Sual: 304. Necə ola bilər ki, imam aramızda olsun, amma biz onu tanımayaq?
Cavab: Həzrət Mehdinin (ə) böyük qeyb dövründəki məxfiliyi barədə iki nəzəriyyə var:
Nəzəriyyələrdən birinə əsasən həzrət Mehdi (ə) şəxsən məxfidir. Yəni o bizdən uzaqdadır, kimsənin əli çatmayan yerdə yaşayır.
İkinci nəzəriyyəyə əsasən, həzrət Mehdi (ə) şəxs olaraq məxfi deyil. O bizim aramızdadır, amma biz onu tanımırıq. İkinci nəzəriyyə bir növ ünvanın məxfiliyindən ibarətdir.
Sual: 305. Həzrət Mehdinin (ə) varlığına imanı necə gücləndirmək olar?
Cavab: Bu istiqamətdə imanı gücləndirmək üçün bir neçə yol var:
1. Əqli dəlilləri araşdırmaqla həzrət Mehdinin (ə) mövcudluğuna imanı gücləndirmək olar.
2. Quran ayələrini və rəvayətləri araşdırmaqla həzrət Mehdinin (ə) mövcudluğuna dərin iman əldə etmək olar.
3. Həzrət Mehdinin (ə) hüzurunda olmuş, onunla görüşmüş insanların haqqında mütaliə etməklə insan uyğun istiqamətdə imanını gücləndirə bilər.
4. Həzrətə xitabən tərtib olunmuş bu duaları oxumaqla onun mövcudluğuna iman güclənə bilər.
Sual: 306. Sahibəzzaman qeyb dövründə xalqı necə hidayət edir?
Cavab: 1. Təşrii hidayət (şəriət yolu ilə tərbiyə): Xalq üçün şəri hökmlərin və ilahi maarifin bəyanı. Bu növ hidayət adətən imamın iştirakı ilə təmin olunur.
2. Batini hidayət: Belə bir hidayət insana daxili yardımlarla müşayiət olunur. Bu hidayət təkvini hidayət növüdür və onun gerçəkləşməsi üçün imamın hüzuruna, xalqla görüşünə ehtiyac yoxdur. İmam qeybdə ola-ola batini hidayət gerçəkləşə bilər. Daxilində təlatüm qopmuş insanlar Allahın iradəsi ilə Sahibəzzaman nahiyəsindən qəlbən hidayət olur.
3. Şiələr həzrət Mehdinin (ə) bir çox başqa hidayətlərindən də bəhrələnir. Yol azanlara bələdçilik, xəstələrə şəfa bu qəbildəndir.
Dostları ilə paylaş: |