Azərbaycan tarixi


Sasani imperiyasının Azərbaycan siyasəti, Sasani – Bizans münasibətlərində Albaniyanın yeri



Yüklə 0,62 Mb.
səhifə42/269
tarix31.05.2022
ölçüsü0,62 Mb.
#116443
1   ...   38   39   40   41   42   43   44   45   ...   269
Azərbaycan tarixi mühazirə

4.3. Sasani imperiyasının Azərbaycan siyasəti, Sasani – Bizans münasibətlərində Albaniyanın yeri


Albaniya Sasani əsarətində. 510-cu ildə Albaniyanı idarə edən arşakilər sülaləsinin son nümayəndəsi III Mömin Vaçaqanın ölümündən sonra Sasanilər Albaniyanı tam işğal etdilər. Albaniya dövlət müstə­qilliyini itirdi və 510-cu ildən sasani canişini tərəfindən idarə edilməyə başladı. VI əsrdə Sasani imperiyasının qonşu Bizans imperiyası ilə münasibətləri çox gərgin olmuşdur və bu gərginliyə atəşpərəstlik və xristianlıq ara­sındakı dini mübarizə xüsusi çalar verirdi. Bütün Cənubi Qafqazda atəşpərəstliyi yaymağa can atan Sasanilərin əsas rəqibi şərqi xristianlığın beşiyi və qoruyucusu olan Bizans imperiyası idi. Bizans xristian Albaniyanın Sasanilər tərəfindən işğalını qəbul edə bil­mirdi. Sasani – Bizans qarşıdruması 571-591-ci illərdə 20 illik müha­ribəyə səbəb oldu. Müha­ribə­nin başlan­ğıcında bizanslılar uğur qazandılar və Albaniyanın Girdiman vilayətini Sasanilərdən azad etdilər. Bu işdə onlara hun tayfa ittifaqına daxil olan yerli türk mənşəli sabirlər yaxından kömək etdilər. Sabirlərin Bizansla müttəfiqliyə girməsinin səbəbi həm sasani zülmündən xilas olmaq, həm də artıq sərhədləri Orta Asiyadan Qafqazlara qədər uzanan Türk xaqanlığının müttə­fiqinə kömək etmək idi. Lakin Bizans sərkərdələrinin sabirlərlə amansız davranışı onların yenidən İran hakimiyyətini qəbul etməsi ilə nəticələndi. İran şahı IV Hörmüz (579-590) Türk xaqanlığına qarşı müharibəyə başladı. İran qoşunlarına sərkərdə Bəhram Çubin başçılıq edirdi. IV Hörmüz 590-cı ildə sui-qəsd nəticəsində öldürüldü və hakimiyyətə onun oğlu II Xosrov Pərviz gəldi (590-628). Rəvayətə görə sui-qəsddə əslən sabir türk­lərindən olan və Sasani sarayında xidmət edən Mehran adlı məmur da iştirak etmişdi.
Sərkərdə Bəhram Çubin II Xosrova qarşı hərbi qiyam qaldırdı və II Xosrov öz düşmənlərinə - Bizans imperatoru Mavrikiyə (582-602) sığınmalı oldu. 591-ci ildə II Xosrov Mavrikinin köməyi ilə Bəhram Çubinə qalib gəldi və İran taxt-tacına sahib çıxdı. Elə həmin il ona kömək edən imperator Mavriki ilə sülh bağladı. Bu sülhün şərtlərinə görə İberiyanın (Gürcüstanın) bir hissəsi və Albaniya bütövlüklə Sasani imperiyasına qatıldı. Cənubi Qafqazın xristian əhalisində Sasanilərə qarşı narazılıq yaranmaması üçün II Xosrov Pərviz ölkəsində həm xristian, həm də qeyri-xristian dini icmaların fəaliyyətinə tam sərbəstlik verdi və hər bir kəsə ata-baba inamını möhkəm saxlamağı tövsiyə etdi. 602-ci ildə Bizansda imperator Mavrikiy öldürüldü və hakimiyyəti Foka ələ aldı (602-610). Bizansda qarışıqlıqdan istifadə edən II Xosrov 607- 622 – ci illər ərzində Bizans­dan asılı olan şərq ölkələrini işğal etdi. 610-cu ildə Bizansda imperator titulu İrakliyə keçdi və o, tezliklə əks-hücuma keçərək bütün Cənubi Qafqazı ələ keçirsə də, yenə də birləşmiş alban və Sasani qüvvələri tərəfindən məğlub edildi və İrakli öz ölkəsinə qayıtdı. 626-cı ildə Bizansla Xəzər xaqanlığı arasında anlaşma baş tutdu və xəzər qüvvələri başda sərkərdə Şat olmaqla Çoladan (Dərbənddən) Albaniyaya hücum etdilər. Araz çayına qədər əraziləri ələ keçirən Şat II Xosrov Pərvizə məktub göndərdi və müttəfiqi Bizansın torpaqlarını geri qaytar­mağı tələb etdi. II Xosrovun xəzərləri ələ almaq cəhdi baş tutmadı. 628-ci ildə xəzərlər yenidən Albaniyaya hücum etdilər. Tiflisə qədər irəlilədilər və Tiflisdə xəzərlərin müttəfiq Bizans imperatoru İrakli ilə görüşü baş tutdu. Tezliklə İrakli Girdiman knyazlığına daxil oldu və Albaniya hakimi Varaz Qriqoru öz tərəfinə çəkdi.
628-ci ildə II Xosrov Pərviz sui-qəsd nəticəsində öldürüldü və hakimiyyətə onun oğlu II Qubad gəldi. O, Bizansla sülh müqaviləsi bağladı və atasının əsir aldığı adamları, o cümlədən alban katalikosu Vironu əsirlikdən azad etdi. II Qubadın hakimiyyəti cəmi yarım il çəkdi. Onun ölümündən sonra 628-ci ilin yayında Xəzər xaqanı Cebu Tiflisi ələ keçirdi və oğlu Şatı Albaniyaya qarşı göndərdi.Xəzərlərin hücumunu eşidən Sasani mərzbanı Albaniyadan qaçdı və katolikos Viro hədiy­yələrlə Şatın görüşünə gəldi. Beləliklə, 628-ci ildə Albaniya Xəzər türk xaqanlığının hakimiyyəti altına keçdi. Albaniyanın əhalisinin böyük əksəriyyəti müxtəlif şivələrdə danışan türk tayfalarından ibarət olduğu üçün onlar Xəzər türklərinin hakimiyyətinə qarşı müqavimət göstər­mədilər. Dini cəhətdən atəşpərəst və bütpərəst, dil cəhətdən türk olan albanlar gah sasanilərin, gah da xəzərlərin hakimiyyətini qəbul etməyə məcbur olurdular. Xristianlıq Albaniyanın əhalisinin yalnız bir qismi tərəfindən qəbul edilmişdi.
II Qubadın ölümündən sonra 4 il ərzində Sasani taxt-tacı uğrunda mübarizə getdi, bu dövrdə 10 şah dəyişdirildi və nəhayət 632-ci ildə İranda hakimiyyətə III Yezdəgerd gəldi (632-651). 628-ci ildən isə Albaniyanı xəzərlər idarə edirdilər. 630-cu ildə xəzərlər Göyçə ətrafı əraziləri tutmağa cəhd etdilər. Bu ərazilərdə də türk mənşəli əhali yaşayırdı və onlar da Xəzər xaqanının hakimiyyətini qəbul etmək istəyir­dilər. Sasani mərzbanı sasanilərə xidmət edən hunlardan ibarət dəstə yaradıb xəzərlərə qarşı göndərdi. Göycə gölü sahillərində iki türk dəstəsi üz-üzə gəldi. Sasani hunlarına Hinah, xəzərlərə isə Çopan başçılıq edirdi. Döyüşdə xəzərlər qalib gəldilər və Göyçə ətrafı ərazilər xəzərlərə tabe oldu. VI əsrin sonu – VII əsrin ilk otuzilliyində, Sasani- Bizans hərc-mərcliyinin qızışdığı dövrdə Albaniyada türk etnoslarının siyasi dirçəlişi sürətləndi ki, bu da Mehranilər sülaləsinin dövrün siyasi proseslərinə fəal qoşulmasının nəticəsi idi.



Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin