DİNAMİKA (dynamics) – 1) Musiqi səslənməsinin gücü; 2) Verilişin dramaturji cəhətdən ritmik inkişafı. Ritmik vurğunun müxtəlif növləri də D.-ya aiddir.
DİNAMİKLİK (dynamism) – Filmin, verilişin, çıxışın dramaturji baxımdan məzmunluluğu, dolğunluğu; D. hərəkətin, daxili qüvvənin çoxluğu ilə xarakterizə olunur.
DİNAMİK MONTAJ (dynamic editing)– Hadisələri, fikir və ideyanı, sadəcə, məntiqi ardıcıllıqla göstərmək üçün deyil, həm də çəkilmiş səhnənin seyrçiyə təsirini maksimum gücləndirməkdən ötrü tətbiq edilən montaj üsulu. D.m. əsas parametrinə görə, ardıcıl montajdan fərqlənir: o, düzümünə görə daha mürəkkəbdir və sadəcə, məlumat vermək üçün yox, həm də çəkiliş materialının təsirini gücləndirməkdən ötrü istifadə edilir. D.m. olayların bir qədər qabarıq və dramatik təqdiminə, kəskin rakurslara, çox iri planlara və s. üstünlük verir.