Elə oradaca Zəkəriyya Rəbbinə dua edərək dedi: “Ey Rəbbim! Öz tərəfindən mənə pak bir nəsil bəxş et! Şübhəsiz ki, Sən duaları Eşidənsən”.
O, mehrabda durub namaz qılarkən mələklər onu çağırdılar: “Allah səni, Allah tərəfindən olan Kəlməni təsdiq edən, (qövmünün) ağası, nəfsinə hakim və əməlisalehlərdən bir peyğəmbər olacaq Yəhya ilə müjdələyir”.
O dedi: “Ey Rəbbim! Qocalıq məni haqladığı vaxt, zövcəm də sonsuz ikən mənim necə oğlum ola bilər?” (Allah) dedi: “Allah beləcə istədiyini edər”.
O dedi: “Ey Rəbbim! Mənim üçün bir əlamət təyin et”. (Allah) dedi: “Sənin əlamətin, üç gün insanlarla ancaq işarə ilə danışmaq olacaqdır. (Həmin vaxtda) Rəbbini çox yad et və səhər-axşam (Onun şəninə) təriflər de!” (“Ali-İmran”, 37-41).
Həzrət Yəhyanın (ə) adına sadəcə dini kitablarda deyil, dövrün tarixi salnamələrində də rast gəlinməkdədir. Məsələn, İosif Flaviy (b.e. 37-100) özünün “Yəhudilərin qədim tarixi” adlı əsərinin XVIII kitabının 5-ci fəslinin, 2-ci bölümündə ondan Vəftizçi İohann adı ilə bəhs edərək yazır:
“İndi yəhudilərin bəziləri qeyd edirlər ki, Herodun ordusunun məhv edilməsi Tanrıdan gəlmişdir və bu onun Vəftizçi adlandırılan İohanna qarşı etdiklərindən sonra çox ədalətlidir; Heroda görə, yəhudilərə yaxşı işlər görməyi, bir-birinə və Tanrıya qarşı ədalətli olmağı, vəftiz olunmağı məsləhət göstərən və yaxşı adam olan İohannı öldürdülər; o, sudan bədənin yox, ruhun yuyulması və günahlardan təmizlənməs üçün istifadə edirdi; insanlara günahlardan təmizlənmələri haqqında xoş xəbər verirdi. İnsanlar dəstə-dəstə onun sözlərini eşitmək üçün gəlirdilər. İohannın xalq üzərində təsirinin təhlükəli ola biləcəyi və ya xalqın onun sözü ilə üsyan qaldıracağından qorxan (çünki, insanlar İohannın dediyi hər şeyi etməyə hazır idilər) qorxan Herod, qərara gəldi ki, məsələni birdəfəlik həll etmək üçün İohann öldürülməlidir və o, özünü çox da əziyyətə salmayaraq, bu işi sonradan tövbə edə biləcək bir adama həvalə edir. Buna görə də, o, Herodun şübhəli xasiyyətinə görə, əvvəl qeyd etdiyim Maheron qalasına göndərilir və burda da edam edilir. İndi yəhudilər qeyd edirlər ki, Herodun ordusunun məhv edilməsi, onun törətdiyi bu günah əməllə bağlıdır və Tanrının ədalətinin zühurudur".
Həzrət Yəhyanın (ə) adı Əhdi-Cədiddə də bir neçə dəfə keçir. Bu baxımdan Mark İncilinin 1-ci fəslində söylənilənlər maraq kəsb edir:
Əşiya peyğəmbər belə yazmışdır: «(Sənin qabağınca Öz elçimi göndərirəm, o, sənin yolunu hazırlayacaq.) Çöllükdə kimsə qışqırır: “Yehova üçün yol hazırlayın! Onun yollarını hamarlayın”».
Beləcə, Vəftizçi Yəhya çöllükdə günahların bağışlanması üçün tövbə rəmzi olan vəftizi təbliğ edirdi. Bütün Yəhudiyyə və Yerusəlim əhli onun yanına axışırdı. İnsanlar günahlarını açıq-aşkar boynuna alırdı, Yəhya da onları İordan çayında vəftiz edirdi.
Yəhya dəvə yunundan paltar geyir, belinə dəri qurşaq bağlayırdı,+ çəyirtkə və çöl balı ilə qidalanırdı. O təbliğ edərək deyirdi: «Mənim arxamca məndən güclüsü gəlir. Mən əyilib onun səndəlinin bağını açmağa belə, layiq deyiləm. Mən sizi su ilə vəftiz etdim, o isə sizi müqəddəs ruhla vəftiz edəcək».
O günlərdə İsa Cəlilənin Nasirə şəhərindən gəlib Yəhya tərəfindən İordan çayında vəftiz olundu. İsa sudan çıxar-çıxmaz göylərin açıldığını və müqəddəs ruhun göyərçin kimi üzərinə endiyini gördü. Həmçinin göydən bir səs gəldi: «Sən Mənim sevimli Oğlumsan. Səndən çox razıyam».
Dostları ilə paylaş: |