Sual: Siyasi cinah və şəxsiyyətlər düşmən qarşısında necə fəaliyyət göstərirlər? Cinahların uyğun əməllərini təqdir edirsinizmi?
Cavab: Mənim ölkədəki siyasi cinahlara və siyasi şəxsiyyətlərə bugünkü və daimi sözüm budur: Düşmənə özünüzü elə göstərməyin ki, sizin vasitənizlə inqilabın qəlbində dəlik açıb öz təsirini genişləndirə bilməsini hiss etsin. Mən məhz buna görə hərdən bəzi şəxslərdən, yaxud bəzi mətbu orqanlarından gileylənmişəm. Onlar elə bir iş görməsinlər ki, düşmən quruluşun içinə yol tapıb öz nüfuzlarını genişləndirə bilməsini hiss etsin. Dedik ki, onun nüfuzu nə qədər çox olsa, milli şərəf, iqtidar və ölkənin gələcəyinin təmin olunması işi zəifləyəcək. Kimsə düşmənə hər hansı imkan yaradırsa, kimsə Amerikaya qarşı düşmənliyin elan olunması günü olan 13 Abanı Amerika qarşısında zəlillik gününə çevirmək istəyirsə, kimsə milli birliyi möhkəmlətmək əvəzinə həmişə təfriqə haqda düşünürsə, düşmənin nüfuzuna şərait yaradır. Deməli, bu şəxs milli birliyin, milli maraqların tərəfdarı olduğunu iddia edə bilməz. İslam quruluşunda bir qrup insanın düşmənə sevgi bəsləməsi çox pis haldır. Bununla kifayətlənməyib onun sözlərini təkrarlayır; bununla da kifayətlənməyib quruluşun müqəddəslərini sual altına salırlar; bununla da kifayətlənməyib düşmənin istədiyi işi görürlər. Yəni birinci şərt olan xalqın imanını sarsıdır, gənclərin qəlbindəki qorxmazlığı və özünəinamı məhv edir, dəhnə götürüb bu quruluşa vurur, onda dəlik açmaq istəyirlər. Bu işləri görürlər, sonra da quruluş onlara qarşı tədbir görür və qanuna uyğun olaraq onları cinayətkar elan edir. İslam quruluşunda cinayətkar olmaq əbədi ləkədir; təbii ki, tövbə edib vurduğu ziyanı aradan qaldıran, yaratdığı qaranlığı aydınlaşdıran, keçmiş səhvini düzəldən şəxsdən başqa. O zaman Allah-Taala ondan keçər və onun cinayəti yaxşılığa çevrilər. Amma nə qədər ki, bu işləri görməyib, bir cinayətkardır. Cinayətkar sayılandan sonra kimlərsə qanunun ziddinə olaraq bu cinayətkarı müdafiə etməyə başlayırlar. Bu, ən pis işlərdəndir. Bir ölkədə ən pis hallardan biri ölkənin müxtəlif orqanlarının bir-birini ittiham etməsidir. Bu mənasızdır, ölkəni idarə edən qurumların birliyini sarsıdır. Bir təşkilat o zaman ideal işləyə bilər ki, şöbələr bir-birini tamamlasın, bir-birinə kömək göstərsin; nəinki birinin fikri-zikri o birini gözdən salmaq, o birinin fikri-zikri də başqa birisini məhv və bədnam etmək olsun. Belə olmaz! Cinayətkar cinayətkardır. Düzdür, öz cinayəti qədərincə cinayətkardır, artıq yox. Bütün cinayətlər eyni deyil. Bir cinayət, pis bir iş bütün yaxşı işləri məhv edə bilməz. Xeyr! Belə deyil. Lakin cinayət cinayət sayılmalıdır.1