BDU-nun dosenti,filologiya üzrə fəlsəfə doktoru İ.D.Vəliyev
GİRİŞ
Ədəbi dil prosesini düzgün qiymətləndirmək üçün ayrı-ayrı şair və yazıçıların dil və üslub xüsusiyyətlərini öyrənmək çox vacibdir. Məşhur rus alimi V.Vinoqradovun təbirincə desək, ədəbi dilin tarixi, adətən, böyük yazıçıların-şairlərin dil materialları əsasında yaranır. Təsadüfi deyildir ki, ədəbi dil tarixinin müəyyən mərhələləri, adətən, həmin dövrdə yazıb-yaratmış, ədəbi dilin bədii qolunun inkişafında misilsiz rolu olan söz sənətkarlarının adı ilə bağlıdır. Bu sənətkarlar dilimizin zəngin söz xəzinəsindən istifadə edərək, bir-birini yamsılamadan yeni bədii ifadə vasitələri tapır, ədəbi dilin bədii ifadə gücünü artırır, lüğət tərkibini zənginləşdirirlər. «Bədii ədəbiyyat obrazlı dilin yaradılmasında elə bir mənbə, laboratoriyadır ki, ədəbi dilin nümunəvi normalaşması, ümumxalq dili vasitələrinin nümunəvi təşkili burada baş verir» [100, 3]. «Buna görə də yazıçının hər hansı bir əsəri əsasında ədəbi dilə münasibətini, fərdi dil xüsusiyyətlərini müəyyənləşdirmək, leksik, frazeoloji, semantik və qrammatik cəhətdən dilə gətirdiyi yeniliyi aşkar etmək dilçiliyimizin aktual problemlərindən biri kimi qarşıda durur» [24, 3].
Bu baxımdan,dil və üslubuna görə bədii poeziya dilimizdə xüsusi mövqeyi olan Nəbi Xəzrinin əsərləri dərindən və hərtərəfli öyrənilməlidir. O, dilimizə xüsusi məhəbbət oyadan Füzuli,Vaqif,Vazeh,Sabir,Vurğun,S.Rüstəm, M.Müşfiq kimi yazarların sənətkarlıq ənənələrini davam etdirən şairlərdəndir.
Hər bir yazıçının fərdi üslubu konkret dövr ədəbi dilin ümumi mənzərəsini xarakterizə edir. Yazıçı praktik-nəzəri cəhətdən bədii dilin poetik ifadə vasitələrini fərdi üslubu ilə yaradır və milli ədəbi dilin inkişafına məhz fərdi yaradıcılığı, fərdi üslubu ilə öz töhfəsini vermiş olur. Odur ki, yazıçı dilinin dərindən öyrənilməsi dilimizin inkişaf mənzərəsini, onda baş verən dəyişiklikləri – istiqamətləri aşkar etmək baxımından əhəmiyyətli və aktualdır. «Hər bir xalqın dilinin, ədəbiyyatının öyrənilməsi o xalqın mədəniyyət tarixinin öyrənilməsi ilə sıx bağlıdır. Çünki ədəbi dillə yazı mədəniyyəti, ədəbiyyatı xalqın mədəniyyət tarixinin orbitinə daxildir» [95, 101].
N.Xəzri 50-60-cı illərin ədəbi prosesində xüsusi fərqlənən, sözün kəsərini, nüfuzunu həmişə öz yaradıcılığında qoruyan bir sənətkardır. O, yaradıcılığının ilk dövrlərində sözün qüdrətindən, xüsusən də sənətkar üçün əvəzsiz əhəmiyyətindən bəhs edən «Söz» adlı şeirində onu belə vəsf edir:
Əzəl başdan açarıdır sirlərin,
Öz gücünü ürəklərdən alar söz.
Ümid verər, sevinc verər, qəm verər,
Müşkül olan dərdə çarə qılar söz ... [123, 11].
N. Xəzrinin söz haqqında olan fikirləri təkcə bir şeirlə qurtarmır. O, söz haqqında danışarkən qeyd edir ki, «Söz arzu və düşüncələrə sərkərdəlik edərək onlara yol göstərir»; «Sözün mənzili uzaq olur. Bu gün yazılan söz yalnız bu günün deyil! Söz gələcək aylara, illərə, bəlkə də, əsrlərə çatacaqdır».
Elə buradan da şair üçün söz axtarışları başlanır: «Şair də söz üçün keçər dərə, düz...»; «Sözlər axtarmışam, sözlər gəzmişəm; Vurmuşam özümü alova, oda»; «Bəlkə, illərboyu gəzdiyim sözü; Büllur bir bulaqda tapacağam mən» [83, 441].
N.Xəzri dilinin özünəməxsusluğu ilə seçilən sənətkarlardandır. Şair bütun yaradıcılığı boyu xalqa yaxın olmuş, ondan qaynaqlanmışdır. Bu haqda professor N.Xudiyev yazır: «50-ci illərin sonu, 60-cı illərin əvvəllərində şeir dilində folklor ifadə tərzinə qayıdış baş verir; yaradıcılığa 60-cı illərdən əvvəl gəlmiş B.Vahabzadə, N.Xəzri, H.Arif, N.Həsənzadə, Qabil kimi şairlərin dilində folklor ifadə tərzinin havası duyulur.
Şübhəsiz, ədəbi-bədii dilin, eləcə də şeir dilinin folklor ifadə tərzinə meyil etməsi ədəbi-bədii fikrin məzmunca xəlqi əsaslar üzərində köklənməsindən irəli gəlir; xəlqilik, birinci növbədə oradan başlayır ki, insanın daxili aləminə maraq güclənir, süni [yaxud elə təbii] patetika əvəzinə, poetik fikir təhlilinə can atır və bu da imkan verir ki, şeir dilinin obrazlar sistemində əsaslı dəyişikliklər meydana gəlsin» [46, 469]. Məhz bunun nəticəsidir ki, şairin əsərlərində xalq dilinin ruhu özünün bariz əksini tapmışdır.
N.Xəzrinin ilk şeirləri çap olunandan sonra onun yaradıcılığının sənətkarlıq xüsusiyyətləri, dil və üslubunun yeniliyi, söz və ifadələrin orijinallığı həm dilçiliyin, həm də ədəbi tənqidin diqqətini cəlb etmişdir. Ədəbi tənqid, 1950-ci illərin əvvəllərindən başlayaraq N.Xəzrinin yaradıcılığını izləmiş və onu həmişə yüksək qiymətləndirmişdir. M. Arif 1950-ci illərdə yazdığı «Yeni nəsil» [1954] və «Azərbaycan sovet şeiri» [1959] adlı məqalələrində Nəbi Xəzri yaradıcılığına da nəzər salmış və onu «qüvvətli lirik şeirlər yazan» səmimi bir şair kimi dəyərləndirmişdir.
Bilavasitə Nəbi Xəzri yaradıcılığına, onun ayrı-ayrı şeir kitablarına həsr edilmiş məqalələrdə şairin inkişaf yolu zaman-zaman, mərhələ-mərhələ nəzərdən keçirilmiş, diqqəti cəlb edən fikirlər söylənilmiş və əhəmiyyətli nəticələr çıxarılmışdır: «Nəbi Babayev, yaradıcılığının ilk günlərindən başlayaraq, bədii ümumiləşdirmələr yolu ilə getməyə can atır» [Ağasəf Axundov, 1955]; «... onda ilham, istedad, çoxlu yeni söz demək bacarığı vardır» [M.Vəliyev,1955]; «O, öz üzərində müntəzəm olaraq işləyən, irəliləyən, yüksələn şairdir» [Ə. Qasımov, 1958]; «Nəbi Xəzrinin şeirlərində ötəri hisslərə, həlli kiçik təsadüflərdən asılı olan ikinci dərəcəli məsələlərə təsadüf etmirik» [Ə. Kürçaylı, 1961]; «Nəbinin hər kitabı şairin yaradıcılığında bir yeni yüksəliş, bir yeni üfüqdür. Şair yüksəldikcə, üfüqlər genişlənir, həyatın nəbzi onun əsərlərində daha möhkəm vurmağa başlayır» [H.Orucəli,1964]; «Nəbi Xəzridə ən adi, ən sadə, ilk baxışda heç kəsin nəzərini cəlb etməyən şeyləri mənalandırmaq məharəti vardır» [A. Hacıyev, 1965]; «Bu şeir məğrurdur, cürətlidir, qanadlıdır, vüsətlidir, zərif və mənalıdır» [Q.Xəlilov,1967]; «Nəbi Xəzrinin poeziyası müasir həyatı dərindən duymaq, vətəndaşlıq borcunu hiss etmək xüsusiyyətləri ilə səciyyəvidir» [M. İbrahimov, 1968]; «Nəbi saflıq və gözəllik nəğməkarıdır», «Nəbi Xəzrinin poeziyası dərin düşüncələr, fəlsəfi fikirlər poeziyasıdır. O, insan qəlbinə enməyi, ən zərif hissləri yüksək poetik səviyyəyə qaldırmağı bacarır» [T. Bayram, 1970] [82, 274-275].
Görkəmli dilçi alim Y.Seyidov yazır: «Nəbi Xəzri yaradıcılığında ilk növbədə diqqəti cəlb edən, daha dəqiq desək, duyulan, hiss edilən səmimiyyətdir; həm də böyük səmimiyyət. ...Nəbinin yaradıcılığına və onun şəxsən özünə yaxından bələd olan hər kəs etiraf edə bilər ki, Nəbinin şeirləri ilə şəxsiyyəti bir-birini tamamlayır. Şairin düşüncələri ilə hissləri, istəyi ilə dedikləri çarpazlaşır, bir-birini tamamlayır. Bu əsasda yazılmış əsərlər səmimi olmaya bilməz.
Ağamusa Axundov, haqlı olaraq, N. Xəzrinin şeirlərini «Səmimi hisslər poeziyası» adı ilə təhlil edir» [82, 276].
Son illər bədii əsərlərin dilinin tədqiqi genişlənmiş, ayrı-ayrı şair və yazıçıların dilinin öyrənilməsi dilçiliyin aktual mövzularından birinə çevrilmişdir. «Bədii əsərin dili təhlil edilərkən bütün diqqət sözlərin mənalarına, zəngin üslubi cəhətlərinə və müəllifin dilin bu imkanlarından fərdi istifadə bacarığına yönəldilməlidir» [100, 126]. Ədəbi-bədii dil prosesini düzgün başa düşüb qiymətləndirmək üçün ədəbiyyatın ayrı-ayrı janrlarının dilinin tədqiqinə hər zaman elmi cəhətdən ehtiyac olmuşdur. Məhz buna görə də XX əsrin 50-ci illərindən özünün mövzu, dil və üslub yeniliyi ilə diqqəti cəlb edən poeziyamızın görkəmli nümayəndəsi N. Xəzrinin əsərlərinin öyrənilməsi dövrün bədii dili üçün zəngin qiymətli material verir ki, bu da təqdim olunan dərs vəsaitində öz əksini tapmışdır.
Dostları ilə paylaş: |