Müasir şəraitdə pul-kredit münasibətləri ölkənin daxili təsərrüfat həyatında və başqa dövlətlərlə iqtisadi-ticarət əlaqələrində mühüm rol oynayır. Pul-kredit münasibətləri, pulun tədiyyə vasitəsi rolunu oynamaq vəzifəsi ilə bağlıdır. Pulun borc (suda) kapitalı kimi hərəkəti kredit vasitəsilə həyata keçirilir. Əvvəllər dəbdə olmuş sələm kapitalının yerini, tədricənborc kapitalı formasında kredit münasibətləri tutmuşdur.
Kredit - latınca creditum - borc (credo, yəni inanmaq, etibar etmək) mənasını verib, müəyyən faiz ödəmək şərtiylə pul, yaxud əmtəə formasında verilən borca deyilir. Kreditin natural (əmtəə) və kapital (pul) şəklində hərəkəti zamanı, borc verənlə (kreditor) borc alan (kreditləşdirilən) arasında müəyyən şərtlər, razılaşmalar zəminində iqtisadi münasibətlər formalaşır.
Kreditin tarixi çox qədimdir. Dini və bəşəri dəyərlərə görə faizə borc vermək (sələm, kredit) halal bir iş sayılmasa da, lakin təsərrüfat həyatının reallıqları bu əməliyyatların müəyyən şərtlər daxilində hər iki tərəf üçün əlverişli olduğunu sübut etmişdir. Müəyyən adamların əlində toplanmış kapital (pul), digər qrup insanların istehsal və ticarəti üçün vacib bir mənbədir. Hərəkətsiz qalmaq təbiətinə yad olan pul (kapital), həmişə tətbiq olunmaq, hərəkət etmək xüsusiyyəti ilə fərqlənir. Xüsusilə bazar iqtisadiyyatı şəraitində pul-kredit münasibətləri iqtisadi həyatın zəruri amilinə çevrilir.
Kredit aşağıdakı vəzifələri yerinə yetirir:
sərbəst pul vəsaitlərini cəmləşdirir, toplayır;
həmin sərbəst vəsait, ehtiyacı olan sahələrə yönəldilərək, müəyyən vaxtlığa, faizlə və qaytarılmaq şərtiylə verilir;
kredit iqtisadiyyatın tənzimlənməsi işinə səmərəli şərtlər əsasında müsbət təsir göstərir.
Kredit qısa müddətli (1-ilə qədər) və uzunmüddətli (1 ildən yuxarı) ola bilər.
Kreditin müxtəlif formaları vardır: