Sual: Vətəndaşların Nəzarət Şurası tərəfindən öz təbii haqları olan seçilmə hüququndan məhrum edilməsi xalqın quruluşa etimadsızlığına bais olmurmu?
Cavab: Mənim cavabım budur ki, xeyr, olmur. Səlahiyyətə nəzarət qanunda nəzərdə tutulmuş məsələdir və heç kim qanuna əməl olunmasından şikayət etməməlidir. Nəzarət Şurasının bu işi qanun çərçivəsindədir, konstitusiyaya əsaslanır. Bunun kökü konstitusiyadadır və digər qanunlarda da təsdiq olunmuşdur. Bu nəzarət adi vətəndaşlar üçün deyil. Bu, zərərli, pis və ləyaqətsiz bir insanın həssas mərkəzlərə daxil ola bilməməsi üçündür. Bu nəzarət təkcə parlamentə aid deyil, prezidentə də şamil olur. Siz təsəvvür edin, xarici ölkələr tərəfindən dəstəklənən, ixtiyarında çoxlu pul olan, özünü müxtəlif şəkillərdə bəzəyən peşəkar bir fırıldaqçı namizədliyini irəli sürsə, xalqın çoxunu aldatmağı bacarsa və prezident olsa, bu məmləkətin vəziyyəti necə olar?! Səlahiyyətə nəzarət onun üçündür ki, ölkə qanunlarına əsasən bu həssas vəzifələrə - istər parlamentə, istər prezidentliyə, yaxud bu şuranın nəzarətində olan başqa yerlərə, məsələn Dini Ekspertlər Məclisinə daxil olmaq səlahiyyətinə malik olmayan şəxslərin qarşısı alınsın, onlar bu həssas mərkəzlərə yol tapa bilməsinlər. Səlahiyyətə nəzarət yaxşı bir şeydir, pis deyil. Tənqid edənlərin və irad bildirənlərin iddiası budur ki, Nəzarət Şurası kimisə rədd, yaxud təsdiq edəndə siyasi görüşləri nəzərə alır. Sözsüz ki, bu doğru deyil. Nəzarət Şurasında çalışanların özləri bunu həmişə inkar etmişlər. Mən də onların işinə yaxından şahid olduğum qədərincə, belə bir şey hiss etməmişəm. Ola bilsin kimsə nə vaxtsa bir məsələni düzgün anlamayıb və səhvə yol verib. Bu başqa məsələdir.1