TEMA 7. MÖVZU 7. AZƏRBAYCANIN ŞƏHƏRLƏRİ
1. GƏNCƏ
Azərbaycanın Bakıdan sonra ikinci böyük şəhəri Gəncədir. Gəncə qədim Azərbaycanın paytaxtı, mədəniyyət, sənaye və ticarət mərkəzi olmuşdur. İndi Gəncə daha da böyümüş, gözəlləşmişdir.
Gəncə çayı şəhəri iki hissəyə ayırır. Şəhərin bir tərəfində sıx meşəli dağlar ucalır. Gözəl Hacıkəndin istirahət zonası həmin meşəlikdə yerləşmişdir. Hacıkəndin yaxınlığında Kəpəz dağının ətəyində dünya gözəli Göy göl yerləşir.
Gəncə mədəni mərkəzdir. Şəhərdə ali məktəblər, elmi-tədqiqat institutları, təcrübə stansiyaları, çoxlu kitabxana, mədəniyyət sarayı, muzey, kinoteatr var.
Dahi Azərbaycan şairi, dünya ədəbiyyatının görkəmli nümayəndəsi Nizami Gəncəvinin məzarı Gəncə şəhərindədir. Dünyanın hər yerindən Gəncəyə gələn turistlər dahi Nizaminin ev muzeyini və məqbərəsini ziyarət edirlər.
Gəncəlilər yaraşıqlı evləri, yaşıl küçələri, gözəl bağları, parkları, istirahət guşələri ilə fəxr edirlər.
Tapşırıq 73. Mətni oxuyun və tərcümə edin.
Tapşırıq 74. Suallara cavab verin:
- Gəncə çayı şəhəri neçə hissəyə ayırır ?
- Hacıkəndin istirahət zonası harada yerləşmişdir?
- Gəncədə hansı dahi şairin məzarı yerləşir?
- Dünyanın hər yerindən Gəncəyə gələn turistlər haranı ziyarət edirlər?
- Gəncəlilər nə ilə fəxr edirlər ?
Tapşırıq 75. Gəncə şəhəri haqqında İnternetdən məlumat toplayın və inşa yazın
2. ŞƏKİ
Şəki Respublika tabeliyində olan şəhərdir, Azərbaycanın paytaxdından 370 km, məsafədə Baş Qafqaz sıra dağlarının cənub ətəklərində yerləşir. Şəki Azərbaycanın qədim şəhərlərindən biridi. Onun salınma tarixi çox qədim olduğundan bu günə kimi dəqiq müəyyənləşdirilməmişdir Azərbaycanın ən qədim əhalisindən olan saklar və eləcə də iskitlər hələ iki min altı yüz-iki min yeddi yüz il bundan əvvəl bu yerlərdə yaşamışlar. Çox qoçaq, igid olan bu tayfalar burada oturaq həyata başlamış, yurdumuzun bu gözəl guşəsində özlərinə daimi məskən salmışlar. “Şəki” sözü də qədim sakların adını özündə qoruyub saxlamışdır. Qədim saklarla bağlı olan bu ad yüzilliklər bir-birini əvəz etdikcə dəyişərək indiki “Şəki” şəklini almışdır.Şəki əyaləti Qafqazda ipək istehsalının əsas mərkəzi idi. Şəkidə ipəkçiliyin inkişafı üçün çox əlvərişli coğrafi mühitin olması imkanlı adamlarla istehsal və ticarət etmək üçün geniş üfüqlər açırdı .
Burada qədimdəm gözəl sənət və sənətkarlar olmuşdur. Dulusçuluq, dəmirçilik, zərgərlik, sərraclıq, xarratlıq, sandıqçılıq, çustçuluq, papaqçılıq, ipəkçilik, çörəkçilik, halvaçılıqla məşğul olan sənətkarların məhsullarının, şəbəkə, təkəlduz ustalarının işlərinin tərifi dildən-ağızdan düşmürdü.
On səkkizinci yüzillikdə Səfəvi dövləti xırda xanlıqlara parçalandı. Bu dövlətlərin başında ayrı-ayrı xanlar dururdu. Ona görə də bu dövlətlər xanlıqlar adlanır. Belə xanlıqlardan biri də Şəki xanlığı oldu. Bu xanlığın əsasını Hacı Çələbi qoymuşdur.
Hacı Çələbinin dövründə Şəki xanlığı Azərbaycanda ən güclü dövlətlərdən biri idi.
Şəki başqa memarlıq abidələri ilə də zəngindir. “Gələsən-görəsən” qalası, Cümə məscidi, “Küləkli minarə”, Qızlar qalası, karvansaralar Şəkinin qədim və gözəl abidələridir.
Tapşırıq 76. Mətni oxuyun və tərcümə edin.
Tapşırıq 77. Suallara cavab verin:
- Şəki harada yerləşir?
- Onun salınma tarixi nəyə görə bu günə kimi dəqiq müəyyənləşdirilməmişdir?
- “Şəki” sözü nə ilə əlagələnir?
- Şəkidə hansı sənətlər inkişaf etmişdir?
- Hansı xanın dövründə Şəki xanlığı Azərbaycanda ən güclü dövlətlərdən biri olub?
- Şəki Azərbaycanda nə istehsalının əsas mərkəzidir?
Tapşırıq 78. Şəki haqqında filmə baxın və öz təəssüratınız haqqında danışın.
Dostları ilə paylaş: |