Sual: Bütün bu təzyiqlərə rəğmən, sizcə Salman Rüşdi məsələsinin həlli nədədir?
Cavab: Həlli çox sadədir. Bir cinayətkar cinayət törədibsə, dünyanın digər cinayətləri kimi cəzalandırılmalıdır. Demirik ki, bizə versinlər. İngiltərə müsəlmanlarına versinlər, onlar ilahi hökmü icra etsinlər. Bununla da məsələ həll olunub bitəcək. Bu, açılmaz düyün deyil. Bu düyünü açmağın yolu budur. İlahi ayələrdə və qəti İslam hökmlərində müəyyən cəzaya məhkum edilmiş bu məxluq ilahi hökm əsasında cəzalanmalıdır.1
Sual: Qərb nə üçün öz ölkələrində və İran İslam Respublikasında qadınların hicabı üzərində bu qədər həssaslıq göstərir?
Cavab: Qərbdə qadın və kişi əlaqələrinin məhdudiyyətsiz olması, qadın və kişi münasibətlərində hicabın və pərdənin olmaması adi hal və normal işdir. Qərb ölkələrində bütün kişilərin, yaxud qadınların pozğun olduqlarını demirik. Xeyr! Belə bir iddia etmir və böhtan yaxmırıq. Bu, doğru da deyil. Heç şübhəsiz, onların arasında yaxşı və təmiz kişi və qadınlar da var, lakin ümumilikdə Qərb cəmiyyətlərində cinsi azadlıq hakimdir. Bu, orada bir mədəniyyətdir. Qərb mədəniyyətində cinsi ehtirasların azadlığı halal, icazəli və qeyd-şərtsiz bir məsələdir.
Bəzi Qərb ölkələri bu məsələdə çox inkişaf etmiş, öz həyatlarını xəcalətli formalara salmışlar. Onlar buna peşman olmuşlar. Bu, Qərb ölkələrinin mütəfəkkir, siyasətçi, texnoloq və idarəçilərinin çarəsiz qaldığı və onlar üçün doğrudan da problem yaradan məsələdir.
Qərb bu mədəniyyəti, xarakter və adəti bütün ölkələrə ixrac etdi. Başqa ölkələrdə belə fəsad yox idi; İslam ölkələrində və hətta Şərqin qeyri-müsəlman ölkələrində də belə bir şey mövcud deyildi. Bunu qərblilər idxal etdilər.
İslam Respublikası Qərbin bu fəsadlarına qarşı mübarizə apardı, qadın və kişinin qeyd-şərtsiz münasibətlərini düzgün saymadığını, hicabı, qadın və kişi arasında münasibətlərin İslam çərçivəsində olmasını məqbul saydığını əvvəldən elan etdi və bunun üzərində təkidlə dayandı. Bəzilərinə görə, bu ikinci dərəcəli və xırda məsələdir. Halbuki səhv edirlər; bu çox əhəmiyyətli məsələdir.
Burada deyim ki, Qərb dövlətlərinin İslam Respublikasına qarşı güclü müxalifət və ədavətinin ən mühüm səbəblərindən biri budur. Onlar buna çox həssas yanaşırlar. Əgər İslam Respublikası bu məsələdə güzəştə gedib qadın və kişinin qeyri-sağlam münasibətlərinə dair özbaşına Qərb mədəniyyətinə yaşıl işıq yandırsaydı, Qərbin siyasi və qeyri-siyasi təşkilatlarının İslam Respublikasına qarşı bir çox fəaliyyətləri ya azalardı, ya da bitərdi.
Bilirsiniz ki, bir vaxt bizim ölkəmizdə hicab qadağan edildi, amma dünyada heç kim buna etiraz etmədi. Bizim qonşu ölkəmiz olan Türkiyədə hicaba qadağa qoydular, son zamanlara qədər bu ölkənin bəzi iqtidarları eyni ənənəni davam etdirdilər. Bunun nümunələri son illərdə də göründü, amma dünyada heç kim buna etirazını bildirmədi və bildirmir.
Özünü mütərəqqi sayan, insan haqlarına böyük önəm verdiyini iddia və reklam edən Avropa ölkələrində - yəni Fransa və İngiltərədə bir neçə müsəlman qadının İslam hicabı ilə gəzmələrinə və məktəblərə girmələrinə icazə vermədilər. Belə yerdə qadağa qoymağı və maneə yaratmağı düzgün bilir, bunda bir eyib görmürlər, amma cəmiyyətdə hicabı vacib bildiyi üçün hər yerdə İslam Respublikasına qarşı etiraz sərgiləyirlər. Əgər qadınların hər hansı bir geyim formasına müdaxilə etmək düzgün deyilsə, onların müdaxiləsi hicabı zəruri etməkdən də böyükdür. Çünki bu, təhlükəsizliyə daha yaxındır. Ən azı budur ki, bunlara eyni gözlə baxmaq lazımdır. Qərb isə belə etmir.
Qadınların geyim formasına müəyyən zəruri həddin qoyulduğu üçün Qərb İslam Respublikasını qınayır, kişi və qadının çılpaqlığının və hicabsızlığının icbari olduğu ölkələri isə tənqid etmir. Nə üçün? Çünki bu, Qərbin qəbul etdiyi mədəniyyətin ziddinədir. Onlar bu məsələ üzərində çox həssasdırlar.
Qərb spirtli içkilərin yayılmasına həssaslıq göstərir, onu xalqlarda və adət-ənənələrdə müsbət bir səciyyə kimi dəyərləndirir. Əgər bir ölkədə spirtli içkilər qadağan olunsa, istifadə edənlər üçün cəza tədbirləri nəzərdə tutulsa, həssaslıq göstərir və bunu mürtəcelik hesab edirlər. Spirtli içkilərin azad, icazəli olduğu, geniş yayıldığı, hökumətin ona qarşı çıxmadığı, hətta təbliğ etdiyi ölkələri isə alqışlayırlar.
Qərblilərə görə, Qərb mədəniyyətinə zidd olmadığı təqdirdə xalqı müxtəlif işlərə məcbur etmək mümkündür və bunun heç bir eybi yoxdur.1
Sual: İranlı qadının örnəyi necə olmalıdır? Qərb örnəklərindən nümunə götürmək qadınlar üçün hansı problemləri yarada bilər?
Cavab: Bugünkü dünyanın qadını örnək istəyir. Əgər onun örnəyi Zeynəb (ə) və Fatimeyi-Zəhra (ə) olsa, məsələləri düzgün anlayar, mövqeyi dərk etməkdə sayıqlıq, Allahın insanların üzərinə qoyduğu böyük vəzifələri yerinə yetirməkdə fədakarlıq göstərər, hər şeyindən keçməli olsa belə, ən yaxşı işləri seçər. Örnəyi Fatimeyi-Zəhra (ə), yaxud Zeynəb-Kübra (ə) olan müsəlman qadın belə olar.
Əgər qadın ancaq dəbdəbə, eyş-işrət və ötəri həvəslər barədə düşünsə, köksüz və təməlsiz duyğulara təslim olsa, bu yolu gedə bilməz. Hörümçək toru kimi yolçunun ayağına dolaşan bu bağları özündən uzaqlaşdırıb, o yolu getməlidir. İnqilab və müharibə dövründə olduğu kimi, iranlı qadından indi də bu işi görməsi gözlənilir.
Bu yolda iranlı qadının örnəyi deyilənlərdir. Zeynəb (ə) örnəkdir. Zeynəb (ə) elmsiz bir qadın deyildi, ən yüksək elmlərə, ən uca və xalis bilgilərə malik idi. İmam Hüseynin (ə) qızı, Zeynəbin (ə) qardaşı qızı və şagirdi olan və adını Kərbəlada eşitdiyiniz Səkinə-Kübra bu günə qədər bütün İslam tarixində ərəb ədəbiyyatının qabaqcıllarından biridir. Tədqiqat və araşdırma ilə məşğul olanlar baxa bilərlər. Hətta Zeynəbi (ə), onun və Səkinənin atasını qəbul etməyənlər də etiraf edirlər ki, Səkinə elm və bilgi məşəlidir.
Bu yolla getmək elmdən, dünyabaxışından, aydınlıqdan, məlumatlardan və normalardan uzaqlaşmaq demək deyil. Bunlar onların fövqündə durur. İslam qadını yolu düzgün gedən, məqsədi düzgün seçən və bu yolda fədakarlığa hazır olan qadındır. Belə bir qadın əzəmət yaradır; necə ki, İran qadınları yaratdılar. Bunlar kompliment deyil.
Qadınlar inqilaba qoşulmasaydılar, inqilab qələbə çalmazdı, gənclər inqilab sıralarına qoşulmaq üçün evdən çıxmazdılar, anaları qoymaz, ən azı, onları həvəsləndirməzdi. Qadınlar inqilaba könül verməsəydilər, kişilər belə azad şəkildə inqilab sıralarında canfəşanlıq göstərməzdilər. İnqilabda qadının həm birbaşa, həm də vasitəli rolu böyük və ümumilikdə birinci dərəcəlidir. Müharibədə də belə idi.
Mənim hörmətli şəhid ailələri ilə çoxlu görüşlərim olub. Az ailələrdə ananın ruhiyyəsi atanın ruhiyyəsindən yüksək olmayıb. Ailələrin əksəriyyətində şəhid anasında şəhid atasından artıq ruh yüksəkliyi olmuşdur. Bu, möhtəşəm bir haldır. Bu, inqilabın qələbəsi və inqilab məqsədlərinin əldə edilməsi üçün mübarizə aparan, hər şeyini öz ilahi və dini məqsəd və amallarına fəda edən mömin qadınların rolunu göstərir.
Qadın üçün bu rol düzgündür. Qadının qərbli və avropalı örnəyi bunun əksidir. Bunların ikisi bir yerə sığmaz. Belə deyil ki, avropalılar qadının alim olmasını istəyirlər, İslam isə istəmir; onlar qadının ictimai sahədə çalışmasını istəyirlər, İslam isə istəmir. Belə deyil. İslam böyük alim qadınlar yetişdirmişdir. Bu gün də öz cəmiyyətimizə baxsanız, qadınlardan ibarət mütəxəssis, alim, doktor, tədqiqatçı və böyük incəsənət xadimlərinin az olmadığını görərsiniz. Onların arasında dəyər yaradan, düşüncə və məktəb sahibi olan insanlar var. Siyasi səhnədə, icraçı və qanunverici orqanlarda da belədir. Qadınlar ölkənin bütün sahələrində fəal iştirak edirlər. Bizimlə onların, İslamla Qərbin dəyərlər sistemi arasında problem bunlar deyil. Mübahisə başqa bir məsələdədir.
Bugünkü Avropanın qadın modeli qədim Roma və Yunan modelindən qaynaqlanır. O zaman da qadın kişinin kef çəkməsi üçün alət və hər bir şey bu qaydaya tabe idi. Bu gün də bunu istəyirlər. Qərblilərin əsas sözü budur.
Onlar müsəlman qadının daha çox nəyi ilə düşməndirlər? Onun hicabı ilə. Onlar sizin bu çadranızla, düzgün və əsaslı hicabınızla hər şeydən artıq düşməndirlər. Nə üçün? Çünki onların mədəniyyəti bunu qəbul etmir. Avropalılar belədirlər. Onlar deyirlər ki, biz necə düşünürüksə, dünya da elə düşünməlidir; öz cahiliyyətlərini dünyanın mədəniyyətinə hakim etmək istəyirlər. Onlar qadını Avropa tərzində - modabaz, israfçı, xalqın gözü qarşısında bəzənən, cinsi məsələlərə oyuncaq görmək və bu amilləri cəmiyyətdə qadınların vasitəsi ilə yaymaq istəyirlər. Harada qərblilərin bu məqsədlərinə qarşı çıxsalar, fəryad qoparırlar. Bunlar həm də dözümsüzdürlər. Bu iddialı qərblilər özlərinin qəbul etdikləri əsaslara qarşı ən mülayim etiraza belə dözmürlər.
Əsl İslam cəmiyyətlərindən başqa bütün dünyanı öz təsirləri altına sala bilmişlər. Siz Afrikaya, Latın Amerikasına, Şərqi Asiyaya və digər yoxsul bölgələrə baxsanız, orada da öz örnəklərinə rəvac verdiklərini görərsiniz; eyni formada bəzənmək, eyni formada istehlakçılıq və qadının oyuncaq olması. Onların atəşinin toxunmadığı yeganə yer İslam cəmiyyətləri və birinci növbədə İslam Respublikasının böyük əhalisidir. Odur ki, buna qarşı güclü mübarizə aparırlar.
Bu gün siz qadınlar Qərb dünyasının cahil durumu qarşısında İslam dəyərlərinin keşikçilərisiniz. İslam mədəniyyətinin möhkəm qalasını qoruyan sizlərsiniz. Elmdə, mədəniyyətdə, siyasətdə - hər bir şeydə qadın İslam əsasında yetişməli, ictimai, iqtisadi və siyasi işlərdə öncül olmalı, ehtiraslı və cinsi məsələlərdə isə onun-bunun oyuncağına çevrilməməlidir. Bizim sözümüz budur.
İslam məktəbində qadın və kişi arasında bir qoruyucu və hicab vardır. Bunun mənası o deyil ki, qadınların kişilərdın fərqli bir aləmləri var. Xeyr! Onlar cəmiyyətdə, iş yerində birgə yaşayırlar, hər yerdə birgədirlər. İctimai problemləri qadın və kişilər birgə həll edirlər; müharibəni qadın və kişilər birgə edirlər və etdilər; ailəni birgə idarə edir və övlad böyüdürlər. Lakin ev və ailədən bayırdakı qoruyucu və hicab mütləq olmalıdır. Bu, İslam örnəyində əsas amildir. Əgər bu məsələyə riayət olunmasa, bu gün Qərbdə olan pozğunluq yaranacaq. Bu məsələyə riayət olunmasa, qadın müsəlman İranda görünən vəziyyətdən, yəni dəyərlərə sarı hərəkətdə öncüllükdən qalacaq. Qərblilər bütün gücləri ilə bu məsələyə təsir göstərmək istəyirlər; hər bir yerdə və hər bir kəsə qarşı bir yolla.
Məncə modabaqzlığa və dəbdəbəçiliyə meyl göstərmək, hər şeyin yenisini istəmək və kişilər qarşısında bəzənməkdə ifratçılıq bizim qadınlarımızın yoldan yayınmasının ən böyük amillərindən biridir. Qadınlar buna qarşı müqavimət göstərməlidirlər.
Qərblilər qadını öz istədikləri məxluqa çevirmək üçün daim yenilənən modalar düzəltməyə, gözləri, ürəkləri və düşüncələri belə zahiri və kiçik məsələlərlə qarışdırmağa möhtacdırlar. Bunlarla məşğul olan insan həqiqi dəyərlərə qovuşa bilərmi?! Bunlar haqqında düşünməyə macal da tapmaz. Özünü kişilərin diqqətini cəlb etməkdə alətə çevirmək istəyən qadın mənəvi saflıq haqqında düşünməyə macal taparmı?! Məgər bu mümkündür?! Onlar bunu istəyirlər. Onlar istəmirlər ki, üçüncü dünya ölkələrində qadınlar amalçı, aydın təfəkkürə və böyük məqsədlərə malik olub böyük məqsədlərə doğru hərəkət etsinlər, həyat yoldaşlarını və övladlarını da aparsınlar. Gənc qadınlar Qərb mədəniyyətinin və təfəkkürünün bu gözəgörünməz və çox təhlükəli kəməndindən ehtiyatlı olmalı, digər qadınları da bundan uzaqlaşdırmalı və çəkindirməlidirlər.1
Sual: Bu gün Qərb dünyası ailə böhranı ilə üz-üzədir. Bunun səbəbi nədir və çıxış yolunu nədə görürsünüz?
Cavab: Bu gün dünyada əsaslı bir problem olan ailə məsələsi haradan qaynaqlanır? Qadın məsələsinə baxış tərzindən, yaxud qadın və kişi əlaqələrinə baxışdan. Nə üçün bəşər varlığının təbii və köklü bir qurumu olan ailə indi dünyada bu qədər böhran içərisindədir? Belə ki, bugünkü dırnaqarası sivil Qərb dünyasında ailə təməlinin möhkəmləndirilməsinə dair kiminsə hətta çox yumşaq bir sözü də olsa, onu yaxşı qarşılayırlar; həm qadınlar yaxşı qarşılayırlar, həm kişilər, həm də uşaqlar. Siz dünyadakı ailə probleminin bu cəhətini, ailə məsələsində yaranmış böhranı düzgün və diqqətlə araşdırsanız, görərsiniz ki, bu, iki cinsin münasibətlərinə, birgəyaşayışına və qarşılıqlı əlaqələrinə aid məsələlərin həll olunmamasından, başqa sözlə desək, baxışın yanlış olmasından irəli gəlir. İndi biz kişilərin yürütdüyü fikirlər tərəfdə dayanıb deyirik ki, qadın məsələsinə baxış düzgün deyil. Ancaq əslində kişi məsələsinə baxış da düzgün deyil - fərqi yoxdur. Həmçinin iki cinsin tutduğu yer və mövqeyə baxış da yanlışdır.
Çoxlu çatışmazlıqlar və problemlər var. Çıxış yolu nədir? Çıxış yolu budur ki, biz ilahi yolları tapaq. Çünki vəhyin qadın və kişi haqda sözü mühüm məsələləri ehtiva edir. Görək vəhy bu barədə nə deyir. Vəhy təkcə moizə etməklə kifayətlənməmiş, nümunə də göstərmişdir. Allah-Taala mömin insanlar üçün tarixi bir misal göstərərək buyurur: “Allah iman gətirənlər üçün fironun xanımını misal vurur”.2 Allah fironun xanımını misal vurur. Həzrət Musanın (ə) zamanında iman uğrunda çalışıb fədakarlıq göstərən çoxlu insanlar vardı, Allah isə Fironun həyat yoldaşının adını çəkir. Bu nədən irəli gəlir? Allah-Taala qadınların tərəfini tutmaq istəyir? Yoxsa məqsəd başqa bir şeydir? Məqsəd budur: bu qadın mənəvi hərəkətdə elə zirvəyə çatıb ki, yalnız onu misal vurmaq olar, başqasını yox. Fironun həyat yoldaşı mövzusu tarixi baxımdan Fatimeyi-Zəhra (ə) və Məryəm-Kübra (ə) dövründən öncəyə aiddir. O nə peyğəmbərdir, nə peyğəmbər övladı, nə peyğəmbərin həyat yoldaşı, nə də hansısa bir peyğəmbərin ailə üzvü. Lakin bu xanımın mənəvi tərbiyəsi, inkişafı və uğuru elə bir həddə çatıb ki, Allah-Taala Quranda onu möminlərə nümunə göstərir.
Əlbəttə, onun əksi, yəni fəsadlı bir qadın nümunəsi də ortaya qoyulur. Allah ən pis insanlara nümunə göstərmək üçün buyurur: “Və Allah kafir olanlar üçün Nuh və Lutun xanımlarını misal vurur”1. Yenə də qadınları misal vurur. Nuh (ə) və Lutun (ə) dövründə çoxlu kafirlər, pis adamlar vardı, amma Quran onları misal çəkir.
Qadın cinsinə, onun ən yaxşı və ən pislərinə qarşı Allahın bu diqqəti nədən irəli gəlir? Bəlkə də Allah dünyanın ozamankı əhalisinin yanlış baxışına (təəssüf ki, bu gün də həmin baxış müəyyən həddə qalmışdır), öz qızlarını torpağa gömən Ərəbistan xalqının rəftarına, həmçinin o günün böyük imperiyaları olan Roma və İran kimi ölkələrin xalqlarının rəftarına işarə vurmaq istəyir.
Bugünkü Avropa mədəniyyətinin kökü qədim Roma mədəniyyətinə qayıdır. Yəni bu gün bütünlüklə Avropa və Qərb mədəniyyətinə və onun ardınca Amerika mədəniyyətinə hakim olan elementlər Roma imperiyasında mövcud olan qayda və prinsiplərdir. Bugünkü meyarlar onlardan ibarətdir. O zaman da qadınları böyük məqama ucaldıb hörmət edir, müxtəlif zinətlərlə bəzəyirdilər. Amma nə üçün? Kişidə mövcud olan ən aşağı və ən maddi bir hissi doyurmaq üçün. Bu, insana və qadına qarşı necə də böyük təhqirdir!
İranda da eynilə belə olmuşdur. Sasani şahlarının hərəmxanaları haqda məlumatınız var. Hərəmxana nə deməkdir? Hərəmxana - qadının təhqiri deməkdir. Bir kişi imkanı çatdığına görə özünü min qadın saxlamağa haqlı bilir. Əgər həmin şahın bütün xalqı da belə imkana malik olsaydı, hər biri öz qədərincə min, beş yüz, dörd yüz, yaxud iki yüz qadın saxlayardılar. Bu, qadına hansı baxışdan xəbər verir?
Belə bir dünyada əziz Peyğəmbər (s) elə bir qız tərbiyə edir ki, əlinin Allahın Peyğəmbəri (s) tərəfindən öpülməsinə layiq olur. Peyğəmbərin (s) Fatimeyi-Zəhranın (ə) əlini öpməsini duyğusal mənada izah etmək əsla düzgün deyil. Öz qızı olduğuna və onu sevdiyinə görə əlini öpdüyünü düşünmək çox səhv və çox kiçik yanaşmadır. Məgər belə bir dəyərli şəxsiyyət, özü də Allah vəhyinə və ilhamına arxalanan ədalətli və hikmətli bir insan əyilib qızının əlini öpər?! Xeyr! Burada məqsəd başqadır. Bu onu göstərir ki, bu gənc qız, dünyadan köçərkən on səkkizdən iyirmi beşə qədər - on səkkiz də deyiblər, iyirmi beş də - yaşı olan bu xanım insani paklığın zirvəsində durmuş və qeyri-adi bir şəxs olmuşdur. Bu, İslamın qadına baxışıdır.1
Sual: Qadının insani cəhətini inkişaf etdirmək üçün nə etmək lazımdır?
Cavab: Siz elmdə yüksək səviyyədə olan, lakin insani məsələlərdə və ictimai münasibətlərdə iki cinsdən biri olaraq pozğunluğa düşmüş bir qadını təsəvvür edin. Elə bilirsiniz bunun dəyəri var?! Düzdür, alim olan qadın müəyyən mənada bu pozğunluqlara daha az düçar olur. Savadsızlığın zərərlərindən biri budur ki, qadınları pozğunluğa daha çox çəkir. Lakin pozğunluq həddi məhdud bir hədd deyil.
Hətta yüksək elmi səviyyədə olan bir xanımda da əziz insani cəhətin qədri bilinməyə, - o cəhət kişidə də əzizdir, qadın və kişi bunu özlərində canlandırmaq üçün çalışıb elm və hikmət öyrənirlər - diqqət və hörmətdən kənarda qala bilər. Bunun dəyəri varmı?! Qadında və kişidə olan insani cəhət inkişaf etdirilməlidir. Bu bir dəyər məsələsidir.
Bizim cəmiyyətimizdə İslamın dəyər məsələləri dirçəlməlidir. Misal üçün, hicab bir dəyərdir. Daha yüksək məsələlərə giriş olmasına baxmayaraq, hicab məsələsinin özü bir dəyərdir. Bizim hicab üzərində bu qədər təkid göstərməyimiz ondan ötrüdür ki, hicabı qorumaq qadının öz uca mənəvi məqamına çatmasına və qarşısında yaradılmış çox təhlükəli uçurumlara yuvarlanmamasına kömək edir.
Bu mədəniyyətin tam əksi bugünkü Avropaya hakim olan Roma mədəniyyətidir. O, iki-üç şeydən başqa hər şeylə razılaşır. Onların biri və bəlkə də ən əhəmiyyətlisi qadın və kişi cinsi arasında qanun-qaydalı məsafənin qorunması, başqa sözlə desək, Qərbdə cinsi azadlıq adlandırılan məsələnin əksi olan dözümlülükdür. Onlar buna qarşı çox kəskin mövqe seçirlər, başqa məsələlər önəmli deyil. Onlara görə mürtəce bu amil üzərində dayanan şəxsdir. Bir ölkədə müəyyən qaydalarla qadınla kişi arasında pərdənin olması mədəniyyətə ziddir! Doğru deyirlər. Onların Roma sivilizasiyasının xarabalıqları üzərində qurduqları mədəniyyət bundan başqa bir şey deyil. Dəyər baxımından isə yanlış, əksi isə düzgündür.
Biz qədim zamanlardan indiyə qədər qadını bu qədər təhqirə məruz qoyan Qərb dünyasına qarşı tələbkarıq. Siz baxın, Avropada və Qərb ölkələrində bir müddət öncəyə qədər qadınların müstəqil əmlak hüququ yox idi. Mən bir dəfə buna dair dəqiq statistika çıxardım və bir söhbətdə - deyəsən dörd-beş il bundan öncəki cümə namazında söylədim. Bu gün irəli sürülən bütün iddialara, Qərbdə günbəgün daha artıq müşahidə olunan maraqlı və qəribə hicab qadağasına, sonsuz və nəzarətsiz cinsi qarışmalara baxmayaraq, - elə bilirlər ki, bu, qadına hörmət və dəyərdir - iyirminci əsrin əvvəllərinə qədər qərbli qadının özünə aid olan sərvətdən azad istifadə etmək haqqı olmamış, əri qarşısında özünün şəxsi əmlakına sahib sayılmamışdır. Bir qadın ərə getdikdə onun sərvəti və bütün mülkü ərinin ixtiyarına keçirdi, ondan istifadə etməyə haqqı çatmırdı. Nəhayət iyirminci əsrin əvvələrində tədricən qadınlara mülkiyyət hüququ, iş hüququ verildi. Yəni qadın ən elementar insan haqlarından məhrum idi. Digər tərəfdən, İslamda da hörmət olunan sözügedən həqiqi dəyərlərin tam əks tərəfi üzərində daha çox təkid olundu. Bizim hicab barədə bu qədər təkidimizin səbəbi budur.
Bizcə, qadın geyimi haqqında edilən söhbətlər çox yaxşıdır. Lakin diqqətli olmaq lazımdır ki, bu sahədə heç bir məsələ Qərbin təbliğat hücumundan təsirlənməsin. Ondan təsirlənsə, zərərli olacaq. Məsələn, deyək ki, hicab olsun, amma çadra olmasın. Bu yanlış fikirdir. Əlbəttə, hicablı qadın üçün çadranın yeganə geyim növü olduğunu demək istəmirəm. Xeyr! Mən deyirəm çadra hicabın ən yaxşı növüdür, bizim milli əlamətimizdir, heç bir eybi də yoxdur və qadının heç bir fəaliyyəti ilə ziddiyyət təşkil etmir. Əgər həqiqətən ictimai-siyasi işlər görmək və elmi fəaliyyətlər göstərmək istəsə, çadra qadının rəsmi geyimi ola bilər. Qeyd etdiyim kimi, çadra hicabın ən yaxşı növüdür.
Düzdür, çadrasız da hicablı olmaq mümkündür, lakin onun sərhədlərini mütləq müəyyənləşdirmək, tapmaq lazımdır. Bəziləri Qərbin əks-təbliğatından qurtulmaq üçün çadradan qaçırlar. Amma bu zaman həqiqi hicaba üz tutmurlar. Çünki Qərb ona da hücum edir.
Siz elə bilirsiniz biz çadranı kənara qoysaq, məsələn, Qurani-kərimdə də göstərilən1 paltar və örpəklərdən istifadə etsək, bizdən əl çəkəcəklər?! Xeyr! Onlar bununla qane olmayacaqlar. Onlar öz çirkin mədəniyyətlərinin burada eynilə şah dövründə olduğu kimi hakim olmasını istəyirlər. O zaman qadının ümumiyyətlə hicabı yox idi. Hətta bu yerlərdə növbə belə işlərə çatanda pozğunluq daha çox olur. Şah dövründə bu Tehranda və ölkəmizin başqa şəhərlərində olan pozğunluq Avropa şəhərlərindən çox idi. Avropada adi qadının paltarı və geyimi vardı, burada isə elə deyildi. Biz gördüklərimiz, eşitdiklərimiz, bildiklərimiz və indi o zamandan mənim yadımda qalan mənzərələr haqda düşündükdə, insan doğrudan da təəccüblənir ki, nə üçün belə olmalıdır. Çox təəssüf ki, bu gün geriqalmış müsəlman və qeyri-müsəlman ölkələrinin çoxunda vəziyyət eynilə belədir. Buna görə də, dəyər məsələlərinə çox diqqətlə, həssaslıqla və geri çəkilmədən riayət etmək lazımdır.1
Dostları ilə paylaş: |