Maykop – Alaca-Höyük mədəniyyətinin e.ə. 3500-ci illərdəki yayılma arealı Maykop kurqanlarından əldə edilən DNT nümunələrinin analizləri aparılsa da, bu zaman əsas çalışmalar sadəcə mitoxondrial (ana xətti) haploqrupların üzə çıxarılması istiqamətində olmuş, ata xəttinin, yəni Y-xromosomların tədqiqi diqqətdən kənarda qalmışdır. Bununla belə, kurqanlarda ölülərin yanı üstə, bükülmüş vəziyyətdə dəfn edilməsi onların R1a haploqrupunun daşıyıcıları, yəni protoqıpçaq-bulqar olduqlarından xəbər verməkdədir.
Üç skeletdən götürülmüş DNT nümunələri əsasında aparılan genetik tədqiqatlar «Maykoplu»larda U (U8b1a2), M (M52) və N (N1b1) mitoxondrial haploqrupunu üzə çıxarmışdır. Bəzən Maykop mədəniyyətinin tərkim hissəsi, bir çox hallarsa isə müstəqil mədəniyyət kimi gözdən keçirilən Novosvobodnaya mədəniyyəti təmsilçilərində isə T (T2b) və V (V7) mitoxondrial haploqrupları aşkar edilmişdir (Недолужко А., 2016; Sokolov A. S., Nedoluzhko A. V., et al., 2016).
Antropoloji tədqiqatlar «Maykoplu» ların cənubi avropoid irqinin Aralıq dənizi tipinə aid olduqlarını ortaya qoymuşdur (Кореневский С. Н.,, 2004, c. 15-21).
Maykop mədəniyyətinin daşıyıcılarının təsərrüfat həyatının əsasını həyətyanı heyvandarlıq və toxa əkinçiliyi təşkil edirdi. Yarımköçəri həyat tərzi mənimsənilmişdi. Heyvandarlıq təsərrüfatının təməlində iri və xırda buynuzlu heyvanların, qismən də donuz və atların bəslənilməsi dururdu. Toxuculuq və dulusçuluq da inkişaf etmişdi. Çox güman ki, ticarət də yüksək səviyyədə olub. Belə ki, Maykopda istehsal edilən gümüş məmulatları uzun müddət Qafqazdan Altaya qədər geniş ərazilərdə çox qiymətləndirilib. Eyni zamanda Əfqanıstandan firuzə və lacivərd idxal edilirdi.
Bəzi kurqanlardan tapılmış dörd təkərli araba modelləri nəqliyyatın əsasını öküzə və ata qoşulmuş arabalar təşkil etdiyini söyləməyə əsas verir.