AYƏ 106:
﴿يِا أَيُّهَا الَّذِينَ آمَنُواْ شَهَادَةُ بَيْنِكُمْ إِذَا حَضَرَ أَحَدَكُمُ الْمَوْتُ حِينَ الْوَصِيَّةِ اثْنَانِ ذَوَا عَدْلٍ مِّنكُمْ أَوْ آخَرَانِ مِنْ غَيْرِكُمْ إِنْ أَنتُمْ ضَرَبْتُمْ فِي الأَرْضِ فَأَصَابَتْكُم مُّصِيبَةُ الْمَوْتِ تَحْبِسُونَهُمَا مِن بَعْدِ الصَّلاَةِ فَيُقْسِمَانِ بِاللّهِ إِنِ ارْتَبْتُمْ لاَ نَشْتَرِي بِهِ ثَمَنًا وَلَوْ كَانَ ذَا قُرْبَى وَلاَ نَكْتُمُ شَهَادَةَ اللّهِ إِنَّا إِذًا لَّمِنَ الآثِمِينَ﴾
TƏRCÜMƏ:
«Ey iman gətirənlər, sizdən birinin ölümü çatan zaman, vəsiyyət vaxtı aranızdakı şahid, sizin özünüzdən (möminlərdən) iki adil kişi olsun. Yaxud əgər ölüm müsibəti sizə səfərdə olduğunuz zaman yetişsə (və möminlərdən şahid tapmasanız), özünüzdən olmayan iki nəfər (şahid) olsun. Əgər (şəhadət verdikləri zaman onların düz danışmalarına) şəkk etsəniz, hər ikisini namazdan sonra saxlayırsınız və onlar da Allaha and içirlər ki: biz (şahidlik etdiyimiz məsələ) qohumlarımız(la əlaqədar) olsa belə öz şəhadətimiz vasitəsilə azacıq (da olsa) bir qazanc əldə etmir və ilahi şəhadəti gizlətmirik, yoxsa mütləq günahkarlardan olarıq.»
AYƏNİN NAZİLOLMA SƏBƏBİ
Bu və bundan sonra gələn iki ayənin şəni-nüzulu barəsində qeyd olunur ki, müsəlmanlardan İbn Əbi Mariyə adlı bir nəfər ərəb məsihilərindən iki nəfərlə – Nəmin və Ədi ilə (onlar iki qardaş idilər) birlikdə ticarət məqsədi ilə Mədinədən çıxdılar. Yol əsnasında müsəlman İbn Əbu Mariyə xəstələndi. Vəsiyyətnamə yazıb onu öz səfər vəsaitləri arasında gizlətdi. Mal-dövlətini məsihi səfər yoldaşlarına tapşırdı. Onlara dedi ki, bunları onun evinə çatdırsınlar. O bu sözləri dedikdən sonra dünyadan getdi. Səfər yoldaşları onun yüklərini açıb qiymətli əşyaları götürdülər, yerdə qalanlarını isə vərəsələrə qaytardılar.
Vərəsələr vəsaitləri açdıqda gördülər ki, İbn Əbu Mariyənin özü ilə apardığı mal-dövlətin bir qismi yoxdur. Gözləri vəsiyyətnaməyə sataşdıqda gördülər ki, oğurlanmış mal-dövlətin hamısının adı orada qeyd olunub. Bu mətləbi o iki məsihiyə dedilər. Amma onlar inkar edərək «o bizə nə vermişdisə, hamısını sizə təhvil verdik» deyə cavab verdilər. Çarəsiz qalıb Peyğəmbərə (s) şikayət etdilər. Yuxarıdakı ayə nazil olaraq bu məsələnin hökmünü bəyan etdi.
TƏFSİR:
İslam dininin təkid etdiyi ən mühüm məsələlərdən biri camaatın hüquq və mal-dövlətinin qorunması, itctimai ədalətin bərqərar edilməsidir. Əvvəlcə mərhumun mal-dövlətindən vərəsənin, yetimlərin və digər şəxslərin haqqı aradan getməsin deyə, möminlərə belə göstəriş verir: «Ey iman gətirənlər! Sizlərdən hər hansı birinin əcəli çatdıqda vəsiyyət edərkən iki adil müsəlman şəxsi şahid tutmalı, öz mal-dövlətini əmanət adı altında vərəsəyə çatdırsınlar deyə, onlara təhvil verməlidir.»
Əlbəttə, buradakı şəhadət vəsiyyətlə yanaşıdır, yəni bu iki nəfər həm vəsi, həm də şahiddirlər. Sonra əlavə olaraq buyurulur: «Əgər səfərdə olsanız və ölüm müsibəti gəlib çatsa, müsəlmanlardan hətta bir nəfər belə şahid tapılmasa, onda bu məqsədlə qeyri-müsəlmanlardan iki nəfəri şahid seçin.» Qeyri-müsəlman dedikdə məqsəd kitab əhli, yəni yəhudi və məsihidir. Çünki İslam dini müşriklərə və bütpərəstlərə heç bir halda əhəmiyyət verməmişdir.
Sonra göstəriş verilir ki, əgər şəhadət verən zaman onların danışığında şəkk etsəniz, onları namazdan sonra saxlayıb Allaha and içdirin. Onlar and içərək şəhadət versinlər ki, haqqı başqa bir şeyə (maddi mənfəətə) dəyişməyə razı deyillər və öz qohum-əqrəbaları barədə olsa belə, nahaq yerə şahidlik etməyəcəklər. İlahi şəhadəti heç vaxt gizlətməzlər. Əks halda günahkarlardan olarlar.
AYƏ 107:
﴿فَإِنْ عُثِرَ عَلَى أَنَّهُمَا اسْتَحَقَّا إِثْمًا فَآخَرَانِ يِقُومَانُ مَقَامَهُمَا مِنَ الَّذِينَ اسْتَحَقَّ عَلَيْهِمُ الأَوْلَيَانِ فَيُقْسِمَانِ بِاللّهِ لَشَهَادَتُنَا أَحَقُّ مِن شَهَادَتِهِمَا وَمَا اعْتَدَيْنَا إِنَّا إِذًا لَّمِنَ الظَّالِمِينَ﴾
TƏRCÜMƏ:
«Beləliklə, əgər (yalan danışmaqla) o ikisinin (həmin iki şahidin) günaha batmaları məlum olsa, zülm və xəyanətə məruz qalan kəslərdən və ölənə yaxın olanlardan (yəni iddiaçı olmalarına baxmayaraq ölənin varislərindən olan) digər iki şahid onların yerinə keçir və Allaha and içirlər ki: bizim şahidliyimiz o ikisinin şahidliyindən daha düzgündür və biz (haqq barəsində) həddi aşmamışıq, əks halda zalımlardan olarıq.»
TƏFSİR:
Aydındır ki, mərhumun qəyyumlarının and içib şahidlik etmələri əvvəlcədən onun mal-dövləti barədə (səfər və qeyri-səfər hallarında) əldə etdikləri məlumatlar əsasında olmalıdır. Buna əsasən, sizin bu barədə axtarış aparmağa haqqınız yoxdur. Lakin məlumat əldə edilsə, vəzifə dəyişiləcəkdir. (Rağibin «Müfrədat»da dediyinə əsasən, axtarış aparmadan olan agahlığa «usr» deyilir.)
Dostları ilə paylaş: |