OTUZ DOQQUZUNCU FƏSİL
İLAHİ-SƏMAVİ KİTABLARA İSTİNAD
1-BİR NÖV CƏZALANDIRMA
Mübarək Ramazan ayının günlərindən birində Əli (ə.s) Kufə məscidində oturmuşdu. Bu zaman gündüz oruc tutmayan, orucunu yeyən bir neçə nəfəri o həzrətin yanına gətirdilər. Onların arasında aşağıdakı məzmunda danışıq oldu:
Əli (ə.s):–Ramazan ayının günündə yemək yeyirsiniz?
Onlar: – Bəli!
Əli (ə.s) – Yəhudisinizmi?
Onlar: – Xeyr!
Əli (ə.s) – Məsihisinizmi?
Onlar: – Xeyr!
Əli (ə.s) – Bəs hansı dindəsiniz ki, İslamla müxalifət edirsiniz?
Onlar: – Müsəlmanıq!
Əli (ə.s): – Deməli səfərdəsiniz?
Onlar: – Xeyr!
Əli (ə.s): – Yəqin xəstəsiniz ki, bu da sizin orucu yeməyinizə səbəb olmuşdur və biz də bundan xəbərsizik. Çünki Mütəal Allah buyurur: «Bəlil-insanu əla nəfsihi bəsirəh.» (İnsan özünə daha agahdır.)
Onlar: – Heç bir xəstəliyimiz yoxdur.
Əli (ə.s): – Allahın yeganəliyinə və Muhəmməd (s.ə.v.v.)-in risalətinə şəhadət verirsinizmi?
Onlar: – Allahın yeganəliyini qəbul edirik, lakin Muhəmmədi tanımırıq.
Əli (ə.s): – Muhəmməd Allahın elçisidir.
Onlar: – Onun peyğəmbərliyini qəbul etmirik
Əli (ə.s) – Əgər Muhəmmədin peyğəmbərliyinə şəhadət verməsəniz, sizi qətlə yetirəcəyəm!
Onlar: – Nə istəyirsənsə, et.
Əli (ə.s) dövlət mə`murlarına göstəriş verdi ki, onları Kufədən kənara aparsınlar. Bir-birinə yaxın olan iki çala qazsınlar və baca ilə onların birindən digərinə yol qoysunlar. Sonra onlara buyurdu: – Sizi tüstü ilə boğub öldürəcəyəm!
Dedilər: – Hər nə istəyirsən et. Sənin hökmün yalnız bu dünyada yetərlidir.
Bu zaman Əli (ə.s) onları yavaşca çalaya atdı, (üstünü örtüb) sonra göstəriş verdi ki, o biri çalada od qalasınlar. Daim onlara fəryad edib deyirdi: – Nə deyirsiniz, öz əqidənizdən qayıtmısınızmı?
Onlar deyirdilər: – Xeyr, nə istəyirsən et!
Axırda hamısı tüstüdən boğulub öldülər.
Bu xəbər Kufə şəhərinin hər yerinə yayıldı. Bir gün həzrət Əli (ə.s) məscidə gəldi. Mədinə əhalisindən olan bir şəxs (Mədinə yəhudiləri onun alicənab və alim olmağına inanırdılar) öz qohum-əqrəbasından ibarət olan bir dəstə adamla Kufəyə daxil oldu və birbaşa Came məscidinə tərəf yollandı. Məscidin yanında miniklərinin yüklərini yerə qoydular. O həzrətə xəbər göndərdilər ki, biz yəhudilərdən olan bir qövmük, Hicazdan gəlmişik və sizinlə danışmaq istəyirik. Siz bizim yanımıza gəlirsiniz, yoxsa biz sizin yanınıza gələk?
Əli (ə.s) özü onlara tərəf gəlib buyurdu: – Tezliklə özləri məscidə daxil olacaqlar (yə`ni İslamı qəbul edəcəklər). Sonra onlara buyurdu: – Sözünüz nədir?
Onların böyüyü dedi: – Ey Əbu Talibin oğlu! Bu nədir?! Nə üçün Muhəmmədin dinində bid`ət qoymusan?
Əli (ə.s): – Hansı bid`ət?!
Yəhudi: – Eşitmişik ki, Allahın birliyinə şəhadət verən, amma Muhəmmədin nübüvvətini inkar edən bir dəstə adamı tüstü ilə boğub öldürmüsən!
Əli (ə.s): – Səni and verirəm ki, Turi Sinada Musaya nazil olan doqquz ayənin, Qüdsdəki beş müqəddəs kilsənin haqqına... Bilirsinizmi ki, Musanın vəfatından sonra Allahın yeganəliyinə iman gətirən, lakin Həzrət Musanı qəbul etməyən bir neçə nəfəri Yuşə ibni Nunun yanına gətirdilər. Yuşə də onları elə bu qaydada qətlə yetirdi?
Yəhudi: – Bilirəm. (Bir az sükut etdi, sonra dedi:) Şəhadət verirəm ki, Sən Musanın sirr sahibisən!
Sonra cibindən bir kağız çıxardıb o həzrətə verdi. Əli (ə.s) kağızı açıb onun içinə nəzər saldıqda, gözlərindən yaş axmağa başladı. Yəhudi dedi: – Nə üçün ağlayırsan? Halbuki, bu kağız siryani dilindədir. Sən isə ərəbsən. Məgər onların yazılarını başa düşürsən?
Əli (ə.s): – Bəli, orada mənim adım yazılıb!
Yəhudi: – Adını mənə göstər və de görüm sənin adın siryani dilində nədir?
Həzrət Əli (ə.s) öz adını yəhudiyə göstərdi və buyurdu: – Mənim adım siryani dilində «İlya»-dır.
Yəhudi: – Şəhadət verirəm ki, sən Peyğəmbərdən sonra camaata, onların öz canlarından artıq ixtiyar sahibisən.
Sonra hamılıqla həzrət Əli (ə.s)-a bey`ət edib məscidə daxil oldular. Əli (ə.s) buyurdu: – Allaha həmd olsun ki, heç vaxt məni unutmamış, mənim adımı yaxşı insanların cərgəsində qeyd etmişdir.
Müəllif: Bu rəvayətdən iki mətləb aydın olur: birincisi, kitab əhlinin məscidə daxil olmasına icazə verilməməsi, digəri isə, hətta Allahın yeganəliyinə şəhadət versə belə, Peyğəmbəri Əkrəm (s.ə.v.v.)-in nübüvvətini inkar edən şəxsin qətlə yetirilməsinin caizliyi.[428]
2-DİGƏR DİNLƏRİN SƏMAVİ KİTABLARINDAN XƏBƏR VERMƏK
Mərhum Şeyx Mufid «İrşad» kitabında belə nəql edir: Yəhudi alimlərindən bir qrupu Əbu Bəkrin yanına gəldilər... (Rəvayətin axırında belə qeyd olunur:) Sonra Əli (ə.s)-ın hüzuruna getdilər. O Həzrət buyurdu: – Məgər bə`zi kitablarınızda qeyd olunmayıb ki, bir gün Musa ibni İmran oturmuşdu. Birdən sağ tərəfdən bir mələk onun yanına gəldi... (Bu hədis 11-ci fəslin 12-ci rəvayətində qeyd olunmuşdur.)[429]
QIRXINCI FƏSİL
BAŞQALARININ ƏKSİNƏ OLAN HÖKM
1-HAMAM
Əli (ə.s) və Ömər hamamda idilər. Ömər dedi: – Hamam necə də pis yerdir! Onun əzab-əziyyəti artıq, həya və iffəti isə azdır.
Əli (ə.s) ona buyurdu: – Xeyr, o çox gözəl yerdir bədənin çirk və aludəliklərini təmizləyir, cəhənnəmi insana xatırladır.[430]
2- ƏN LƏZZƏTLİ ƏT
Ömərin yanında ətdən söhbət düşdükdə o dedi: – Ən yaxşı ət toyuq ətidir.
Əli (ə.s) buyurdu: – Toyuq uçanların donuzu kimidir. Ətlərin ən pakizəsi, uçmağa təzə başlayan, ya da uçmaq ərəfəsində olan cücə ətidir.
3-OSMAN MÜXALİFƏT ETDİ
Ömər dünyadan getdikdə onu kəfənə bükdülər. Ona namaz qılmaq üçün Əli (ə.s) başının müqabilində, Osman isə ayaqlarının tərəfində dayandı.
Əli (ə.s) Osmana buyurdu: – Mən dayandığım yerdə namaz qılmaq düzdür!
Osman dedi: – Xeyr, mən dayandığım yer düzdür!
Bu zaman Əbdürrəhman ibni Ovf dedi: – Ömərin vəfatından sonra nə tez ixtilafa düşdünüz?! Ey Süheyb! Ömərin cənazəsinə özün namaz qıl, necə ki, o müsəlmanların vacib namazlarında səni imam seçmişdi.[431]
4-XƏSİS ZALIMDAN DA ÜZÜRLÜ SAYILIR
Əli (ə.s) bir nəfərin «Xəsis zalımdan da çox üzürlü sayılır.» - dediyini eşidərkən buyurdu: – Belə deyil! Çünki zülm edən şəxs tövbə və istiğfar edir, camaatın mal-dövlətini sahiblərinə qaytarır və öz öhdəsində (hesab-kitab üçün) bir şey qoymur. Lakin xəsis adam xəsislik etdiyi zaman nə zəkat verir, nə kasıblara kömək edir, nə qohum-əqrəbasının görüşünə gedir, nə də qonaq qəbul edir. Xəsisin Behiştə daxil olması haramdır.[432]
5-BATİL ƏHLİNİN ƏMƏLİ
Əsbəğ ibni Nəbatə deyir: Əli (ə.s) alnını ikinci səcdədən qaldıranda azacıq oturar və sonra ayağa qalxardı. Bə`ziləri e`tiraz edərək dedilər: – Ya Əmirəl-mö`minin! Sizdən öncə nə Əbu Bəkr, nə də Ömər belə etmir, səcdədən birbaşa ayağa qalxırdılar.
Həzrət buyurdu: – Bu, batil əhlinin əməlidir. Çünki, bu əməl (ikinci səcdədən sonra azacıq oturmaq) namazın əzəmət və vüqarını artırır.[433]
6-HUDUN VƏ YƏHUDANIN QƏBRİ
Nəsr «Siffeyn» adlı kitabında Əsbəğ ibni Nəbatənin belə dediyini qeyd edir: Nüxeylədə böyük bir qəbir var idi ki, yəhudilər öz ölülərini onun ətrafında basdırırdılar. Əli (ə.s) soruşdu: – Camaat bu qəbir barəsində nə deyir?
İmam Həsən (ə.s) dedi: – Deyirlər ki, Hud peyğəmbərin qəbridir. Qövmü ona itaət etmədikləri zaman bu yerə gəlmiş və burada vəfat etmişdir.
Əli (ə.s) buyurdu: – Yalan deyirlər! Mən bu qəbri onların özündən yaxşı tanıyıram. Bu, Yə`qubun böyük oğlu Yəhudanın qəbridir. (Sonra buyurdu:) Bu ətraf nahiyələrdə agah bir şəxs varmı?
Dedilər: – Bəli.
Yaşlı bir qocanı o həzrətin yanına gətirdilər. İmam (ə.s) ona buyurdu: – Sənin evin haradadır?
Dedi: – Dəryanın sahilində.
Buyurdu: – Qırmızı dağla məsafəsi nə qədərdir?
Dedi: – Ona yaxındır.
Buyurdu: – Sənin qövmün onun barəsində nə fikirdədir?
Dedi: – Deyirlər ki, bir sehrkarın qəbridir.
Buyurdu: – Yalan deyirlər. O, Hud peyğəmbərin qəbridir, bu da Yəhudanın. Qiyamət günündə yetmiş min nəfər Kufə şəhərinin arxasından parlaq gün və ay kimi parlaq şəkildə məhşur olacaq və hesab-kitabsız behiştə daxil olacaqlar.[434]
Müəllif: Burada Həzrət Əli (ə.s)-ın, Danyal peyğəmbər və Tübbə`nin iki qızı barəsində Ömər və Əbubəkrə buyurduqlarını nəql etmək (mövzumuzdan xaric olsa da belə) yerinə düşərdi. Ə`səm Kufinin «Tarix» kitabında (Ömərin xilafət tarixi, səh.87) belə qeyd olunur:
Əbu Musa Əş`əri Şuş şəhərini fəth etdiyi zaman orada qapısı qıfıllanmış bir otaq gördü. Göstəriş verdi ki, qıfılı sındırsınlar. Otağı açdılar, içəridə qəbrə oxşar bir daş gördülər, onun altında qızılla kəfənlənmiş uzun bir cəsəd var idi. Əbu Musa onun uzunluğundan heyrətə gəldi. Oranın əhalisindən onun kim olduğunu soruşduqda dedilər ki, o, İraqda yaşayan əməlisaleh bir insan idi ki, iraqlılar onun vasitəsi ilə Allahdan yağış istəyirdilər. Bir il bizdə də quraqlıq oldu, onu iraqlılardan istədik ki, bizim yanımıza gəlsin və bizim üçün də yağış istəsin. Lakin onu göndərmək istəmədilər və qorxdular ki, onu geri qaytarmayaq. Buna görə də biz onların yanında əlli nəfəri girov qoyduq ki, o şəxsi göndərsinlər. Onu göndərdilər və bizim üçün yağış istədi, Allah onun duasının vasitəsi ilə bizdə bolluq, firavanlıq yaratdı. Biz əlli nəfəri qaytarmaq fikrindən keçərək, onu vəfat edincəyə qədər öz yanımızda saxladıq.
Əbu Musa bu hadisəni yazıb Ömərə göndərdi. Ömər də onun nə dərəcədə doğru-düzgün olmasını səhabələrdən soruşdu. Heç kəsin bu barədə mə`lumatı yox idi. Bu zaman Əli (ə.s) buyurdu: – Bu şəxs ilahi peyğəmbərlərdən olan Danyaldır, Buxtunnəsrin və digər şahların dövründə yaşamışdır.
Onun həyat tarixini, vəfat etdiyi vaxta qədər bəyan etdikdən sonra Ömərə buyurdu: – Əbu Musaya yaz ki, onun cəsədini çıxarıb, Şuş əhalisinin əli çatmayan uzaq bir yerdə dəfn etsinlər.
Ömər bunu Əbu Musaya yazdı. Əbu Musa göstəriş verdi ki, şəhərin kənarından keçən çayın qabağını bağlasınlar, çayın məcrasında bir qəbir qazıb Danyalın cəsədini orada dəfn etsinlər, daha sonra böyük daşlarla möhkəmlətsinlər. Bundan sonra çayı onun üzərinə buraxsınlar.
«Mənaqib» kitabında Əbu Bəsir İmam Sadiq (ə.s)-ın belə buyurduğunu nəql edir: Əbu Bəkrin xilafəti dövründə Ədən sahilində bir məscid tikmək istəyirdilər. Məscidi tikib qurtardıqdan sonra birdən-birə uçub dağıldı. Onlar Əbu Bəkrin yanına gəlib hadisəni dedilər və ondan bir çarə yolu göstərməsini istədilər. Əbu Bəkr camaat üçün bir xütbə oxudu və dedi ki, əgər bir kəs bu barədə bir mətləb bilirsə, hökmən desin. Əli (ə.s) onlara buyurdu: – Məscid tikilən yerin sağ və sol tərəfində – qibləyə tərəf yeri qazsanız, iki qəbrə çatacaqsınız ki, onların üzərində belə yazılıbdır: «Mən Rizvayam, bacım da Hübbadır. Biz Cabbar olan Allaha qarşı heç vaxt şərik qoşmamışıq.» Onların bədəni çılpaqdır. Sonra onlara qüsl verib kəfənə bükün, namaz qıldıqdan sonra yenidən dəfn edin, bundan sonra məscidlərini tikin, öz yerində qalacaqdır.
Bu göstərişə əməl etdilər, məscid bir daha uçmadı.
7-ƏVVƏLKİ TƏLAQLARIN HÖKMÜ
Ömərdən, ərinin bir, yaxud iki dəfə təlaq verdiyi və bundan sonra digər bir şəxslə izdivac edib ondan təlaq alan, yaxud əri ölən, iddəsi qurtardıqdan sonra da birinci ərinin əqdinə keçən qadın barəsində soruşdular. Ömər onun əvvəlki təlaqlarının sayını qeydə aldı (yə`ni, misal üçün, əvvəldə ona bir dəfə təlaq vermişdisə, hal-hazırda yalnız iki dəfə təlaq verə bilər, artıq yox). Əli (ə.s) təəccüblə buyurdu: – Sübhanəllah! Başqa ər ilə izdivac etmək (yə`ni «mühəllil») üç dəfə təlaqı (əvvəlki ərindən olan) aradan aparır, lakin bir dəfəni aradan aparmır?![435]
Dostları ilə paylaş: |