BiSMİllahir-rəhmanir-rəHİM



Yüklə 1,03 Mb.
səhifə3/26
tarix03.11.2017
ölçüsü1,03 Mb.
#29541
1   2   3   4   5   6   7   8   9   ...   26

DÖRDÜNCÜ FƏSİL


İDDİAÇINI ŞƏR`İ HÜDUDLARDA GÜNAHI İQRAR ETMƏKDƏN ÇƏKİN-DİRMİŞ VƏ ÖZ YARAMAZ İŞİNİ İNKAR ETMƏYƏ TƏŞVİQ ETMİŞDİR.

1- MƏNİ GÜNAHDAN PAKLA


Bir kişi İmam Əli (ə.s)-ın yanına gəlib dedi: – Ya Əmirəl-mö`minin! Zina etmişəm, məni bu günahdan pakla (yə`ni cəzalandır)!

İmam Əli (ə.s) üzünü ondan başqa tərəfə döndərib buyurdu: – Otur!

Sonra oradakılara dedi: – Sizlərdən günaha mürtəkib olan bir şəxs öz günahını gizlədə bilməzmi, halbuki, Allah-Taala onu gizlətmişdir?!

(İmam (ə.s) bunu çatdırmaq istəyirdi ki, insan öz günahını gizlətməli, Allahdan başqa heç bir kəs üçün aşkar etməməlidir. Bununla da günahını iqrar edən şəxsə anlatmaq istəyirdi ki, iqrar etməsin.)

O kişi yenidən ayağa qalxıb dedi: – Ya Əmirəl-mö`minin! Mən zina etmişəm, məni günahdan pakla!

Həzrət yenə buyurdu: – Sən bunu nə üçün iqrar edirsən?!

Dedi: – Mən paklanmaq istəyirəm!

İmam Əli (ə.s) buyurdu: – Tövbədən də yaxşı bir paklıq (yolu) varmı?!

Bunu dedikdən sonra üzünü səhabələrə tutdu və söhbət etməyə başladı. O kişi yenidən ayağa qalxıb dedi: – Ya Əmirəl-mö`minin! Zina etmişəm, məni pakla!

İmam (ə.s) buyurdu: – Qur`an oxuya bilirsənmi?

Kişi dedi: – Bəli.

Həzrət buyurdu: – Oxu!

O kişi bir neçə ayəni düzgün şəkildə tilavət etdi. İmam (ə.s) yenə soruşdu: – Allahın namaz və zəkat barəsində sənə vacib etdiyi hüquqi məsələləri bilirsənmi?

Dedi: – Bəli.

İmam (ə.s) bir neçə məsələ soruşdu, kişi də cavablarını düzgün şəkildə verdi. Həzrət yenidən buyurdu: – Xəstə deyilsən? Başında, yaxud sinəndə ağrı hiss etmirsən ki?

Dedi: – Xeyr.

Əli (ə.s) buyurdu: – Vay olsun sənə! Get, sənin halını özündən soruşduğum kimi, burada olmadığın vaxtda da (başqalarından) soruşacağam. Əgər qayıtmasan, səni bir daha çağırmayacağam.

O kişi uzaqlaşdıqdan sonra İmam (ə.s) onun fiziki və ruhi vəziyyəti barədə soruşdu, səhabələr: «Tam sağlamdır və halı təbiidir» – deyə cavab verdilər. Bir azdan sonra o kişi qayıdıb dedi: – Ya Əmirəl-mö`minin! Zina etmişəm, məni günahdan pakla!

Həzrət buyurdu: – Əgər qayıtmasaydın, səni bir daha çağırmayacaqdım. İndi ki, dördüncü dəfə iqrar edirsən, sənin barəndə Allahın hökmünü icra etmək mənə vacib oldu. (Bu dəfə) səni azad etməyəcəyik!

Sonra oradakılara buyurdu: – Siz şəriət hökmünü icra etmək üçün kifayətsiniz və başqalarına e`lan etməyə ehtiyac yoxdur. Sizi and verirəm Allaha, sübh vaxtı (qaranlıqda) üzlərinizə niqab salıb gəlin ki, bir-birinizi tanımayasınız. Çünki biz daş-qalaq etdiyimiz şəxsin üzünə baxmırıq.

Səhabələr o Həzrətin buyurduğuna uyğun olaraq sabah sübh çağı, hava qaranlığında tə`yin olunmuş yerə gəldilər. Əli (ə.s) da oraya gəlib buyurdu: – Sizi and verirəm Allaha, aranızda özü belə cəzaya layiq olan bir kəs bu cəza qanununun icrasında iştirak etməsin. Çünki bir kəsin üzərində Allahın haqqı olsa, o həmin haqqın (cəzanın) oxşarını başqalarından tələb edə bilməz.

Bu zaman oradakıların çoxu qayıtdı. Ravi deyir: – Allaha and olsun, indiyə qədər də onların kim olduğunu bilmirəm. Sonra o Həzrət dörd dənə daş götürüb ona tərəf atdıqdan sonra başqaları da ona daş vurdular.[19]


2-AXİRƏT ƏZABINDAN QORXAN QADIN


Hamilə bir qadın Əli (ə.s)-ın yanına gəlib dedi: – Zina etmişəm, məni pakla, Allah sənə kömək olsun! Çünki zinanın dünyadakı işkəncə və əzabı sonu olmayan axirət cəzalarından çox-çox asandır.

Əli (ə.s) heç nə eşitməmişdir kimi, buyurdu: – Səni nədən paklayım?

Qadın: – Zinadan.

Əli (ə.s): – Ərin varmı?

Qadın: – Bəli.

Əli (ə.s): – Bu əmələ mürtəkib olduğun zaman ərin səfərdə idi, yoxsa evdə?

Qadın: – Evdə idi.

Əli (ə.s): – Hələlik qayıt, övladını dünyaya gətirdikdən sonra gələrsən, səni paklayaram.

Qadın o Həzrətin səsini eşitməyəcək qədər uzaqlaşdıqda Əli (ə.s) dedi: – «Pərvərdigara! Bu bir şəhadət.»

Bir müddətdən sonra o qadın yenidən Əli (ə.s)-ın yanına gəlib dedi: – Övladımı dünyaya gətirdim, məni pakla.

Bu zaman İmam Əli (ə.s) sanki əvvəllər onun barəsində heç nə bilmirmiş kimi, buyurdu: – Səni nədən paklayım?

Qadın: – Zina etmişəm, məni pakla.

Əli (ə.s): – Bu əmələ mürtəkib olduğun vaxt ərin var idimi?

Qadın: – Bəli.

Əli (ə.s): – O zaman ərin səfərdə idi, yoxsa evdə?

Qadın: – Evdə idi.

Əli (ə.s): – Get, Allahın göstərişinə uyğun olaraq, iki il tamam övladına süd ver.

Qadın qayıtdı, o Həzrətin səsini eşitməyəcək qədər uzaqlaşdıqda Əli (ə.s) dedi: «Pərvərdigara! Bu iki şəhadət.»

İki ildən sonra qadın yenidən qayıdıb dedi: – Ya Əmirəl-mö`minin! Övladıma iki il tamam süd verdim, məni pakla.

Əli (ə.s) sanki xəbərsizmiş kimi, əvvəlki sualları yenidən təkrarladı və sonra ona buyurdu: – İndi get, övladını özü yeməyə qadir olduğu vaxta qədər saxla ki, damdan yıxılmasın, quyuya düşməsin.

Qadın ağlar halda o Həzrətin yanından qayıtdı, o Həzrətin səsini eşitməyəcək qədər uzaqlaşdıqda İmam (ə.s) dedi: «Pərvərdigara! Bu üç şəhadət.»

Əmr ibni Həris Məxzumi yolda o qadınla rastlaşıb dedi: – Ey Allahın bəndəsi! Nə üçün ağlayırsan? Mən gördüm ki, sən Əlinin yanından gəlirsən və səni paklamasını istəyirdin.

Qadın dedi: – Bəli, Əli (ə.s)-ın yanına getdim ki, məni paklasın. O isə «get, yeyib-içməyə qadir olduğu vaxta qədər övladını saxla» – deyə buyurdu. Qorxuram ki, o vaxta qədər əcəlim çatsın, amma məni (bu günahdan) paklamasın.

Əmr dedi: – Əli (ə.s)-ın yanına qayıt, mən sənin övladını himayəmə götürürəm.

Qadın Əli (ə.s)-ın yanına qayıdaraq Əmrin sözlərini çatdırdı. Həzrət sanki bu barədə əvvəlcədən heç bir mə`lumatı yoxmuş kimi, soruşdu: – Əmr nə üçün sənin övladına himayədarlıq etməlidir?

Qadın: – Ya Əmirəl-mö`minin! Zina etdiyimə görə məni pakla!

Əli (ə.s): – O zaman ərin var idi, ya yox?

Qadın: – Bəli, ərim var idi.

Əli (ə.s): – O zaman ərin evdə idi, yoxsa səfərdə?

Qadın: – Evdə idi.

Sonra Əli (ə.s) üzünü asimana tutaraq, Allah dərgahına belə ərz etdi: «Pərvərdigara! Dörd dəfə (günahını) iqrar etməklə ilahi cəza ona sabit (vacib) olur. Sən Öz Peyğəmbərinə xəbər verərək buyurmusan ki, «bir kəs Mənim hədlərimdən (tə`yin etdiyim cəza qanunlarımdan) birini tə`til etsə (icra etməsə), Mənimlə düşmənçilik etmişdir.» Pərvərdigara! Mən Sənin hüdudlarını (cəza qanunlarını) heç vaxt tə`til etmərəm, Səninlə düşmən olmaq fikrində deyiləm və Sənin hökmlərini zay etmərəm. Mən Sənin əmrinə itaət edir və Peyğəmbərinin sünnəsinə tabe oluram.»

Əmr ibni Hərisin gözü o Həzrətin üzünə sataşdıqda mübarək üzünün qəzəbdən qıp-qırmızı olduğunu gördü və ərz etdi: – Ya Əmirəl-mö`minin! Mən güman edirdim ki, bu işdən sevinəcəksən. Amma narahat olduğunu gördükdə, artıq o qadının övladını himayəmə götürmürəm!

İmam (ə.s) buyurdu: – O qadın dörd dəfə iqrar etdikdən sonra onun övladını himayənə götürürsən?! (Sonra minbərə çıxıb Qənbərə buyurdu:)–Hamıya e`lan et, camaat namazı üçün hazır olsunlar.

Qənbər e`lan etdi və hamı axışaraq məscidə gəldi. Tez bir zamanda məscid adamla doldu. Bu zaman Əli (ə.s) ayağa qalxıb Allaha həmd-səna etdikdən sonra buyurdu: – Ey insanlar! Sizin rəhbəriniz bu qadına ilahi hədd vurmaq üçün Kufədən kənara getmək və sizi də özü ilə aparmaq istəyir. Çölə çıxdığınız vaxt daşları əllərinizdə hazırlamalı və evlərinizə qayıdana qədər bir-birinizi tanımamalısınız.

Sonra minbərdən endi. Sabahı gün sübh qaranlığında o qadınla birlikdə çıxdılar. Hamı üzünü örtmüş və daşları əlində saxlamışdı. O Həzrət şəhərin kənarına çatdıqda hazır olanlara buyurdu: – Ey camaat! Allah Peyğəmbər (s.ə.v.v.)-lə bir əhd bağladı. Peyğəmbər də həmin əhdi mənimlə bağladı (və buyurdu) ki, hər kəs müəyyən bir həddə (ilahi cəzaya) layiq olsa, onda başqasına hədd vurmamalıdır. Sizlərdən həmin həddə (cəzaya) layiq olanlar gərək (bu qadına) hədd vurmasın.

Sonra hamı qayıtdı, yalnız o Həzrətin özü, Həsən və Hüseyn (ə) o qadını daş-qalaq etdilər.[20]


3-LİVATIN HƏDDİ (CƏZASI)


Bir gün Əli (ə.s) səhabələrlə söhbət edirdi. Bir kişi onun yanına gəlib dedi: – Ya Əmirəl-mö`minin! Livat etmişəm, məni pakla!

O Həzrət buyurdu: – Ay kişi! Belə sözlər danışma. Bəlkə əqlin qarışmışdır?!

Sabahı gün o yenidən Həzrətin yanına gəlib dedi: – Ya Əmirəl-mö`minin! Livat etmişəm, məni pakla!

İmam (ə.s) yenə də üzünü ona tutub buyurdu: – Evinə qayıt, ola bilsin ki, sənin əqlində nasazlıq yaranmışdır.

O kişi öz sözünü (e`tirafını) dördüncü dəfə təkrarladı. İslam qanunlarına əsasən ona hədd vurulması vacib olduqda Əli (ə.s) ona buyurdu: – Peyğəmbər (s.ə.v.v.) sənin kimilər barəsində üç cəza növü buyurmuşdur. Onlardan hansını istəyirsən, seç.

Kişi dedi: – Onlar hansılardır?

Buyurdu: – 1) Bir qılınc zərbəsi; hara qədər çatsa; 2) Əl-ayağını bağlayıb dağdan atmaq; 3) Odda yandırmaq.

Kişi dedi: – Ya Əmirəl-mö`minin! Bunların hansı daha ağırdır?

Buyurdu: – Odda yandırmaq.

Kişi dedi: – Ya Əmirəl-mö`minin! Mən onu seçirəm.

Həzrət buyurdu: – Yandırılmaq üçün hazır ol!

Kişi ayağa qalxıb iki rəkət namaz qıldı, namazdan sonra Allah dərgahına belə ərz etdi: – «Pərvərdigara! Mən öz günahımdan (tövbə edərək) Sənin dərgahına qayıdıram. Onun axirət cəzasından qorxduğum üçün Sənin Peyğəmbərinin canişini və əmioğlusunun yanına gəlib məni paklamasını istədim. O da məni üç cəzadan birini seçməkdə ixtiyar sahibi etdi. Pərvərdigara! Mən onların ən ağırını seçdim. Səndən istəyirəm ki, bu cəzanı günahımın kəffarəsi (cəriməsi) qərar verərək məni cəhənnəm odunda yandırmayasan.»

Sonra ayağa qalxdı, ağlar halda onun üçün qazılan çalaya tərəf getdi, odun zəbanə çəkən şö`lələrinə baxdı. Bu zaman Əli (ə.s) buyurdu: – Ay kişi! Ayağa qalx! Göylərin və yerin mələklərini ağlatdın, Allah sənin tövbəni qəbul etdi. Ayağa qalx və bir daha belə günahları təkrar etmə![21]

Müəllif: 7-ci fəslin 7-ci rəvayətində qeyd olunacağı kimi, əgər bir şəxsə, öz iqrar və e`tirafı nəticəsində hədd (cəza) vacib olsa, İmam onu bağışlaya bilər. Amma əgər iqrar nəticəsində deyil, dəlil əsasında sübuta yetsə, bağışlaya bilməz. Əlbəttə, bu haqq da yalnız mə`sum imama məxsusdur, belə ki, İmam Məhəmməd Baqir (ə.s) buyurur: «(Mə`sum) İmamdan başqa heç kəs Allaha məxsus olan hədd-hüdudu əfv edə bilməz.»


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin