AYƏ 90:
﴿ يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ إِنَّمَا الْخَمْرُ وَالْمَيْسِرُ وَالأَنصَابُ وَالأَزْلاَمُ رِجْسٌ مِّنْ عَمَلِ الشَّيْطَانِ فَاجْتَنِبُوهُ لَعَلَّكُمْ تُفْلِحُونَ ﴾
TƏRCÜMƏ:
«Ey iman gətirənlər, həqiqətən şərab, qumar və asılmış bütlər(ə ibadət etmək, onlar üçün qurban kəsmək və həmin qurbanın ətindən yemək) və qumardakı püşk oxları nəcis və murdardır və Şeytanın ixtiralarındandır. Buna görə də onlardan çəkinin, bəlkə nicat tapasınız.»
TƏFSİR:
Ərəblərin şerə, şəraba və müharibəyə çox maraqları var idi. Ona görə də şərab tədricən, mərhələ-mərhələ qadağan olundu. Əvvəlcə «Nəhl» surəsinin 67-ci ayəsi nazil oldu və buyurdu ki, xurmadan və üzümdən həm ruzi hazırlanır, həm də məstedicidir.
Sonra isə, «Bəqərə» surəsinin 219-cu ayəsində qumar və şərabın zahiri mənfəətlərinə işarə edilir və onun günahlarının daha çox olduğu qeyd olunur. Daha sonra isə «Nisa» surəsinin 43-cü ayəsində məst halda namaz qılmaq qadağan edildi.
Daha sonra yuxarıdakı ayə nazil olub bu işin çirkin, şeytani əməl və haram olduğunu göstərdi.1
«Xəmr» örtmək, gizlətmək mənasına olan «xumur»la eyni kökdən alınmışdır, qadınların başına bağladıqları şeyə «ximar» deyilir (cəm forması «xumur»). Çünki bu qadınların saçlarını örtdüyü kimi, şərab da insanın əqlini örtür, pərdələyir.
«Məysir» asanlıq mənasına olan «yusr» kökündən alınmışdır. Çünki qumarda şəxslər zəhmət çəkmədən çoxlu pul əldə edirlər. «Əzlam» da bir püşk atma növüdür ki, cahiliyyət dövründə yayılan çubuq vasitəsilə edilirdi.
İNCƏ MƏTLƏBLƏR
1. İmanla şərab içmək bir-biri ilə uyğun gəlmir.
2. Şərab və qumar bütpərəstliklə eyni səviyyədədir.
(Hədisdə qeyd olunur ki, «şərab içən bütpərəst kimidir».)
3. İslamın əmr etdiyi və qadağan buyurduğu heç bir şey hikmətsiz və dəlilsiz deyildir.
4. Mömin şəxs şərab içməməkdən əlavə şərab qoyulan süfrəyə belə yaxın düşməməlidir. Çünki insanların səadətində sağlam qidanın çox təsiri vardır.2
Buna əsasən, şərabdan çəkinməlisiniz ki, düz yola hidayət olunub qurtuluşa nail olasınız.
AYƏ 91:
﴿ إِنَّمَا يُرِيدُ الشَّيْطَانُ أَن يُوقِعَ بَيْنَكُمُ الْعَدَاوَةَ وَالْبَغْضَاء فِي الْخَمْرِ وَالْمَيْسِرِ وَيَصُدَّكُمْ عَن ذِكْرِ اللّهِ وَعَنِ الصَّلاَةِ فَهَلْ أَنتُم مُّنتَهُونَ ﴾
TƏRCÜMƏ:
«Həqiqətən Şeytan şərab və qumarla (sizi onlara aludə edib onların düşkünü etməklə) aranızda düşmənçilik və kin salmaq və sizi Allahın zikrindən və namazdan saxlamaq istəyir. Belə isə əl çəkəcəksinizmi?»
TƏFSİR:
Mövcud faktlara əsasən qətl, qəza hadisələri, təlaq (boşanma) halları, ruhi və böyrək xəstəlikləri və s.-nin çoxu şərabdan yaranır. Buna baxmayaraq, Qurani-Kərim onun haram edilməsinin fəlsəfəsi kimi iki əsas məsələni irəli çəkir: biri ictimai zərər (insanların bir-birinə ədavət bəsləməsi), digəri isə mənəvi zərərdir (namazdan və Allahı yad etməkdən qafil olmaq).
İNCƏ MƏTLƏBLƏR
1. Hökmlərin fəlsəfəsinin bəyan edilməsi sözün təsir qoyması amillərindən biridir.
2. Kin-küdurət yaradan bütün amillərlə mübarizə aparmaq lazımdır.
3. Camaat arasında ədavət və kin-küdurətin yaranmasına səbəb olan hər kəs və hər bir hərəkət şeytani hərəkətdir.
4. Namazdan və Allahı yad etməkdən qafil olmağa, əqlin aradan getməsinə səbəb olan hər bir iş qumar və şərab kimi bəyənilməzdir.
5. Hər yerdə kin-küdurət və ədavət olsa, yaxşı olar ki, onun maddi mənfəətlərindən imtina edilsin. (Şərabda və qumarda mənfəət də vardır, lakin qoyduğu pis təsirlərə görə haram edilir.)
6. Ruhi və mənəvi zərərlər maddi və fiziki zərərlərdən daha ağırdır (halbuki şərabın cismi zərəri də vardır. Lakin bu məsələdə ədavət və qəflətlə əlaqədar təkid edilir).
Buna əsasən, şərab içmək və qumar oynamaq insanların həm axirətdəki, həm də dünyadakı xeyir və məsləhətlərinə görə qadağan edilmişdir. İbn Abbas deyir: “Bu ayədə məqsəd Səd ibn Əbi Vəqqas və ənsardan olan bir kişidir. Onlar bir-biri ilə əhd bağlamışdılar. Ənsardan olan kişi Sədi qonaqlığa çağırdı və təam süfrəsində şərab qoydu, məst oluncaya qədər yeyib-içdilər. Bu zaman hər biri digərinə öyünməyə başladı, iş onların arasında dava-dalaşa gətirib çıxartdı. Ənsardan olan kişi yekə bir sümük parçasını götürüb Sədin burnuna elə çırpdı ki, burnu sındı. Mütəal Allah bu ayəni onların barəsində nazil etdi və buyurdu ki, şeytan sizi aldadaraq əqlin cilovunu əlinizdən almaq, şərab içməyə və bununla da adi halda yerinə yetirmədiyiniz işlərə vadar etmək istəyir.”
Qütadə deyir: “Bəziləri mal-dövlətlərini və hətta həyat yoldaşını belə qumara qoyur, nəhayət bunları uduzaraq qəm-qüssə çəkirdilər və rəqiblərindən intiqam almaq üçün tədbir tökürdülər.”
Beləliklə, qumarın kin-küdurət və ədavətdən başqa heç bir nəticəsi olmur. Şeytan bu yolla sizi Allahı yad etməkdən yayındırmaq istəyir ki, Onun nemətlərinin şükrünü yerinə yetirməyəsiniz. O sizi dinin möhkəm sütunu olan namazdan qafil edir, belə isə Allaha itaət edin və Onun qadağanlarını görməməzliyə vurmayın.
Dostları ilə paylaş: |