S.H. MEHDİYEVA
QEYRİ -AZƏRBAYCANDİLLİ AUDİTORİYADA AZƏRBAYCAN DİLİ
Açar sözlər: rus dili, alman dili, ingilis dili, fransız dili, Azərbaycan dili, öyrənmək.
Ключевой слова: русский язык, немецкий язык, английский язык, французский язык, азербайджанский язык, исследование
Key words: russian language, german language, english language, french language, azerbaijani language, research.
Tarixən Qafqazda müxtəlifdillilik şəraitində Azərbaycan türk dilinin xalqlar arasında ən geniş istifadə vasitəsi olunması XX əsrin sonu XXI əsrin əvvəllərində, yəni bu gün də öz mahiyyətini saxlamış və hətta bir qədər də artmışdır. Respublikamız müstəqillik əldə etdikdən sonra Azərbaycan Demokratik Respublikasının dünyaya inteqrasiya etməsi ölkənin əsas kommunikativ vasitəsi kimi Azərbaycan dilinin həm xarici ölkələrlə münasibətlərin qurulmasında, həm də ölkə və region daxilində mədəni-iqtisadi məsələlərin həllində həlledici vasitəyə çevrilməsi zərurətini yaratdı. Respublika əhalisinin əsas hissəsini təşkil edən Azərbaycan türklərinin Ana dili olan Azərbaycan türk dili və onun istifadə qanunauyğunluqlarının tədrisi müstəqillik illərində sözün həqiqi mənasında dövləti səviyyəyə qaldırıldı ki, bu da, haqlı olaraq, müstəqilliyimizin ən ümdə uğurlarından biri kimi qiymətləndirildi: Azərbaycan dilinin respublikanın ictimayi və siyasi həyatının bütün sahələrində uğurlu tətbiqi ilə əlaqəli qarşıya qoyulan vəzifələri və vacib proyektlərin həyata keçirilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət dilinin tətbiqi üzrə dövlət Komissiyası yaradıldı və “Azərbaycan dili Dövlət Proqramı” hazırlanıb, Milli Məclisdə müzakirədən sonra ölkə Prezidentinin təsdiqinə təqdim edilmişdir.
Proqramda Azərbaycan dilinin Dövlət Dili kimi vacib və ümdə məsələləri –Dövlət dilinin təlimi, ali və orta məktəblərin rus dilli bölmələrində Azərbaycan dilinin tədrisi və bu məqsədlə dərsliklərin və dərs vəsaitlərinin hazırlanması, onların nəşr olunması məsələləri əksini tapmışdır. Bütün bunlar müstəqilliyimizin bərpa edilməsindən sonra Azərbaycan dilinin tədrisi və təbliği işində görülən işlər olmuşdur. Müstəqilliyimizdən sonra həm ölkə daxilində, həm də ölkə sərhədlərindən kənarda, Azərbaycan Demokratik Respublikasının inteqrasiya etdiyi Avropa ölkələrində Azərbaycan dilinin mahiyyəti əsl vətəndaşlıq qayəsi ilə dərk etdirilmiş, Dövlət dili olaraq onun nüfuzu, hüquq dairəsi genişlənmiş, yüksək səviyyəli Avropanın siyasi məclislərində səslənməyə başlamışdır. Bunun üçün biz azərbaycanlılar Ana dilimizə göstərdiyi bu böyük və görünməmiş qayğıya görə xalqımızın ümummilli lideri Heydər Əliyevə və onun səriştəli davamçısı möhtərəm Prezidentimiz İlham Heydər oğlu Əliyevə öz dərin minnətdarlığımızı bildiririk.
Xatırladaq ki, rusdilli orta və ali məktəblərdə Azərbaycan dilinin tədrisinə hələ Demokratik Azərbaycan Respublikasının ilk təşkilati məsələlərindən biri kimi baxılmış, respublikada, xüsusən ölkənin mərkəzi Bakı şəhərində çoxsaylı rus məktəblərində Azərbaycan dili –ölkənin milli dili kimi geniş dairədə tədris edilmişdir. Ədalət naminə demək lazımdır ki, bu iş Azərbaycanda Demokratik respublikanın süqutundan sonra Sovet sistemi şəraitində də davam etdirilmişdir. Lakin necə? Bu suala cavab vermək üçün hamımızın oxuduğumuz məktəblərin rus bölmələrində, yaxud övladlarımızın, tanışlarımızın övladlarının oxuduqları rus məktəblərində Azərbaycan dilini tədris edən müəllim kadrları xatırlamaq məncə kifayət edər. Kimlər idi bu müəllimlər? Bu gizli deyil ki, ən bəsit, ən zəif (həm fiziki, həm zehni, elmi baxımdan!) müəllim kadrları işlə təmin etmək üçün rus bölməsində Azərbaycan dili müəllimi işləmək yada düşürdü. Mən bu vəzifədə işləyən ixtisasca filoloq olmayan kadrları hələ demirəm. Rus bölməsində Azərbaycan dili fənninin tədrisi probleminin “faciəsi” məhz buradan başlayırdı. Qeyd etmək istəyirəm ki, şəhərlərimizdə və bəzi rayon mərkəzlərində mövcud olan rus məktəblərində Azərbaycan dilinin tədrisini tənzimləyən sovet dönəmində mövcud olan “Maarif” idarəsi bu işin siyasi –ideoloji mahiyyətinə varmadan icra edirdisə, əksər hallarda bu, milli-siyasi məqsəd kimi sovet şovinizminin nəticəsi idi: bunu izah etmək üçün, rus ali və orta məktəblərində həm də Azərbaycan dilini 20 il tədris etmiş və bu sahədə “Əməkdar müəllim” fəxri adına layiq görülmüş bir vətəndaş –müəllim kimi, müşahidə etdiyim bir cəhətə diqqətinizi yönəltmək istəyirəm: Azərbaycan dili dərsini tədris etdiyim qruplarda çoxluğu bizim öz milli ailələrimizdən gələn Azərbaycan gəncləri təşkil edirdi və bu gənclər yüksək intellektuallıqları ilə seçilirdilər. Deməli, bunlar orta məktəblərdə də seçilmiş, öz intellekt səviyyəsi ilə fərqli şagirdlər olmuşlar. Lakin siyasi-ictimayi və çox vaxt da rus təhsil sisteminin daha mükəmməl olması ilə əlaqədar olaraq, ziyalı ailələr (yazıçılar müstəsna olmaqla) övladlarını rus bölməsində oxudurdular və bu, indi də vardır. Uzaqgörən sovet şovinist siyasəti bunu nəzərə alaraq, rus bölməsində oxuyan gənclərdə öz dilinə, ədəbiyyatına, ümumən mədəniyyət tarixinə hörmətsizlik vasitəsi kimi bu yoldan, yəni rus bölməsində Azərbaycan dilini bəsit şəkildə tədris etməkdən bir vasitə kimi istifadə etmişdir. beləliklə də, bizim intellektual səviyyəli övladlarımıza ana dili bəsit şəkildə təqdim edilmişdir. Təəssüflər olsun ki, uzun müddət rus bölmələrində Azərbaycan dili fənni dövlətin rəmzi olaraq yox, lazımsız, bəsit ikinci dərəcəli, fakültativ bir fənn kimi tədris edilmiş, Azərbaycan dili və ədəbiyyatı bütün zənginliyi ilə yox, bəsit, “kasıb” bir fənn kimi təqdim edilmişdir. Əslində, rus bölməsində Azərbaycan dili fənni qeyri-azərbaycandilli auditoriyaya ayrılmış ilk cığır, necə deyərlər, “ön cəbhədir”. Rus bölmələrində Azərbaycan dili mükəmməl proqrama əsaslanmalı, qeyri-azərbaycandilli auditoriya Azərbaycan dilinin bütün zənginliyi və gözəlliyi ilə bu proqramda əksini tapmalıdır.
Qeyri-azərbaycandilli (rus, alman, ingilis, fransız və s.) auditoriyalarda Azərbaycan dilinin uğurlu tədrisi üçün bir incə amil son dərəcə vacibdir.
Əvvəla, rus (alman, ingilis, fransız) auditoriyası ilə işləyən müəllim savadlı, geniş erudisiyalı, Azərbaycan dilinin, ədəbiyyatının, tarixinin, coğrafiyasını, təbiətini, etnoqrafiyasını, musiqi tarixini, çağdaş durumunu, perspektivlərini, ümumən “Azərbaycanşünaslıq” elmini gözəl bilməli, eləcə də “Azərbaycançılıq” ideologiyasına sadiq olmalıdır. Mən öz təcrübəmdən deyirəm ki, belə xətlər üzrə qurulan dərslər, xüsusən I yarımilliyin ilk, yəni sentyabr-oktyabr ayında oxunan “Azərbaycanşünaslığa giriş” adlandırdığımız ilk mühazirə sonrakı uğurlu dərslərin baş tutmasına zəmanət verir. Özü də, bu ilk mühazirə auditoriyanın dilində – yəni rus dilində aparılarkən daha gözəl effekt verir.
Deməli, rus (alman, ingilis, fransız) bölməsində Azərbaycan dilini tədris edən müəllim həm də rus dilini –auditoriyanın dilini mükəmməl, mühazirə oxumaq səviyyəsində bilməli, nitqi gözəl, tələffüzü düzgün olmalıdır, çünki müəllim bir sözü düzgün tələffüz etməzsə, bu onun elmi nüfuzunu aşağı salar. İlk mühazirənin – “Azərbaycanşünaslığa giriş” hissəsinin uğurlu alınması üçün müəllim yuxarıda sadaladığımız fənləri yüksək səviyyədə bilməli və bu mühazirəni gözəl, səlis, təmiz tələffüzlü rus (alman, ingilis, fransız) dilində oxumağı bacarmalıdır. Özünü bu şəkildə auditoriyaya təqdim edən müəllim, qeyd edim ki, tədris etdiyi 2 il müddətində öz nüfuz dairəsini təmin etmiş olur.
Tədrisin uğurlu aparılması üçün dərsliklərin səviyyəsi mükəmməl olmalıdır. Dərslik fənnin tədrisində və dilin mənimsənilməsində ikinci əsas amildir. Dərsliklər aydın, anlaşıqlı dillə yazılmalı, tələbənin, şagirdin Azərbaycan dilini mənimsəməsi üçün özünə cəlb etməlidir. Aşağı siniflərdə bu rəngli şəkillər vasitəsilə edilərsə, ali məktəb səviyyəsində bunlar hər bir konkret mövzu ilə əlaqədar olan cədvəllər, diaqramlar, məzmunlu informasiyalar vasitəsilə edilə bilər.
Təcrübə göstərir ki, rus məktəbləri üçün “Azərbaycan dili” dərslikləri, xüsusən orta məktəblər üçün, texniki ali məktəblər üçün yazılan dərsliklər öyrənənlərin dilində – yəni rus (alman, fransız, ingilis) dilində olması daha münasibdir. Belə olduğu halda şagird, tələbə Azərbaycan dili qanunauyğunluqlarının izahını daha tez və daha səmərəli qavraya bilir. Bu təcrübəni biz Azərbaycan Dövlət Neft Akademiyasının rus bölmələrində Azərbaycan dilini tədris edərkən sınaqdan keçirmişik və nəticəsi də Məhəmməd Füzulinin 500 illiyi ilə əlaqədar Akademiyanın keçirdiyi yubiley tədbirlərində keçirdiyimiz açıq dərsimizdə öz səmərəsini göstərdi: Füzulinin “Məni candan usandırdı...” qəzəlini tələbələrin (əsasən qeyri-azərbaycanlı tələbələrin) necə mənimsəmələrini Akademiyanın keçirdiyi sessiyasında biz Füzuli haqqında çıxışımızı həmin açıq dərs vasitəsilə təqdim etdik və bu dərsi Akademiyanın akt zalında iştirak edən çoxsaylı auditoriya çox yaxşı qarşıladı. Yəni “Azərbaycan dili” dərsliyi, yaxud dərs vəsaiti rus dilində olduqda tələbələr çox az müddətdə öyrəndikləri dilin qanunlarını bildikləri dil vasitəsilə daha tez mənimsəyirlər.
Azərbaycan dili dərsliklərində ədəbi oxu – qiraət materialları xüsusi həssaslıqla seçilməli və ayrıca kitab şəklində əsas dərsliyə əlavə kimi çap olunmalıdır: yəni “Азербайджанский язык” adlı dərsliyə köməkçi vasitə kimi oxu materialları da əlavə çap olunmalıdır.
Möhtərəm Prezidentimizin 24 may 2012-ci il sərəncamında xüsusi vurğulandığı kimi, Azərbaycan dilinin öyrənilmə sahələrinin genişləndirilməsi məqsədilə təklif edirik ki, Respublikamızda mövcud texniki ali məktəblərdə “Azərbaycan ədəbi dili tarixi”, “Nitq mədəniyyəti” ayrıca fənlər kimi tədris olunsun.
Dostları ilə paylaş: |