4.8. Onimlərin media-mətnlərdə işlənməsi
Mediakommunikasiyanın linqvistik tədqiqi son illərdə humanitar biliyin daha perspektiv inkişaf istiqamətlərindən birinə çevrilmişdir. Bu da sivilizasiyanın müasir inkişaf mərhələsində KİV-in rolunun artması ilə bilavasitə bağlıdır. “Medialinqvistika termini almandilli dilçilikdə geniş yayılmışdır. İngilisdilli elmi diskursda, adətən, “mediadiskursun analizi” barədə danışmağı üstün tuturlar” [581].
Son vaxtlar KİV-də onimlərin işlənmə problemlərinə diqqətin artması müşahidə olunur. Onimlər kommunikasiya prosesində böyük rol oynayır. Media-mətnin ayrılmaz komponenti kimi onomastik vahidlər böyük həcmdə fon informasiyasından ibarətdir. Onlar media-mətnin onomastik məkanını formalaşdırır. Ümumi dilçilikdə onomastika üzrə tədqiqatlarda (L.A.Baturina, A.V.Ponomarenko, N.V.Qarbovskaya, N.V.Şeminova, İ.V.Qolovina, Q.V.Sokolova, L.A.Artyomova və b.) onomastik leksika vahid mətnyaradıcı vasitənin bir hissəsi kimi araşdırılıb, qəzet mətnlərində xüsusi adların transformasiya mexanizmləri üzə çıxarılıb.
Lakin Azərbaycan dilçiliyində publisistik mətnin onomastikası hələ kifayət qədər öyrənilməyib. A.M.Qurbanov haqlı olaraq yazır: “Dövri mətbuat müntəzəm informasiya mənbəyidir. Qəzet və jurnalların, demək olar ki, hər səhifəsində xüsusi adlara rast gəlmək olur. Müəyyən onomastik vahidi fərqləndirmək, müasir işlənmə formasını işıqlandırmaq üçün bu mənbələr çox qiymətlidir... Xüsusən onomastik tədqiqatla məşğul olan dilçi-onomoloqlar dövri mətbuatdan zəngin mənbə kimi faydalana bilərlər” [210]. Bu baxımdan Azərbaycan mətbuat tarixinin ən parlaq səhifələrindən biri olan, Azərbaycan mədəniyyəti, incəsənəti, ədəbiyyatı və dilinin inkişafı və formalaşmasında müstəsna rol oynamış “Molla Nəsrəddin” jurnalı böyük maraq doğurur. Jurnaldakı onomastik vahidlərlə əlaqədar yazılmış bir neçə əsər nəzərə alınmazsa, bütövlükdə problem az tədqiq olunmuşdur. L.Z.Piriyevanın dissertasiyasında ilk dəfə olaraq “Molla Nəsrəddin” jurnalındakı onomastik vahidlər geniş tədqiqata cəlb edilmiş, leksik-qrammatik səciyyələri açıqlanmışdır [274].
XIX əsr mətbuatı da onomastik mənbə kimi qiymətli faktlar toplusu sayıla bilər. Burada istər sayına, istərsə də mahiyyət dəyərinə görə çox zəngin onomastik material işlənmişdir. A.İ.Quliyevanın bu mövzuya həsr olunmuş dissertasiyasında XIX əsr mətbuatında işlənmiş xüsusi adlar geniş şəkildə linqvistik analizdən keçirilərək sistemləşdirilmiş, onların üslubi imkan və çalarlıqları, işlənmə məqamları aydınlaşdırılmış, bir qrup onomastik vahidin etimologiyası açıqlanmışdır [200].
KİV dilindəki onomastik leksikanın təhlili mass-media mətnlərində işlənən onimlərin potensialının xüsusiyyətlərini daha tam şəkildə açmağa kömək edir. Onimlər mətnin başlıca istiqamətini müəyyən edir. Azərbaycan mətbuatında onomastik vahidlərin bir sıra növlərinə rast gəlmək mümkündür. Həmin xüsusi adlar müəllif-müxbirlərin müəyyən kommunikativ məqsədlərinin həyata keçirilməsi üçün istifadə olunur. Mətbuat səhifələrində müxtəlif funksiyalar yerinə yetirən aşağıdakı antroponimik modellər işlənir:
1) şəxs adı+soyad – “Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu tərəfindən “Eurovision” müsabiqəsinin qalibləri Eldar Qasımov və Nigar Camala “2011-ci ilin adamı” mükafatı təqdim edilib” [668].
2) şəxs adı – “Turqut dərslərini “əla” qiymətlərlə oxumaqla bərabər, həm də idmanın karate növü ilə məşğul olur” [646].
3) ləqəb+ad – “Guya o həm millətin “mənəvi atası” Zərdabiyə, həm də “millət atası” Tağıyevə sayğısız yanaşıb” [662].
4) soyad – “Messi İspaniyanın ən yaxşı futbolçusudur” [665].
5) təxəllüs – “Sabirin poeziyası vətənpərvər ideyaları qüvvətli bir şəkildə təbliğ və tərənnüm edən xalq poeziyasıdır” [668].
6) abreviatur formasında olan şəxs adı və soyad – “O.Əsədov son 20 il ərzində iki ölkə arasında bütün sahələrdə dostluq münasibətlərinin yarandığını və qarşılıqlı anlayışın hökm sürdüyünü söyləyib” [665].
7) şəxs adı+etiket sözləri – “Qızqayıt xanım ziyalı ailəsində dünyaya göz açıb”; [668].
Məşhur şəxsiyyətlər cəmiyyətdə tanındıqları ad modelləri ilə media mətnlərində təqdim olunur. Məqalənin/mətnin gedişində modellərin tərkibi dəyişə də bilər. Belə modellərin formaları müəllif-müxbirin praqmatik məqsədlərindən asılı olur. “Müəllifin praqmatik intensiyaları səbəbindən və ya cümlələrin sintaktik konstruksiyasını “sadələşdirmək” arzusuna görə adın introduktiv variantının komponent tərkibi dəyişə bilər. Bu tərkibi dəyişə bilən modelləri biz transformasiya modellərinə aid edirik. Onların vəzifəsi adın introduktiv modelini dəyişmək və onu şəxs adının müxtəlif paralel variantlarının substitutu kimi istifadə etməkdir” [366, s.14].
Praktik materiala nəzər salaq:
“...Həsən bəy Zərdabi və Nəriman Nərimanov arasındakı fikir ayrılığı məclisdə ciddi qalmaqala səbəb olmuş, “millət atası”Hacı Zeynalabdin Tağıyev işə qarışmaqla münaqişə bir az da dərinləşmişdi...
Dostları ilə paylaş: |