...Qurultay Nərimanın təklifini qəbul etdi.
... H.B.Zərdabi tapşırığı yerinə yetirdi.
...Mən də cənab Tağıyevdən təqaüd alanlardanam.
Zərdabi və Tağıyev öz dövrünün xadimləri idilər” [662]. Bu mətndə məşhur mesenat, milyonçu Hacı Zeynalabdin Tağıyevdən, görkəmli maarifçi Həsən bəy Zərdabidən, tanınmış dövlət xadimi və yazıçı Nəriman Nərimanovdan danışılır. Mətnin gedişindən asılı olaraq bu şəxslərin adları müxtəlif formalarda işlənmişdir. Bundan başqa, antroponimlərlə birlikdə etiket sözlərindən, deskriptiv göstəricilərdən də istifadə olunub.
Məşhur siyasətçilərin, dövlət adamlarının təqdimatında ikikomponentli ad modelindən istifadə edilir:
“Prezident İlham Əliyev Almaniya Federativ Respublikasının kansleri Angela Merkelin dəvəti ilə fevralın 4-də Almaniyaya işgüzar səfər edib” [680].
“Qazaxıstan prezidenti Nursultan Nazarbayev “milli lider” statusu almaqdan imtina edib” [665].
Müasir media mətnlərində müəyyən konnotasiyalara malik presedent onimlərə də geniş yer verilir. Həmin adlar burada müstəqil nominasiya vahidləri kimi iştirak edir:
“Hələ lap qədimlərdən Atilla, Mete, Topal Teymur, Xətai və başqaları türk varlığını, şərəf və ləyaqətini qorumuş, indi də unudulmayan fenomen şəxsiyyətlər kimi qəbul edilirlər” [668].
Media mətnlərində məqalə müəlliflərinə məxsus antroponimlər də maraq doğurur. Müəlliflər öz yazılarını müxtəlif şəkildə imzalayır: 1) təkcə şəxs adı – Səxavət, Ülviyyə, Zülfiyyə [666]; 2) şəxs adı+soyad – Anar Miriyev, Elbrus Cəfərli [682]; 3) ad-inisial+soyad – Z.Quliyeva [666], V.Məhərrəmov [652], Y.Əliyev [646]; 4) təxəllüs – QayNar [655]; 5) şəxs adı+ təxəllüs – Pərvanə Oqtayqızı [663], Anar Bayramoğlu [676], Ceyhun Musaoğlu [656].
Hadisə yerinə işarə publisistik mətnin ayrılmaz xarakteristikasıdır. Media mətnləri toponimlərlə zəngindir. Mətbuatda qeydə alınan toponimlər olduqca geniş bir areala malikdir:
“Bu dairələr açıq şəkildə bəyan ediblər ki, tarixi köklər baxımından onlar üçün Şərqi Avropa və Balkanlar cəlbedicidir” [681].
Onomastik periferiya yeni adların yaradılması, onların sonrakı istifadəsi üçün dil vasitələrinin cəlb edilməsi baxımından geniş imkanlara malikdir. Onomastik periferiyaya elə ad qrupları daxildir ki, onlar cəmiyyətin sosial, siyasi, tarixi, mədəni və iqtisadi strukturunun formalaşmış obyektlərini işarə edir. Periferik məkanın öyrənilməsi kütləvi informasiya mətnlərində xüsusilə əlverişlidir. Media-mətn çərçivəsində periferik onimlərin məqsədli istifadəsi, işlənmə sferası onim formalarının struktur və semantik variasiyalarını əmələ gətirir. Publisistikada periferik onimlər informativ, xarakteroloji və ekspressiv funksiyaları yerinə yetirir. İdentifikasiyaedici funksiya yerinə yetirən periferik onimlər informativ funksiya daşıyır: Beynəlxalq “Şərq-Qərb” kinofestivalı, Beynəlxalq Ailə günü, “İpək Yolu” layihəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “LotoMesaj” kampaniyası, “BP-Azərbaycan” şirkəti, “Debüt” Səhmdar Kommersiya Bankı, Heydər Əliyev adına Müasir Təhsil Kompleksi, “525-ci qəzet”, “Gallery” mağazalar şəbəkəsi, “Life Clinic” və s.
Dilçiliyin müasir inkişaf mərhələsində linqvistik araşdırmaların obyekti kimi məqalə/xəbər/mətn başlıqlarına tədqiqatçıların diqqəti artıb. Mətnin bir komponenti kimi, başlıq güclü mövqe tutur, mətni adlandırır və onun haqqında ilkin informasiyanı verir. Uğurlu ad çox informativdir və media-mətnin effektivliyini artırır. O, məqaləni/mətni qabaqlayır və publisistik əsərin məzmunu haqqında müəyyən informasiya daşıyır, bizi materialı oxumağa təhrik edir. Başlıq diqqəti cəlb etməli, öz məzmunu ilə oxucunu maraqlandırmalı və onu materialla/məqalə ilə tanışlığı davam etdirməyə təhrik etməlidir. M.Y.Zasorina başlığı mətnin rəhbər mövqe tutan, qəzet mətninin suggestiv aktının ilkin bəndi və xəbər diskursunun introduktiv hissəsi olan “ilk əlaməti”, “səlahiyyətli nümayəndəsi” kimi müəyyən edir [421, s.6].
Media-mətnlərin başlıqlarında aşağıdakı vasitələrdən geniş istifadə olunur: 1) qrafik vasitələr – şrift variantları, durğu işarələri: “Diqqət! Varikoz!!!”; “Xolesterinin qənimi: badımcan” [684]; 2) leksik vasitələr – müxtəlif növ okkazionalizmlər, jarqonizmlər, loru sözlər, peyorativ leksika 3) üslubi vasitələr (metafora, metonimiya, qafiyə və s.): “Ştirlis” vəfat etdi” (metonimik köçürmə: kinoqəhrəmanın adı – həmin rolu ifa edən aktyor) [654]; 4) presedent fenomenlər və onların müxtəlif transformasiyaları – “Vətən nədən başlayır?.. Əlifbanın ilk hərfindən ...” [653]; 5) sintaktik vasitələr – elliptik konstruksiyalar, sual-cavab formaları və s.: “Miqren zamanı nə etməli?”; “O nə xaldır yanağında?” Yaxud xallar nədən “danışır”...” [684].
Başlıqlar həm də praqmatik, ekspressiv-təsiredici funksiya daşıyır. Onlar polifunksional kommunukativ vahidlərdir. Başlıqlar müxtəlif struktura malikdir: həm bir sözdən, həm də bütöv bir cümlədən ibarət ola bilər. Media mətnlərində aşağıdakı tərkibə malik başlıqlara rast gəlinir: 1) bir sözdən ibarət – “Serpentin”; “Çaytikanı” [685; 686]; 2) söz birləşməsindən ibarət – “Qürur mənbəyimiz” [648]; 3) cümlədən ibarət – “Dünya Bankı narahatdır” [657]; ”Yaxşı mətbəx necə olmalıdır?” [673]; “Valideynlər, diqqətli olun!” [650]; 4) Vasitəsiz nitqdən ibarət – “İlyas Tapdıq: “Niyə indi uşaq ədəbiyyatı ilə məşğul olan yoxdur?” [667].
Presedent fikirlərdən ibarət başlıqlar daha geniş yayılıb. Onların presedentlik mənbəyi şüarlar və çağırışlar, məşhur mahnı və kinofilmlər, atalar sözləri, zərbi-məsəllər, qanadlı sözlər, bədii əsərlərdən adlar və ya kanonik, eləcə də dəyişilmiş şəkildə misralar, frazeoloji vahidlər və s.-dir.: “İdman sağlamlığın rəhnidir!” [650]; “Bir balaca boyu var...” [685]; “Laylay dedim yatasan...” [683].
Media-mətnlərin tədqiqinin bu rakursu bir sıra səbəblərdən maraqlıdır. Birincisi, presedent fenomenlər güclü təsiretmə, o cümlədən manipulyativ potensiala malikdir. İkincisi, presedent fenomenlərin funksional potensialını mətni nəzərə almadan təsvir etmək mümkün deyil. Presedent fenomenlərin funksional potensialının təsviri zamanı həm dar, həm də geniş konteksti bilmək vacibdir. Media-mətnlərin interpretasiyası zamanı mətnin semantik və sintaktik təşkilində presedent fenomenlərin roluna diqqət edilməlidir.
Media-mətnlərin başlıqları yüksək izahedici potesiala malikdir, çünki başlıqlar, bir qayda olaraq, “çevrilmiş piramida prinsipinə” uyğun yaradılır. Bu qayda ondan ibarətdir ki, mətnin I cümləsi, yəni başlıq əsas informasiyanı əks etdirir, mətn isə başlığın aktivləşdirdiyi məlumatları şərh edir, tamamlayır.
Media-mətnin başlığı və onun funksional potensialı aşağıdakı informasiya kompleksləri arasındakı əlaqələrin təşkili ilə xarakterizə olunur: 1) bilavasitə məqalə mətnindəki məlumatlar; 2) oxucunun dünyagörüşündəki məlumatlar; 3) müəyyən kollektiv subyekt (bütövlükdə cəmiyyət) üçün aktual olan məlumatlar; 4) media-mətni yaradan adresant üçün vacib olan məlumatlar. Bu komplekslər media-mətnin resipiyentə necə təsir etdiyini başa düşməyə imkan verir.
KİV nəinki dilin müasir vəziyyətini, həm də onun onomastik məkanının əsas inkişaf tendensiyalarını əks etdirir. Onim dil vahidi kimi, insan fəaliyyətinin dildə inikasının üzvi tərkib hissəsidir. Buna görə də onimlərin sosial-tarixi kontekstdə işlənməsinin tədqiqi çox vacibdir.
NƏTİCƏ
1. Dilçilikdə tətbiqi onomastika üzrə araşdırmaları nəzərdən keçirdikdə bu məsələlərin daha aktual olduğunu gördük: 1) fənlərarası onomastik tədqiqatların inkişafı; 2) tərcümə, yaxud transkripsiya / transliterasiya; 3) dünyanın dil mənzərəsi aspektində onomastik tədqiqatların inkişafı; 4) tətbiqi onomastikanın forma və janr növlərinin genişlənməsi; 4) internet-texnologiyaların unikal imkanlarından geniş istifadə; 5) linqvistik-normativ, metodik, mədəni-estetik aspektlərdə tədqiqatlar. Bu araşdırmaların əsas tendensiyası kompleks tədqiqat metodikasının tətbiq edilməsidir.
2. Onomastik termin bu sahənin anlayışlar sisteminə daxil olan ayrıca məfhum şəklindəki elmi informasiyanın daşıyıcısıdır. Terminoloji sistemdə onomastik terminlər terminoloji sahəyə xidmət edən sözlər kimi nizamlılıq əldə edir. Terminoloji sahə – onomastik terminin mövcud olduğu elə bir sahədir ki, ondan kənarda söz öz terminlik xüsusiyyətini itirir, termini adi sözlərdən fərqləndirən başlıca əlamət kimi çıxış edir, onun üçün kontekst rolunu oynayır, termin burada başqa terminlərlə qarşılıqlı münasibətdə olur.
3. Onomastik lüğət layihəsinin həyata keçirilməsi leksik materialın daim artan nəhəng kütləsinin axtarışını, seçimini və mühafizəsini nəzərdə tutur. Leksikoqrafik məlumat bazasının keyfiyyəti təkcə mənbələrin həcmi və müxtəlifliyi ilə deyil, həm də leksikoqrafik servisin inkişaf səviyyəsi, yəni təqdim edilə bilən xidmətlərin miqdarı ilə müəyyənləşir. Onomastik materialın toplanması tərtibçinin əsas vəzifəsidir. Seçilmiş tədqiqat metodları tətbiq edilməli, lüğət üçün zəruri olan informasiya diqqətlə nəzərdən keçirilməlidir.
4. Onomastik nominasiya prosesində onimlər əks etdirdiyi obyektin, denotatın mahiyyətinə uyğun yaranır. Nominasiyanın əsas inkişaf yolları və xüsusi adların tipləri bütün xalqlarda oxşardır. Heç bir ad boş yerə yaranmır, obyektin adlandırılmasına ehtiyac yarandıqda meydana çıxır. Hər bir ad əsaslandırılır və dildə təsbit olunur. Mənasız ad yoxdur, bu məna linqvistik təhlillə üzə çıxarıla bilər. Nominasiya aktı və onun prinsipləri dil qanunları, adlandıran varlıq kimi insanın psixologiyasının xüsusiyyətləri ilə idarə olunur.
5. Onomastik derivasiya sözyaratma tiplərinin xüsusiyyətlərini, dildaxili və dilxarici amillərin təsiri ilə baş verən semantik və struktur dəyişiklikləri, söz yuvalarının formalaşmasını, bütövlükdə sözdüzəltmə sistemini, müxtəlif onimik törəmələri və onların yaranma yollarını və s. öyrənir.
6. Onomastik materialın xəritələşdirilməsi müasir dövrün vacib və aktual məsələlərindəndir. Xəritələşdirmə prosesində həm mövcud təcrübə, həm də müasir informasiya-kommunikasiya texnologiyaları tətbiq oluna bilər. Düzgün tərtib olunmuş xəritə həm müəllifin özü, həm də digər tədqiqatçıların ümumiləşdirmələri və nəticələri üçün yeni və zəruri informasiya verir.
7. Azərbaycan dilçiliyində orfoepiya normaları ən az tədqiq olunan məsələlərdəndir. Onimlərin tələffüz xüsusiyyətləri isə dilçiliyimizdə indiyədək çox az araşdırılmışdır. Onomastik vahidlərin orfoepiyası anlayışına adların tələffüzünün əsas xüsusiyyətləri, onlarda vurğu normaları, səslərin müəyyən fonetik şəraitdə tələffüz qayda-qanunları kimi məsələlər daxildir.
8. Bir dildən digərinə adların keçməsi, ötürülməsi transkripsiya və transliterasiya prinsiplərinə tabe etdirilir. Bu, böyük həssaslıq tələb edən işdir. Ümumi sözlər başqa dildə verilərkən onların mənasının göstərilməsi çox əhəmiyyətlidir. Sözün səs cildi elə bir mühüm rol oynamır. Əksinə, onimlərin verilməsi üçün səs cildi zəruridir. Çünki onlar başqa dilə keçərkən, əsasən, öz ilkin görünüşünü qoruyub saxlayır. Sözalan dil də həmin adın semantikasını qorumağa cəhd göstərir. Adın transkripsiyası və ya tərcüməsi adlandırılan obyektin tipindən, obyektin özünəməxsus cəhətlərini adın necə əks etdirməsindən, obyekti ifadə edən sözlərin leksik xüsusiyyətlərindən asılıdır.
9. Onimlər müxtəlif dilxarici sferalara, o cümlədən cəmiyyətin hüquqi cəhətdən nizamlanmasını təmin edən hüquqşünaslıq sahəsinə də daxil olur. Xüsusi adların dilçilik və hüququn kəsişməsində nəzərdən keçirilməsi yeni sahənin – hüquqi linqvistikanın meydana gəlməsi və inkişafı ilə mümkün olur. Hüquqi sferaya daxil olan onimlərin linqvistik tədqiqi problemlərinə müraciətin aktuallığı həm linqvistik, həm də ekstralinqvistik amillərlə müəyyənləşir.
10. Toponimlər cəmiyyətin həyatında böyük rol oynayır. Onlar xalqlar və dövlətlərarası münasibətlərin vacib tərkib hissəsidir. Buna görə də cəmiyyət üçün toponimlərin normalaşdırılması, hamı tərəfindən ümumişlək və ümumməqbul hala salınması zəruridir. Lakin cəmiyyətin inkişafı, ictimai, siyasi, təsərrüfat həyatındakı dəyişikliklər toponimlərə də təsir edir. Məhz bu baxımdan toponimlərin düzgün və sabit yazılışı həm elmi, həm də praktik əhəmiyyət kəsb edir. Toponimlərin unifikasiyasında alimlər, kartoqraflar, mətbuat, nəqliyyat, mədəniyyət, təhsil, inzibati və digər orqanların işçiləri maraqlıdır.
11. Şəhərdaxili obyektlərə adların verilməsi çox ciddi və mürəkkəb işdir. Həmin adların böyük elmi və praktik əhəmiyyətini nəzərə alaraq, onlar müvafiq hakimiyyət orqanlarının daimi nəzarəti altında və toponimistlərin mütləq iştirakı ilə verilməlidir. Hər addəyişmənin geniş müzakirəsi məcburi normaya çevrilməlidir. Məhz bu zaman ciddi dəyişikliklərə uğramadan uzun müddət fəaliyyət göstərən obyekt adları sistemini yaratmaq mümkündür.
12. Şəhər obyektlərinin adlandırılması ümumi nominasiya prosesinin yalnız bir hissəsidir. Adlar istənilən müasir şəhərin ayrılmaz bir hissəsidir. Onların yayılma sferası getdikcə genişlənir. Bu artım nitq mədəniyyətinin mühüm estetik problemlərindən birinə çevrilir. Bütün bunlar bir daha erqonimiya sahəsində dil siyasətinin zəruriliyini sübut edir. Milli urbanonimikonun xüsusiyyətləri milli urbanonimiyanın formalaşıb inkişaf etdiyi mədəniyyətin spesifikası, sosial, mədəni-tarixi ənənələr, dil sisteminin xüsusiyyətləri kimi müxtəlif amillərlə şərtlənir.
13. Kommersiyanın uğuru reklamdan, reklamın uğuru mətndəki informasiya və xüsusi isimlərdən asılıdır. Reklamın effektivliyi arqumentlərin seçimi və onlardan istifadə bacarığı ilə şərtlənir. Reklamların dil xüsusiyyətlərinin araşdırılması onomastik məkanın vahidləri kimi reklam onimlərinin spesifikasını öyrənmək baxımından mühüm əhəmiyyət kəsb edir. Onlar reklamların üslubunu və linqvopsixoloji xüsusiyyətlərini müəyyənləşdirir.
14. Milli onomastik sistemlərin müxtəlif əlamətlərinin öyrənilməsi kulturoloji maraq təşkil edir. Mədəniyyət kontekstində xüsusi ad müəyyən etnosa mənsubluq işarəsi və özünüidentifikasiya vasitəsi kimi çıxış edir. Toponimlərin funksiyalarının özünəməxsusluğu, bu vahidlərin obyektləri adlandırmaq və səciyyələndirmək qabiliyyəti onlara müxtəlif yanaşmaları şərtləndirmişdir. Antroponimlər dilin vacib komponentidir, onların yanlış istifadəsi və qavranılması mədəniyyətlərarası kommunikasiya prosesində qarşılıqlı anlaşmanın pozulmasına gətirib çıxarır.
15. KİV dilindəki onomastik leksikanın təhlili mass-media mətnlərində işlənən onimlərin potensialının xüsusiyyətlərini daha tam şəkildə açmağa kömək edir. Onimlər mətnin başlıca istiqamətini müəyyən edir. Azərbaycan mətbuatında onomastik vahidlərin bir sıra növlərinə rast gəlmək mümkündür. Həmin xüsusi adlar müəllif-müxbirlərin müəyyən kommunikativ məqsədlərinin həyata keçirilməsi üçün istifadə olunur.
Dostları ilə paylaş: |