Səhər açılan kimi qardaşlar uzaq səhralara getməyə hazırlaşdılar. Oralarda otluq, yaşıllıq, yaşıl çöllər var idi və ürək oxşayan yellər əsirdi.
Yusif qardaşları ilə getməyinə sevinərək içəri girdi. Qardaşlar onun üzünə gülümsədilər. O da onlara daha çox bağlanmışdı. Yusif bir mələyə bənzəyirdi. Onun o pak ürəyində məhəbbətdən, səfa və səmimiyyətdən başqa bir şey yox idi. Beləliklə, hamısı yola düşüb, heyvanlarını sürdülər. Amma, artıq səhraya çatdıqları zaman və xeymələr gözdən itəndən sonra o yalançı təbəssümləri də gizləndi. Suda duz kimi əridi. Yəhuda yaxınlaşdı və Yusifin üzünə möhkəm bir sillə vurdu. Onun başına qışqırdı.
-Tez ol, Rahilənin oğlu!
Yusif bu işə təəccübləndi. Qorxu ilə qardaşına baxdı. Elə bilirdi ki, onunla zarafat edir. Amma, belə deyildi. Yəhudanın gözlərindən şər qığılcımı saçırdı. Dişləri yırtıcı canavar dişi kimi görünürdü. Yusif qorxdu. O, sürətini artırıb, yoluna davam etdi. Bu zaman başqa bir qardaşın təpiyi ilə üzləşdi. Üzü üstə yerə yıxıldı. Baxdı ki, onu təpikləyənin kim olduğunu görsün. Gördü ki, Şəm`undur. Yusif narahat olub, dərdli-dərdli dedi:
-Ey Şəm`un! Niyə? Mən sənin qardaşınam. Mən Yəqubun oğluyam.
Rubil qışqırdı:
-Sakit ol! Danışma! Sən Rahilnin oğlusan.
Yusif ağlamağa başladı. Gözlərindən yaş süzülürdü. Onlara dedi:
-Mən sizin qardaşınızam. Mən Yusifəm.
Hamısı onun başına yığışdılar. Onlar qışqırırdılar:
-Sən bizim düşmənimizsən; Yəqubun qəlbinə hakim olan düşmənimiz.
Gözlərdən şər qığılcımı saçırdı. Onların biri xəncərini çəkdi. Onu öldürmək istədi. Yusif qorxub, qaçdı. Hara qaçacağını da bilmirdi. Ardınca qaçıb, onu tutdular. Kötəklədilər. Burnundan qan axırdı. Qardaşlar bir-birləri ilə fikir mübadiləsinə başladılar. Onların biri dedi:
-Nə gözləyirsiniz? Onun şərindən qurtarmağımız üçün bu, ən gözəl fürsətdir.
Başqa birisi Əf`i ilan fısıltısına oxşar səsi ilə dedi:
-Onu uzaq bir yerə aparaq. Orada buraxaq. Qoy canavarlar onu parça-parça etsinlər. Biz də əlindən rahat olarıq.
Onların bəzisi etiraz edib dedilər:
-O oradan qayıda bilər. Bu vaxt biz atamızın yanında rüsvay olarıq.
Şəm`un dedi:
-Mənim sözümə qulaq asın. Onu karvanların keçdiyi yerə aparaq. Orada çox dərin bir quyu var. Onu həmin quyuya ataq. O, quyuda ya öləcək, ya da karvanlar onu quyudan çıxaracaqlar və uzaq bir yerə aparıb, başqa qullar kimi satacaqlar.
Hamı Şəm`unun təklifinə qulaq asdı. Onların gözlərində kişilikdən uzaq olan çirkin hiylə əks olunmuşdu. Yusifin qardaşları xəyanət və hiylədən başqa bir şey bilməyən canavarlara çevrilmişdilər. Yusif qorxu içində qardaşlarına baxırdı. O, özünü dəhşətli bir yuxuda güman edirdi. Amma, yox, bu, həqiqət idi. Qardaşları hələ çoxdan onun barəsində plan cızırdılar. Nəhayət öz məqsədlərinə çata bilmişdilər. Onu bu səhraya gətirdilər ki, heç kim onu görməsin. Yusifin başına nə gəldiyindən heç kimin xəbəri olmasın.
Yusif göyə baxdı. Özündən soruşdu: «Görəsən doğrudanmı qardaşları Allahın onları gördüyünü bilmirlər. Onlar bilmirlərmi ki, Allah hətta onların gecə sirlərindən də xəbərdardır. O, qardaşlarının belə dediklərini eşitdi:
-Sonra işimizdən tövbə edərik. Saleh və yaxşı insanlar olarıq.
Dostları ilə paylaş: |