Alban – Xəzər münasibətləri. 640-cı illərdə Albaniya üçün Xəzər təhlükəsi yaranmışdı. Şimaldan xəzərlərin hücumunun ardı-arası kəsilmirdi. 662-ci ildə Xəzərlər Albaniyaya soxuldular, lakin Kür sahilində məğlub olub geri çəkildilər. 665-ci ildə xəzərlər yenə Albaniyaya hücum etdilər, Albaniyanın sərvətini qarət etdilər, xeyli sakini əsir apardılar. Hər iki yürüşün qarşısı alınsa da və xəzərlər məğlub olub geri çəkilsələr də, bu yürüşlər Albaniyanın iqtisadi həyatına ağır zərbələr vururdu. Xəzərlərin dağıdıcı yürüşlərinin qarşısını almaq məqsədilə Cavanşir xəzərlərlə sülh bağlamağa məcbur oldu və Xəzər xaqanının qızı ilə evlənərək bu sülhü "diplomatik nikah"la möhkəmləndirdi. Müqaviləyə görə Albaniya Xəzər xaqanlığına hər il vergi ödəməli idi.
Alban – Bizans münasibətləri. Cavanşir eyni zamanda xristian ölkəsi olan Bizans imperiyası ilə də müttəfiqlik qurmağa cəhd etdi. 654-cü ildə Cavanşir ərəblərə qarşı mübarizə aparmaq üçün Bizans imperatoru II Konstantinlə müqavilə bağladı və 660-cı ildə II Konstantinlə ikinci dəfə görüşdü. 654-660-cı illərdə Bizansla siyasi müttəfiqliyə dair müqavilələr imzalanmasına baxmayaraq, getdikcə zəifləyən, özünü ərəblərdən güclə qoruyan Bizans Albaniya üçün güclü tərəfdaş deyildi. Güclü tərəfdaş zərurətini anlayan Cavanşir 661-ci ildən Ərəb xilafəti ilə yaxınlaşmağa başladı.
4.5. III – VII əsrlərdə Azərbaycan mədəniyyəti.
III-VII əsrlərdə Azərbaycanın cənubunun və bir müddət şimalının Sasani imperiyasının tərkibində olması onun etnik, siyasi, iqtisadi və mədəni birliyinə müəyyən qədər müsbət təsir göstərmişdi.
Alban bütləri.1982-ci ildən başlayaraq Qarabağ ərazisində daşdan yonulmuş 19 insan heykəli qeydə alınmışdır. Bu abidələrin Qarabağın həm dağlıq, həm də düzənlik hissələrində aşkar edilməsi onu göstərir ki, hələ qədim zamanlardan Qarabağ bütövlükdə əcdadlarımızın yaşadığı vahid etno-mədəni məkan olmuşdur. Alban tarixçisi M.Kalankatlı "Alban tarixi" əsərində yazır ki, Albaniya hökmdarı III Mömin Vaçaqan xristianlığın mövqeyini möhkəmləndirmək üçün bütpərəstliyə qarşı mübarizə aparmış və "öz hakimiyyəti altında olan Artsak vilayətində yaramaz bütlərə qurban kəsib sitayiş etməkdən əl çəkməyi əmr etmişdir". Arsak bütləri dedikdə müəllif Qarabağ daş heykəllərini nəzərdə tutmuşdur. Əlamətlərinə görə demək olar ki, Qarabağın daş heykəlləri Mərkəzi Asiyadan Rumıniyayadək yayılmış qədim türk daş heykəlləri ilə eynilik təşkil edir.
Bu gün Dağlıq Qarabağ ərazisi ermənilər tərəfindən işğal edildiyindən alban daş heykəllərinin taleyi hələ də qaranlıq olaraq qalmaqdadır.