D.D. KƏRİMOVA
ÇAĞDAŞ AZƏRBAYCAN DİLİNDƏ NEOLOGİZMLƏRİN
ESTETİK FUNKSİYASI HAQQINDA
(Məmməd Arazın poetik dili əsasında)
Açar sözlər: üslub, poeziya, neologizmlər, özəlliklər.
Ключевые слова: стиль, поэзия, неологизмы, специфика
Key words: style, poetry, neologism, peculiarities.
Məmməd Arazın poetik dili üslubi neologizmlərlə zəngindir. Oxucuların, xüsusən gənc nəslin, məktəblilərin estetik zövqünün inkişaf etdirilməsində başqa elm sahələri, məsələn, təsviri incəsənət, musiqi əsərləri ilə yanaşı, ədəbiyyatın, xüsusilə bədii ədəbiyyatın şeir qolunun müstəsna əhəmiyyəti vardır.
Orta məktəbdə çağdaş şairlərimizin, xüsusən özünəməxsus dil-üslub xüsusiyyətləri ilə seçilən nümayəndələrindən biri olan Məmməd Arazın şeir xəzinəsi gənc nəslin bədii zövqünün formalaşmasına xidmət edən mühüm vasitələrindən biridir.
Şairin dil vahidləri ilə şagirdlərə izah etmək lazımdır ki, Məmməd Arazın ən böyük üstünlüyü və onu öz müasirlərindən fərqləndirən məxsusi özəllikləri çağdaş Azərbaycan dili şəkilçiləri ilə yeni sözlər – neologizmlər yaratmaq istedadıdır. Şair əsrlərlə Azərbaycan dilində işlənmiş söz yaratma vasitələrilə (şəkilçilərlə) ənənəvi sözlərlə yanaşı, yeni sözlər – neologizmlər də yaradır, şair -çı, -çi, -çu, -çü şəkilçilərilə suçu, qazmaçı tipli-sözlərlə yanaşı, şumçu (torpağı belləyən), dənçi (dən yığan, toxum yığan), küləkçi (külək xoşlayan), sovrucu (xırmanda taxılı ətrafa səpən), qibtəçi (qibtə etməyi çox sevən adam), -lıq, -lik, -luq, -lük şəkilçisi ilə ənənəvi dönməzlik sözü ilə yanaşı, kiçilməzlik, dönməzlik və s., eləcə də famildaş (eyni familli adam), ölkəbaz (vətəndaş), tərifkeş (yaltaqlığı sevən adam), əsalı (qoca), dövrələmək (başına yığışmaq), çamırlanmaq (göllərin, su hövzələrinin üstünün yosun qatı ilə örtülməsi), yallanmaq (tez-tez rüşvət yemək), çəmənləşmək (çəmənlə örtülmək), dağlaşmaq (yüksəlmək), buludlaşmaq (dumanlanmaq, kədərlənmək), toxalmaq (yeyib doymaq) və s. kimi yeni sözlər məxsusi olaraq Məmməd Arazın çağdaş Azərbaycan ədəbi dilinin insanın ruhunu oxşayan, orijinal mənalı yeni sözlər – neologizmlərlə zənginləşdirmək xidmətidir. Belə neologizmlər şairin poetik dilinin bədii dəyərini artırmaqla yanaşı (Özüm də, fikrim də min el dolaşır, Mənim söz çiçəyim, duyğu çiçəyim, Onda mayalaşır, onda ballaşır, II, 193), həm də şairin üslub fərdiliyini nümayiş etdirir, ana dilinin ifadə imkanlarını genişləndirir; bu da yazıçı dilinin, ümumən dilin inkişaf etməsində mühüm mövqeyə malik olduğunu göstərir.
Məmməd Arazın fitrədən ana vətənin vurğunu olan bir şair olması onun ixtisasca coğrafiyaşünas olması ilə birləşərək qüvvətli emosional və estetik tutuma malik onlarla təbiət anlayışlı düzəltmə sözlərin yaranmasına səbəb olmuşdur. Şairin elə bir şeiri yoxdur ki, orada vətənin dağı, dərəsi, təpəcikləri, səhrası, düzü, eləcə də təbiət hadisələrilə bağlı duman, çiskin, şimşək, daşqın, sel, çən kimi söz-terminlər müxtəlif şəkilçilər qəbul edərək orijinal düzəltmə sözlər kimi işlənməmiş olsun: şairin poetik dilində yaradıb işlətdiyi heykəlləşmək, yarğanlaşmaq, torpaqlaşmaq, daşlaşmaq və s. kimi fellərdə Məmməd Arazın ənənəvi şəkilçilər vasitəsilə yeni-yeni mənalar kəsb edən neologizmlərin yalnız obrazlılıq, poetiklik deyil, eyni zamanda fikrin dəqiqliyi, oxucuya doğru-düzgün çatdırılması məqsədi də güdülür.
Şairin yaratdığı yeni sözlərdə hikmət, dərin məna, müdriklik emosiyası qüvvətlidir. Bu ifadələrdə, sözlərdə bəzən insanların, bütövlükdə xalqın xarakteri, özəl xüsusiyyətləri özünü büruzə verir: Bir qarış çəpərin sərhəddi üstə, Dəyənək çəkiblər, yaxalaşıblar, Ancaq bərk ayaqda yuxalaşıblar. Bu şeirdə böyük hikmət vardır: doğrudan da, Azərbaycan xalqının məişətində tez-tez müşahidə olunan «çəpər davası», həqiqətən də, bir qədər keçdikdən sonra sakitliklə bitir. Bu əlbəttə, şairdən böyük müşahidəçilik qabiliyyəti tələb edir. Müşahidəçilik isə xalq şairi Məmməd Arazda kifayət qədərdir.
Şairin poetik dilində Azərbaycanın dağ adları vətənin rəmzi kimi işlədilir və bu, ilk növbədə gənclərin, məktəblilərin, ümumən xalqın vətənpərvərlik ruhunun yüksəlməsi prosesində öz müsbət təsirini göstərir: Göyəzən, Dəlidağ, Kəpəz, Qoşqar, Murovdağ, Şahdağı kimi dağ adları şairin poetik dilində qüdrət, əzəmət, dözümlük, etibar simvolu kimi oxucuda həmin hisslərin yaranmasına xidmət edir. Məmməd Arazın dilində vətənin bağrından keçən çay adları təbiət gözəlliklərinin atributları kimi, şairin ilham mənbəyi funksiyasına xidmət etməklə yanaşı, onlardan bəziləri, məsələn, Araz, həm də vətəni ikiyə bölmüş «günahkar» vasitə kimi daima suçlanır, şairin giley mənbəyinə çevrilir. Elə bu səbəbdəndir ki, 70-ci illərə kimi İbrahimov soyadı ilə şeir yazan şair ömrünün kamil dövründən Araz çayının adını özünə təxəllüs seçmiş, bununla vətənin ikiyə bölünməsini özü üçün daimi kədər, niskil olduğunu təsdiqləmişdi. Şair bunu öz poetik misralarında belə tərənnüm edir: Mənim bir andım, Bir də bu ricam var, Araz! – Mən səni apara bilməsəm, Sən məni apar, Araz! Sudan çıxan balıq tək, Ölərəm mən Arazsız! Tayı itmiş ceyran tək, Mələrəm mən Arazsız!» Elə bu səbəbdən də «Mən Araz şairiyəm!» – deyir: Mən Arazın səsiyəm, mən onun yatağıyam, Mən onun sahiliyəm, Mən onun ləpəsiyəm! – deməklə oxucusunu buna inandırır!
Şair şəxs adlarını poeziyaya gətirməklə xüsusi məqsəd güdür. O, gənc nəsli ədəbiyyatımızın, mədəniyyətimizin keçmişinə aparır, onları öz tarixi ilə bağlı informasiyalarla məlumatlandırılır. Məndən soruşanda «sən kimsən?» – Onda Nəsimi oluram alov donunda, Bəzən üfüq adlı bir Nizamiyəm. Demək bir xilqətəm, demək hamıyam. Bəzən Füzuliyəm, bir planetəm… Sabirəm, Üzeyirəm, Bülbüləm, kiməm… Bunlarla bərabər dünya mədəniyyəti, elm tarixindən gələn məşhur şəxsiyyətlərin – Magellan, Kopernik, Bethoven, Çaykovski, Puşkin, Didro, Viktor Hüqo, Balzak və s. adlarla şair oxucusunu tanış etmək məqsədini güdmüş, eyni zamanda oxucuda mədəni, gözəllik-estetik zövq tərbiyə etməyə çalışmışdır.
Şairin istedadı ondadır ki, adı dil vahidlərini məcazi yolla bir-birinə yanaşdırma yolu ilə (yanaşma əlaqəsi əsasında) qeyri-adi ifadələr düzəldir, bütün bu ifadələr yeni olduğuna baxmayaraq, oxucunu yormur, əksinə oxucu üçün çox maraqlı görünür: şairin böyük sənətkarlıqla yaradıb, şeirlərində işlətdiyi Məcnun səhralar (Məcnunun gəzdiyi səhralar kimi səhralar), Leyli bulaqlar (Leyli kimi sevimli, təmiz, bakirə bulaqlar), qaya sərkərdələr (qaya kimi mərd, sərt), quzu bulaqlar (quzu kimi təzə-tər bulaqlar), lal meşələr (qalın, küləksiz meşələr), yetim ulduzlar (tənha tək ulduzlar), sısqa ulduzlar (axan ulduzlar), sərsəri küləklər (istiqaməti məlum olmayan külək), ağlağan qayalar (şehli qayalar), fikirlər burulğanı (çözülməz fikirlər); böhtanlar yarğanı (böhtanların üst-üstə yığıldığı yer, məkan) və s. onlarla belə ifadə öz poetik gücü ilə çağdaş Azərbaycan şeir dilini zənginləşdirmiş, şairin estetik ifadə yaradıcılığındakı xüsusi istedad və bacarığını göz önünə gətirmişdir.
Məmməd Arazın poetik dilində somatik, yəni insan orqanizmin adlarını bildirən leksika da mühüm yer tutur. Məlumdur ki, somatik leksikaya aid olan sözlər poeziyada işlənərkən öz ilkin mənasından uşaqlaşır, poetik-estetik funksiya qazanaraq, şeirin, ümumiyyətlə, ədəbi dilin, ədəbiyyatın yeni məcazlar, yeni bədii ifadə vasitələri, yeni metaforalar, təşbihlərlə zənginləşməsini təmin edir. Məmməd Arazın dili somatik leksikanın iştirakı ilə düzəlmiş yeni, orijinal söz, söz birləşmələri, terminlərlə zəngindir: göz karvanı, soyuğun dodaqları, sazağın dodaqları, doluların ayaqları, duyumlu barmaqlar, zamanın gözləri, arzumun əlləri, xəyalımın qolları və s. kimi yeni ifadələr oxucuların zövqünü oxşayır, yeniləşdirir, Azərbaycan bədii dilinin əhatə dairəsini genişləndirir, onun obrazlılıq estetikasını yüksəldir, ana dilimizin nələrə malik olmasını nümayiş etdirir.
Məmməd Araz müdrik şairdir. Onun şeir çələngi Nizami müdrikliyi, Nəsimi fəlsəfəsi, Xətayi vətəndaşlığı, Füzuli lirizmi, Sabir sarkazmından qidalanır.
Məmməd Araz çağdaş Azərbaycan ədəbiyyatının o nadir şeir-sənət ustalarındandır ki, onun hikmət dolu müdrik sözləri şairin sağlığında aforizmlərə çevrilmişdir: Dünya sənin, dünya mənim, dünya heç kimin! Mən belə dünyanın nəyindən küsüm?! İti bazarında atından baha! Tikanlı yazılar çax-çax eyləyir, Zaman üyüdəcək öz bildiyini! Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı! Vətən mənə oğul desə nə dərdim?! və s. xalqın hafizəsində məhz müdrikliyi ilə qalıb.
Belə söz və ifadələr gənc nəslin mənəvi tərbiyəsinin təmin edilməsində mühüm vasitələr kimi ədəbiyyat müəllimlərinin əyani vasitələr rolunu oynaya bilər.
Dostları ilə paylaş: |