ALTINCI FƏSİL
HADİSƏNİN ZAHİRİ GÖRÜNÜŞÜNÜN GERÇƏKLİKLƏ FƏRQLİ OLDUĞU HADİSƏLƏRDƏ QƏZAVƏT
1-HİYLƏGƏR QADIN
Bir qadın gecə ikən özünü bir kişinin kənizinin surətinə saldı, kişi də öz kənizi olduğunu güman edərək onunla yaxınlıq etdi. Bu hadisəni Ömərə dedilər, Ömər onun hökmünü Əli (ə.s)-dan soruşdu. Həzrət buyurdu: «Kişiyə gizlində, qadına isə aşkarda hədd vur.»[31]
Müəllif: Bu rəvayət bu mə`naya yozulur ki, Həzrət Əli (ə.s) həmin kişinin həqiqəti bildiyini və yalandan gizlətdiyini bilirdi.
2-CAMAATA ƏZAB-ƏZİYYƏT VERMƏK
Bir nəfər başqasına dedi: «Yuxuda gördüm ki, sənin ananla yaxınlıq edirəm.» Kişi qəzəbləndi və Əli (ə.s)-a şikayət edərək dedi: – Bu kişi mənə nalayiq sözlər deyir!
Həzrət buyurdu: – Nə deyir?
Dedi: – Deyir ki, yuxuda mənim anamla yaxınlıq etmişdir.
Əli (ə.s) ona buyurdu: – Sən ona ədalət əsasında cəza vermək istəyirsənsə, mən onu günün altında saxlayım, sən də onun kölgəsinə şallaq vur. Çünki yuxu kölgə kimidir. Amma mən onun özünə şallaq vuracağam ki, bir daha müsəlmana əziyyət verməsin.[32]
YEDDİNCİ FƏSİL
ÇOXLU HÖKMLƏRƏ MALİK OLAN, ZAHİRDƏ İSƏ YALNIZ BİR HÖKMÜN MÖVCUD OLDUĞU TƏSƏVVÜR OLUNAN HADİSƏLƏRDƏ QƏZAVƏT
1-MÜXTƏLİF HÖKMLƏR
Beş nəfəri zina edən halda tutub Ömərin yanına gətirdilər. Ömər onların hamısına hədd vurulmasını əmr etdi. Əli (ə.s) da orada idi və hadisənin nəticəsini izləyirdi. Sonra Ömərə üz tutub buyurdu: – Onların barəsində verdiyin bu hökm düzgün deyil.
Ömər dedi: – Elə isə, onların barəsində özünüz hökm verin.
İmam Əli (ə.s) onlardan birini irəli çəkib boynunu vurdu, ikincisini daş-qalaq etdi, üçüncüsünə yüz şallaq vurdu, dördüncüsünə əlli şallaq vurdu, beşincisinə isə yalnız bir neçə şallaq zərbəsi vurdu. Öməri və onun ətrafındakıları heyrət bürüdü.
Ömər dedi: – Ya Əbəl-Həsən! Hamısı eyni günaha batan beş nəfərə beş müxtəlif hökm icra etdin?!
Həzrət buyurdu: – Boynunu vurduğum birinci şəxs zimmi kafir idi. Zimmə şərtlərini pozduğuna görə onun hökmü öldürülmək idi. Daş-qalaq etdiyim ikinci şəxsin öz arvadı var idi və onun zinası «möhsinə» zina idi, onun hökmü də daş-qalaq edilmək idi. Yüz şallaq vurduğum üçüncü şəxs subay idi. Həddin yarısını vurduğum dördüncü şəxs qulam idi və onun da həddi azad insanların həddinin yarısı qədərdir. Bir neçə şallaq zərbəsi ilə ədəbləndirdiyim beşinci şəxs isə dəli idi və onun həddi yoxdur, lakin bir neçə şallaqla tənbeh olunmalı idi.[33]
Bu məsələ ilə əlaqədar nəql olunur ki, Əbdürrəhman ibni Həssan ibni Sabit və Əbdürrəhman ibni Həkəm ibni Əbil-As bir-birini zinakarlıqda müttəhim etdilər. Hadisə Müaviyənin qulağına çatdıqda öz valisi Mərvana göstəriş verdi ki, onları ədəbləndirib tənbeh etsin. Mərvan Əbdürrəhman ibni Həssana səksən şallaq, Əbdürrəhman ibni Həkəmə isə iyirmi şallaq vurdu. Bə`ziləri Əbdürrəhman ibni Həssana dedilər: – Mərvanın səninlə öz qardaşı arasında qoyduğu ayrı-seçkiliyə görə hadisəni Müaviyəyə xəbər ver ki, onu cəzalandırsın.
Əbdürrəhman ibni Həssan onların cavabında dedi: «Allaha and olsun ki, bu işi görmərəm! Çünki Mərvan mənə azad insanların həddini, qardaşına isə qul həddinin yarısı olan iyirmi şallaq vurmuşdur.» Bu söz Mərvana çox ağır oturdu.[34]
2-HƏDDİ-BÜLUĞA ÇATMAYAN ŞƏXSİN ZİNASI
Həddi-büluğa çatmayan oğlan uşağı ərli bir qadınla zina etmişdi. Ömər göstəriş verdi ki, qadını daş-qalaq etsinlər. Əli (ə.s) ona buyurdu: «Onu daş-qalaq etmək düzgün deyildir; ona yalnız şallaq vurulmalıdır. Çünki onunla yaxınlıq edən şəxs həddi-büluğa çatmamışdır.»[35]
3-ÖMƏRİN SƏHVİ
Arvadı Yəməndə olan yəmənli bir kişi Mədinədə zina etmişdi, Ömər onun daş-qalaq olunmasına hökm verdi. Əli (ə.s) ona buyurdu: «Onun daş-qalaq olunması düzgün deyildir, çünki onun arvadı yanında deyil. Ona təkcə şallaq vurulmalıdır.»
Bu zaman Ömər dedi: «Allah məni, Əbəl-Həsənin olmadığı heç bir müşkül işdə salamat qoymasın!»[36]
4-TƏHDİD ÜZÜNDƏN ALINAN İQRAR
Zina ilə müttəhim olunan hamilə bir qadını Ömərin yanına gətirdilər. Ömər qəzəblə ondan nə etdiyini soruşduqda, qadın zina etdiyini boynuna aldı. Ömər onun daş-qalaq olunmasına dair hökm verdi. Qadını cəzalandırmağa aparanda Əli (ə.s) onlarla qarşılaşdı, mə`murlara buyurdu: – Bu qadınla nə işiniz var?
Dedilər: – Ömər onun qətlinə hökm verib.
Əli (ə.s) onları Ömərin yanına qaytardı və buyurdu: – Sən bu qadının daş-qalaq olunmasına hökm vermisən?!
Ömər dedi: – Bəli! Çünki zina etdiyini boynuna aldı.
İmam (ə.s) ona buyurdu: – O qadının özü günahkar olduğuna görə onun barəsində belə hökm verməyə haqlısan, amma onun bətnindəki uşaq barəsində nə haqqın var?! Məncə, sən onu qorxutmusan və nəticədə iqrar etmişdir.
Ömər dedi: – Bəli, belədir.
Əli (ə.s) ona buyurdu: – Rəsuli Əkrəm (s.ə.v.v.)-in «İşkəncə üzündən iqrar edən şəxsə hədd cari edilməz. Həbs və təhdid ilə e`tiraf edən şəxsin iqrarı da tə`sirsizdir» – deyə buyurduğunu eşitməmisənmi?!
Ömər o qadını azad edib dedi: – Dünya qadınları Əliyyibni Əbi Talib kimi bir şəxsiyyət doğmaqda acizdirlər! (Sonra dedi:) Əgər Əli olmasaydı, Ömər həlak olardı![37]
5-BEYTÜL-MALIN ƏHƏMİYYƏTİ
Biri beytül-malla alınan, digəri isə bir kişinin mülkiyyətində olan iki qulam beytül-maldan oğurluq etdilər. Əli (ə.s) buyurdu: «Beytül-maldan alınan qulama hədd vurulmur, çünki Allah malının bir qismi digər qismini yemişdir.» Sonra digərini çağıraraq onun əlini kəsdi və buyurdu: «Ona ət və yağ yedirdin ki, yarası sağalsın.»[38]
6-OĞRUNUN HƏBS EDİLMƏSİ
Bir oğrunu Ömərin yanına gətirdilər, Ömər onun əlini kəsdi. O ikinci dəfə oğurluq etdikdə yenə də Ömərin yanına gətirdilər. Ömər onun bir ayağını kəsdi. Üçüncü dəfə oğurluq etdikdə Ömər onun o biri əlini kəsmək istədi, amma Əli (ə.s) ona buyurdu: «Belə iş görmə! Çünki artıq onun bir əlini və bir ayağını kəsmisən, indi onu həbs etməlisən.»[39]
7-CƏZANIN GÜZƏŞTƏ GEDİLMƏSİ
Bir nəfər Əli (ə.s)-ın yanına gələrək e`tiraf etdi ki, oğurluq etmişdir. İmam (ə.s) buyurdu: – Qur`andan bir şey bilirsənmi?
Dedi: – Bəli, «Bəqərə» surəsini bilirəm.
Buyurdu: – Sənin əlini o surəyə bağışladım.
Əş`əs dedi: – İlahi cəza qanunlarını tə`til (ləğv) edirsənmi?!
Əli (ə.s) ona buyurdu: – Axı sən Allahın hökmlərindən nəyi bilirsən?! (Sonra buyurdu:) Əgər hədd (cəza qanunu) şahid əsasında isbat edilsə, İmam onu əfv edə, güzəştə gedə bilməz. Amma əgər hədd cinayətkarın öz iqrarı əsasında sübut olunsa İmam onu əfv etməklə həddi icra etməkdə ixtiyar sahibidir.[40]
8-İPƏ-SAPA YATMAYAN HEYVAN
Əli (ə.s) ipə-sapa yatmayan heyvanların birinci dəfə vurduğu xəsarətlərin zəmanətə səbəb olmasını demirdi. Lakin sonrakı dəfələrdə mal sahibini zamin bilirdi.
Müəllif: Xəsarət vurulan birinci dəfədə mal sahibinin zamin olmamasının səbəbi onun mə`lumatsız olmasıdır. Lakin sonrakı dəfələrdə sahibi bu heyvanın vəziyyətindən agah olduğuna görə onu nəzarət altında saxlamağa vəzifəlidir.[41]
Dostları ilə paylaş: |