Azərbaycan respublikasi əlyazması hüququnda azərbaycan təTBİQİ onomastikasi


Virtual aləmdə onomastik vahidlər



Yüklə 2,99 Mb.
səhifə25/31
tarix05.01.2022
ölçüsü2,99 Mb.
#111228
1   ...   21   22   23   24   25   26   27   28   ...   31
4.6. Virtual aləmdə onomastik vahidlər
Dünyada gedən qloballaşma prosesləri göstərir ki, bəşəriyyət öz inkişafının yeni mərhələsinə – İnformasiya Cəmiyyətinə qədəm qoyur. Biliyin və informasiyanın cəmiyyət həyatında rolu əhəmiyyətli dərəcədə artır. XXI əsrdə hər şey informasiyaya, biliyə, yeni elmi nailiyyətlərə – innovasiyaya əsaslanır. Biz informasiya inqilabı dövründə yaşayırıq. İnformasiya inqilabının məhsulu internetdir. İnternet ən nəhəng qlobal kompüter şəbəkəsidir. O, müəyyən konkret təşkilatın, ticarət müəssisəsinin, hətta konkret şəbəkə və ya sistemin xüsusi adı deyil. Bu, şəbəkələr və texniki sistemlərin və onların yaratdığı kommunukasiya məkanının ümumi adıdır.

İnternetin dilə təsiri məsələsi “dil və kompüter” probleminin aspektlərindən biridir. Bu problem hələ XX əsrin ortalarında ilk kompüterlərin yaradılması üzrə işlərin gedişində meydana çıxmışdı.

İnternet infrastrukturunun əsas resurslarından biri şəbəkəyə qoşulmuş milyonlarla kompüterin ünvan (ad) sistemidir. İnternetdə ünvanlar domen ünvanlaşma sistemi üzrə qurulur, yəni hər ünvan bir neçə səviyyədən ibarət olur.

Elm və texnikanın inkişafı yeni obyektlərin və onların fərdiləşdirilməsi vasitələrinin, həmçinin onların adlandırılması üçün dil vahidlərinin meydana gəlməsinə səbəb olur. Belə obyektlərdən biri də internet şəbəkəsində olan domenlərdir. Domen (domen adı) – latın simvolları və rəqəmləri şəklində fərdiləşdirmə vasitəsi, milli domen zonasındakı fiziki və ya hüquqi şəxslərə mənsub olan informasiya resurslarının fərdiləşdirilməsinə xidmət edən şərti işarədir. Domen internet şəbəkəsinin iyerarxik adlar məkanının bir sahəsidir ki, domen adlarının server toplusu ona xidmət edir. O, domenin adı ilə identifikasiya olunur. Domen adı ünvan sahibini identifikasiya edən şəbəkə birliyinin ünvanıdır.

Domen semantik anlayışdır. O, müəyyən məna yükü daşıyır. Domen adı unikaldır və internet şəbəkəsində bir neçə analoji domen adları mövcud ola bilməz. Hər domenlə elə bir ad bağlı olur ki, müvafiq verilənlər bazasındakı bütün domenlər arasında unikallığı ilə fərqlənir. Domen adı müstəqil obyekti identifikasiya edir: azeridefence.com, yenisabah.az, news24.az, teleqraf.com, www.unikal.org, sonxeber.az, deyerler.org, bakuguide.com, femida.az, books.google.az və s.

Qeyd etdiyimiz kimi, domen adının əsas vəzifəsi ünvan funksiyası yerinə yetirməkdir. Domen adı internet şəbəkəsində ünvan məkanının fərdiləşdirilmə vasitəsidir. Əksər dünya ölkələrində domen adı intellektual mülkiyyət hesab edilir. Domenlər milli mənsubiyyətə görə və sahələr üzrə bölünür. Firma adları, əmtəə nişanları, soyadlar, şəhər adları və s. kimi digər söz işarələri də domen adının köməyi ilə, internet şəbəkəsində onlara müvafiq informasiya resursunu işarə etmək üçün istifadə oluna bilər. Domen adı boşluq buraxmadan ardıcıl gələn və nöqtələrlə ayrılan bir neçə söz, ixtisar, yaxud digər simvollar zənciri kimi görünür. Elektron poçtunun ünvanında “at” – @ kommersiya simvolundan sonra yazılanları domen adı hesab etmək olar. Məsələn, adaletqezeti@rambler.ru ünvanında poçt şəbəkəsinin domen adı rambler.ru-dur.

Dünyada ən çox yayılan domen adları “com”, “net”, “info”, Müstəqil Dövlətlər Birliyi (MDB) məkanında isə “ru” zonasındadır.

“Az” domeni Azərbaycanın rəsmi domenidir. Bu domen rəsmi olaraq 1993-cü il avqustun 25-dən tətbiq olunur: www.ajb.az (Azərbaycan Jurnalistlər Birliyi), www.aztelekom.org (“Aztelekom” İstehsalat Birliyi), www.xalqqazeti.com (“Xalq qəzeti”), www.modernhospital.az (“Modern Hospital” klinikası), www.bsu.edu.az (Bakı Dövlət Universiteti), www.millikitabxana.az (Azərbaycan Milli Kitabxanası), edu.gov.az (Azərbaycan Respublikası Təhsil Nazirliyi) və s.

Qlobal şəbəkənin inkişafı nəticəsində domen adları böyük əhəmiyyət daşımağa başlamışdır. Domen seçərkən fiziki şəxslər və sahibkarlar söz, söz birləşməsi, rəqəmlər toplusu axtarıb tapmağa çalışırlar. Bu söz əmtəənin, müəssisənin adına fəaliyyət istiqamətinə uyğun olmalıdır, habelə asan oxunmalı və yadda qalmalıdır. Domen adı ən azı 3 və ən çoxu 63 simvoldan (latın əlifbasının hərf, rəqəm və defis işarəsindən) ibarət olmalıdır. Domen adı defis işarəsi ilə başlaya və ya qurtara bilməz.

İnternetdə ad məsələsi çox şeyi həll edir. O, bir növ, “beynəlxalq təşkilat” olduğundan ad məsələsi real aləmdən fərqli olaraq beynəlxalq mahiyyət kəsb edir. Digər tərəfdən, internetdə adın mövcudluğu zaman-məkan çərçivəsinə sığmır. Adı birinci qeydə aldıran hər bir kəs həmin ad üzərində ömürlük və külli-ixtiyar sahibi olur. Bu baxımdan internetdə adlar sistemi formalaşarkən ayrı-ayrı ölkələrin müxtəlif hüquq sistemləri nəzərə alındığından mübahisəli adlar məsələsinin həlli həm yerli, həm də beynəlxalq hüquqi aktlar vasitəsilə nizamlanır.

Ad vasitəsilə özünü identifikasiya etmək – internet sahəsində kommunikasiya üçün vacib şərtdir: elektron poçtdan istifadə, foruma daxil olma, öz internet-gündəliyinin yaradılması və ya bloq sahibinə müraciət zamanı sistemdə qeydiyyata düşmək lazımdır, deməli, özünə “nik” seçmək, adlı ünvan yaratmaq, internet aləmində qeydiyyata düşmək lazımdır” [601, p.906]. İnternetin xüsusi reallığında belə yeni adlar təkrar onimlər sayılır.

Müasir dövrdə informasiya texnologiyalarının inkişafı yeni ad əvəzləyicilərinin meydana çıxmasına səbəb olmuşdur. Söhbət niklərdən (ing.nic-name) – internetdə kompüter ünsiyyətində istifadə olunan adlardan gedir.

Nik “nikneym”dən ixtisardır – internet istifadəçisinin təxəllüsüdür. “Qeyd etmək lazımdır ki, bu yeni terminin izahı “çap” izahlı lüğətlərində yoxdur, yalnız elektron lüğətlərdə verilir” [596, s.218]. Müxtəlif mənbələrdə nikneym – “istifadəçinin internetdə, adətən, ünsiyyət yerlərində (bloqlarda, forumlarda, çatlarda) işlətdiyi təxəllüs – şəbəkə adı” (Vikipediya), “şəbəkədə identifikasiya üçün uydurulmuş və ya şərti ad”dır. Göründüyü kimi, nikneymin sinonimləri şəbəkə adı, nik, kompüter adı, virtual addır. Şəbəkə adı süni nominasiya hadisəsi kimi dilin onomastik sistemində xüsusi yer tutur. O, (nikneym, nik) virtual xüsusi ad, şərti və ya uydurma kompüter adı, bədii obraz kimi onomastikada yeni hadisədir, buna görə də statusu hələ müəyyənləşməyib.

Şəbəkə adı onu təxəllüslərlə və bir sıra parametrlərə görə – okkazionalizmlərlə yaxınlaşdıran çoxlu əlamətlərə malikdir. Niklərin səciyyəvi cəhəti özünü identifikasiya etmək, yeni reallıqla – internet dünyası ilə əlaqəsini yaratmaqdır. Nikyaratmanın yeganə üsulu latın əlifbasından istifadədir. Əcnəbi sözə yönəlmə, yad mədəniyyət faktı – internet-birliyin xarakterik xüsusiyyətidir.

Niklərin tədqiqinə yaxın illərdə başlanılıb, həmin fenomen kommunikativ linqvistika çərçivəsində nəzərdən keçirilir. Nikneymlərin spesifikasına müraciət əsas etibarilə virtual diskurs (N.Q.Asmus, N.A.Axrenova, K.S.Sibizov), süni nominasiya (T.V.Anikina, Е.А.Kontsesvitnaya, V.V.Mizin, L.V.Şalina, A.Martin), internet-kommunikasiya (N.Y.Bajaykin, A.V.Jiçkina, İ.İ.Zubova, N.D.Çebotareva) problemlərinin tədqiqi ilə bağlıdır.

Bu adları, əsasən, təkrarlardan qaçmaq üçün yaradırlar. Bir çox adın təkrarı çaşqınlığa səbəb olur, nik isə özlüyündə yeganə ad ola bilər. Onun vəzifəsi kimisə çoxluğun içərisindən seçmək vasitəsi kimi xidmət etməkdir. Bu funksiya nominativ fəaliyyət üçün məntiqi əsas kimi çıxış edir. Xüsusi adın başqa bir funksiyası da bununla sıx bağlıdır – fərdiləşdirmə vasitəsi və başqaları ilə müqayisədə insan unikallığının, insan “mən”inin verbal işarəsi olmaq. İnsan doğularkən ona verilən adi adlar bu vəzifənin öhdəsindən tam şəkildə gələ bilmir. Buna görə də özünüifadəyə canatma istifadəçiləri ad yaradıcılığına sövq edir. Nik insanın fərdiliyini ifadə edir, onun şəxsiyyətinin, şəxsi keyfiyyətlərinin ifadəçisidir, insanın daxili aləmindən bəhs edir.

Antroponim kimi nikneym həm müxtəlif formalarla, həm də ayrı-ayrı tiplərlə təqdim olunmuş insan adları sırasına daxildir. Həqiqi adı əvəz edən və daşıyıcısının icad etdiyi uydurma ad xarakteristikasına görə, nikneym təxəllüslərə aid edilə bilər. Kompüter adlarının ənənəvi təxəllüslərlə oxşarlığı çoxdur. Niklər də fərdi və məqsədli ad yaradıcılığının məhsuludur, dil daşıyıcıları onları özü üçün yaradır, yəni virtual adların daşıyıcıları onların müəllifidir, orijinal ad yaratmaq üçün səy göstərir və öz fantaziyasını, ixtiraçılıq potensialını üzə çıxarır. Bir sözlə, onların başlıca oxşarlığı fərdi mənsubluq, özünüadlandırma, özünüidentifikasiya, motivləşmə, istifadə dairəsinin məhdudluğu əlamətlərinə əsaslanır. Lakin bunların bir fərqi var: ənənəvi təxəllüslər yaradıcı şəxsiyyəti işarə edir, müəlliflik işarəsi kimi xidmət göstərir və intellektual, işgüzar ünsiyyətdə tətbiq edilir, nikneymlər isə şəxsi xarakterli ünsiyyət üçün tətbiq olunan və insanı bir fərd kimi təqdim edən işarələrdir, istifadə sferası kommunikativ məkanın xüsusi növü kimi internet şəbəkəsidir.

Nikneymin okkazional xarakteri onda təzahür edir ki, o, yarandığı kontekstdə mövcuddur və adın müəllifi ilə əlaqəni qoruyub saxlayır, yəni onun yaradıcılığının məhsuludur.

Ənənəvi təxəllüslər kimi niklər də müəyyən mənada rəsmi adı əvəz edir, danışanın şəxsi azadlığının hüdudunu genişləndirir, daha sərbəst və sadə nitq ünsiyyətinə keçməyə imkan verir. Adlandıranların öz təsəvvüründə nik fikir azadlığının bir işarəsi olma xüsusiyyəti və nitq davranışında sərbəstlik qazanır.

Kompüter adlarının ümumi xarakteristikası üçün istifadə sferası da əhəmiyyətlidir. Virtual reallıq ad denotasiyası baxımından öz qaydalarını irəli sürür: burada qrafik simvollar dəsti asanlıqla variantlaşır və uyğunlaşdırılır, danışanlar özlərini xəyali, arzu olunan obrazlarda təsəvvür edir, dəyişikliklər üçün əlverişli şərait yaranır. Kompüter aləmi adi ünsiyyət və real adların tətbiqi üçün imkan yaradır, oyun davranışı üçün geniş meydan açır. Başqası olmaq – şəxsi mifin yaradılmasına sövq edən, özünü başqa, fantastik aləmin bir parçası kimi təsəvvür etmək cəhdinin həyata keçirilməsi üçün ilkin məqsəddir.

Kompüter oyunu personajlarına ad verilməsi onomastik tədqiqatın nisbətən yeni sahəsidir, çünki on minlərlə oyunçunun bilavasitə virtual ünsiyyət imkanları ilə iştirak etdiyi onlayn oyunların meydana çıxması son onilliklərdə yayılmış hadisədir. Personajın – oyunçunun uzun müddət vizual əlaqə həyata keçirdiyi varlığın adının seçilməsi oyunun ilk mühüm mərhələsidir. Buna görə də ad seçimi çox vaxt oyunçunun şəxsi keyfiyyətlərini göstərir: onun fantaziyası, yumor hissi, bəzən digər oyunçuları güldürmək və ya heyrətləndirmək arzusu, qısa izahat vermək, təhlükə barədə xəbərdar etmək və s.

Personajların adları iki qrupa ayrılır: xüsusi adlar və ümumi isimlər bazasında əmələ gələnlər. Sonuncular arasında ornitonimlər, ixtionimlər, fitonimlər, somatizmlər, qohumluq terminləri, müxtəlif elmi terminlər, mücərrəd isimlər olur; başqa nitq hissələrinin leksemləri, hətta hərf birləşmələri və rəqəm-hərf birləşmələrinə təsadüf edilir. Diqqəti cəlb etmək üçün çox vaxt niklərdə qrafik simvollar tətbiq olunur, dilin mövcud orfoqrafik normalarının qəsdən təhrifi müşahidə edilir.

Personajların ad modelləri belədir: “bütöv ad”, “şəxs adının modifikatı”, “soyad”, “ata adı”, “bütöv ad+soyad”, “soyad+bütöv ad”, “soyad+ şəxs adının modifikatı”, “şəxs adının modifikatı+ soyad”, “ad+ata adı”, “ata adı+ ad”, “ikili ad”, “iki müxtəlif ad”.

Bəzi oyunçular əvvəllər heç yerdə səslənməyən, orijinal adlar, ahəngdar səs birləşmələri yaradır. Personajın nominasiyasının orijinallığı başqa yolla da əldə edilir: şəxs adının real strukturunun özünəməxsus parodiya edilməsi yolu ilə. Personajın nominasiyasının məhsuldar üsulu ona tanınmış adamların adının (soyadının, ata adının) verilməsidir.

Niklər müxtəlif dil vahidlərindən yaradılır: 1)antroponimlərdən – Behruz Maksim, Anar O.Namazov, Kenan Qulieff, azizaguliyeva_, sabina.zeynalova.355; 2)toponimlərdən – Neftçala, Moskva, bakub226; 3)katoykonimlərdən – naxçıvanlı, Baby iz Baku, Bakineç iz Azerbaydjana, Bakinec2001; 4)zoonimlərdən – torağay; 5)antroponimlərin müxtəlif yazılış və tələffüz formalarından – Ay Dan, İbrehim, omer, Aqatli qiz, Hüseyin; 6)abreviatur və inisiallardan – RUM; QQ; 7)adın ixtisar formalarından – Roya Hva, Leman H-zade, Radə; 8)şəxsi keyfiyyət bildirən sözlərdən – Azerbaycandilli Bayramova, PatrioT; 9)hərf və rəqəmlərin kombinasiyasından - N2mikedi7i, @z@D; 10)söz və rəqəmlərin kombinasiyasından - firon-1986; 11)film personajlarının adlarından - Princess Sofia, Meksikada_1_Gun; 12)ümumi isimlərdən – Gümüş; 13)kosmonimlərdən – Günəş; 14)başqa dillərə məxsus sözlərdən - Neizvestnıy1980; 15)tibbi terminlərdən – Озон Терапия; 16)hərf birləşmələrindən – Sss Ddd; 17)başqa dildə ifadə və cümlələrdən – Motivation is you, Chelsea Smile; 18)fitonimlərdən – orxideya291 və s.

Yeni tipli onimlərin timsalında şəxsiyyətin, virtual da olsa, nominasiya üsullarında yeni tendensiyaları izləmək mümkündür: bir çox xüsusi adın yeni funksiyada işlənməsi, oyun personajının adlandırma funksiyaları, bu nominasiyalarda müasir realilərin (müasir ədəbiyyatın, başqa kompüter oyunlarının və s.) inikası. Nominasiyanın məqsədi təkcə unikal adın yaradılması deyil, həm də oyunçunun özünüifadəsidir.

Nikneymlərin əlamətləri onları virtual kommunikativ məkanın məhdud mühitində işlənən antroponimlərin xüsusi növü kimi xarakterizə edir. Nikneymlər kommunikasiya nəzəriyyəsində yeni reali kimi virtual şəxsiyyətin strukturu haqqında təsəvvür yaratmağa kömək edə bilən dil vasitəsi kimi öyrənilməlidir. Şəbəkə adının virtual reallıqda (çatda, bloqda, forumda, oyunda) yeni onomastik vahid kimi təsviri, funksional xüsusiyyətlərinin tədqiqinin zəruriliyi aktualdır.


Yüklə 2,99 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin