Uşaq oyunlarının təsnifatı
Bir halda ki, oynamaq uşaqlar üçün öyrənmənin ən qısa və ilk yolu və onların təbii haqqıdır, o zaman uşaq oyunlarını funksiyasına, formasına və məzmununa baxaraq təsnifləndirmək lazımdır. Beləliklə, uşaq oyunlarına bir neçə aspektdən yanaşmaq mümkündür: ona milli-coğrafi amil kimi (Avropada oynayan uşaqlarla Afrika uşaqlarının oyunları), sosioloji (varlı ailənin uşaqları ilə kasıbların uşaqlarının oyunu), tarixi (texnologiyadan öncəki ənənəvi uşaq oyunları ilə texnologiyadan sonrakı oyunlar), fərdi və kollektiv, açıq havada, küçədə və qapalı məkanda oynanan oyunlar kimi baxmaq lazımdır. Uşaq oyunları yerinə görə də iki hissəyə ayrılır:
1. Açıq havada oynanan oyunlar.
2. Qapalı məkanlarda oynanan oyunlar.
Bunların hər birinin uşağın həm fiziki, həm də zehni inkişafında fərqli mövqeyi vardır. Həm də bunların hər birinin öz spesifik xüsusiyyətləri, təsir və təhsil forması, psixoloji nəticələri vardır. Artıq açıq havada oynanan oyunlarla qapalı məkanda oynanan oyunlar haqqında son zamanlar daha çox yazılmağa başlamışdır. Bununla bərabər janrına və ya növünə görə uşaq oyunlarını aşağıdakı kimi qruplaşdırmaq olar:
a. Funksiyasına görə oyunlar. Buraya sırıkla yerimə, taxta ata minmə, ağaca dırmanma, ətək döndürmə, çəllək yuvarlama, üzmə, topaç çevirmə, üzmə, ağac atma kimi fiziki bacarıq nümayiş etdirən oyunlar daxildir.
b. Qaydalı oyunlar. Buraya eşşək beli, körəbə (təsadüfi gəlin seçimi ilə oynanan evlilik oyunu), iplə dartma, dirədöymə və s. daxildir.
c. Rol oynama oyunları. Buraya ənənəvi mərasimləri, bayramları, şənlikləri canlandıran təqlidi oyunlar daxildir (Arsal, 2014, 139-140).
Bəsit bir təsnifatla uşaqların ayaqüstü oynadığı oyunlarla, oturaraq oynadıqları oyunları da ayrı bir özəllik kimi qəbul etmək olar. Hələ sadəcə oğlanların və sadəcə qızların oynadıqları xüsusi oyunlar da vardır.
Bir başqa təsnifata görə oyunlar 1) udmaq-uduzmaq və 2) oynamaq üçün oyunlardan ibarətdir. (Yavuz 2014, 152) Udmaq-uduzmaq oyunlarında uşaqlar ciddi bir görkəm alır, məsumiyyət ortadan qalxır. Çünki burada güclü, bacarıqlı, çevik olanın qazanacağı məlumdur.
Bütün uşaq oyunlarını əhatə etməkdən uzaq olan bir təsnifat da A.Nəbiyev tərəfindən təqdim edilmişdir:
1. Cəldlik, çeviklik və hərəkətlə bağlı uşaq oyunları.
2. Ayin, etiqad və mərasimlərlə bağlı uşaq oyunları.
3. Gözbağlıca oyunları (Nəbiyev 2009, 556-560).
Oyun uşaqların beyin fəaliyyətini inkişaf etdirdiyi üçün onu yaş qruplarına görə də təsnifləndirmək olar. “Uşaqların oynadıqları oyunlar yaş dönəmlərinə görə fərqliliklər göstərir. 0-2 yaş dönəmində bilgi, dil, hərəkət inkişafı yetərli səviyyəyə çatmadığından uşaqlar tək başına oyun oynayırlar. 2-4 yaş dönəmində uşaqlar eyni yerdə dəyərləri ilə çox daha əlaqə yaratmadan oyun oynayırlar. Bu dönəmdə uşaqların xəyal gücləri çox inkişaf etmiş vəziyyətdə olur, ancaq yoldaşları ilə sosial münasibət yaratmazlar. 4 yaşından sonra uşaqlar birlikdə oyun oynamağa başlarlar. 6 yaşından sonra qaydalı oyunlar oynarlar, təşkilatlanırlar, bir-biriləri ilə bölüşmələri artır” (Madi 2014, 219-220). Bu yaş dönəmlərinin özəllikləri ümumi halda doğru olsa da uşaqdan uşağa, ölkədən ölkəyə dəyişə bilir.
Burada önəmli bir məsələ də uşaqların yaş qruplarına və cinsiyyətinə görə oyuna münasibətləri və ya oyunun təsnifatıdır. Belə ki, aparılan müşahidələr nəticəsində belə bir fikrə gəlinmişdir ki, (Atık, 1986) üç-dörd yaşındakı uşaqlar daha çox təkbaşına və paralel oyunlara, beş-altı yaşındakı uşaqlar isə bərabər və kollektiv oyunlara üstünlük verirlər. Oyunun seçilməsində qız və oğlan uşaqları arasında fərq varsa da oyunu necə oynamaqda elə bir fərq görünmür. Ancaq oğlan uşaqları kollektiv oyuna bir qədər gec meyl etmələrinə baxdıqda qızlar bu tip oyun oynamağa daha erkən yaşlardan başlamışlar. Hər halda oğlanlar təkbaşına və paralel oyunlara, qızlar isə daha çox kollektiv oyunlara yatqındırlar.
Dostları ilə paylaş: |