Maykop mədəniyyətinə aid Gümüş (Serebryannıy) kurqandan tapılmış yonma naxışlı daş plitə «Maykoplu»lar ölülərini bir qayda olaraq kurqanlarda dəfn edirdilər. Ölülər qəbir kanerasına böyrü üstə, - əsasən sağ böyrü üstə, - bükülmüş vəziyyətdə qoyulardı. Qəbrə bol-bol oxra səpilərdi. Əksər kurqanlar tək dəfnli olsalar da, bəzən 2 ilə 5 nəfər arasında şəxsin bir yerdə basdırıldığı kollektiv dəfnlərə də rast gəlinir. Bir çox hallarda qəbirlərə ölü ilə birlikdə heyvanlar da qoyulardı (Кореневский С. Н.,, 2004, c. 15-21, 150-168; Трифонов В. А., Крайнева А. А., Зайцева Г. И., Плихт Х., Богомолов А. А., Бурова Н. Д., Семенцов А. А., Ришко С. А., 2013, с. 37-38).
Maykop kurqanlarından ən kiçiklərinin hündürlüyü təqribən 1m, böyüklərininki isə 6-12 m-dir. Üzərində kurqan örtyü olmayan qəbirlərə də rast gəlinib ki, onların mənşəyi barədə hələ ki vahid fikir yoxdur.
Kurqan örtükləri içərisində həm daşdan, həm də torpaqdan olanlara rast gəlinir. Onlar adətən girdə və konik formada olsalar da, üst hissəsi hamarlanmış və yastılanmış örtüklərə də rast gəlinir. Aypara formalı örtüklər də qeydə alınmışdır. Kurqan örtüklərinin altında bir qayda olaraq daş yığımına rast gəlinir və bu daş yığınları əksər hallarda aypara formasında olur. Yerdə çala şəklində qazılmış qəbir kameraları onların altında yerləşir. Lakin materikdə qurulmuş kameralar da az deyil. Meyitlərin xüsusi düzəldilmiş meydançalar qoyulduğu kurqanlara da rast gəlinir.
Qəbir kameralarının örtüyü adətən kərtilmiş ağacdan düzəldilirdi.
Bəzi kurqanların kamerası meqalitik quruluşa sahib olur və yanı üstə qoyulmuş daş pilitələrdən ibarət olurdu. Onların içərisində uşaqların dəfn edildiyi kiçik kameralara rast gəlindiyi kimi, nəhənglərinə də rast gəlinmişdir ki, bu tip abidələrə Kişpek və Nalçik kurqanlarını misal çəkmək olar (Кореневский С. Н.,, 2004, c. 15-21).