Birinci yoldövlət borclarının vaxtını uzadaraq, onların uzunmüddətli borclara çevrilməsini və həmin borclarla bağlı xərclərin azaldılmasını nəzərdə tutur. İkinci yolisə dövlət borc öhdəliklərinin yerinə yetirilməsində, əvvəlki razılaşdırılmış şərtlərin dəyişdirilməsi ilə bağlıdır. Ölkənin konkret daxili vəziyyəti və beynəlxalq aləmdə baş verən proseslərlə bağlı, dövlət borclarının tənzimlənməsi gedişində, könüllü yaxudməcburiüsullardan istifadə oluna bilər. Dünya ölkələri təcrübəsində, xüsusilə bazar münasibətləri iqtisadi sistemində ümumiyyətlə dövlət borcu, o cümlədən də daxili borclar təsərrüfat həyatının normal fəaliyyəti üçün təbii və adi bir hal sayılsa da, onun yarada biləcəyi sosial-iqtisadi problemlər unudulmamalıdır. Hər hansı bir dövlətin xarici ölkələrə, beynəlxalq valyuta təşkilatlarına, banklara, maliyyə-kredit qurumlarına olan borcları, dövlətin xarici borcları sayılır. XXI əsrin birinci onilliyində dünya ölkələrinin ümumi xarici borcları bir neçə trilyon dollar təşkil etmişdir. Ayrı-ayrı ölkələrin xarici borclarının həcmimüxtəlifdir. Xarici borcların 15%-i zəif inkişaf etmiş ölkələrin payına düşür. Xarici borcları 100 milyard dolları ötən ölkələr sırasında Braziliyanı, Meksikanı, Rusiyanı, Çini, İndoneziyanı, Hindistan və başqalarını göstərmək olar. Postsovet və postsosialist ölkələrinin, o cümlədən Azərbaycan Respublikasının da 3 milyard dollara yaxın xarici dövlət borcu vardır. Dünyanın yüksək inkişaf etmiş ölkələr qrupuna daxil olan dövlətlərin də xeyli məbləğdə xarici borcları vardır. Xarici borclar öz xarakterinə görə 2 yerə ayrılır: birincisi, dövlət və onun orqanlarının, habelə hakimiyyətin zəmanəti ilə bankların, şirkətlərin, sahibkarlıq fəaliyyətilə məşğul olanların aldıqları borclar; ikincisiayrı-ayrı şirkətlərin, müxtəlif təşkilatların, müəssisələrin iri birliklərin, bankların başqa dövlətlərdən, yaxud beynəlxalq maliyyə qurumlarından kredit kimi aldıqları borclardır. Birinci tip borclar rəsmi dövlət borcları adlanır, ikinci tip borcların məsuliyyətini konkret şirkət və banklar daşıyırlar. Beynəlxalq təcrübədə qəbul olunmuşdur ki, əgər hər hansı bir ölkənin xarici dövlət borcu onun ümumi daxili məhsulunun (ÜDM) 80% səviyyəsinə çatarsa, deməli vəziyyət təhlükəlidir. Başqa bir meyar isə dövlətin xarici borcunun həcminin, ölkənin ixrac məbləğinəolan nisbət göstəricisidir. Əgər ölkənin xarici borcu, onun ixracının 20%-ni ötürsə, bu hədd təhlükəli sayılır. Şübhəsiz konkret şərait, ölkənin rastlaşdığı problemlər və perspektivdə həllini gözləyən məsələlər bu rəqəmlərdə, göstəricilərdə dəyişikliklər yarada bilər. Lakin mütəxəssislərin fikrincə, ölkənin xarici dövlət borcunun onun ümumi daxili məhsulunun 20-25%-i həcmində olması normal hesab oluna bilər. Eyni zamanda ölkənin xarici borcunun həcmi, hazırda dünya təsərrüfat həyatında baş verən dəyişikliklərlə bağlı 20-30% arasında dəyişəbilər. Dövlətlərin xarici borclarının iqtisadi-sosial nəticələrini nisbətən "yumşaltmaq" və bu prosesin mənfi cəhətlərini aradan qaldırmaq üçün beynəlxalq miqyasda – Birləşmiş Millətlər Təşkilatı, Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Paris və London klubları səviyyəsində, habelə "8-lər qrupu" ölkələrinin dövlət başçıları görüşlərində müzakirə olunub, müəyyən tədbirlərin həyata keçirilməsi yolunda addımlar atılsa da, problemin həllindən danışmaq çətindir. Dövlətin xarici borclarının ödənilməsi üçün müxtəlif yollardan və vasitələrdən istifadə oluna bilər: a) ölkənin qızıl-valyuta ehtiyatları, dövlətin xarici borclarının ödənilməsinə yönəldilir; b) xarici dövlət borclarının ödənilməsi müddəti dəyişdirilərək, həmin borcların restrukturizasiyası, yenidən rəsmiləşdirilməsi həyata keçirilir; c) xarici dövlət borcu olan ölkənin əmlakı, müəyyən obyektləri, müəssisələri həmin borcun əvəzi kimi ödənilir; ç)yaranmış borclarını ödəmək üçün dövlət beynəlxalq banklara və maliyyə qurumlarına müraciət edir; d) dövlət xarici borclar problemini peşəkarlıqla həll etmək əvəzinə, ölkə əhalisini "qənaətcil olmağa", dözümlülük nümayiş etdirməyə, indiki borcları gələcək nəsillərin hesabına ödəniləcəyi çağırışları ilə çıxış edərək, təbliğat xarakterli işlərlə də məşğul ola bilər. İqtisadçılar və mütəxəssislər, siyasi xadimlər və işgüzar biznes-sahibkarlıq dairələrinin nümayəndələri tərəfindən dövlətin istər daxili, istərsə də xarici borclarını təhlil edib qiymətləndirmək istiqamətində, eyni zamanda bu problemin həlli yolları haqqında həm müsbət, həm mənfi fikirlər səslənməkdədir. Bəzi müəlliflər göstərirlər ki, xüsusi mülkiyyət, tələb-təklif, iqtisadi sərbəstlik və rəqabət prinsipləri əsasında fəaliyyət göstərən bir sistemdə, dövlətin daxili-xarici borclarının olması, tamamilə normal, habelə təbii hadisədir. Xüsusilə, müasir iqtisadi inteqrasiya və qloballaşma şəraitində, vahid dünya təsərrüfat sisteminin formalaşdığı bir vaxtda, dövlət borcları iqtisadi inkişaf üçün ciddi əngəl sayıla bilməz. Başqa bir qrupun mövqeyinə görə isə əksinə, müasir mərhələdə ölkələrin daxili və xarici borclarının tədricən artması meyli, həmin borcların ölkələr üzrə bölgüsü, ödəniş müddətləri, faiz dərəcələri həm indiki vəziyyət, həm də gələcək perspektivlər baxımından böyük narahatlıq doğurur. Onların fikrincə, dövlətlərin daxili-xarici borcları ilə müasir dünya təsərrüfat sistemində və beynəlxalq iqtisadi ticarət əlaqələrində baş verən böhran əlamətləri, qiymətlər sıçrayışı, inflyasiya, işsizlik, sosial-iqtisadi gərginliklə, əhalinin həyat səviyyəsi arasında bilavasitə yaxud dolayı yollarla əlaqə vardır. Ona görə də həm ayrı-ayrı dövlətlər, həm də nüfuzlu beynəlxalq təşkilatlar və maliyyə-kredit qurumları, yaranmış mürəkkəb, eyni zamanda ziddiyyətli proseslərin qarşısını almaq üçün hüquqi, iqtisadi, inzibati təşkilatı tənzimləmə mexanizminin səmərəli üsullarını işləyib hazırlamağa, ən başlıcası isə həmin vasitələrin uğurla həyata keçirilməsinə çalışırlar.