Böyük Maykop kurqanlarından tapılmış qızıl öküz fiquru Çox güman ki, Böyük Maykop kurqanında dəfn edilmiş şəxs yerli xan olmuş və Arslantəpədə oturan hökmdara – xaqana tabe olmuşdur. Bu, sadəcə bir ehtimaldır və nə qədər doğru olduğunu gələcək tədqiqatlar göstərəcək. Amma Maykopun və Arslantəpənin ayrıca müstəqil xanlıqlar ola biləcəkləri də istisna edilməməlidir.
Bu ehtimallardan hansının doğru olub-olmamasından asılı olmayaraq, bir şey şübhəsizdir ki, artıq erkən tunc dövründə prototürklər dövlətə və ya bir neçə dövlətə sahib idilər.
Qəbirdəki skelet böyrü üstə, bükülü vəziyyətdə idi. Baş tərəfi Cənub – Cənub-Şərq tərəfə istiqamətlənmişdi. Üstünə bol oxra səpilmişdi. Meyitin üstündən də altından da çox sayda qızıl lövhələr tapılmışdır. Bunlardan 37-si böyük, 31-i kiçik ölçülü aslan, 19-u kiçik öküz, 10-u beş ləçəkli çiçək, 38-i isə halqa idi. Onların dəfn edilmiş şəxsin geyiminə və ya bürünüldüyü bürüncəyə tikilmiş olduğu ehtimal edilir.
Qəbirdən çox sayda və müxtəlif ölçüdə biser, firuzə və qızıldan muncuq, eləcə də bir neçə qızıl düymə də aşkar edilmişdir.
Skeletin sağ tərəfində gümüşdən tam hamar şəkildə hazırlanmış 8 borucuq formalı dəstəkli əsa vardı. Onların uzunluğu 103 sm idi. Onlardan dördünün bir tərəfi qızıldan idi. O biri tərəfləri isə spiral şəkilli naxışla bəzədilmişdi. Çubuqların dördünün meyitə tərəf olan uclarına ayaqları yuxarı vəziyyətdə olan iri öküz fiqurları bərkidilmişdi. Bütünlüklə gümüşdən olan çubuqların başındakı öküzlər gümüşdən, bir tərəfi qızıldan olan çubuqların başındakı öküz fiqurları isə qızıldan idi. Onların yanında 3 yarımsferik formalı gümüş qalpaq (papaq) vardı.