ABŞ-da multikultralizm: Asiya-amerikalılar və ispan mənşəlilər
Asiya-amerikalılar dedikdə ABŞ yarandığı gündən hazırkı zamanımızadək işləmək və digər məqsədlər üçün Asiyadan ABŞ-a köçən insan qruplarına deyilir. Lakin bu ifadənin əhatə dairəsinə heç də cəmiyyətin yüksək sosial kateqoriyası aid deyil. Bu özünü etnik və dil fərqlərində göstərir. Belə ki, Asiyadan gələn immiqrantlar arasından çinlilər və yaponlar çoxluq təşkil edir. Bununla yanaşı Şərqi Asiya və Hind-Çindən köçüb gələnlərin sayı da az deyildir.
ABŞ-a gələn asiya-amerikalıların ən önəmli xüsusiyyəti onlarda “koloniya” zehniyyətinin olmamasıdır. Yəni, afrikalıların koloniyalardakı hadisələr nəticəsində zorla Amerikaya gətirilmələri və burada zorla işlədilmələri asiya-amerikalılar üçün keçərli deyildir. Jopkenin dediyi kimi belə bir keçmişə sahib olmayan asiyalılar təhsil və iş həyatında uğur qazanmışlar. Eyni zamanda asiyalılar multikultralizm siyasətində afroamerikalıların yaşadıqları irqi ayrı-seçkiliklərə məruz qalmadıqları üçün, mülki hüquqlar hərəkatı və müsbət fəaliyyət də ön plana çıxmamışdır.
Amerika Birləşmiş Ştatlarında say baxımdan ən böyük etnik qrup ispanlardır. Onlar həmçinin artım baxımdan da digər etnik azlıqlardan seçilirlər. İspan mənşəlilərin miqrasiya dalğaları davamlı olaraq getdiyi kimi təbii hərəkəti də yüksələn xətlə davam edir. Bu proses belə davam edərsə, yaxın on illər ərzində ABŞ-da yaşayan hər dörd nəfərdən biri ispan mənşəli olacaqdır. 2000-ci ildə aparılan araşdırmaya görə bu gün hər yeddi ABŞ vətəndaşından biri ispan mənşəlidir. Onlar əsasən Texas, Kaliforniya, Çikaqo, Nyu-York və Mayamidə yaşayırlar. İspan adlandırılan bu etnik qrup ABŞ-a XIX əsrin əvvəllərindən başlayaraq Meksikadan, Kubadan və Cənubi Amerika materikindən axan miqrasiya dalğaları hesabına formalaşmışdır. Bu etnik qrupa mənsub insanlar latınca danışdıqları üçün ispan adlandırılmışlar. Latın və Meksika mənşəli immiqrantların əsas özünəməxsus xüsusiyyəti mədəniyyətlərini və dillərini qoruya bilmələri və eyni zamanda öz ana vətənləri ilə olan bağlarını möhkəm saxlamalarıdır.
ABŞ multikultralizminin ümumi dəyərləndirilməsi
ABŞ multikultralizmi iki fərqli amildən meydana gəlmişdir. Birinci amil mülki hüquqlar hərəkatı tərəfindən önə sürülmüş, ikincisi isə Latın Amerikası mənşəli immiqrantların ölkəyə gəlməsi ilə bağlı olmuşdur. Hər iki amil ABŞ-da “birlik” və “müxtəliflik” arasındakı fərqlilikləri aradan qaldırılmasının həlli yolu kimi ortaya atılmışdır. Lakin ABŞ multikulralizm siyasətində etnik fərililiyin ön planda tutularaq ictimai kimliklərin və siyasi mənfəətlərin formalaşdırılmasını əsas olaraq götürmüşdür.
Etnik vurğu cəmiyyətdə önəmli yerə sahibdir. Kimlikanın da ifadə etdiyi kimi müəyyən bir cəmiyyət üzvlərinin sahib olduğu “sosial mədəniyyət” və sosial mədəniyyətə əsasən yaranan dil və tarixi baxımdan arxa plan, fərdlərin öz mənliklərinin və fərqliliklərinin fərqinə varma qabiliyyətlərini ortaya çıxarır.
Etnik azlıqlar “ana axın” tərəfindən tətbiq olunan “ərimə qazanı” na və ya assimilyasiya siyasətinə qarşı cəmiyyətdəki fərdləri qorumaq üçün “tanınma” tələbini irəli sürürlər. Etnik qrupların bu cür tələbləri və “ana axına” qarşı qorunma istəyi liberal siyasət və cəmiyyət anlayışına meydan oxumaqdır. Lakin ABŞ-ın siyasi və ictimai sahələrdə multikultural olduğu iddiası bu cür tələbləri məqbul sayır. Problem isə immiqrantları və digər etnik qrupları milli azlıq olaraq görməklə bağlıdır. Çünki onlara milli azlıq olaraq baxılması siyasi müxtəlifliyi daha da gücləndirməkdə və irqi ayrı-seçkiliyin səbəb olduğu abstraksiyaya gətirib çıxarmaqdadır.
ABŞ-n sosial həyatında multikultralizmin keçərliliyi fərqliliklərdən daha çox oxşarlıqların vurğulanması ilə mümkündür. Çünki 11 sentyabr 2001-ci il hadisəsi yenidən dizayn ediləcəksə, sosial həyatda fərqliliklər həqiqətən də xoş qarşılanacaqmı? “Mədəniyyətlərin toqquşması” tezisi çərçivəsində formalaşan siyasi məsələlər, irqi ayrı-seçkiliyin aradan qaldırılması və mədəni müxtəlifliyə münasibət müzakirə obyektləri olaraq qalmaqdadırlar. Belə ki, 11 sentyabr 2001-ci il hadisəsindən sonra ABŞ-da müxtəlif etno-konfessional qrupların assimilyasiyası problemi milli çərçivədə müzakirə olunmağa başlayıb.
XX əsrin 60-cı illərində ABŞ-da tətbiq olunan anqlo-sakson uyğunlaşmasına zidd olaraq ortaya çıxan multikultralizm ideyası ABŞ-ın təkmədəniyyətli deyil, əksinə çoxmədəniyyətli olduğunu cəmiyyətə göstərmək cəhdi idi və bu ideya ölkədə mövcud olan müxtəlif çoxmədəniyyətli etno-konfessional qrupların formalaşmasını vurğulayırdı. Lakin 11 sentyabr 2001-ci il hadisəsi etnik azlıqların fərqli cəhətlərinə müsbət baxışı mənfiyə çevirdi. Bu hadisə sadəcə ABŞ-da deyil, eyni zamanda bütün Avropa ölkələrində multikultralizmlə bağlı məsələlərə yenidən baxılmasına, bəzi hallarda bu siyasətdən imtina olunması hallarına gətirib çıxardı. Xüsusilə də ABŞ-da mühafizəkarların cəmiyyətdə müxtəlif sosial qruplara olan tolerant münasibətə şübhə ilə yanaşmaları, nəticə etibarı ilə köhnə modelin təkrar gündəmə gətirilməsinə səbəb olmuşdur.
Dostları ilə paylaş: |