Azərbaycan nefti beynəlxalq münasibətlərdə. 1917-ci ilin ortalarından etibarən Azərbaycan neftinin beynəlxalq münasibətlərdə tutduğu yerdə yeni dövr başlayır. Bakı nefti uğrunda mübarizənin kəskinləşməsinə təsir edən amillərdən biri hərbi əməliyyatların aparılmasında yanacağa olan tələbatın artması ilə bağlı idi. Hərbi texnika istehsalı artsa da, neft və neft məhsulları çatışmırdı. Belə şəraitdə Bakı neftinin əhəmiyyəti döyüşən dövlətlər üçün xeyli artırdı.
1917-ci ildən başlayaraq xarici dövlətlərin Azərbaycan nefti uğrunda mübarizəsinin güclənməsinin əsasını başlıca olaraq bu amillər təşkil edirdi: Xəzər dənizini və Bakını tutmaq, orada hərbi-siyasi, iqtisadi və dəniz bazasını yaratmaq, Bakı neftini nəzarətdə saxlamaq, bolşeviklərin əleyhinə olan elementlərlə əməkdaşlıq etmək, Mərkəzi Asiya və Hind okeanına gedən yollara sahib olmaq və s. Bu istiqamətdə Antanta ölkələri daha ciddi praktik addımlar atmağa başladılar.
1917-ci ildə Bakıda ümumi tətil.Fevral burjua - demokratik inqilabının qələbəsindən və Rusiyanın respublika elan olunmasından sonra siyasi partiya və ictimai təşkilatlar azad fəaliyyət göstərməyə başladılar. 1917-ci ilin yazından başlayaraq Azərbaycan fəhlə sinfinin mübarizəsində əsas hədəf kapitalistlərlə müştərək müqavilələrin bağlanmasına nail olmaq idi. Fəhlə hərəkatına ideya cəhətdən rəhbərlik edən Bakı Soveti komissiya yaratdı və bu komissiya müştərək müqavilənin layihəsini hazırladı. Layihəyə görə fəhlələr 8 saatlıq iş günü, istirahət günü, əmək haqqının artırılması kimi əsas tələblərini irəli sürdülər. Sahibkarlarla aparılan danışıqlar nəticəsiz qaldı. Sahibkarlar müştərək müqavilədə göstərilən şərtləri qəbul etmədilər. 1917-ci ilin sentyabrın 27-də Bakı fəhlələri ümumi tətilə başladılar. Tətilə Tətil Komissiyası rəhbərlik edirdi. Tətildə təqribən 65 min nəfər iştirak edirdi. Tətilçilər öz məqsədlərinə çatdılar. Oktyabrın 2-də sahibkarlar müştərək müqaviləni imzaladılar və oktyabrın 3-də tətil dayandırıldı.
17.4.Bakı Soveti və onun anti-Azərbaycan siyasəti. Azərbaycanlılara qarşı 1918-ci ilin 31 Mart soyqırımı