AYƏ 153:
﴿ وَأَنَّ هَـذَا صِرَاطِي مُسْتَقِيمًا فَاتَّبِعُوهُ وَلاَ تَتَّبِعُواْ السُّبُلَ فَتَفَرَّقَ بِكُمْ عَن سَبِيلِهِ ذَلِكُمْ وَصَّاكُم بِهِ لَعَلَّكُمْ تَتَّقُونَ ﴾
TƏRCÜMƏ:
«Və (tövsiyə etdi ki,) bu (əmrlər) Mənim doğru yolumdur. Buna görə də ona tabe olun və başqa yollara tabe olmayın ki, sizi Onun yolundan (sapdıraraq) pərakəndə edər. Bəlkə təqvalı olasınız deyə, Allahın sizə tövsiyə etdiyi bunlardır.»
TƏFSİR:
Bu Mənim düzgün yolum, tövhid, haqq-ədalət, paklıq və təqva yoludur, ona itaət edin və heç vaxt insanı azğınlığa salan yollara düşməyin. Əks halda, sizi Allah yolundan çıxarıb pərakəndəliyə salar, aranıza ixtilaf və nifaq toxumu səpər.
Ayənin axırında üçüncü dəfə olaraq buyurulur: Bunlar Allahın sizə etdiyi tövsiyələrdir ki, bəlkə pərhizkar və təqvalı olasınız.
İNCƏ MƏTLƏBLƏR:
1. ATA-ANAYA EHSAN VƏ YAXŞILIQ ETMƏYİN ƏHƏMİYYƏTİ
Şirklə mübarizənin vacibliyi, günahsız insanın nahaq yerə öldürülməsinin haram edilməsindən və ədalətin icrasının vacibliyindən dərhal sonra ata-anaya yaxşılıq və ehsan etməyin qeyd olunması mütərəqqi İslam göstərişlərində ata-ananın haqqına nə qədər yüksək əhəmiyyət verildiyini göstərir.
Bu məsələnin əhəmiyyəti o zaman daha aydınlaşır ki, bu ayədə qadağan edilən digər haram işlərlə yanaşı, ata-anaya əziyyət verilməsinin haramlığından deyil, birbaşa onlara ehsan və yaxşılıq etməyin vacibliyi irəli çəkilir. Yəni buyurulur ki, nəinki onları narahat etmək haramdır, əksinə, onlara yaxşılıq və ehsan etmək vacib və zəruri bir məsələdir.
Maraqlıdır ki, bu ayədəki «ihsan» kəlməsi «bey» hərfi ilə təsirli hala salınmış və «və bil-validəyni ihsana» – deyə buyurulmuşdur. Deməli, ayədə təkidlə göstərilir ki, ata-anaya yaxşılıq edilməsi o qədər böyük əhəmiyyət daşıyır ki, bu məsələyə şəxsən və heç bir vasitə olmadan girişmək lazımdır.
2. ACLIQDAN QORXDUĞUNUZA GÖRƏ ÖVLADLARINIZI ÖLDÜRMƏYİN!
Bu ayələrdən məlum olur ki, cahiliyyət dövrünün ərəbləri yersiz təəssüblər xatirinə təkcə öz qızlarını diri-diri basdırmırdılar. Əksinə, o dövrün cəmiyyətində böyük sərmayə hesab olunan oğlanları da yoxsulluq qorxusundan qətlə yetirirdilər.
Çox təəssüflə qeyd etmək lazımdır ki, bu cahiliyyət ənənəsi müasir dövrdə başqa şəkildə təkrar olunmaqdadır. Yer üzündə yeyinti məhsullarının azalmasını ehtimal verməklə günahsız uşaqları rüşeym halında ikən ana bətnindəcə qətlə yetirirlər. Müasir dövrdə uşaq saldırılmasını izah etmək üçün başqa dəlillər də gətirilməsinə baxmayaraq, onun ən ümdə səbəbləri kimi yoxsulluq və yeyinti məhsullarının azlığı qeyd edilir. Bu və bu kimi məsələlər göstərir ki, cahiliyyət əsri bizim dövrdə başqa formada təkrarlanmaqdadır. İyirminci əsrin cahiliyyəti hətta İslamdan əvvəlki cahiliyyət dövründən qat-qat dəhşətli və geniş səviyyədə davam edir.
AYƏ 154:
﴿ ثُمَّ آتَيْنَا مُوسَى الْكِتَابَ تَمَامًا عَلَى الَّذِيَ أَحْسَنَ وَتَفْصِيلاً لِّكُلِّ شَيْءٍ وَهُدًى وَرَحْمَةً لَّعَلَّهُم بِلِقَاء رَبِّهِمْ يُؤْمِنُونَ ﴾
TƏRCÜMƏ:
«Sonra (nemətin) yaxşılıq edən, onu (kitabı) yaxşı bilən və özündə və öz cəmiyyətində gözəl şəkildə həyata keçirən şəxsə tamamlanması, eləcə də bəlkə Rəbblərinin görüşünə (Ona qovuşacaqlarına) iman gətirsinlər deyə hər bir şeyi (onun şəriətinin əsas və qollarını) müfəssəl bəyan etmək və (onlara) hidayət və rəhmət amili olması üçün Musaya kitab (Tövrat) verdik.»
TƏFSİR:
Əvvəlki ayələrdə təkcə İslamda deyil, bütün səmavi dinlərdə mövcud olan əsas hökmlərdən söhbət olunurdu. Onların ardınca bu ayədə buyurulur ki, sonra Biz Musaya səmavi bir kitab verdik, Öz nemətimizi yaxşı əməl sahibləri, Bizim fərmanımıza, haqqa tabe olanlar üçün kamilləşdirdik. Belə ki, onda insanın maddi-mənəvi təkamülü üçün lazım olan və ehtiyac duyulan hər bir şeyi xatırlatmışdıq. Həmçinin Musaya nazil etdiyimiz kitab hidayət və rəhmət vasitəsi idi. Bu işlərin hamısı ona görə edilirdi ki, Qiyamət gününə – Allahla görüşəcəkləri günə iman gətirsinlər. Bununla da özlərinin fikir, danışıq və rəftarlarını paklasınlar.
Dostları ilə paylaş: |