Termin səciyyəli sözlər
Dil ilk növbədə xalqın özünə məxsus olan anlayışları, varlıq adlarını cəmləşdirir. Buna görə də hər bir xalqın varlığını, özünəməxsusluğunu, məişətini onun dili, adət-ənənələri, maddi və mənəvi mədəniyyəti, peşə və məşğuliyyət sahələri ilə ölçmək lazımdır.
Həyatın müxtəlif sahələrinə aid anlayışları ifadə edən sözlər termin səciyyəli leksik vahidlərdir. Xalqın həyatına, məişətinə, təsərrüfatına, yaşayış tərzinə,adət-ənənəsinə dərindən bələd olan N.Xəzri əsərlərinin dilindəki terminoloji leksika da ümumxalq xarakterli leksik vahidlərdən ibarətdir. «Terminologiya ümumxalq leksikasının ən fəal, ən dəyişkən, artan, təkmilləşən, yeniləşən hissəsidir. Müasir sosial-iqtisadi inkişaf, elmi-texniki tərəqqi, mədəni inqilab, istehsalın intensivləşdirilməsi yeni elmi anlayışların, yeni elmi fikirlərin inkişafına, yaranmasına səbəb olur. Bu da, şübhəsiz dilin terminoloji leksikasının dəyişməsinə, yeniləşməsinə, artmasına təsir edir» [38, 177].
N.Xəzri əsərlərinin dilində xalq terminologiyası ilə bağlı leksika üstünlük təşkil etdiyi üçün bu qrupa daxil olan leksik vahidlər musiqi alətləri, yemək, xörək və içki, məişət, bəzək və zinət əşyalarının adlarından ibarətdir. Bu baxımdan N.Xəzri əsərlərinin dilindəki termin səciyyəli sözləri aşağıdakı kimi qruplaşdırmaq olar:
1. Yemək,xörək və içki adları. Qida maddi-mədəni mədəniyyətin mühüm tərkib hissəsidir. «Qida insan cəmiyyətinin, onun maddi aləminin, tarixinin, etnoqrafiyasının ən mühüm komponentlərindəndir» [14,349]. Çünki hər bir xalqın süfrəsi o xalqın tarixini, etnoqrafiyasını, adət-ənənəsini özündə yaşadır. Xalqın zəngin süfrəyə malik olması onun qədimliyini göstərir. İnsanın yaranışdan yeməyə olan ehtiyac və tələbatı nəticəsində əsrlər boyu müxtəlif yeməklər meydana gəlmişdir. Təbii ki, hər bir xörəyə xüsusiyyətinə görə ad verilmişdir. N.Xəzri dilindəki yemək və içki adlarının etnolinqvistik cəhətdən tədqiq edilməsi Azərbaycan xalqının maddi və mənəvi mədəniyyətinin,eləcə də dilimizin tarixi haqqında maraqlı elmi nəticələr əldə etməyə imkan verir.
N.Xəzri əsərlərinin dilində loxma, kabab [maral kabab, toğlu kabab], şərab, şərbət, qara qovurma, süd, zəhər və s. kimi yemək və içki adları vardır.
«Loxma» sözü müasir Azərbaycan dilində «loğma» formasında «bir dəfə ağıza qoyulan tikə, dişdəm» mənasında işlənir [5, 226]. Lakin bu söz N.Xəzri dilində Azərbaycan dilinin Gəncə dialekti, Gədəbəy, Mingəçevir şivələrində olduğu kimi, «loxma» şəklində işlənmişdir [10, 370].
Kimin gözü doymayır,
Kimə bəsdir loxma da [123, 56]
N.Xəzrinin «Torpağa sancılan qılınc» dramatik poemasında «kabab, qovurma» yemək adlarından istifadə olunmuşdur.
Kabab, kabab, yağlı kabab
Maral kabab, toğlu kabab [121, 125]
Ha, ha, onun gül ətindən
Qara qovurma eyləyin [121, 141]
«Kabab, qovurma» sözlərinin eyni mənada işlənməsinə həm «Kitabi-Dədə Qorqud» dastanında, həm də «Dastani-Əhməd Hərami» poemasında rast gəlinir. Lakin buna baxmayaraq, Azərbaycan dilinin izahlı lüğətində «kabab-manqal üzərində şişlərdə bişirilən ət xörəyi, şişlik; «qovurma» isə qovurmaq yolu ilə hazırlanan ət xörəyi kimi izah olunur [5, 161-212].
Bəzən N.Xəzrinin dilində poetik yemək adlarına da rast gəlinir ki, əslində sözün həqiqi mənasında istər dünya xalqlarının, istərsə də Azərbaycan xalqının mətbəxində belə yemək növü və adı mövcud deyil. Bu yemək adı şairin fərdi təxəyyülünün məhsuludur. Məsələn;
Mənim küsü aşı
Bişirənim yox! [123, 238]
N.Xəzri əsərlərinin dilində şərab, şərbət, süd kimi içki adlarına da rast gəlinir:
Maral kabab, toğlu kabab
Üstündən də bir parç şərab... [121, 125-126]
Şərbət də içilir, zəhər də, ey dost! [121, 136]
Bol südü-pendiri qaymaqlı çoban! [123, 175]
N.Xəzri əsərlərinin dilindəki yemək və içki adlarının tədqiqi göstərir ki, dilimizdə kulinariya terminləri daha sabit və uzunömürlüdür. Çünki əsrlər boyu qidanın yeni növləri milli mətbəximizdə özünəməxsus yeniliklər etsə də, bununla yanaşı, ənənəvi xörək adlarımız da indiyədək qorunub saxlanmışdır. «Yemək-xörək adlarının bu cür nisbi «mühafizəkarlığı» həm də tarixi-coğrafi şəraitlə, təbiət, iqlim, təsərrüfat amilləri ilə əlaqədardır» [70, 28].
2. Hərbi işlə bağlı olan leksik vahidlər. N.Xəzrinin müharibə mövzusunda yazdığı əsərlərində dilimizdə işlənən və danışıq dilində geniş yayılmış hərbi terminlər də öz əksini tapmışdır. Məsələn;
Dəbilqə: Başındakı dəbilqəni nə öyərsən,
Qılınc: Qılıncını nə öyərsən, qanlı düşmən,
Çovkan: Əyribaşlı çovkanımca gəlməz mənə
Ox: Belindəki doxsan oxu nə öyərsən
Sapand: Ala qollu sapandımca gəlməz mənə [121, 176]
Kaman: Gəldi əli kaman atan,
Xəncər: Əli xəncər tutan gəldi [121, 199]
Süngü: Süngülər üstundə dayanan dövlət-
Elə süngülərlə yıxılmadımı? [123, 44]
Qoşun: Mənim qoşunumda
Əsgərlik: Əsgərlik etsin [123, 53]
Ordu: Cahanda ən boyük bəla deyilmi,
Dostları ilə paylaş: |