə bu mərasimi təşkil etsinlər.

Meydanın ortasında xeyli qadın və kişi toplaşmışdı. Səhər Filanov, polismeyster, Divanxananın bir neçə nəfər yüksək mənsəb sahibləri və başqaları gəldilər. Mən dünən axşamkı əyləncəyə görə onlara minnətdarlıq bildirdim.

Axşamüstü şəhəri nəzarətdə saxlayan qalaya baxmağa getdim. Qalanın şimal tərəfində bir bürc vardır və oraya toplar qoyulmuşdur. Bunlar Car kəndi ilə üzbəüzdür.

Qalanın ortasında düzbucaq şəklində hündürlüyü 6 zər olan bürc düzəldilmişdir. Soruşdum ki, bu nədir? Dedilər ki, burada əsgərlər məşq edirlər.

Günbatana yaxın naçalnik Şelkunnikov Tiflisdən gəldi. O, dünən Tiflisdən çıxmışdı, xəbər göndərib mənə söylədi ki, sizin xidmətinizdə olmaq arzusu ilə yüz doxsan verst yol gəlmişəm.

Dedim: «Yəqin yorğunsunuz. Bu axşam gəlməməyiniz üzürlüdür». Razı olmadı, görüşməyə gəldi. O çox bilikli adam­dır. Zaqatalada yolların çəkilməsində, şəhərin abadlıq işlərində çox zəhməti olmuşdur. Doqquz ildir ki, bu vəzifədədir.

Cümə günü musiqi səsləndi və meydanı çıraqban etdilər. Mən deyirdim: «Dünən axşam zəhmət çəkib xoş təsir bağış­la­yan gecə təşkil etmisiniz, kifayətdir». O isə belə dedi: «Bu yoldan hələ heç bir şahzadə keçməmişdir. Bu vilayətin əhalisi Sizin gəlişinizə çox sevinir, həm də ona görə ki, Gəncəni yox, bu yolu seçmisiniz.

Rəis Şelkunnikov bir saata yaxın oturub getdi. O deyirdi ki, on beş il olar Badkubənin qubernatoru general Staroselski ilə dost və səmimi münasibətdədir. Mən də ona belə cavab verdim ki, o, həm də mənim, həm də dostumun dostudur. Çıraqbanlıq bitdikdən sonra o, qaladakı mənzilinə getdi.

Zaqataladan Şəkiyə gəldik

Gümə, 20 səfərül-müzəffər, 1293 (17 mart, 1876). Günortadan iki saat iyirmi dəqiqə keçmiş Zaqataladan yola düşdük.

Hava soyuq idi. Duman və çən Dağıstan dağlarını elə bürümüşdü ki, heç nə görünmürdü. Şelkunnikov və digər vəzifəli şəxslər gəlmişdilər. Bizi yola salırdılar. Komissar Akanı, öz müavinini bizimlə öz sərhədlərinə qədər yolladı.

Əvvəlcə Tala kəndindən keçdik. Burada 1400 ailə yaşayır, hamısı ləzgidir. Sonra Kəlkuk kəndidir. Burada 400 ailə sakindir. Çaparxanasına kəndin adına uyğun Kəlkuk Əskiya deyirlər.

Oradan 12 verst məsafə aralandıqdan sonra Qum çayını keçdik. Ondan sonra yolun sol tərəfi düzənlikdir. Naharı Qaxda etdik. Qax mötəbər bir kənddir, yeddi yüz, səkkiz yüz evdən ibarətdir. Burada 200 gürcü ailəsi yaşayır, qalanı ləzgilərdir.

Çoxlu mimoza ağacı mövcuddur. Burada fındıq ağacları gördüm ki, olduqca qocaman və ucadır. Beləsini İran tərəflərdə görməmişəm.

Bu tərəflərdə çəltik becərilməsilə çox məşğul olurlar. Qaxdan bir neçə verst aralandıq. Kərmuk çayı axır. Bu çay xeyli daşlıqdır və baharda daşqın olarkən təhlükəli olur, piyadalar oradan ehtiyatla keçməlidirlər, buradan keçmək atla daha münasibdir.

Qaxın səkkiz verstliyində Qani-Qubi çayı ilə (yəni qanlı dərə, bir vaxt burada quldurlar məskən salmışdılar) ləzgilərin sərhəddi bitir.

Ləzgilərin sərhəddinə qədər yolun hər iki kənarında hər yerdə qoz ağacları əkilmişdir. Dağların ətəklərində, yoldan kənarda abad kəndlər çoxdur və onları təsvir etməyə ehtiyac yoxdur.

Komissar Akan müavin getmək üçün icazə istədi. O, üzdən, boy-buxundan necə də Hacı Mirzə Əli Müqəddəsə oxşayır?! Şəki əhli olduğu üçün dedim ki, əgər qohumlarını və qardaşlarını görmək istəyirsə, naçalnikə mənim adımdan icazəni çatdırsın və bizimlə getsin. O, çox məmnun oldu. Dedi ki, bir ildir bacı-qardaşlarını görməmişdir.

Şəki tərəfdən naçalnikin müavini Məcnun bəy atlı dəstələri ilə gəlmişdi. O, türkcə çox yaxşı danışırdı. Dedi: «Naçalnik bir qədər kefsiz olduğu üçün buraya gələ bilmədi. Hər halda gəlməyə çalışacaqdır».

Oradan Nijni Göynük çaparxanasına gəldik, yəni Aşağı Göynük poçt stansiyasına gəldik. Baş Göynük isə Şahdağın ətəyindədir. Şahdağ Dağıstan silsiləsinin bir hissəsidir. Onların arasında məsafə on verstdir.

Göynük çaparxanasından səkkiz verst keçdikdən sonra yenidən dağ ətəyinə düşdük. Şəki şəhərinə qədər hər yerdə dağ ətəyi ilə hərəkət etdik. Bu Laqudxi (Laqodexi. – T.H.) yolu üç ildir ki, inşa edilmişdir. Ondan əvvəl ləzgilərin qorxusundan bu yoldan keçmək çətin idi. Əgər yüz nəfər və iki yüz atlı birlikdə olsa idi, onda keçmək mümkün olardı.

Daşüz dağının ətəyindən keçərək İpəkli adlanan yerin axırında yerləşən poçta yetişdik. Burada yayda susuzluqdan çox əziyyət çəkirlər. Şamil tuğyan edən vaxtlar bu yoldan da keçib poçta getmək üçün atlı kazaklardan istifadə edirdilər. Çünki on beş verst olan yol dərədən keçir.

Daşüzdağı Şəki ilə Gəncənin arasındadır. Bu dağ çətin keçilən də deyil və vilayət boyu uzanır. Xülasə, Şəki Şahdağ silsiləsinə aid olan dağın ətəyində yerləşir və biz şəhərin yaxınlığından axan Kiş çayını keçdik. Bu çay dağın ortasından axır və ona tökülən çoxlu sayda çayların suyunu şəhərə aparır. Şəhərin ortasında da yaxşı bulaqlar vardır. Bəzi evlərin həyətində belə çeşmələrdən mövcuddur. Şəhərin söykəndiyi dağ şimal-şərqdədir. Evlər də dağın ətəyində yerləşmişdir.

Şəhərdə üç min altı yüz kiçik ev vardır ki, bunlardan beş yüz ailə ermənilərdir, üç min yüz ailə isə müsəlmanlardan ibarətdir. Müsəlmanlardan üçdə biri şiə, üçdə ikisi isə sünniməzhəbdirlər. Şiə, erməni və sünni məhəllələri biri digərindən ayrı yerləşmişdir. Çayın aşağı hissəsində olan evlərin hamısı ermənilərə məxsusdur.

Şəhərin böyüyü (naçalnik) yeni təyin olunmuş rusdur. Adı Boqdanovskidir, yəni allahverdi, tarıverdi, türk sözüdür. Boq isə rus dilində Allahdır.

Müşarileyh xoşsima görünür. Şəhərin tacir və əyanları ilə görüşmüş, bizim üçün ev ayırmağı tapşırmışdır.

O dedi ki, dünən də sizi qarşılamaq üçün xeyli adam yığışmışdı, lakin təşrif buyurmadınız.

Tərcüməçisi şəhər böyüyünün müavini olan Şirəli bəydir. Ruslar ona atasının soyadı ilə Əmirxanov deyə müraciət edirdilər. Onun əsli Təbrizin Daryan kəndindəndir. Şirəli xan İbrahimxəlil xan Cavanşirin nəvəsi Cəfərqulu xan Dünbulü ilə həmrah olmuş, o vaxtdan Şəkidə məskunlaşmışdır. Şiəməz­həb­dir.

Axşam bu vilayətin şəriət başçısı Axund Molla Zeyna­la­bi­din Xoyi mənimlə görüşə gəldi. Axund kamal əhlidir. Otuz beş yaş­lı Axund bu vilayətdə məskunlaşmışdır. Ailə başçısı olmaqla bərabər şiələrin müctəhidi və mollasıdır.

Sonra Cəfərqulu xan Dünbulinin nəvəsi, Kəlbəli xan Dünbulinin oğlu İskəndər xan hərbi geyimdə görüşmək üçün gəldi. Müşarileyh polkovnikdir və İmperatorun xüsusi ordusunda xidmət edir.

Təəssüf etdi ki, nə üçün biz sabah yola düşürük? Bir neçə gün burada qonaq qalsa idik, yaxşı olardı. Mən ona dedim ki, gəminin vaxtı yaxındadır, yubanmaq olmaz, mən də çox istərdim ki, Şəkidə bir neçə gün qalım.

Axund Molla Zeynalabidindən Nuxa sözünün mənasını izah etməsini xahiş etdim. O dedi: «Bu, qədim şəhərin adıdır. Şəki vilayətin adı, Nuxa isə onun paytaxtıdır». Bu sözün düzgün olmasına şübhə yoxdur. Necə ki, Şirvan da vilayət adıdır, Şamaxı isə onun paytaxtıdır.


Məhəmmədhəsən xan Dünbulinin imarətinə tamaşa və Çomaxlıya tərəf yola düşdük

Şənbə, 2 səfərül-müzəffər, 1293 (18 mart, 1876). Səhər Məhəmmədhəsən xanın, Səlim xanın böyük qardaşının evinə tamaşa etdik. Şəhid şah Ağa Məhəmməd onun gözlərini çıxarmışdı. Knyaz Meriyski binanın tavanını xeyli təriflədi və onun İran tacirlərinin işi olduğunu bildirdi.

Məhəmmədhəsən xanın imarəti ilə bizim qaldığımız evin arası yarım saatlıq bir yoldur. Şəhərin şərqində, dağın ətəyində bir qədim qala tikilmişdir ki, bu qala Məhəmmədhəsən xanla Səlim xanın atası Hüseyn xan Şəkilidən yadigardır.

İndi o qalada dövlətə məxsus qoşunun bir hissəsindən, hakim və onun tabeliyində olanlardan savayı heç kim qalmır.

Məhəmmədhəsən xanın imarəti çox yaxşı məkandadır, yaxşı bağçası vardır. Salonun səqfi xüsusi bir sənət nümunəsi kimi işlənmişdir. İran sənətkarları həmin işi Şəmsəbəndi adlan­dı­rır­lar. İsfahanda da belə gözəl binalar çoxdur.

Binanı seyr edən vaxt naçalnik və başqa sahibmənsəb bizimlə idilər. Naçalnik dedi: «Bu şəhərdə olan bütün binalar tarixi, qədim abidələrdir. Biz hələ bir iş görməmişik! Mən istədim ki, sizə bu imarətdə mənzil verim, lakin burada həm soba yoxdur, soyuqdur, həm də yoldan iki verst uzaqdır. Ona görə də qaldığınız mənzili ayırdım».

Xülasə, üç saat iyirmi dəqiqə keçdikdən sonra Şəkidən yola düşdük. İpəkli çaparxanasının yaxınlığından Əyriçay (yəni rudxaneye kəc) axır. O çayın başlanğıcı Piçapıç torpağındandır. Bu çay çox yerlərdə dolanaraq əyri hərəkət edir, ona görə də Əyriçay adlanır.

Çaparxanadan keçdikdən sonra Daşüz dağının ətəyində düşdük. Çaparxananın yaxınlığında, dağın ətəyində Göybulaq kəndi yerləşir və əhalisi ermənilərdir.

Çaparxanadan o tərəfə bizim yolumuz dağlıq ərazidən keçir. Biz gərək Daşüz dağını keçib yolumuzu davam etdirək, irəli gedək. Beş verst çaparxanadan uzaqlaşmışdıq ki, sol tərəfdə Cəfərabad kəndi göründü. Cəfərqulu xan Əhməd xan Dünbulinin oğludur və bu kəndi o salmışdır. Burada Xoyun Qarabaş kəndindən köçürdüyü 100 erməni ailəsi yerləşdirilmişdir.

Cəfərabaddan Dəhnə kəndinədək olan dağlıq ərazinin sahəsi 7 verstdir. Dəhnəçayı çayı Cəfərabadın kənarından axır. Bu çay dağlıq ərazi ilə uzanaraq əvvəlcə Böyük Dəhnə kəndini suvarır, sonra isə onun qərbində Kiçik Dəhnə kəndi yerləşir. Bu kəndin aşağı tərəfində, çaparxananın yaxınlığında Şuiçmə (yəni, Abməxor) kəndidir. Buralar dağlıq, sıldırım qaya və daşlıq deyil, təpə və yarğandan ibarətdir.

Bu üç kəndin (Böyük Dəhnə, Kiçik Dəhnə və Suiçmə kəndləri. – T.H.) əhalisi müsəlmanlardır. Kiçik Dəhnə Böyük Dəhnəyə nisbətən daha abaddır. Bu torpaq dağlıq sahə qurtardıqdan sonra geniş düzənlik başlayır və biz çaparxanayadək iki verst bu düzəngahla getdik.

Əgər bu düzənlikdə su olsaydı, orada bütün məmləkəti təmin edə biləcək qədər taxıl yetişdirmək olardı.

Dəhnəçayının suyu illərlə az olduğundan kəndlər üçün çətinlik yaradır.

Mərhum Cəfərqulu xan Dünbuli şərqdən, Ərciyan çayından bir kanal çəkdirmişdir və ondan bu düzənliyi suvarmaq üçün istifadə edilirdi. Bu kanal «Xan Ərci» adlanırdı. Cəfərqulu xandan sonra bu çaydan istifadə edərək torpaqlarını suvaran Ərəş əhalisi buna mane oldu və kanal qurudu.

Biz düzənliyi keçib qurtardıqdan sonra Ərçən dağının ərazisi başladı. Bu yerlər də dərə və təpəli yollardan ibarətdir. Burada su yoxdur və ərçən ağacından başqa bir ağac bitmir. Saqqız ağacı da vardır.

Qazaxlılar və qarabağlılar ərçən ağacına Ərdiş deyirlər. Bu ağacı yandıran zaman ətrafa xoş ətir yayılır. Bu ağacdan evlər tikərkən tir kimi istifadə edilir. Dağ sərvi də adlanır. Dağda bitən sərv növüdür. Ərciyan çayı ilə suvarılan o düzənliyin şərqində iki kənd vardır. Fəxr Əli və Cağır Əli adlanır. Hər iki kəndin əhalisi şiəməzhəbdir.

Düzənlik bitdikdən sonra Nalbənd dərəsi adlanan yer başlanır. Burada Ərçəndağı ərazisi ilə hərəkət etmək gərəkdir və Nalbənd dərəsi iki verst Şəkinin qurtaracağındadır, bundan sonra Ərəş başlayır.

Nalbənd dərəsi əvvəllər quldurların məskəni olmuşdur. Bir neçə ildir ki, mühafizlər orada əmin-amanlıq yaratmışlar.

Ərçən dağının eni, təxminən beş verstdir və Çomaxlu çaparxanası da bu dağın ətəyindədir. Bu, çox yaxşı çaparxanadır. Buradan, qərbdən Gəncəyə, şərqdən Badkubəyə yol salınmışdır. Ərçən dağının uzunluğu isə təxminən 300 verstdir və Ağsuyadək davam edir.

Hər kəs Şəkidən Gəncəyə getmək istəsə, gərək Çomaxluya gəlsin və Ərçən dağından keçsin. Bu Ərçidağı Ağsuyadək daim yolun sol tərəfində qalır, dağ gah yola bir verst yaxın olur, gah iki verst uzaqlaşır, gah da yaxınlaşır. Ağsuyadək bu dağda yalnız ərçən ağacıdır, ona görə də dağa Ərçən dağı deyirlər.

Ağsudan Salyankuha qədər ağacsız, faydasız yerlərdir, bu dağa Hərami dağı deyilir, çünki vaxtilə quldur mağarası, kahası kimi tanınırdı.

Allahverdi bəyin oğlu Məcnun bəy, Şəki bölgəsinin naibi Çomaqluyadək gəldi, erməni olsa da, sifətdən müsəlmana oxşayır.

Xancan bəy oğlunun oğlu Mahmud ağa öz atlıları ilə Suiçməz çaparxanasına qədər gələrək geri qayıtdılar, onu Böyük Dəhnənin atlıları əvəz etdilər.

Ağdaşın naçalnik müavini öz atlı dəstəsi ilə Çomaqlunun yaxınlığında hazır idilər. Çaparxanaya iki verst qalmış Ərciyan körpüsündən keçdik. Bu qədim körpü daş və kərpiçdən tikilmişdir və yolun sol tərəfindədir.

Nuxa qırx bir dərəcə və on beş dəqiqə şimal en dairəsində, qırx yeddi dərəcə on bir dəqiqə şimal uzunluq dairəsində yerləşmişdir.


Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin