Sual: Sizcə dəyərləri qorumaq və bugünkü gənclərdə müharibə dövrünün mənəvi ab-havasını yaratmaq üçün nə etmək olar?
Cavab: İmam Xomeyni 81, yaxud 82-ci ildə Bostanın fəthi zamanı etdiyi müraciətində "ən böyük zəfər" ifadəsini işlətdi. Bəzi şəxslər elə bildilər ki, ən böyük zəfər Bostan uğrunda döyüşdür, amma imam bunu nəzərdə tutmurdu. İmam deyirdi ki, ən böyük zəfər belə ayıq canları fəth etmək, belə insanlar yetişdirməkdir. Doğrudan da İslam Respublikasının ən böyük qələbəsi gəncləri ruhi əzəmət və yüksəlişin belə zirvəsinə çatdırmaq idi. Onlar özlərinə güvənib möhkəm dayandılar, dünyanın güclü və yekdil hücumu qarşısında öz ölkələrini, varlıqlarını və İslamı müdafiə edə bildilər. Onun bir nümunəsi məcburi müharibə idi. Biz indi də dünyanın hücumuna məruz qalırıq.
Mən meydana yeni qoşulmuş və hər yerdən bixəbər olan - ən yaxşı halda bixəbər, pis halda isə qərəzlidirlər - bəzi mətbu orqanlarını, qəzetləri və insanları görürəm. Onlar elə bilirlər ki, ölkəni inqilabdan öncəki pozğunluğa qaytarmaq bir hünərdir. Onlar buna çalışırlar. Nə qədər nadanlıq, nə qədər təəssüflüdür! Bizim gənclərimiz gənclik dövründə özlərini ölkənin tutulduğu keylikdən xilas edə bildilər; hərəkət edib İranı qurtardılar. İran əldən çıxmışdı, biz itmiş, əl-ayaq altda əzilmişdik. Qərbin sözün həqiqi mənasında iqtisadi və siyasi istismarçılığa, müstəmləkəçiliyə giriş olan mədəni çirkab seli bizi həqiqətən məhv etmişdi. İnqilabın və İslamın qüdrətli əli həmin gənclərin vasitəsi ilə ölkəni xilas etdi. Bəzi qüvvələr bu fəxrli dövrü unutdurmaq, xalqı qabaqkı keyliyə qaytarmaq istəyirlər. Bunu kim istəyir? Bunu ölkənin və xalqın düşmənləri istəyirlər.
Zənnimcə, bunu bəlkə də bir çıxışımda demişəm: Bu yaxınlarda, bayramdan öncə Amerika jurnallarının birində məşhur bir amerikalı yazar tərəfindən baş məqalə yazılmışdı. Xülasəsi bu idi ki, İran kimi - əlbəttə, o pis ifadə işlətmişdi, misal üçün, qanuna məhəl qoymayan - ölkələrlə mübarizə aparmaq üçün hərbi və iqtisadi yollardan istifadə edə bilmərik. Bunlar sınanmış və iflasa uğramış yollardır. Biz mədəni yollardan istifadə etməliyik. O, açıq-aşkar hansı işlərin görülməli olduğunu da yazır. Həmin səhifənin ortasında tam çılpaq bir qadın şəkli vurub deyir ki, onlara qalib gəlmək üçün bunları yaymalıyıq. Doğru da deyir. Yolu budur. Təəssüf ki, bəzi şəxslər ölkədə nə iş gördüklərini anlamırlar. Əlbəttə, Allahın gücü və qüvvəsi ilə qoymayacağıq və bacarmayacaqlar. Biz onların bu ölkəyə və bu inqilaba xəyanət edib onu bitirmələrinə icazə vermərik. Lakin başlarında bu həvəs var. Xalqı ölkənin ozamankı bədbəxt və fəlakətli vəziyyətinə qaytarmaq istəyirlər.
Mənim fikrimcə, bizim gənclərimiz bu gün də dindar, mömin və pakdırlar. Siz bizim universitetlərimizə, laboratoriyalarımıza, ölkənin şəraitinə baxın. Siz görün inqilabın qələbəsinin ildönümündə, yaxud Qüds günündə yürüşdə sel kimi küçələrə axışan bu əhalinin əksəriyyəti kimlərdir. Onların əksəriyyəti gənclərdən ibarətdir. Həmin ilahi ruh, ilahi duyğu və coşqu hələ də ölkədə var və təsirlidir. Bu hisslər ölkəni yenə də qurtuluş sahilinə çatdıracaq.
İndinin özündə, şübhəsiz ki, bizim iqtisadi və digər problemlərimiz var. Bunlar bir gün bitəcək. Lakin bu problemləri bitirəcək amil mənəvi hisslərdən, İslama və inqilaba üz tutmaqdan başqa bir şey olmayacaq. Yenə də ölkəni həmin gənc qız və oğlanlar xilas edəcəklər. Mən dəfələrlə demişəm ki, gənc nəsil çətin dövrlərin və böyük problemlərin açarıdır. Meydana atıldıqda - Allaha şükür olsun ki, bu gün də meydandadır - xırda və çətin düyünlər açılacaq. Bizim gənclərimiz mömin və dindardırlar, ölkələrini və İslamı sevirlər, Amerikanın və əcnəbinin hökmranlığına qarşıdırlar. Bunun özü işini görəcək. Apardıqları təxribatlar və hazırladıqları hiylələr inşallah heç bir təsir bağışlamayacaq. Allah da kömək edəcək. Həzrət Bəqiyyətullah – yəni İmam Mehdi (ə) də inşallah bu yolun, bu işin və bu gənclərin dayağı olacaq.
Sonda bir məqamı da xatırlatmaq istəyirəm. Gənclərin gördüyü işlər kiçik işlər deyil. Mənim dediyim bu işlər - dərs oxumaq, tədqiqat aparmaq, incəsənət və idmanla məşğul olmaq kiçik işlər deyil. Mən xahiş edirəm bu işləri görən şəxs onların kiçik olduğunu düşünməsin. Xeyr! Bu iş ölkə miqyasında təyinedici bir amilə çevrilir. Fərz edin bir sənətkar təklikdə dəyərli bir sənət işi yaratmaq qərarına gəlir. O deyə bilməz ki, mən fərdi bir iş görürəm, özüm tənhayam və bu iş kiçikdir. Xeyr! Siz işinizi yaxşı görsəniz, başqa yüz nəfər də sizin kimi fikirləşsə, həmin möhtəşəm inkişaf və böyük iş baş tutar. İdman məsələsində də eynilə belədir, dərs oxumaqda, tədqiqatda da. Gənclərin xüsusi işlərində də belədir. Bu eynilə yürüş günü kimidir. Əgər hamı "bir nəfər nəyi dəyişdirər ki?" – deyib yürüşə çıxmasa, o zaman İslam inqilabının qələbəsi günündə, yaxud cümə namazında belə milyonluq izdiham əmələ gəlməz. Lakin bizdə hər kəs öz vəzifəsini yerinə yetirməyə çalışır. Mən təkid və təkrar etmək istəyirəm ki, bu gənclərin - Quran, məlumatlar, maarifçilik sahəsində çalışanların, hövzədə, universitetdə işləyənlərin, kitab yazanların, hər hansı sahədə çalışanların hər birinin işi mühüm və ölkəni ucaldacaq işdir.1
Dostları ilə paylaş: |