USUF GƏLDİYİNİ KAFİR NƏ BİLDİ? Doğulub boya-başa çatdığım Göyçə mahalı (1) aşıqlar diyarı kimi tanınır. Burada yalnız toyda, düyündə deyil, üç-beş kişinin toplaşdığı bir məclisdə də söhbət, əsasən, ya aşıqlardan olar, ya da qaçaqlardan. Kiçik Qafqaz dağlarının çevrələdiyi Göyçə mahalı Güney Qafqazın coğrafi anlamda mərkəzini xatırladır. Qaçaqların daldalanması və mübarizə aparması üçün bu yerlər təbii qalanı xatırladır. Həm də qaçaqlar buradan asanlıqla Kür boyu tuqay meşələrinə, oradan Böyük Qafqaz dağlarına, Qarabağ düzlərinə, eləcə də İrana, Türkiyəyə çəkilə bilirlərmiş. Qışda havası yumşaq Muğanda, Mildə, Qarabağda, Kür boyunda daldalanan qaçaqlar yazdan payızadək Göyçə dağlarında at oynadarlarmış. Qaçaq Nəbi (1854-12.3.1896), Qandal Nağı (1870-1917), Qaçaq Kərəm (1860-1909), Dəli Alı (1887-1917) və b. qaçaqlar haqqında söhbətləri, şerləri və onları tanıyanların xatirələrini dinləyə-dinləyə böyümüşdüm. Universitetdə oxuyanda (1968-73) kitabxanalarda, arxivlərdə köhnə kitabları, qəzet və jurnalları, sənədləri də oxumağa həvəs göstərirdim. Salman Mümtazın (2) «El şairləri» kitabında «Öysüzlü Qaçaq Yusifin dastanından» (3) başlığı altında verilmiş şer məni düşünməyə vadar etdi. Şeri köçürdüm.