MÜASİR QIZ
Avtobus nizam-intizamla hərəkət edir, dayanacaqlarda dayanardı, sərnişinlərə xidmət göstərərdi. Növbəti dayanacaqda məndən qabaqda oturan sərnişinlər düşdülər və onların yerinə kürəyi və sinəsi açıq-saçıq, mini yubkada bir qız oturdu. Özü oturandan sonra, onunla bərabər avtobusa daxil olan tələbə oğlanlara yer göstərərək dedi:
- Buyurun, biriniz əyləşə bilərsiniz.
Ayaq üstə duran tələbə oğlanlar oğrun-oğrun qıza baxsalar da heç biri onun yanında əyləşmədilər. Yəqin düşündülər ki, belə abırsız geyimli qızdan hər cür abırsızlıq gözləmək olar. Ondan aralı durmaq daha məsləhətdir.
Növbəti dayanacaqda avtobusa, geyimindən ciddi qadın təəssüratı bağışlayan qadın daxil oldu. O ətrafa boylandı və qızın yanındakı boş yerdə əyləşdi. Qadının tələbə oğlanların oğrun-oğrun yanında oturan qıza baxması diqqətindən yayınmadı və o da bayaqdan fikir vermədiyi qıza və geyiminə baxdı. Qadın soruşdu:
- Sən tələbəsən? Harada oxuyursan?
Qız cavab verdi:
- Mən heç bir yerdə oxumuram.
Qadın yenə soruşdu:
- Bəs haranı qurtarmısan?
Qız dedi:
- Mən heç bir yeri qurtarmamışam. Doqquzuncu sinifdən sonra məktəbə getməmişəm.
Qadın əl çəkməyərək soruşdu:
- Bəs bu paltarı haradan almısan?
Qız həvəslə cavab verdi:
- Bu paltarı mən atamla Fransaya gedəndə almışam. Mən onları geyinəndə rəfiqələrim çox paxıllıq edirlər. Hələ kosmetikalarımı demirəm, hamısı məşhur firmaların brendidir...
Qadın soruşdu:
- Sən bu paltarı və kosmetikaları alanda, atan gördümü?
Qız dedi:
- Əlbəttə. Mənim atam «sovremenni» adamdır. O belə şeylərə pis baxmır, mənə tam «azadlıq» verib.
Qadın dedi:
- Qızım, sənin atan heç də sən düşündüyün kimi yaxşı adam deyil. O sənin gələcəyini düşünmür. Normal düşüncəli adam bunu etməz. Ola bilsin ki, sən onu yenmisən, o da bezib. Sənin özün də səhv yoldasan. İnsan bərbəzəklə, var-dövlətlə, açıq-saçıq geyinməklə və s. hörmətli olmur. İnsanın dəyəri onun biliyi, bacarığı, mərifəti, düşüncəsi və s. ilə ölçülür. Sən evdə bir iş görə bilirsənmi? Özünə bişmiş bişirə bilirsənmi?
Qız təəssüblə çiyinlərini dartıb dedi:
- Nəyimə lazımdır?! Bircə o qalmışdır ki, mən qulluqçu kimi işləyim.
Qadın başını bulayıb dedi:
- Sən çox yazıq adamsan! Özü də ailə qurmaq arzusundasan. Kim səninlə ailə quracaq? Bir qrup oğlanlar sənin iddialarından qorxaraq sənə yaxınlaşmayacaq. Çünki sənin özbaşına hərəkət etməyini heç bir oğlan qəbul etməz. Onlar itaətkar, iş bilən, aza-çoxa qane olan qızlara üstünlük verirlər. Digər qrup oğlanlar sənin iddialarını, tələblərini yerinə yetirə bilməyəcəklərini düşünərək sənə yaxınlaşmayacaqlar.
Üçüncü bir qrup oğlanlar sadəcə olaraq abırsız, həyasız olduğunu düşünərək sənə yaxınlaşmayacaqlar, çünki onlar öz abır-həyalarını qoruyacaq, gələcək ailələrinin dedi-qoduya və el qınağına düçar olacağından qorxacaqlar. Sənə oğlanlar yalnız əylənmək məqsədi ilə yaxınlaşacaqlar. Bunun da sonu bəllidir. Axırda ya toylarda müğənni, ya da yaslarda ağı deyən olacaqsan.
Avtobus dayandı. Qadın ayağa durub, tərs-tərs qıza baxıb, dedi:
- Sən azərbaycanlı qadınlara təhqirsən! Onların adını və ismətini itirənsən! Avropalıları təqlid etməyin! Siz elə bilirsiniz ki, kinolarda verilənlər Avropanı təmsil edirlər?! Xeyir! Avropada da kifayət qədər gözəl ailələr, abırlı-həyalı geyinənlər var.
Siz özünüzü bənzətmək istədikləriniz avropalılar «əxlaqsız yuvalarının» təmsilçiləridir. Siz niyə özünüzü onlara tay edirsiniz?! Get dediklərimi yaxşı-yaxşı düşün. Qadınlarımızın namusunu, ismətini, mədəniyyətini ayaqlar altına atıb, tapdalamayın!
Qadın bir daha qəzəblə qıza baxıb, avtobusdan düşdü. Qız kirmişcə pəncərədən baxırdı. Elə bil bu sözlər ona deyilmirdi...
DÜNYANIN SONU NƏ VAXT OLACAQ?
(Müsahibə)
- Hörmətli Bəylər müəllim. Biz bilirik ki, siz otuz ildən çoxdur müstəqil kosmologiya elmi ilə məşğul olursunuz və «Kainatın yaranması və təkəmmülü» mövzusunda rus dilində elmi iş yazmısınız. Sizin nəzəriyyənizlə Kainatda olan dəyişikliklər iki ən kiçik zərrəciklər olan «foton» və «neytrino» səbəb olur. Onların biri «foton» – itələmək qabiliyyətinə, digəri: «neytrino» – cəzb etmək qabiliyyətinə malikdirlər. Siz bilirsiniz, 2012-ci ilin dekabrında bütün Yer kürəsinin sakinləri «Dünyanın sonu» sarsıntısı keçirib. Üstündən bir il keçib, şükürlər olsun ki, hələ bu baş verməyib. Sizcə bu «ajiotaja» səbəb nə olmuşdur?
- Bilirsiniz, ilk növbədə bütün dinlərin müqəddəs kitablarında «Dünyanın axırı» haqqında söhbət gedir, lakin konkret vaxt göstərilmir. Əlbəttə dünyada və Kainatda əbədi heç nə yoxdur, hər şey daima hərəkətdədir. Əgər Yer kürəsinin fırlanmasını dayandırsaq – o Günəş ətrafına fırlanmaqla hərəkət edəcək. Əgər onu da dayandırsaq – Günəş qalaktika daxili hərəkətdədir. Əgər onu da dayandırsaq – qalaktikamız qalaktikalararası hərəkətdədir və s. Bununla isbat etmək istəyirəm ki, hərəkət inkişafdır, təkamüldür. Yəqin ki, hərəkətin, inkişafın və təkəmmülün başlanğıcı varsa (Kainatda bu böyük partlayışdır) – sonu da var.
Digər tərəfdən, dünyada sikl (dövr) adlanan bir anlayış var. Məsələn: bürclər. Bürclər 11 ildən bir təkrarlanır. Astronomiyada 33 illik sikl anlayışı da mövcuddur. Bu siklləri müxtəlif xalqlar, müşahidə apararaq, yaradıblar və ona inanırlar. Belə sikldən birini də Amerikada yaşamış Maya xalqı yaradıb. Bu xalqın sikli 400 illikdir. Onların inancına görə Yer kürəsində 400 illik sikl 2012-ci ilin dekabrında tamam oldu. Həmin təqvimlə Yer kürəsi böyük dəyişikliklərə məruz qalmalı idi və onların inancına görə bu dəyişikliklər o qədər fəsadlı ola bilər ki, insanların və bütün canlıların məhvinə də səbəb ola bilər. İnsanları dəhşətə gətirən səbəb də bu idi.
- Sizcə bu ola bilər?
- Əlbəttə, belə təşvişə düşmək düzgün deyil. Belə fəlakətlər Yer kürəsində baş verib.
Məsələn: Söhbəti gedən təqvimin sahibləri, Maya xalqının yox olmasının səbəbləri hələ elmə məlum deyil. Qədim kitabələrdə yer üzünü su basması haqqında geniş məlumatlar var. Onun da səbəbi hələ məlum deyil və s.
- Sizcə bu nə vaxt məlum olacaq?
- Bu məsələlər diqqətlə təhlil edilsə, bəzilərini elə indi də izah etmək mümkündür. Bunun üçün bütün elmin nailiyyətlərindən istifadə etmək lazımdır. Bizim zəmanədə insanlar elmi hissələrə bölüb, onun xırdalıqlarına qədər öyrənirlər və hər elmin nümayəndəsi öz bildiyi elmi elmlərin «əsası» sayır. Əlbəttə, bu belə deyil. Təbiətdə, Kainatda belə bölgü yoxdur. Təbiət – Kainat bütövdür və biri-birini tamamlayır. Biz onları öyrənəndə – onun bütün sahələrini bilməliyik və onun vasitəsi ilə təbiət və Kainat haqqında fikirlər irəli sürə bilərik.
Məsələn: Biz bilirik ki, neft və qaz sudan yüngüldür. Buna görə neft və qaz heç vaxt dənizin dibində ola bilməz. Lakin müasir dövrdə bizim və dünyanın neftçiləri dənizlərin dibindən neft və qaz hasil edirlər. Bu paradoks heç kimi düşündürmür. Hamının başı neft və qaz hasilinə qarışıb. Amma bu faktda böyük sirr var.
Bu «Sirri» açmaq üçün biz neftin və qazın nədən əmələ gəlməsinə diqqət yetirməliyik. Elim sübut edir ki, neft və qaz canlı orqanizmlərin uzun müddətli çürüməsinin məhsuludur. Sual olunur: Canlıların bu qədər bir yerə toplanmasının səbəbi nə olub? Onlar şüurlu şəkildəmi bir yerə toplaşıblar və neft-qaz regionları yaradıblar? Əlbəttə – yox! Bəs buna səbəb nə olub? Nə üçün onlar dünyanın hər yerində yox, müxtəlif regionlarında, o cümlədən bizim regionumuzda toplanıblar? və s.
Bu məsələni araşdırmaq üçün tarixin daha da dərinliklərinə müraciət etmək lazımdır. Qayıdaq qədim dövrlərdə qeyd olunan dünyanın üzünün su basması məsələsinə. O dövrkü insanlar səbəbini bilmirlər, onlar gördükləri haqqında məlumat verirlər. Məlumdur ki, o dövrdə, indiki kütləvi qırğın silahları mövcud deyildi. Yalnız zəlzələlərin, vulkanların və Günəş sisteminin digər planetlərində aydın müşahidə edilən kometlərin və asteroidlərin yaratdığı böyük kraterlər əsas götürülməlidir. Ən böyük fəsadlar kometlər və asteroidlərin payına düşür. Onların planetlərdə törətdikləri fəsadlar zəlzələ və vulkanlardan çox-çox üstündür. Astronomik müşahidələr göstərir ki, komet və asteroidlər Günəşə yaxın məsafədə daha çoxdur. Onlar Yer kürəsinin müxtəlif ərazilərinə düşərək böyük fəlakətlər törədiblər, çuxurlar yaradıblar.
Məsələn: Xəzər dənizi dünya okean səviyyəsindən otuz metrdən çox aşağıdır. Bu 20-ci əsrdə məlum olub. Əlbəttə qədim dövrlərdə bu daha çox olub, çünki Xəzərə axan çayların sayı və Xəzərdən heç bir çayın kənara axmaması bu fikri yürütməyə əsas verir. Diqqəti çəkən digər məsələ bu «çuxurun» böyüklüyüdür. O Volqa, Ural, Kür, Araz və s. çayların əhatə dairəsindədir. Bu ağlasığmaz böyüklükdə bir ərazidir! Belə ərazilər əksər neft və qaz regionlarında mövcuddur. Bu ərazilər Ərəb ölkələrini, Skandinav yarımadasını, Meksika körfəzini və s. əhatə edir. Adı çəkilən ərazilərin dünya okeanla əlaqələri olduğu üçün, müşahidə etmək mümkün deyil.
- Bu ərazilərin çuxur olmasının nə əhəmiyyəti var?
- Bu onu göstərir ki, quruya düşən kometlərin həcmi çox böyük olub və zərbə o qədər güclü olub ki, Yer kürəsinin bir yerinə düşən komet Yer kürəsinin əks tərəfində hiss olunub və fəsadlar törədib.
Məsələn: Bütün alimləri Amerika qitəsində mövcud olan kanyonların yaranması səbəbi düşündürür. Bu kanyonların dərinlikləri kilometrlərlə, eni 40 km civarında, uzunluğu isə minlərlə kilometrdir. Onların əksəriyyətində böyük çaylar mövcud deyil ki, çaylar vasitəsi ilə yarandığı isbat olunsun. Bu kanyonlar Avro-Asiya qitələrində düşən kometlərin nəticəsidir. Zərbə o qədər güclü olubdur ki, Yer kürəsinin əks tərəfində kanyon adlandırılan çatlar əmələ gəlib. Ümumiyyətlə, biz bütöv bildiyimiz Yer kürəsi, əslində suyun üzərində olan buz parçalarını xatırladır. Yəni yer üzü qırıq-qırıq hissələrdən ibarətdir. Onlar «tektonik plitələr» adlandırılmışdır və bütün vulkanlar, od, ya palçıq vulkanı olmasından asılı olmayaraq, «tektonik plitələr»in qovuşduğu yerlərdə baş verir.
Vulkanların Günəşin aktivliyi ilə bağlı olması elmə məlumdur. Bu ayrı bir söhbətin mövzusudur.
Yer səthinin quru hissəsinə düşən kometlər və asteroidlər dərin çuxurlar yaratmaqla, bəzi əraziləri qabartmaqla, çayların istiqamətini dəyişməklə və s. Yer kürəsinin qütbünü də dəyişib.
Müasir dövrdə Günəşə yaxın Cənub qütbüdür. Qədim dövrlərdə Günəşə yaxın Şimal qütbü olubdur. Yer kürəsində qədim insan məskənlərinin Şimal qütbündə yerləşməsi bu fikri söyləməyə əsas verir. Cənub Yer kürəsində olan insanların sivilizasiyası minlərlə il Şimal qütbündə yaşayanlardan geri qalıb.
Digər fakt köçəri quşların həyat tərzidir. Onlar qış dövründə cənuba uçsalar da nəsil artırma dövrləri şimalda təsadüf edilir.
Qütbün dəyişməsi o qədər sürətlə baş verib ki, o dövrdə yaşayan canlılar, donaraq minlərlə il donmuş halda qalaraq, bizim dövrdə soyuducudan çıxan ət məhsulu səviyyəsində olurlar və alimlər o ətin istifadə edilməsinə icazə veriblər…
- Bəylər müəllim, sizə elə gəlmir ki, biz mətləbdən uzaqlaşmışıq?
- Siz haqlısınız. Sadəcə mən komet və asteroidlərin fəsadlarının gücünü sizə göstərmək istədim. Biz neftin dənizin dibinə necə düşməsi haqqında danışırdıq. Cavab sadədir. Yer səthinin quru hissəsinə düşən komet, asteroid belə güclüdürsə, okeana düşən isə hər hansı bir qitəni də suya qərq etməyə qadirdir. Belə subasmaların nəticəsində həmin ərazidə yaşayan canlılar məhv olub və su onları yer kürəsində olan «çuxurlara» doldurub, üstlərini lil qatı ilə örtüb, yerində Xəzər dənizi kimi dəniz yaradıb…
Alimlər Xəzər dənizinin Aral dənizi ilə bir dəniz olmasını görürlər, qədim dünya xəritələrində bu dənizlər bir dəniz kimi təsvir olunub. Bu dənizlər yuxarıda göstərilən «üsulla» yaranmış olduğu üçün suları çəkilib – indiki vəziyyətdədirlər. Aral dənizində quruma müasir dövrdə daha sürətlə davam edir. Buna qlobal istiləşmə və ekoloji tarazlığın pozulması səbəb olur…
- Dünyanın axırının vaxtı haqqında nə deyə bilərsiniz? Onu necə təsvir edərsiniz?
- Düzdür, müasir dövrdə dindarlar Quranda təsvir edilən dünyanın sonunun əlamətlərini daima diqqətdə saxlayırlar. O əlamət müşahidə olunan kimi, dünyanın axırının yaxınlaşmasını bildirirlər. Bu «bildirmələrin» heç bir elmi əsasları göstərilmir.
Mən onu qeyd etmək istəyirəm ki, dünyanın sonu hələ çatmayıb, çatanda o ani olacaq və alınan şamlar yandırılmamış, konservlər – yeyilməmiş və s. qalacaq…
Yer kürəsi aktiv kometa və asteroid zonasından çıxıb. İri göy cisimləri çox nadir hallarda Yer kürəsinə yaxınlaşırlar. Sonuncu asteroid XIX əsirdə Sibirin tayqasına düşüb və 40-50 kilometrlik çuxur əmələ gətirib.
- Yer kürəsi aktiv kometa və asteroid zonasından necə çıxıb? Bu necə baş verib?
- Bu başqa söhbətin mövzusudur. Növbəti müsabiqələrdə ona aydınlıq gətirərəm.
Planetlər də bizdən kifayət qədər uzaqdır. Toqquşmaq ehtimalı yoxdur. Yer kürəsinin peyki Ay onun ətrafında yumru dairə ilə dövr edir.
Mövcud olan kiçik dəyişikliklər Günəşin cəzbi ilə olur. Bu onu göstərir ki, Ayın, Yer kürəsinin cəzbi nəticəsində dövr etdiyi surət Ayı nə Yer kürəsindən aralanmağa imkan verir, nə də onunla toqquşmaq mümkündür. İnsanlar min illərlə əvvəlki kimi yaşayacaqlar, əgər «xata» olmazsa.
- Bu «xata» sözünü işlətməklə siz nəyi nəzərdə tutursunuz?
- Müasir dövrdə insanlar o qədər silah yaradıb, istehsal ediblər ki, onlarla Yer kürəsini 30-40 dəfə məhv etmək mümkündür. Bir balaca ehtiyatsızlıq Yerin məhvinə gətirib çıxarda bilər. Allah qorusun!
Qəribə odur ki, bu silahları yaradanlar dünyanın ən zəngin dövlətləri və adamlarıdır. Dünyanın bütün varı-dövləti, neməti və s. «onlarındır». Görəsən «onlar» ondan artıq nə istəyirlər? Ondan artıq nəyə nail olmaq istəyirlər? «Onların» nəyi çatmır? Nə üçün «onlar» sadə və «onlar» üçün hər cür rifah yaradan insanları məhv etmək istəyirlər?..
Son vaxtlar belə dövlətlər və «insanlar» Kainatda həyat əlaməti olan planet axtarışındadırlar. Bu onu göstərir ki, həqiqətən «onlar» Yer Kürəsini məhv etmək fikrindədirlər və canlarını qurtarmaq üçün yeni məkan axtarışındadırlar. Yeni planetə köçməklə «onlar» buradakı şəraiti yaratmağa nail ola biləcəklərmi? Ömürləri çatacaqmı?…
Onsuz da Yer Kürəsi, digər göy cisimləri kimi, nə vaxtsa «ömrünü» başa vuracaq. Bu aksiomadır. Sadəcə insanlar təbiətə vurduqları «zərbələr» (müharibələrlə, səmaya buraxılan raket və təyyarələrlə, ekoloji fəlakətlərlə, çirklənmələrlə və s.) Yer Kürəsinin «ömrünü» qısaldırlar, «sonunu» yaxınlaşdırırlar…
Planetimizin sağlam düşüncəli insanları «onlarla» mübarizəyə qalxmalıdır, onları dayandırmalıdır. «Onların» həyatı heç də sadə insanların həyatından dəyərli deyil!..
- Bəylər müəllim, Sizin söhbətiniz qeyri-adi olduğu üçün, istəyirik oxucularımızı fikirlərinizlə daha geniş tanış edək…
- Siz haqlısınız! Toxunulan mövzu hələ tam açılmayıb. Belə ki, Yer kürəsində baş verən fəlakətlər, hələ dünyanın sonu deyil. Bu fəlakətlər Yer kürəsinin müxtəlif ərazilərində baş verib və orada yaşayan canlılar və bitkilər üçün faciə olub. Bu fəlakətlər Yer kürəsinin müəyyən yerinə təsir etsə də, orada həyat davam edib. Bütün dini kitablarda qeyd edilən «dünyanın sonunun əlamətləri» yalnız Yer kürəsində baş verəcək əlamətlərdən ibarətdir. Söhbətimizin əvvəlində qeyd olunan kimi, bu əlamətlərin heç bir elmi əsası yoxdur və doğruluğuna əks çıxmağa əsas yoxdur, çünki göstərilən əlamətlər adi təbii fəlakətlərin nəticəsidir.
Məsələn: Hamı bilir ki, zəlzələdən bir qədər əvvəl heyvanlar, quşlar, siçanlar və s. onu hiss edib, müxtəlif reaksiyalar verirlər. Təbiətdə də dəyişikliklər baş verir və s.
Elmi cəhətdən Yerin, digər planetlərin və hətta, Günəşin məhv olunması mümkündür. Bunun üçün müasir dünyamızın və dövrümüzün elmi nailiyyətlərinə əsaslanaraq fikir söyləmək mümkündür. Lakin o dövrə çatmaq üçün yüz minlərlə, daha da artıq vaxt keçəcək. O vaxta qədər insan təfəkkürü bir tədbir tapacaq…
Dünyanın sonunun araşdırılması üçün biz kifayət qədər biliklər əldə etməliyik, tədqiqatlar və müşahidələr aparmalıyıq, nəzəriyyələr irəli sürməliyik və s.
- Sizin fikrinizcə dünyanın sonu olacaq və həmin vaxta çox zaman var. Siz fikrinizi nə ilə əsaslandırırsınınz?
- Əvvəlcə onu qeyd edim ki, elmə müasir baxış dəyişməlidir. İlk növbədə ona fəlsəfi yanaşmaq lazımdır. Söhbətimizin əvvəlində elmin təbiətdə bütövlüyü haqqında danışmışıq. Gəlin indi də «elm nədir və elmdə tərəqqi necə baş verir?» - sualına cavab axtaraq. Bu sualın cavabı tapılanda – hər şey aydın olacaq.
Ensiklopediyada elm və onun tarixi haqqında kifayət qədər məlumat var. Biz çalışacayıq ki, elmi özümüzə məxsus şəkildə təhlil edək. Beləliklə elm – təbiətin, cəmiyyətin və təfəkkürün qanunlarını öyrənən, insan tərəfindən yaradılmış sahədir. Hər bir insan qabiliyyətindən, fəaliyyətindən, məşğuliyyətindən və s. asılı olmayaraq elmlə məşğul olur. Bu məşğuliyyət digər insanların əldə etdikləri nailiyyətlərə və şəxsi təcrübəyə əsaslanır. Məqsəd daha yeni və mükəmməl nailiyyət əldə etməkdir. Bu təcrübə insan fəaliyyətinin bütün sahəsini əhatə edir: elmdə, cəmiyyətdə tərəqqiyə və təkəmmülə səbəb olur. İnsan fəaliyyətində digərlərin əldə etdikləri nailiyyətləri təkrar etmir. Digərlərindən lazım olan nailiyyətləri götürür və təcrübəsinə əsaslanaraq yeni nailiyyətlər və biliklər əldə edir. Bunu güzgüyə bənzətmək olar. Günün şüası yerə düşür, lakin qaranlıq mağaraya işıq düşmür. Güzgü vasitəsi ilə Günəşin şüasını mağaraya istiqamətləndirib, oranı işıqlandırmaq olar. Digər güzgülərlə mağaranın hər bir qaranlıq sahəsini işıqlandırmaq mümkündür.
Onu da qeyd edim ki, Kainatın yaranması və təkəmmülü haqqında fikir söyləyərkən heç bir «təcrübə» aparmaq mümkün deyil, insanın ömrü çatmaz… Söylənilən hər bir fikir və nəzəriyyə əldə olunan elmi nailiyyətlərə, «güzgülərə» əsaslanaraq, söylənilir. Biz sizinlə Kainat haqqında yeni, müasir dövrümüzə və elmi nailiyyətlərə əsaslanmış, nəzəriyyənin qurulmasına cəhd edəcəyik.
- Çox mürəkkəb və fərdi fikir söylədiniz. Sizin fikrinizin mətləbə nə aidiyyatı var?
- Əsas məsələ bundan sonradır. Biz yavaş-yavaş mətləbə gələcəyik. Əgər siz məni dərk etdinizsə, deyilən «güzgülər» insanın özünün, digərlərinin əldə etdikləri biliklər və elmi nailiyyətlərdir. Bu nailiyyətlər istifadə etdiyiniz «güzgülərdən» asılı olaraq düz və yanlış ola bilər. Yanlış – yanlışdır. Fəlsəfədə düz də iki hissəyə bölünür:
1. Əsil həqiqət
2. Nisbi həqiqət
Əsil həqiqət – inkar olunmaz həqiqətlər üzərində qurulur və təkamülə səbəb olur. Nisbi həqiqətin «güzgüləri» düzgün seçilmədikdə – yanlışa lazımi «güzgülər» tapıldıqda – əsil həqiqətə çevrilir. Əsil həqiqətdə yanlış «güzgülər» ola bilməz. O inkaredilməz həqiqətdir!...
- Siz bu fikirlə nəyi isbat etmək istəyirsiniz?
- Əsas məsələ bundan sonra başlayır. Bu fəlsəfi anlayışla «silahlanaraq», ümumdünya cəzbinə tətbiq edək. Ümumdünya cəzbi Nyuton tərəfindən kəşf edilmişdir. Ümumdünya cəzb qüvvəsi bir qədər sonra fizikada çox məşhur olan Faradey tərəfindən «maqnit sahəsi» kəşf edildikdən sonra, digər «güzgü» olmadığına görə dünya alimləri tərəfindən ümumdünya cəzbinin qüvvəsi «maqnetizm» hesab edilmişdir və bir neçə əsr bu belə idi. XX əsrin ortalarında «maqnetizm» yanlış olduğunu təsdiq edən çox sayda faktlar - «güzgülər» aşkarlandı. Bu faktların bir neçəsini sadalamaq olar.
Məsələn: Yer kürəsinin qütblərinin hərəkətdə olması, digər planetlərdə bir neçə qütb olması, yaxud yox dərəcədə olması, kosmosda çəkisizlik və s. Bunların hamısı ümumdünya cəzbinin qüvvəsi «maqnetizm» olmadığına işarədir. Bu faktlar öz növbəsində Kainatın düzgün öyrənilməsinə əngəl törədir.
- Sizcə ümumdünya cəzbini təşkil edən nədir?
- Ümumdünya cəzbini təşkil edən qüvvə keçən əsrin 30-cu illərində İtaliya alimləri Paul və Femi tərəfindən aşkar etdikləri zərrəciklərdir. Onlar bu zərrəciklərə «neytrino» adı verilmişdilər.
Neytrino 50-ci illərdə nüvə reaktorunda, 70-ci illərdə – Günəşdə və kosmosda aşkar edilmişdir. 80-ci illərdə sovetlərdə onun tədqiqatı ilə məşğul olmağa başlanılmışdır.
Neytrino haqqında «Azərbaycan Sovet Ensiklopediyasında» məlumat var və orada astronomiyanın yeni «səhifəsi» olan «neytrino astronomiyası» haqqında məlumat yerləşdirilib.
Neytrino üçün kainat şəffafdır və bütün göy cisimlərinin bir tərəfindən girib, o biri tərəfindən çıxırlar. Onları tədqiq etmək üçün sovetlər dövründə Böyük Qafqaz dağlarının altında laboratoriya yaradılmışdır. Tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, neytrino insan təfəkkürünə məlum olan ən kiçik zərrəciklərdir.
Lyubimov adlı alim neytrinonun kütləsini öyrənmişdir. Neytrino insana məlum olan ən yüngül zərrəcik olan elektrondan 30 min dəfə yüngüldür. Kainatda bir santimetrin kubuna 450 neytrino düşür. Bu Kainatda mövcud olan bütün zərrəciklərdən 10 dəfə çoxdur. Yalnız fotonlar neytrinonu bir qədər üstələyir.
Neytrinonun ən vacib xüsusiyyəti odur ki, o cəzb etmək qabiliyyətinə malikdir. Kainatda neytrino, böyük ərazilərdə cəmləşərək, planet və ulduzlarla bərabər, qalaktikaları da öz cəzb dairələrində saxlayırlar. Bu fikir ilk dəfə olaraq, uzun illərin müşahidəsindən sonra, Y.B.Zeldoviç söyləmişdir və təsdiq etmişdir.
- Sizcə bu əsas verirmi ki, neytrinonu dünya cəzbini təşkil edən qüvvə hesab etsinlər?
Belə deməyə əsaslar çoxdur. Bütün ulduzlar və planetlər neytrino ifraz edir. Böyük Qafqaz dağları altında yaranmış laboratoriya Yer kürəsinin içindən gələn neytrinoları tədqiq etmək üçün yaranmışdır.
Sual olunur: Yer kürəsinin dərinliyində neytrino ifraz edən mənbə nədir?
Əvvəlcə gəlin planet haqqında məlumatlanaq. Planet – yunanca «gəzən ulduz» deməkdir. Günəşdən fərqli olaraq onlar işıq saçmır. Deməli, sönmüş və soyumuş ulduzlardır. Son tədqiqatlara əsasən, planetlərin heç birinin tərkibi və yaşı bir-birinə uyğun gəlmir. Bu planetlərin müxtəlif vaxtda, müxtəlif partlayışdan yarandıqlarını deməyə əsas verir. (Partlayış haqqında söhbət açacayıq).
Müasir dövrdə hələ də bəzi alimlər planetlərin tozdan yaranması fikrindən əl çəkməyiblər. Bunu yanlış fikir olmasını isbat edən dəlillər kifayətdir. Tərəqqipərvər alimlər planetlərin, ulduzların və qalaktikaların partlayış nəticəsində yaranmasını görürlər, isbat edirlər. Amma bu partlayışların mexanizmi alimlərə hələ bəlli deyil.
Həqiqətən planetlər sönmüş ulduzlardır. Bütün soyuyan obyektlər kimi, planetlərin səthi soyuyub, bərkisə də, daxilində istilik qorunub saxlanılır. Alimlər Yer kürəsinin daxilində olan qaynar kütləni «maqma» adlandırırlar. Bu on minlərlə dərəcəsi olan, qaynar kütlə vulkanlar vasitəsi ilə Yer səthinin üzünə çıxır. Belə vulkanlar digər planetlərdə də mövcuddur. Yerin daxilində gedən proseslər nəticəsində neytrino yaranır.
Neytrinonu planetlər, ulduzlarla bərabər, qalaktikalar da ifraz edir. Bütün Kainatın cəzb qüvvəsini tarazlayıb mövcud vəziyyətdə saxlayan – neytrinodur. Əgər maqnit yalnız tərkibində metal olan əşyaları cəzb edirsə, bütün digər əşyalar neytrino vasitəsi ilə cəzb olunur, çünki dünyada cəzb etmək qüvvəsinə malik olan ayrı hissəcik, zərrəcik yoxdur. Günəş, planetlər, qalaktikalar və s. göy cisimləri ifraz etdikləri neytrino vasitəsi ilə cəzb yaradır və Kainatı mövcud vəziyyətdə saxlayır…
- Bəylər müəllim, sizin fikrinizə Kainatı və dünyanı idarə edən, təkəmmülünü təşkil edən ən kiçik zərrəcik olan neytrinodur?
- Bəli! Lakin tək neytrino deyil. Neytrino ilə paralel olan digər zərrəcik də iştirak edir. Onlar vəhdət təşkil edərək, dünyanı idarə edirlər. O zərrəciklər haqqında növbəti söhbətimizdə söhbət açacayıq. İndi isə sizin neytrino haqqında fikrinizi təsdiqləmək üçün söhbətimizi davam edək.
Dünya cəzbini təşkil etdiyinə görə neytrino, hər planetin cəzbini onun daxilində yerləşən maqmanın həcmindən asılı olaraq, təşkil edir. Maqma və onun hərarəti böyük olduqda – onun cəzb qüvvəsi və səthinin sıxlığı da böyükdür.
Məsələn: Yer kürəsinin bir kubmetr kütləsinin çəkisi, Günəşə ən yaxın olan Merkuridən çox yüngüldür. Yer kürəsindən sonrakı planetlərin bir kubmetr səthindən çox-çox ağırdır. Sonuncu planet olan Pluton planetinin bərk səthi demək olar ki, yoxdur, qalmayıb…
«Maqma» soyuduqca – planetin səthi yüngülləşir, azalır. Tam söndükdə – planetin cazibə qüvvəsi itir, səthində olan cismin çoxu kainata uçur. Hal-hazırda belə hallar Yupiter, Saturn və Uran planetlərində müşahidə edilir. Bu planetlərin ətrafında həlqələr mövcuddur. Neptun planetində nəzəri cəhətdən həlqələrin mövcudluğu olsa da – aşkarlanmayıb, çünki kifayət qədər tədqiq edilməyib. Pluton maqması olmayan planetə bənzəyir, çünki tədqiqatlara və fərziyələrə görə, onun bərk səthi yoxdur. O daimi bir orbitdə hərəkət etmir: gah Neptunun orbitinə daxil olur, gah da orbitdən çıxıb qonşu ulduzların planetlərinin orbitinə daxil olur. Bu xüsusiyyətinə görə ona «səyyah planet» ikinci ad verilmişdir.
- Planetlərin ətrafında olan həlqələr nədir?
- Alimlər adları çəkilən nəhəng planetlərin ətrafında olan peyklərlə bərabər, müxtəlif ölçüdə olan bərk suxurlardan və tozdan ibarət həlqələr aşkarlayıblar. Bu həlqələr Saturn planetində daha qabarıq görünür. Alimlər belə hesab edirlər ki, bu səmadan gələn meteorlar hesabına yaranan həlqələrdir, lakin bunu isbat etmirlər, çünki bu fikri əsaslandırmaq üçün faktlar yoxdur. Yeganə fakt – Yer kürəsində baş verən «meteor yağışıdır»…
Bizim söylədiyimiz fikirlər və nailiyyətlər əsas verir ki, nəhəng planetlərin ətrafında olan həlqələr, planetin özünün cazibə qüvvəsini itirməsi və fizikada mövcud olan dairəvi fırlanmada mərkəzdən qaçma qanununa uyğun baş verib. Həmin planetlərin cazibə qüvvəsini itirməklə bərabər və nəhəng olmalarına baxmayaraq, öz ətraflarına Yer kürəsindən iki dəfədən çox tez fırlanırlar. Bu da planetlərin üzərində olan cisimlərin cazibə qüvvəsini üstələyən mərkəzdən qaçma qanununa uyğun olaraq – kosmik fəzaya çıxmağa imkan verir. Qeyd olunan səbəblərlə bərabər, Kainatda neytrino axınının müxtəlif ərazilərdə və vaxtlarda dəyişkən olduğu üçün planetin fəzaya uçan kütləsi arasında «aktivliyi» və «passivliyi» müşahidə olunur. Neytrino axınının intensiv olan vaxtında – aktivləşir, passiv olanda – dayanır. Nəticədə mürəkkəb nizamlanmış həlqə sistemi yaranıb. Kainatdan gələn «meteor yağışı»nın nəticəsi heç vaxt belə nizamlı sistem ola bilməz.
Belə «aktiv» və «passiv» dövr, Kainatla bərabər, Günəşdə də mövcuddur. Biz o haqda məlumatı vaxtaşırı radio və televiziya vasitəsilə alırıq, onların Yer kürəsinə və insanlara təsiri haqqında bilirik.
Əgər Günəş aktivliyinin Yer kürəsinə təsiri varsa, digər planetlərə də təsiri var. Düşünsən ki, qalaktikamızda on milyardlarla Günəş kimi və ondan çox böyük ulduzlar mövcuddur, onların təsirinin miqyasını təsəvvür etmək çox çətindir…
Qeyd edim ki, Mars planetinin orbitindən sonra və Yupiter ərazisi Günəş sisteminin «Asteroid qurşağı» adlandırılır. Astronomlar həmin ərazidə kilometrlərlə ölçüdə olan iri və bərk asteroidləri müşahidə edirlər. Bu asteroidlər Günəş sistemində yaranıblar. Marsın orbitindən xaricdə yerləşirlər və dairəvi dövr edirlər. Günəş sistemindən kənarda yaranan asteroid, yaxud komet, Qaliley kometidir. O demək olar ki, bütün planetlərin orbitinə daxil olur və Günəş ətrafında, planetlər kimi ellips, yəni yumurta formasında orbitlə dövr edir.
Dairəvi və ellips formaların dövr etməsinin fərqi var. Ellips formasında dövr edən cisim (komet) Günəş sistemindən kənarda yaranan kometdir. Bu kometlər yüksək sürətli olurlar. Günəş cəzbinə daxil olanda sürətlə ona doğru istiqamətlənirlər. Foton təzyiqi belə kometləri gəldiyi sürətlə də Günəşin ətrafında dövr etdirib geriyə qaytarırlar və bu orbitdə dövr etməyə məcbur edirlər. Belə kometlər Günəşin neytrino cəzbi vasitəsi ilə hər dövrdə sürəti artırırlar. Sürət artdıqca foton təzyiqi də artır və onlar Günəş sistemini tərk edə bilər, yaxud planetlərin biri ilə toqquşma ehtimalı yaranar. Belə kometlər Günəşlə yalnız foton təzyiqi olmayanda, yəni Günəş «sönəndə» toqquşma baş verə bilər.
Günəşin foton təzyiqinin mövcud olmasını təsdiq edən faktlardan biri də odur ki, milyardlarla uzaqlarda yerləşən planetləri öz cazibə dairəsində saxlayan Günəş, özünün daxilində baş verən partlayışlar nəticəsində kainata atılan kütləni geri qayıtmağa qoymur. Bu kütlə foton təzyiqi vasitəsi ilə yüksək sürətlə Günəşdən ayrılır və Yer kürəsində digər təsirlərlə bərabər «Üfüqi parıltılar» əmələ gətirir.
Dairəvi formada dövr edən meteorlar, asteroidlər və s. Günəş sistemində yaranıb. O cazibə qüvvəsini itirməkdə olan planetlərin birindən ayrılmış bərk və vahid bir suxurdur. Planetlərin cəzb qüvvəsinin zəiflənməsi planetin daxilində olan maqmadan və onun hərarətindən asılıdır. Nə qədər ki, maqma çoxdur və qaynardır – neytrino ifrazatı güclüdür, planetin sıxlığı bərkdir.
Məsələn: Merkurinin ən güclü neytrino ifrazatı mövcuddur. Onun bir kubik santimetr kütləsinin ağırlığı, daxilində zəif neytrino ifrazatlı digər planetlərin bir kubmetr və daha artıq kütləsinə bərabərdir.
Planetin cəzb qüvvəsinin və səthinin sıxlığının itməsi planetin həcmini artırır. Planetin həcmi artdıqca dövr edən planetin mərkəzdən qaçma sürəti artırır və nəticədə planet öz səthindəki kütləni saxlaya bilmir və kütlə açıq kosmosa axın edir. Əlbəttə, belə olan halda planeti ən birinci ən ağır kütlələr tərk edir. Bu metal və daş kütləli böyük və bütöv suxurlardır. Görünür ki, bütün planetlər Günəşdən Mars və Yupiter planetlərinin arasında yerləşən «asteroid qurşağı» məsafəsinə çatanda neytrino cəzbini itirir, böyüyür və öz kütləsini qoruya bilməyib itirməyə başlayır. Görünür ki, Merkuri planeti Yupiter və digər planetlərin orbitinə çatanda, onlar kimi böyüyəcək və kütləsini itirməyə başlayacaq…
Bütün dünya alimləri belə hesab edirlər ki, Yupiter və ondan sonrakı planetlərin həlqələri həmin planetlərin cazibə qüvvəsinə tabe olan kənar göy cisimləridir. Həmin planetlər onları kosmosdan cəzb ediblər. Əlbəttə bu fikir yanlışdır. İlk növbədə kənardan cəlb olunmuş cisimlər belə «nizamlı» olmazdır. Astronomlar müşahidə edərək görürlər ki, planetlərdə (Yupiter, Saturn, Uran, Neptun) mövcud olan həlqələr çox nizamlıdırlar və bir deyil. Hər planetin həlqələri iç-içədirlər. Bu iç-içə olan həlqələr bir-birindən cəmi 10-20 km məsafədə yerləşirlər. Bu onu göstərir ki, planetin daxili kütləsinin axını daima olmur. Buna Günəşdə, digər qonşu ulduzlarda, qalaktikamızda və s. baş verən proseslər təsir edir. Bu proseslər dövrü (periodik) baş verir. Alimlərin bu yönümlü tədqiqat aparmaları zəruridir.
Dostları ilə paylaş: |