Azərbaycan miLLİ elmlər akademiyasi


§ 12.24. Körpü ilə xəbərləşmə-alqış



Yüklə 2,14 Mb.
səhifə12/27
tarix27.12.2017
ölçüsü2,14 Mb.
#36091
1   ...   8   9   10   11   12   13   14   15   ...   27
§ 12.24. Körpü ilə xəbərləşmə-alqış

Kərəm çayı keçmək üçün onun üstündəki körpüdən də keçid/yol almalıdır: “Sazı döşünə basdı, üz tutdu körpüyə, al­dı, görək (3 bəndlik şeirlə – S.R.) nə dedi:


Yolum gəldi sənə çıxdı,

Körpü, Əslimi gördünmü?

Seyrağıblar məni yıxdı,

Körpü, Əslimi gördünmü?”176


Süjetüstü formasına görə passiv (birtərəfli) xəbərləşmə olan bu dialoqda Kərəm iki məqsəd güdür: Körpüdən həm ke­çid/yol (1), həm də Əsli haqqında iz almaq (2). Epik-kos­mo­loji məntiqə görə, Keşiş Körpünü də tilsimləyib və Körpü yol vermək istəmir. Kərəm ona görə də Körpünün daşının qa­ra qayadan olmasına, yaşının qədimliyinə alqış/tərif deyir.
§ 12.25. Ceyranla xəbərləşmə
Kərəm körpüdən keçib getmək istəyəndə birdən qa­baq­la­rına bir Ceyran çıxır. Kərəm sazı sinəsinə basıb oxuyaraq Cey­randan Əslini xəbər alır. Ceyran ona cavab verir. Beləcə bun­ların arasında 8 bəndlik dialoq-xəbərləşmə (sual-cavab) olur:

“Kərəm...:


Səndən xəbər alım, ay gözəl ceyran,

Əsli, keşiş buralardan keçdimi?

Minib eşq səməndin, olmuşam rəvan,

Çoban körpüsündən bir su içdimi?

Kərəm belə deyəndə ceyran dilə gəlib, görək Kərəmə nə cavab verdi:
Sənə xəbər verim, ay cavan oğlan,

Əsli anasilə düşdülər yola,

Bir səhər vaxtında gördüm ki, burdan

Yanında atası keçdilər sola...”177


Maraqlıdır ki, dialoq tərəfləri baxımından bütün “İnsan-İn­san olmayan” xəbərləşmələr şeirlə olur. Ancaq bu dəfə Kə­rəmlə Ceyran həm də adi dillə danışırlar: “Kərəm Əsli xanı cey­randan dillə də xəbər aldı. Ceyran dedi:

– Sənin axtardığın keşiş Ərzruma tərəf getdi”178.

Bu fərq haradan yaranır? Bizcə, bunun səbəbi Ceyranın Kə­rəm tərəfindən dialoqa cəlb olunan bütün başqa Qeyri-İn­san ünsürlərdən statusuna görə fərqlənməsidir. Yada salaq ki, et­nokosmik düşüncədə Kişi (başlanğıcı) ilə Qadın (başlanğıcı) ara­sında mediasiya edən – xəbər aparıb gətirən, rabitə, əlaqə ya­radan heyvanlar var. Bunlar funksiyasına görə media­tor­lar­dır. “Dədə Qoprqud”da keyik Beyrəyi Banuçiçəyin çadırına gə­tirir. “Əsli-Kərəm”də Kərəmin tərlanı uçaraq onu Əslinin bağ­çasına gətirir. Belə hesab edirik ki, körpünün yanında Kə­rə­min qabağına çıxan Ceyran kosmoloji sxem-süjetdə həmin me­diatorlardan biridir. Başqa sözlə, Əsli bu ceyran vasitəsilə Kə­rəmə hara aparıldığı barəsində xəbər yollayıb.


§ 12.26. Xaoslu insanlarla xəbərləşmə
Kərəm yoluna davam edir. Bir obaya çatır. Oba sakin­lə­ri­nin davranışı qeyri-kosmik davranış olub, şamanların xa­os/yeraltı dünyada rast gəldikləri insanların davranışlarını xa­tır­ladır: “Buranın adamları yaman qonaq sevməyən adamlar idi­­lər. Kərəmgil burada bir qədər dolandılar. Bunlara heç kim ya­xın gəlmədi. Kərəm baxdı ki, elə adamlar o tərəfə, bu tərəfə ke­­çir, amma heç kim onların halını soruşmur. Kərəmin ürəyi qu­­barlandı, sazını dərdli sinəsinə mindirdi, zilini zil, bəmini bəm elədi, aldı, görək (4 bəndlik şeirlə – S.R.) nə dedi:
Qürbət eldə qərib-qərib ağlaram,

Müşkül halım bildirən yox, bilən yox!

Gecə-gündüz fəğan qılıb yanaram,

Ağladan yox, güldürən yox, gülən yox!...”179


Süjetüstündə bu məkan, göründüyü kimi, “Qürbət el” ad­landırılır: Kərəm bu məkanda yad varlıq – qəribdir. Mət­nin süjetüstü planında epik-təsəvvüfi işarə olan “qürbət” se­man­teminin süjetaltı ekvivalenti “xaos” arxetipidir. Bu halda “qə­­­­­rib” obrazının da xaos məkanı baxımından ekvivalenti “qey­­ri-xaoslu” (“kosmoslu”) deməkdir. Beləliklə, Kərəm sü­jet­­­­üstündə qürbətdə olan qərib, süjetaltında xaosda olan “qeyri-xaoslu”/”kosmoslu”dur. Heç təsadüfi deyidir ki, mətn­də qürbət adamlarının qəribə davranışları şamanların yeraltı dün­yada rast gəldikləri bir sıra məkanların sakinlərinin dav­ra­nış­larına uyğundur. M.Eliade belə hallardan biri haqqında ya­zır ki, ölmüş insanın ruhunu o biri dünyaya müşayiət edən şa­manın yolu əvvəlcə rahat olur, lakin ölülərin ölkəsinə ya­xın­­laşdıqca çətinliklər artır. Yolu böyük bir çay kəsir və bu za­­­man yaxşı şaman olmaq lazımdır ki, bütün ləvazimatları o bi­­­ri sahilə keçirə biləsən. Bir az getdikdən sonra insan fəaliy­yə­­tinin izləri görünür: ayaq izləri, kül, ağac talaşaları. Bu o deməkdir ki, ölülərin kəndi yaxınlıqdadır. Doğrudan da, ar­­tıq itlərin hürüşməsi eşidilir, yurdlardan çıxan tüstü gö­rü­nür, ilk marallara rast gəlinir. Onlar Yeraltına gəliblər. Ölülər dər­hal top­­laşır və şamandan onun və yeni gələn ölünün adını so­­ruşurlar. Şaman ehtiyatlılıq edib özünün əsl adını gizlədir.. O ruh kütləsinin içində özü ilə gətirdiyi təzə ruhun qo­hum­la­rı­nı axtarır ki, onu onlara həvalə etsin180.

Bu halda Kərəm də belə bir məkana gəlib çıxmışdır və bu zaman onun qürbət şəhərin adamlarının biganə hə­rə­kət­lə­rin­dən qubarlanaraq oxuduğu şeir süjetüstü formasına görə passiv (birtərəfli) xəbərləşmədir.

Mətnin bu hissəsində Kərəmin kosmoloji süjet baxımın­dan xaosda olduğunu göstərən başqa bir səciyyəvi element də var­dır. Belə ki, orada bir müddətdən sonra bir qoca kişi öz tə­şəbbüsü ilə bunlarla ünsiyyət qurur. Məlum olur ki, bu insan hə­min şəhərdən deyil. Bunu, əlbəttə, yeraltı dünyaya enən şa­man­ların bəzən burada özləri kimi diri insan­lara – maska­lan­mış şamanlara rast gəlməsi kimi şamanlıq təcrübəsindən mə­lum olan motiv kimi izah etmək daha ağlabatandır.
§ 12.27. Tək durna ilə xəbərləşmə
Şəhərdən çıxıb yola düzələn Kərəm göy üzündə tənha bir durnaya rast gəlir: “Kərəm Sofini saxlayıb, görək (3 bənd­lik şeirlə – S.R.) durnaya nə dedi:

Göy üzündə süzüb gedən tək durna,

Qəmli-qəmli ötmə, könül şad deyil.

Sən də mənim təki yardan ayrıldın,

Qəmli-qəmli ötmə, könül şad deyil”181.
Durna mediativ funksiya daşıyır. Onlara rast gələn Kə­rəm sevgilisinə, yaxud evlərinə xəbər yollayır. Şeirin məz­mu­nu göstərir ki, Kərəm durnadan xəbər soruşmur, özü Əsliyə xə­bər yollayır. Bu cəhətdən tənha durna ilə dialoq süjetüstü for­masına görə passiv (birtərəfli) xəbərləşmədir. Digər tə­rəf­dən, ehtimal etmək olar ki, süjetüstündə Kərəmin dili ilə öz ya­rını itirdiyi üçün tənha hesab edilən Durna süjetaltında (kos­moloji sxem-süjetdə) Əslinin Kərəmdən bir xəbər bilmək üçün yolladığı mediator-əlaqəçidir.
§ 12.28. Bulaq başında qızlarla xəbərləşmə: etnokosmik identifikasiya
Kərəm “bir gün yol getdikdən sonra bir bulaq başında bir dəstə gəlin-qıza tuş oldu. Əsliyə bənzər bir qız görüb, sa­zı­nı alıb sinəsinə, görək nə deyəcək. Aldı Kərəm:
Su başında duran gəlinlər, qızlar,

Allı gəlin, xan Əslimə bənzərsən.

Doğrusun söylərlər haqqı sevənlər,

Xallı gəlin, xan Əslimə bənzərsən.
Kərəm belə deyəndə haman qız qulac saçlarını sinə sazı elə­yib, görək Kərəmə nə cavab verdi. Aldı qız:

Aşıb, aşıb qarlı dağlar gəlibsən,

Var get burdan, sənin yarın deyiləm.

İtirdin ağlını, düşdün çöllərə,

Var get burdan, sənin yarın deyiləm...”182.
Təhlil göstərir ki:

– Kərəmin qızla dialoqu süjetüstü formasına görə aktiv (iki­tərəfli) xəbərləşmədir.

– Məqsəd etnokosmik identifikasiyadır: Kərəm qızın Əs­li olub-olmadığını bilmək istəyir. İdentifikasiya qızın et­no­kos­mik əla­­mətləri (“Əslitək yanağında xalı”; “İncədən incə be­li”; “Də­ha­nında baldan şirin dili”) ilə Əslinin Kərəmə məlum olan et­no­­kosmik kimlik əlamətləri arasında eyniləşdirmə-tutuşdurma pro­seduru aparmaqla həyata keçirilir.

– Bərpa etdiyimiz kosmoloji sxem-süjetin böyümə mən­ti­qinə görə qızlarla etnokosmik identifikasiya-xəbərləşmə, bir qay­da olaraq, keçid məkanlarında aparılır. Kosmoloji sxem-mən­­­tiq bu dəfə də özünü göstərir. Ritualın icra olunduğu mə­ka­­­nın keçid/aralıq məkanı olmasının süjetüstündə iki izi/işarəsi qal­­mışdır:



Birincisi, Kərəmin qızlara bulaq üstündə rast gəlməsi. Kos­­moloji xronotopda bulaq dünyalar arasında keçid məkan-me­xanizmidir.

İkincisi, Kərəm şeirdə qıza üç dəfə “allı qız”, yəni “qır­mı­­zı paltarlı qız” deyə müraciət edir. Qırmızı keçid/aralıq fa­za­­sının rəngidir.

– Beləliklə, Əslini qaçıran Keşiş Kərəmi azdırmaq üçün Xaosun dərin qatlarına/məkanlarına çəkilir. O, bir qat/mə­kan­dan di­gər qat/məkana keçid fazalarında Kərəmə daim tələ qu­rur. Bu tələ tilsimlənərək Əsliyə oxşadılmış qız­lar­dır. Həmin qızlar epik funk­siyaları baxımından “yalançı (yan­lış) nişan­lı”lardır. Kərəm etno­kosmik identifikasiya ri­tualı ke­çi­rərək, tilsimi qırır, yalanın üstünü açır. O, bununla Xaosun növ­bəti qat/məkanına keçid əldə edir.


§ 12.29. Dağlarla xəbərləşmə: identifikasiya və keçid alma
Keşiş Əslini Osmanlı torpağına, Qeysəriyyə şəhərinə gə­ti­­rərək gizlədir. Kərəm Keşişin dalınca yoluna davam edir: “Kə­rəm Sofiynən neçə gün, neçə gecə yol gəlib, bir qarlı da­ğın ətəyinə çatdılar. Bu dağlar Gəncə dağlarına yaman ox­şa­yırdı. Kərəmin ürəyi coşa gəldi, aldı, görək (3 bəndlik şeirlə – S.R.) nə dedi:
Qarşı duran qarlı dağlar,

Dağlar bizim dağlarmıola?!

Ağ birçəkli qoca anam

Oğul deyib ağlarmıola!183
Dağların Gəncə dağlarına oxşaması və Kərəmi çaş­dır­ma­­sı (“Dağlar bizim dağlarmıola?!”) onun dağlara sazla-sözlə mü­­raciətini etnokosmik identifikasiya xarakterli dialoq-xə­bər­ləş­­mə hesab etməyə əsas verir. Keşiş Kərəmi yolundan az­dır­maq/döndərmək üçün qızı tilsimləyərək Əsliyə bənzətdiyi ki­mi, dağları da tilsimləyərək Gəncə dağlarına bənzətmişdir. Da­­ğın növbəti epizodda Kərəmə yol vermək istəməməsi onun til­­simləndiyini göstərir: “Söz tamam oldu. Elə bunlar getmək is­təyirdilər ki, birdən hava pozuldu, hər yeri duman-çiskin bü­­rüdü. Şiddətli qar yağdı184.

Sofi Kərəmə geri qayıtmağı təklif edir. Sofinin süjet­üs­tün­də təhlükəsizlik baxımından verdiyi bu məsləhət süjet­al­tın­da (kosmoloji sxemdə) xaosun məqsədini ifadə edir. Bütün bu til­­­simlənmiş məkan, xaotik ünsürlərin (Duman, Çiskin, Qar) Kə­­­rəmlə mübarizəsi onu geri qaytarmaq üçündür. Kərəm bu vaxt sazını çıxarıb 3 bəndlik şeir oxuyur. Xaotik güclərin fi­zi­ki təzyiqinə Kərəmin saz-sözlə (musiqi və şeirlə) cavab ver­mə­­si kosmoloji süjetdə onun bir şaman/qəhrəman kimi xaotik qüv­vələrə qarşı magik-mistik ritual icra etməsi, bu qüvvələrlə ma­gik söz və musiqi ilə döyüşməsi deməkdir. Bunu sonrakı epi­zodlar da təsdiq edir.

Tilsimlənmiş məkanda xaotik qüvvələr Kərəmə üstün gə­­lirlər: “Hava açılmadı. Daha da pisləşdi. Yolu itirdilər”185.

Kərəm bu dəfə Dağdan yol/keçid almaq üçün ona (5 bənd­­lik şeirlə – S.R.) yalvarır:


“...Dağlar, himmət edin, burda qalmayım,

Qalırsam da, qürbət eldə ölməyim,

Qarı düşmənlərə möhtac olmayım,

Aman fələk, mənim halım yaman hey!...”186


Kərəmin yalvarması təsir etmir, Dağ daha da qə­zəb­lə­nir: “Kərəm sözünü qurtaran kimi şaqqıltı, gurultu qopdu, il­dı­­rım şığıdı”187.

Lakin Kərəm inadından dönmür: şaman-qəhrəman heç nə­­dən qorxmadan qamlama/ovsunlamanı davam etdirir: “Kə­­rəm sazı sinəsinə basıb (3 bəndlik şeirlə – S.R.) dedi:


Aman fələk, budu sənnən diləyim,

Qoyma məni yarı yolda qış günü.

Kərəm eylə, bircə yapış əlimnən,

Yetir muradına sən bu düşkünü...”188


Nəhayət, söz qurtaran kimi bir nurani kişi zahir olur. Kə­rəmlə Sofi gözlərini yumur və nurani kişi onları gö­zü­yu­mu­lu vəziyyətdə bir səfalı yerə götürür. Beləcə, onlar xilas olur­lar.

Bu “nurani kişi” məhəbbət dastanlarının mistik per­so­na­jı­dır. O, haqq aşiqlərinin hamisidir. Nurani kişi qəhrəmanlara bu­ta verir, dar ayaqda onları ölümdən xilas edir. Kərəm süjet­üs­tündə haqq aşiqidir. Onun da bütün buta qəhrəmanları kimi be­lə bir hamisi var. Bu obraza biz “Dədə Qorqud”da, Nizami Gən­cəvidə “Xızır” (peyğəmbər) adı ilə rast gəlirik. Onların mətn­lərdə qəhrəmanları xilas etmək üsulu funksional situasi­ya­larla şərtlənən müəyyən fərqlərlə eynidir. Lakin süjetaltında bu “nurani kişi” dağ ruhu/dağ əyəsidir.

Beləliklə, kosmoloji sxem-süjet belədir:

– Keşiş Kərəmi hər mənada azdırmaq üçün Dağı til­sim­lə­yərək, Gəncə dağlarına oxşadır;

– Kərəm etnokosmik identifikasiya xarakterli dialoq-xə­bər­ləşmə ritualı keçirərək bu dağların Gəncə dağları olma­dı­ğını müəyyənləşdirir (tanıyır);

– Tilsimlənmiş Dağın əyəsi bundan qəzəblənərək Kə­rə­min yolunu duman, çiskin, qar, ildırımla kəsir;

– Kərəm alqış, tərif, yalvarış, ovsun və s. kimi magik-mə­rasimi formullardan istifadə edərək Dağ ruhunu rəhmə gə­ti­rir və o, Kərəmə yol/keçid verir.
§ 12.30. Ceyranla xəbərləşmə
Kərəm bu səfalı məkanda görür ki, “ovçular iki quzulu bir ceyranı vurublar. Ceyran balalarının yanında inildəyir. Qı­zıl qanı gülləri qıpqırmızı qızardıb. Kərəmin ürəyi qana dön­dü, aldı sazı, görək (5 bəndlik şeirlə – S.R.) nə dedi:
Mən, ay Sofi lələ, necə yanmayım?

Əsli xanın ceyranıdı bu ceyran,

İnsafdımı əhvalını bilməyim,

Əsli xanın ceyranıdı bu ceyran...”189


Beləliklə, yaralı ceyran Əsli xanındır. Bu epizodda cey­ra­nın iki funksiyası üzə çıxır:

Birincisi, Kərəmlə Əsli arasında mediasiya edərək Kə­rə­min sözünü Əsliyə çatdırmaq üçün tələsir;

İkincisi, yenə də Kərəmlə Əsli arasında mediasiya edə­rək Kərəmə yol göstərir.

Hər iki funksiya keyik, tərlan kimi obrazların kişi və qa­dın başlanğıcları arasında mediasiya funksiyaları baxımından mən­tiqidir. Bu halda süjetüstündə ovçuların ceyranı yara­la­ma­ları adi bir ov epizodudursa, süjetaltında bu, Xaosu qo­ru­yan qüvvələrin (yaxud Keşişə xidmət edən qara varlıqların) Kə­rəmlə Əslinin birləşmələrinə mane olmaları deməkdir.

Epizodda Ceyranın qızıl (qırmızı) qanının təsvir ele­­menti kimi vurğulanması yuxarıda deyilənləri təsdiqləyir. Epik ənənədə qan – qovuşma, qırmızı – keçid deməkdir. Bu, Cey­ranı həm keçid/mediasiya, həm də qovuşdurma/me­di­asiya ob­razı kimi təsdiq edir. O da öz növbəsində Kərəm-Cey­ran mü­nasibətlərini dialoq-xəbərləşmə kimi qəbul etməyə imkan verir.

§ 12.31. Ovçularla xəbərləşmə: identifikasiya və

yalan formulu
Kərəmin olduğu bu səfalı məkan keçidsonrası hüduddur. Kə­­rəm bu məkana dağdan keçdikdən sonra möcüzəli şəkildə gəlir. Bu halda ovçuların süjetaltında Xaosun keçid mə­kan­la­rı­nın qoruyucuları kimi ceyranı ovlayaraq dayandırmaları, o cüm­­lədən Kərəmin də yolunun məhz buradan keşməsi bu mə­ka­­­nı keçid prosesi ilə bağlı, daha doğrusu, ke­çid­ət­ra­fı/keçid­son­­rası məkanlardan biri hesab etməyə imkan verir. Bü­tün ke­çid məkanları üçün xarakterik olan magik akt və for­mulların bu­rada da təkrarlanması dediklərimizi təsdiq edir. Belə ki, bu­rada identifikasiya ritualı və yalan formulunun iz­lə­rini gö­rü­rük.

Kərəmin ceyrana başı qarışarkən ovçular dağdan enib gə­lirlər: “Kərəm bunları görən kimi sazı götürüb, görək ov­çu­ların gəlməyini ceyrana (6 bəndlik şeirlə – S.R.) nə cür xəbər verdi:


Sürə-sürə ovçu dağdan endirən,

Qaç quzulu ceyran, yad ovçu gəldi!

Oxu ilə vurub torpağa sərən,

Qaç, quzulu ceyran, yad ovçu gəldi!...”190


Şeirdə diqqəti ilk növbədə “yad ovçu” adı cəlb edir. Bu ifa­­də “doğma ovçu-yad ovçu” oppozitiv blokunun tərkib his­sə­­­sidir. Mifik dünya modelində “doğma ovçu” – ov/heyvan ha­­mi­si, başqa sözlə, dost, “yad ovçu” – heyvanları ov ha­mi­sin­­dən icazəsiz ovlayan varlıq, başqa sözlə, düşməndir. De­mək, bu­rada eyni zamanda dost-düşmən, doğma-yad mü­na­si­bətləri var. Bu halda Kərəmin ovçuları “yad” hesab etməsi on­ların Kə­rəm­gilin mənsub olduğu kosmos dünyasına yad olan xaos dün­ya­sının sakinləri olduğunu təsdiq edir.

Yaralı ceyran qaça bilmir. Kərəm onu qorumaq üçün ov­çuların qabağına gedir, onları aldadaraq, ceyranın qaçıb də­rəyə getməsi haqqında yalan deyir.

Kərəmin yalan danışması süjetaltında şaman-qəhrə­ma­nın özünü və köməkçisi ceyranı xaos qüvvələrindən qorumaq üçün işlətdiyi fənddir. Xaosun Kosmosa əks (tərsinə) dünya ol­­duğunu, yalançılığın (əksinə, tərsinə danışmağın) Xaosda dav­­ranışın əsas prinsipi olduğunu nəzərə alsaq, Kərəmin da­nış­dığı yalan şaman-triksterə məxsus davranış üsuludur.

Beləliklə, Kərəmin ceyranla və ovçularla dialoqu süje­t­altında hər iki halda etnokosmik identifikasiya ritualının tər­kib hissəsidir. Əvvəlcə ovçu-keşikçilər Ceyranı identifikasiya pro­sedurundan keçirərək, onun kosmosyaradıcı varlıq (kos­mos­lu) olduğunu bilir və öldürmək istəyirlər. Daha sonra Şa­man/Qəhrəman/Trikster (Kərəm) gəlir və xaoslu keşikçiləri al­dadaraq ceyranı və özünü xilas edir. Bu, eyni zamanda yo­lun növbəti mərhələsinə adlamaq/keçmək deməkdir.


§ 12.32. Durnalarla xəbərləşmə
Yola davam edən Kərəmgil bir obaya çatırlar. Xəstələn­miş Kərəm burada durnalara rast gəlir və onlarla öz evlərinə (5 bəndlik şeirlə – S.R.) xəbər yollayır:
Durna, gedər olsan bizim ellərə,

Qürbətdə bir xəstə gördüm deyərsiz.

Əgər sizdən sual edən olarsa,

Qürbətdə bir xəstə gördüm deyərsiz...191


Kərəmin xəstələnməsi, durnalarla evə xəbər yollaması se­vən aşiqin qürbət eldəki halının bəyanı baxımından lirik-emo­sional motivdir. Lakin motivin süjetaltı sxemi ortaya me­di­asiya formulunu qoyur. Belə ki:

– Kərəmin hər dəfə durnalarla xəbər yollaması kos­mo­lo­ji formul kimi xəbərləşmə ritualıdır;

– Süjetüstündə Kərəmin xəstələnməsinin vurğulanması tə­sa­düfi olmayıb, süjetaltı sxemlə əlaqədardır. Şa­man/Qəhrəman psi­xologiyasında “xəstələnmək” – mediasiya for­­muludur: ritual ölüb-dirilməni nəzərdə tutur.

– Şaman/Qəhrəman/Trikster davranış kodunda xəstələn­mək ölüm semanteminin məna sırasına aid elementdir. Başqa söz­lə, adi halda xəstələnmək və ölmək diaxron prosesin mər­hə­lələri olsa da, ritual rejimində xəstələnmək aktı elə ölmək de­məkdir. Kərəmin xaos dünyasının bir qatından digər qatına ri­tual ölüb-dirilmə formulu ilə adladığını nəzərə alsaq, onun xəs­tələnməsi süjetaltının süjetüstündəki “iz”idir.

– Xəstələnmək Şaman/Qəhrəman/Trikster davranışının for­mulu kimi “ölüm” semantemi ilə bağlı məkan-zaman sis­te­mi­nin bütün elementlərini əhatə edir. Başqa sözlə, harada “xəs­­tələnmək/ölüm” semantemi varsa, orada “ölüm”lə bağ­­lı məkan/keçid element və formulları olmalıdır. Bu cə­hət­dən durnalarla xəbərləşən Kərəmin yolunun qəbiristana çat­ması kosmoloji sxem və məntiqin yenə də təsdiq olunması de­məkdir.
§ 12.33. Qəbiristanla xəbərləşmə
Kərəm xəstəliyə baxmayıb yola davam edir: “Bir qədər ge­dib, bir qəbristana çatdılar. Qəbristanı görən kimi Kərəm bir­təhər oldu. Sazı döşünə basıb, aldı görək, (3 bəndlik şeirlə – S.R.) nə dedi:

Yenə vətənimdən oldum didərgin,

Xəstə düşdüm qürbət ellərdə qaldım.

Seyrağıblar aralıxda çoxaldı,

Artdı yamanlarım, fellərdə qaldım...”192

Kosmoloji sxemə görə:

– Qəbristanlıq bir dünyadan o biri dünyaya keçid mə­ka­nıdır;

– Qəhrəman istənilən keçid məkanından, eləcə də Qə­bi­ris­­tanlıqdan o biri dünyaya adlamaq üçün ölüb-dirilmə ri­tualından keçməlidir. Bu baxımdan, süjetüstündə Kərəmin “xəs­­tələn­mə­si”, o cümlədən qəbristanlığa çatarkən “halının bir­­­təhər ol­ması” süjetaltında onun “ölüb-dirilmə” ritualındakı “hal­­la­rını” işarə­lən­dirən Şaman/Qəhrəman/Trikster psi­xolo­gem­ləridir.

– Şaman-Qəhrəman keçid məkanlarının qoruyucuları ilə ünsiyyət-dialoqa girmədən adlaya bilməz. Bu cəhətdən, Kə­rə­min qəbristanlığa xitabən sazla oxuduğu şeir süjetüstü for­ma­sına görə passiv (birtərəfli) xəbərləşmədir.
§ 12.34. Qəbiristanda Quru Kəllə ilə xəbərləşmə
Kərəmin qəbiristanlıqda passiv dialoqunun ardınca elə ora­daca onun Quru Kəllə ilə aktiv dialoqu gəlir: “Elə söz tə­zə­cə tamam olmuşdu ki, Kərəmin gözü yerə sataşdı. Gördü uçulub-dağılmış köhnə bir qəbrin işində bir quru kəllə var. Kə­rəm əyilib kəlləni götürdü, tozunu silib təmizlədi, o tərəf-bu tərəfinə baxıb dedi:

– Sofi lələ, bu quru kəlləni görürsənmi? Bir zaman bu da bi­zim kimi insan imiş. Bir zaman olacaq, biz də belə olacağıq. Qoy bundan bir neçə söz xəbər alım.

Aldı Kərəm, görək kəllədən (3 bəndlik şeirlə – S.R.) nə soruşdu:
Bir suval sorayım, xəbər ver mənə,

Sən də bu dünyada vardınmı, qafa?

Heyvandınmı, insandınmı, nə idin?

Dürlü meyvələrdən yedinmi, qafa...


...Kərəm sözünü qurtaran kimi kəllə dilə gəldi, dedi:
Dinlə deyim, gələn-keçən halımı,

Bir zaman dünyada mən də var idim.

Bir şah idim, bəla gəldi başıma,

Bütün əsrlərə yadigar idim...”193

Beləcə bunların arasında şeirlə dialoq davam edir: “Kəllə sö­zünü tamam eyləyən kimi dığırlana-dığırlana gedib genə gir­di qəbrə, yox oldu. Kərəmgil yollarına davam elədilər”194.

Beləliklə:

– Kərəmin Quru Kəllə ilə dialoqu süjetüstü və süjetaltı for­masına görə aktiv (ikitərəfli) xəbərləşmədir.

– Kəllənin süjetaltı semantikası barəsində üç ehtimal-fi­kir söyləmək mümkündür:

Birincisi (və daha ağlabatanı), Kəllə Kərəm kimi xaosa ad­lamaq istəyən, lakin keçiddən keçə bilməyib həlak olan şaman-qəhrəmanın kəlləsidir. M.Eliadedən məlum olur ki, o bi­ri dünyaya səfər edən şamanlar burada səfər zamanı həlak ol­muş şamanların sümüklərinə rast gəlirlər195.

İkincisi, Kərəmin Kəllə ilə dialoqunun analogiyasına “Qu­ru Kəllə” adlı Azərbaycan nağılında rast gəlirik. Həmin Kəllə qəhrəmana kömək edir və şər (xaos) daşıyıcısı dərvişin qəh­rəmana yaradacağı təhlükələr haqqında onu xəbərdar edir. Bu baxımdan, Kərəmlə Kəllənin dialoqu süjetüstündə dün­ya­nın mənası (mənasızlığı, faniliyi) haqqında fəlsəfi söh­bət­dir­sə, süjetaltında Kəllə Kərəmə kömək edir.

Üçüncüsü (və az ehtimal olunanı), Kəllə Xaosa keçid mə­kanının – qəbristanlığın qoruyucusu, başqa sözlə, xaotik qüvvə­dir.
§ 12.35. Qəbristanda Qızla xəbərləşmə
Qəbristanlığın çıxışında Kərəm Qızla xəbərləşir: “Qəb­ris­­tandan çıxmağa az qalmış Kərəm gördü ki, bir cavan qız bir qəbrin yanında oturub ağlayır. Arabir durub qəbrin dörd tə­­rəfinə dolanır, yenə oturub başlayır ağlamağa”196.

Kərəmlə Qızın arasında süjetüstü formasına görə aktiv (iki­tərəfli) xəbərləşmə olur: Kərəm qızdan şeirlə soruşur, Qız da şeirlə cavab verir. Məlum olur ki, məzar Qızın vaxtsız öl­müş nişanlısının qəbridir.

Dialoqun sonunda bizim şərti olaraq “Qızın karlığı” ad­lan­­dırdığımız formula rast gəlirik: “Kərəm qıza təskinlik ve­rən­dən sonra dedi:

– Gözəl qız, bu tərəflərdə köç-külfətli bir keşiş gör­mə­din?

Qız cavab vermədi. Kərəm nə qədər dedisə, qızdan ca­vab ala bilmədi. Baxdı ki, hər nə deyirsə, qız heç birisini eşit­mir. Onun fikri elə qəbirdədir. Çar-naçar ayrıldılar”197.

Qızla xəbərləşmə motivinin təhlili göstərir ki:

– Süjetin planları arasında ziddiyyət vardır: Kərəm qıza şeir­lə müraciət edəndə o, cavab verir, adi dillə soruşanda ca­vab vermir. Beləliklə, Qızın iki statusu var: eşidən və kar (eşit­məyən).

– Qızın Kərəmə gah cavab verib, gah da verməməsi dialoq-xəbərləşmə formulunu ritual kimi ortaya qoyur: Kə­rə­min Qıza sazlı-sözlü müraciəti bir şaman qamlamasıdır. Qızı ov­sunlayan Kərəm ondan cavab alır: qamlama bitən kimi Qız ye­nə də cavab vermir.

– Qızın anormal davranışı onun Keşiş tərəfindən til­sim­lən­diyini göstərir. Kərəm qamlama ilə onun “sirrini” öyrənə bi­lir.

– Kəllə və Qız antifunksiyalı mediatorlardır: Kəllə Kə­rə­mə kömək edir, Qız kömək etmir. Bu halda Kəllə – kos­mos­ya­radıcı, Qız – xaosyaradıcı varlıqdır.

– Qəbristanlıq, Kəllənin girdiyi qəbir və Qızın başına do­landığlı qəbir keçid mexanizmləridir. Kosmoloji sxemə gö­rə, Kəllə qəhrəmana yol/keçid verir, tilsimlənmiş Qız isə qəh­rə­manı azdırmaq istəyir. Kərəm dialoq-xəbərləşmə ritualı ilə yo­lu müəyyənləşdirir.


Yüklə 2,14 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin