11. Arxaik əvəzetmə. Artıq yuxarıda göstərilmişdir ki, nağılın əsas formaları ortadan getmiş dini təsəvvürlərə gedib çıxır. Bu əsasla bəzən əsas formaları törəmələrdən ayırmaq olar. Bəzi hallarda əsas formanın (az və ya çox bir qayda olaraq nağıl eposunda) dini mənbəyə gəlib çıxan, çox da qədim olmayan forma ilə əvəzlənməsi baş verir, lakin buna yalnız tək-tək, nadir hallarda rast gəlinir. Demək, "Cadugər və günəşin bacısı" nağılında ilanla döyüşün yerinə (Af. 93) biz aşağıdakını görürük: qadın ilan şahzadəyə təklif edir: "Qoy şahzadə İvan mənimlə tərəziyə getsin, görək kim daha artıq gələcək". Tərəzi İvanı günəş köşklərinə atır. Burada biz psixostaziya (ruhların tərəzidə çəkilməsi) əlamətlərini görürük. Bu forma haradan gəldi (o qədim Misirdə məşhurdur) və o nağılda necə mühafizə edildi, bütün bunlar tarixi tədqiqatın predmeti olmalıdır.
Arxaik əvəzetməni mövhumi əvəzetmədən ayırmaq həmişə asan olmur. Onların hər ikisi (bəzən) daha qədimliyə gedib çıxır. Amma əgər nağılın hər hansı obyekti eyni zamanda həqiqi inam obyektidirsə, onda əvəzetmə nisbətən yeni əvəzetmə (qulyabanı) sayıla bilər. Bütpərəstlik dini iki qol verə bilirdi: biri nağılda, digəri inam və ya adətdə. Əsrlər boyunca onlar qarşılaşa bilərdilər və biri digərini sıxışdıra bilərdi. Əksinə, əgər nağılın obyekti həqiqi inamda (tərəzi) təsdiq edilə bilmirsə, onda əvəzetmə daha da qədimlərə gedib çıxır və arxaik sayıla bilər.