Cavanşir Yusifli azərbaycan poeziyasinda əLİ KƏRİm məRHƏLƏSİ Bir neçə söz Poeziya haqqında yazmaq yəqin ki, çox çətindir. Deyə bilərsiniz ki,



Yüklə 0,52 Mb.
səhifə4/5
tarix17.01.2017
ölçüsü0,52 Mb.
#630
1   2   3   4   5

ÖLÜM VƏ MƏTN

Sənə hücum çəkir qəm qoşunları

Hamısı köhnəli, həm də təzəli

Tapılsa hər dərdə milyonca məlhəm

Yenə yaşamağa yoxdur təsəlli.

Əli Kərim
Il y a deux malheur au

monde: celui de la passion contrariée

et celui du dead blank (vide complet)

Stendhal1


Milorad Paviçin əsərlərinin birində belə bir passaj var ki, canlı varlıqların ölümündən sonra onların cismlərinin ancaq söz adlanan hissəsi daha çox yaşıyır. Məlumdur ki, istənilən millətdə ölüm anlayışı millətin özünü anlamaq kimi çox vacib mövzulardan biridir. Son dayanacaq kimi ölümün dərk edilməsi, şüurda yaşadılması, bir an olsun belə dövriyyədən çıxmaması – insan üçün əbədi katarsis mənbəyidir, Füzulinin məşhur: Ver sözə əhya ki, tutduqca səni xabi-əcəl, Edə hər saət səni ol uyqudan bidar söz,- deyiminin tərs proyeksiyası mətndə, konkret olaraq qəzəlin bətnində yaradıcının necə ölməsi və dirilməsi məsələsi qoyulmuşdur. Füzulinin anlamında qəzəl mətni adi, nəzərə çarpmayan bir detal vasitəsi ilə (illər boyu dövr edən, fırlanan obrazlar, qəliblər...) bütün dünyanı çevrələməyə can atırdı. Çevrənin potensial olaraq qapanmaması dəhşətli ümidsizlik və bu ümidsizlik çəpərini vurub yarma ehtirası yaradırdı. Yerdən göyə havalanan sözün içindəki enerji onun nüvəsini yarıb var gücü ilə fəzaya səpələnmək istəyirdi. Mətn, söz, şer... ilahi pıçıltılar boş bir səhrada – boşluğun, heçliyin içində yaranır. Bu məkanda sözdən qeyri heç nə mövcud olmur, söz... dünyanı əvəz etməyə gəlir. Ümumiyyətlə nəyisə yaratmaq heç bir materiyanın olmadığı boş bir «məkanda» baş verdiyindən bu heçliyin-ölümün özü-yaradıcı başlanğıca çevrilir, şair, necə deyərlər heçliyin, ölümün bətninə girərək, ölümün köynəyini yırtaraq sübh şəfəqlərini gətirir, heçlikdən, yoxluqdan əbədi törəniş daim davam edir, arasıkəsilməz prosesə dönür, beləliklə, ölümlü, itimli, son ucu ölümlü dünya mətndə yaşanır və dağıdılır, son nəticədə bayatı, ağı, qəzəl... strukturu əsərin içinə kömülən heçliyin «mövcudluq forması» kimi yaşayır. Ölüm həmişə katarsisdir, Səməd Vurğun demişəkən, «bir səadətdir», az qala və həqiqi mənada bu dünyada insanı xilas edən bir şeydir. Tədqiqatçıların birinin fikrincə, «ilk sivilizasiyalarda yaşanan mədəniyyət yeni formada toxum kimi ölümün üzərinə səpilir. Rəhmətə gedənə, onun vasitəsi ilə isə ölümə qarşı yeni və radikal münasibət ümumən elə bir mədəni-sivil prosesi doğurur ki, bunu yalnız tarixi-analitik sürəkliliklə yaxalamaq olar» (A.V.Demiçev). İnsan ölən kimi, fotoya (... bir də gördün adamdı adam, bir də gördün fotodu-Ə.Salahzadə), xatirəyə çevrilən kimi ona münasibət də kökündən dəyişir, - yaradıcı akt-ağ vərəqin-heçliyin içində təsvir edilən əşyanın yenidən, artıq yaddaşdan silinmiş bir şey kimi bərpa olunması həmin əşya: gül, çiçək, kəpənək, ağac..., nəhayət insan bu dünyaya «qayıdarkən» onlara ölümdən, həyatın sonundan danışır, əşyalar arasındakı adəti münasibətlər şəbəkəsini dağıdır. El bayatısındakı
Bilsəydim ayrılıqdır,

Öpərdim gözlərindən, -


deyimi bədii mətnin yoxdan var olmasını ideal şəkildə əks etdirir. Ölümün öpüşlə «dərilməsi», sonra, nəfəslə bir insanın ürəyinin ənginliyini gəzib-dolaşması dünyanın əvvəlindən axırına – beşikdən məzara kimi davam edir. Bayatının mifopoetik strukturunda qədim çağlarda məzarlıqlarda cızılan şəkilləri – əlində badə tutmuş insanların arzusu, niyyəti yaşayır. Qədim türk xalqlarından birinin etnik yaddaşı bu mənada nəzərdən keçirilən hala tam uyğun gəlir: içki məclisində sağlıq deyilərkən badələri əlinin içinə alır (...əl yumularaq baş barmaq yuxarı qalxır...), toqquşanda badələr yox, təkcə baş barmağı tanrını göstərən yumulmuş əllər bir-birinə dəyirdi və beləliklə, deyilən söz tanrıya ünvanlanırdı, nəfəs kimi candan çıxıb fəzaya dağılırdı... Məzar daşının üstündə həyat çeşməsinin bir göz qırpımında ölümə çevrilməsi, ölümün isə daşları partladıb doğacaq həyata bənzəməsi sadəcə həyat fəlsəfəsi deyildir – həm də həyatın hər addımbaşı yaradılması, statikadan dinamikaya dönməsi, başlanğıcla son arasında insanların gözünə görsənən, onların min bir əzabla keçdikləri məsafənin əslində mövcud olmaması... deməkdir. Əvvəlcə real olan, son hüceyrəsi və tumurcuğu da seçilən dünya nəhayət ilğıma dönür, bu sənhə milyon illər boyu davam edir, hər bir insanın gözünə ayrıca görünsə də, bu əslində bircə Andır. Marina Svetayeva demişkən, həyat elə bir məkandır ki, orada yaşamaq mümkün deyildir. Dibsiz dərinliklərdə yaranan, tumurcuqdan ağaca qədər boy atan bir şey birbaşa gerçəkliyin üstünə gəlir, ona qarşı durur, onu olmayıbmış kimi əvəz edir. Mətndə sözün cücərməsi və bu işin sonsuza qədər ardıcıl şəkildə, təkrar-təkrar davam etməsi ölüm işarəsinin yox edilməsinə bənzəyir. Fransız türkoluqu Jan-Pol Runun «Qədim və ortaçağda Altaylarda Ölüm» əsərində belə bir yer var ki, qədim çağlarda ölən insanı torpağa tapşırdıqdan sonra o yerə ilxı-ilxı atlar buraxılarmış ki, ölən adamın yaxınları bu yeri tanımasınlar. Ölüm işarəsinin beləcə yox edilməsi, düzlənməsi elə ölümün özünün azdırılması anlamına gəlir. Mətndə sözün bir-birinin içindən çıxan sıralarla cücərməsi, artmısı və beləcə, bu qayda ilə dünyanı tutması əslində yuxarıdakı bayatıda deyildiyi kimi, ayrılığın-ölümün öpüşlə dərilməsidir, qədim adət – ölən adamın basdırıldığı çuxurun azdırılması adəti aradan götürüldükdən sonra bu işin ağıda, bayatıda və digər formalar vasitəsi ilə icra edilməsi, virtual ömrə çəkilməsi bizi mürrəkəb və çətin anlaşılan hadiəsələr silsiləsi qarşısında qoyur. Əslində burada zahirən bir-birinə oxşamayan mahiyyətcə iki eyni hadisədən bəhs edilir, - fikir verin, badələrin yox, baş barmağı yuxarı millənən yumulmuş əllərin «toqquşması» və ölən adamın tapşırıldığı yerin yerlə-yeksan edilməsi, düzlənməsi- hər iki işarənin mənası tanrını, yaradanı göstərmək, onu nişan verməkdir. İnsan tanrı üçün dünyaya gəlir və ölür. Bu iki nəsnəni bir-biriylə birləşdirən TANRIdır, ölümün içindən güllə kimi keçən həyat eşqidir. Belə bir deyim var ki, insan taleyinin onun ömrünün üstünə düşən proyeksiyası zəifdirsə, aqibət də zəif olacaq, güclüdürsə-güclü. Əslində bu fikir zahirən cəlbedicidir, batini məntiqi qarışıqdır, yəni: ölümə qarşı üsyan etmək olmaz, ölümün üstünə getmək olar. Şair məqsədli şəkildə ölümün üstünə gedən varlıqdır, tədqiqatların birində Mayakovski haqqında elə beləcə də yazılır: on iki il idi ki, insan Mayakovski şair Mayakovskini gözümçıxdıya salmışdı, on üçüncü il şairin səbri tükəndi, ayağa qalxıb insan Mayakovskini öldürdü. Moris Blanşonun fikrincə, yaşam boyu dilin arxasında gizlənib insanı pusan ölüm zaman yetişir ki, bu dilə yiyələnir, mutasiya doğurur, bundan sonra ölümə dilin içində qalib gəlmək, onu yenmək missiyası meydana gəlir. Söz insanın cisminə sirayət edərək, ora keçərək onunla birlikdə yaşamağa başlayır. İnsan dünyasını dəyişdikdən sonra söz cisimdən ayrılır, onu sonsuz sıralarda yenidən yaradır. Bu düsturu Məhəmməd Füzulinin qəzəlindən aydın şəkildə görmək mümkündür. Bu mənada M.Paviçin sözlərində böyük həqiqət var ki, canlı varlıqların ölümündən sonra onların cismlərinin ancaq söz adlanan hissəsi daha çox yaşıyır.
Xəlqə ağzın sirrini hər dəm qılır izhar söz,

Bu nə sirdir ki, olur hər ləhzə yoxdan var söz.


«...Ağzın sirri» - əslində yuxarıda deyilən mənaya işarə edir, məna-ruh cismin içində dustaq edildikdən sonra burada, dəhşətli çıxılmazlığın, «dörd divarın» içində cövlan etmək, pərvazlandığı yuvanın başına dolanmaq, oranı vətən bilib, vətən kimi oxşayıb dolaşmaq müşkülləndiyindən ifadə baxımından özünəməxsus formul yaranır; vaxtaşarı olaraq ifadə olunmayan şey dilə, qələmə, sözə gəlməyən, parçalanmayan «özündə şeyə» çevrilir. İfadə olunmayan, niqab içində zahirə çıxmayan şeyin sirrə dönməsi əlbəəl baş verir. Elə bir qəlibdə ki, bu işin bu an, yoxsa milyon il əvvəl baş verməsi arasında heç bir fərq, «məsafə» qalmır. Beləcə söz - ruhla gerçəklik arasında naqilə, bələdçiyə və məna daşıyıcısına çevrilir. Söz canlı orqanizmə dönür, canlı orqanizmi əvəz edir, sözlə birlikdə yaradıcı adamın özü bitib-tükənməyən METAFORAYA çevrilir. Dəhşətli dərəcədə böyük bir missiya daşıdığından söz gerçəklikdən vaz keçib birbaşa tanrını ifadə etmək vasitəsinə çevrilir və buna görə də o, «hər ləhzə yoxdan var olmaq zərurəti, belə deyək: məcburiyyəti qarşısında qalır». Hər ləhzə, hər dəfə, hər göz qırpımında yoxdan var olmaq dünya içində dünya, gerçəklik içində gerçəklik yaratmağın ən çevik üsuluna dönür. Bu halda gerçəkliyin «alternativi» batini aşkarlayan əyara dönür.
Artıran söz qədrini sidqilə qədrin artırar,

Kim nə miqdar olsa, əhlin yelər ol miqdar söz.


Əslində bu – şerdə qədim-qayım qanunlardan biridir: sözün yaratdığı cazibə sahəsinə nüfuz etmək bacarığından çox şey asılıdır. Hər cəhddə bir qat açılır, hər qatda bir hikmət, sehr və sirr aşkarlanır. Sözün sərhəddinə üzmək istəyən qəvvas həmişə özünü dənizin tən ortasında görür. Ancaq sən sözün dərinliyinə gedib onun gücünü artıra bilirsənsə (...yəni, gücü görünəndən artıq, heç olmasa bir iynə ucu boyda artıq yarada bilirsənsə), həmin orta, aralıq yer yerlə göyü birləşdirən nöqtəyə çevrilir.
Ver sözə ehya ki, tutduqca səni xabi-əcəl,

Edə hər saət səni ol uyğudan bidar söz.


Sözün içindəki mənanın oyadılması mexanizmi ölümü yenməyin, onu at ilxıları kimi yerlə bir eləməyin yeganə üsuludur. İnsanın bu şəkildə ölməyi – qoyulduğu məzarın yerlə bir düzlənməsi mərasimi yuxudan oyanmağa bərabərdir. Bu aləmin semiotikası yuxuyla reallığın çulğaşdığı aləmi nişan verir.

Burada, bu beytin dərinliyində, iç qatında «sağ qala bilmək naminə ölmək» tezisi ifadə olunmuşdur. Bu fikrin izahı müəyyən dərəcədə psixoloji ovqatın özü, intim ifadənin psixoloji ovqatı ilə əlaqədar olduğundan, başlanğıc üçün belə deyə bilərik: dəhşətli psixoloji problem yarandığından yazan adam adətən yazı prosesində özünü xilas etməyə çalışır; hamının gözü qabağında qələmi götürüb yazmaq, sadəcə mümkün deyildir, son dərəcə intim bir akt olduğundan burada «bax indicə üstü açılacaq, bax indicə yaxalayacaqlar» məqamı yaşayır. Yaza-yaza qurtulmaq, sözdən, mətndən qaçmaq hərəkəti beləcə formalaşır. Sözün, poeziyanın ilahi qüdrətini anlayanlar yeganə xilas yolunu əlbəəl dərk edirlər: sözə-cismə əhya vermək, onu canlandırmaq üçün ölümün içindən keçməlisən. Mətndə ölmək dünyanın ən gözəl, ən səssiz ölümlərindəndir. Əlinə qələm almaq öz ayağınla əcəl qapısına gəlməkdir.

Mətndən ölərək sağ çıxmaq formulu bədii mətnin sadəcə strukturuna hörüldüyündən onun haqqında bu şəkildə-ətraflı söz açmaq açıq-aşkar qoyulan tabunu tapdalamağa gətirib çıxarır, nəticədə elə şeylərdən danışmalı olursan ki, onların dilə gətirilməsi həmin sənət nümunəsində ehtiva olunan sirrin sambalını azaldır. Bu kontekstdə istənilən epiteti işlətmək mümkündür: ölümlə sevişən şair mətnin dərinliyində Tanatosun gözlərinin içinə baxır. (Əli Kərimsə «günün qızıl gözlərinin içinə düz bax», - deyirdi...). Nə qədər gözəl, yaxud gəlişigözəl işlətsən də, bu epitetdən başqa bir şey olmayacaqdır. Əslində məsələ necədir? Yaxud sualı başqa şəkildə qoymağa çalışaq: necə olur ki, gündəlik həyatda hamının fərqinə varmadan işlətdiyi sözlər, sadəcə informasiya daşıyan, insanın özündən xəbərsiz onun ölümünü də özüylə bir daşıyan söz-cisim bədii mətnin içində ruha, cana dönür? Bu prosesdə möcüzənin baş verməsi həmin cismin – informasiya daşıyıcısının içində «ölüm» kəlməsinin dirilməsi ilə bağlıdır. Sözün içində müəllif öz ölümü ilə rastlaşır. Onunla göz-gözə, nəfəs-nəfəsə dayanmalı olur. Yazılan şeylər, əslində ölümün gözlərinin içində oxunan şeylərdir. Məlum fəlsəfi təlimlərə görə yuxu – gerçəkliklə utopik gerçəkliyin sərhəddində vaqe olur, buna qiyas etməli olsaq, bədii mətn də ölümlə həyat arasında meydana gəlir – xilas yolu, birindən o birinə keçid məqamı kimi. Məhz buna görə də sonradan şerin gözəlliyini izah etmək çətinləşir, deyilən hər söz, təhlil... sadəcə epitetə dönür. Səməd Vurğunun «Yenə qılıncını çəkdi üstümə qurbanı olduğum o ala gözlər» misralarında ölümlə həyatın sərhəddini tapmaq çətindir. Qəribə olan budur ki, əslində belə bir sərhədd heç mövcud deyildir, şair mövcud olmayan şeyə işarə edib, bizi yalandan axtarışa sövq edib. Qılıncı çəkmək və qurbanı olmaq – aramsız şəkildə bir-birinin içindən keçən mənaların savaşını göstərir. Əli Kərimin:
Nə xoşbəxt imişəm bir zaman Allah,

Xəbərim olmayıb bu səadətdən.

Nə xoşbəxt imişəm,

Nə xoşbəxt,

Xoşbəxt!

Bir gün eşitmişəm bunu həsrətdən. –


misraları ilə başlayan adsız şerində elə bir nöqtə, məqam tapılıb ki, burada yerin səadət gücü ilə fırlanması və əllərini qoynuna salıb sükuta dalması eyni anda seyr edilir. Bu eynizamanlılığın yaradıcısı yuxarıda təsvir edilən keçid məqamı-körpüdür. İnsan nə dərəcədə xoşbəxt olduğunu ona verilən ömrün son məqamında (şərti olaraq, - əslində bu ömür trayektoriyasının ixtiyari bir nöqtəsidir – C.Y.) anlayır, ayılırmış kimi olur. Burada «xoşbəxtlik» sözünün semantikası taleyin bütün dolanbaclarını çevrələyir, ömür qırılana qədərki bütün məkan-zaman kontiniumunu ehtiva edir.
Dilin quruyaydı, sənin ay həsrət,

Sən bu gün könlümü tarımar etdin.

Ya bunu vaxtında deyəydin mənə,

Ya da ki, lal olub heç dinməyəydin.


Mənzərə dəyişmir. Tapılan fokus nöqtəsində min illərin ayrılığı ilə nəfəs dərmək, dayanmaq sanki hər gün təkrarlanan bir iş kimi əyaniləşir. Bu məqamda Əli Kərim poetikasında həmişə təkrarlanan sözlərin məna çərçivəsi böyüyür, dəyişir, reallıqdan amorfluğa dönür, beləliklə həsrət – Allahı, ömrü, taleni ... bildirir. Həsrətin dilə gəlməyi – bütün yuxuların aşkarlanmağı, bütün gerçəklərin sönüb qaranlığa qarışması, ömrün, talenin iynə ulduzundan keçib metaor kimi bir anlığa aydınlaşması deməkdir. «Lal olub dinməmək» - tanrının verdiyi ömrü əlindən salıb itirmək arzusudur.

Bir nigari-ənbərinxətdir könüllər almağa,

Göstərər hərdəm niqabi-ğeybidən rüxsar söz.
Sözün niqabi-ğeybidən ruxsar göstərməsi əslində elə Əli Kərimin şerindəki ömrün, talenin iynə ulduzundan keçib metaor kimi bir anlığa aydınlaşmasının analoqudur. Söz niqabın altından görsənən (parlayan...) kimi yerdən göyə ucalan ahlar dürna lələyindən keçir, fəzanın, göyün yeddinci qatının qapıları açılır, səba küləyi əsir.
Xazini-gəncineyi-əsrardır hər dəm çəkər

Rişteyi-izharə min-min gövhəri-əsrar söz.


Olmayan qəvasi-bəhri-mərifət arif degil,

Kim sədəf tərkibi-təndir, lölöi şəhvar söz.


Gər çox istərsən, Füzuli, izzətin, az et sözü

Kim, çox olmaqdan qılıbdır çox əzizi xar söz.


Təhlükə yarandıqda, ilxı-ilxı atların qadağa zonasını vurub dağıtması zərurəti meydana çıxanda «niqabi-qeybdən rüxsar göstərən söz» insanları ölümü sevməyə, ölümə aşiq olmağa, ölüb-dirilməyə məcbur edir. Təsəvvür edin: adicə güldən, kəpənəkdən, həsrətdən, sevgidən...dünyanın könlü istəyən nəsnələrindən yazmaq istəyən şair mətnin «qapılarını» açan kimi ölümü ilə rastlaşır. Hər şey ölümün içindən keçərək mənalanır, özündə ölümlə, həm də həyatla bağlı sirri daşıyır. Çevrilmə ani baş verir. Əli Kərimin «Tolstoyvari» şeirində bu məqam gözəl ifadə olunmuşdur:
O çəkdi tilovu

Balığı tutdu.

Açıb tez-tələsik

Sahilə atdı.

Yuyanda əlini

Baxıb arxaya

Sürüşdü, qəflətən

Yıxıldı suya.

Atılıb-düşürdü

Balıq quruda.

Batırdı,

Çıxırdı


Balıqçı suda.

Balıq deyirdi ki:

- Çək, məni batır.

Balıqçı deyirdi:

- Əlimmi çatır?

Tut mənim burnumdan,

At qumlar üstə!

- Balıqçı, sən məndən

Başqa şey istə...
Bu şeir mahiyyti və konsepsiyası etibarilə o qədər kamildir ki, onu hansı istiqamətdəsə şərh eləmək yerinə düşmür. Bu şeirlə dilə gəlmək istəyən həqiqət açıb pardaqlanana qədər bir insan ömrü başa çatır.

...bütün həqiqətlər ölmün içindədir. Həqiqətin əsl forması – canı və mahiyyəti ölümün içindədir.

Ölüm – sadəcə əvvəlin sonu deyildir, insanın qurtardığı və ya başladığı yer deyildir, ölüm, belə deyək, bəlkə də hamının bildiyi, fəqət dilinə gətirə bilmədiyi, dilinə gətirməyə macal tapmadığı bir həqiqətdir. Ölüm, yuxarıdakı şeirdən də göründüyü kimi, bitib-tükənməyən, həlqələri, hissələri bir-birinə çarpazlaşan bir oyundur, ya bəlkə də bütün oyunların çox sürətlə seyr edildiyi bir «kadr»dır, ölüm bir oyun kimi həm də hardasa insanı əvəz eləyən bir şeydir, insanı əvəz eləməyə, onu başqa bir missiyanın ardınca göndərməyə gələn bir varlıqdır, həyatın, dünyanın dolub-boşalmasından, qaçılmaz «əvəzlənmə» stixiyasından – məhz bu zərurətdən meydana gələn bir nəsnədir.

Bu həqiqət bizim təsadüfən oxuduğumuz və marağa düşüb tərcümə etdiyimiz bir fransız romanı ilə səsləşir. Müəəlifinin adı Jan Eşnoz, romanın adı isə «Royal arxasında»dır. Jan Eşnoz müasir fransız yazıçısıdır, romanları ilə məşhurdur. 1999-cu ildə Qonkur mükafatını qazanıb. Avropada onun hər bir yeni romanı tənqidin və publikanın diqqət mərkəzində olub, hər bir romanı parlaq ədəbi qələbəyə çevrilib. «Royal arxasında» romanı onun prozasının şah əsəridir. Tənqid və nəzəri fikir uzun muddət (2003-cü ildən bəri – roman həmin il «Minui» nəşriyyatında çap edilmişdi) bu romanla məşğul oldu. Romanın baş qəhrəmanı adından da göründüyü kimi, istedadlı bir pianoçudur, hər gün şöhrətinin üstünə şöhrət gəlir və beləcə.. üst-üstə qalanan şöhrətin altında qalıb təntiyir, bu şöhrətin, bu alqışların əsirinə çevrilir. Yeganə bir yol qalır – ölüm.

Əcəliylə ölmür – öldürürlər. Bütün ömrü boyu, hətta real dünyadakı həyatı tükənəndən sonra da bir qüssənin içində qalır – vaxtilə, Tuluz konsevatoriyasında təhsil aldığı illərdə Roza adlı qıza vurulmuşdu, violençel sinfində son kursda oxuyarmış. Məhəbbətə gələndə hər ikisinin dili tutulur. Qızın onu sevdiyini, ancaq bunu bildirə bilmədiyini eşidəndə dəli olur, bütün ömrü, çaldığı əsərlər, bu əsərlərin içinə özündən asılı olmadan qatdığı qammalar ürəiyndə dustaq etdiyi sözlərin pardaqlanmasına oxşayır. Həyatda günbəgün artan şöhrətin əsirinə çevrilib heç nəyi dəyişə bilməyən adamı o biri dünyada dəyişirlər, sifətinin cizgilərini və onlar arasındakı münasibətləri elə dəyişirlər ki, heç kəs onu tanımasın. Adını belə dəyişirlər və qadağa qoyulur: həyatdakı sənətinlə bir daha məşğul ola bilməzsən, əvvəlki dost-tanışlarına yaxınlaşa bilməzsən. Maksı geriyə – Parisə göndərirlər, məlum olur ki, cəhənnəm bu dünyada – Parisdəymiş.

Nəhayət, dözə bilmir, qadağaları bir-bir pozur. Kimsə onu tanıyır, qanındakı əvvəlki «səslər» qışqırıb yuxudan ayılır.

Jan Eşnozun əsəri problematikası və poetikası etibarilə müasir farnsız romanıdır. Romanda insan həyatının «davamı» fəlsəfi, psixoloji çalarla... və daha çox mistika planında göstərilmişdir.

Romandan kiçik bir parçanı nəzərdən keçirək: «Kursel bulvarında Roma küçəsi tərəfdən iki kişi gəlirdi. Onlardan biri, orta boydan bir az hündür olanı ağzına su alıb durmuşrdu. Böyük, axıra qədər düymələnmiş plaşın altından «kəpənək» qalstuklu qara kostyum geyinmişdi. Qar kimi dümağ manjetdə taxma damarlı əqiqdən hazırlanmış dördkünc düymələr qızarırdı. Qısaca deməli olsaq, gözəl geyinmişdi, ancaq bütün bunların fonunda ağarmış bənizi və boş, yayğın baxışları nədənsə son dərəcə qayğılandığını göstərirdi. Arxaya daranmış saçlarının ortasından ağ xət keçirdi. İyirmi iki gündən sonra ömrü dəhşətli, tükürpədici ölümlə başa çatacaqdı, ancaq hələ bundan xəbərsiz idi, üzündəki qorxunun səbəbi başqaydı».

Fikir verirsinizsə, romanın birinci səhifəsində qəhrəmanın öləcəyi xəbəri verilir. Bu informasiyanın əsərin başlanğıcında verilməsi bir elə xüsusi məqsəd daşımır. Bu xəbər bəlkə ona görə əvvəlcədən verilir ki, real ölüm səhnəsi adi qarşılansın, daha çox: qəhrəmanın özü də bu tükürpədici səhnəyə barmaqarası və barmaqlarının arasından baxa, onu seyr edə bilsin (romanda elə belə də təsvir edilir, konsertdən sonra qəlbindəki əbədi qüssə ilə şəhərin bütün barlarına girib-çıxan qəhrəman Maks hətta qatilin boğazına dirədiyi ayağının uşaq ovcu kimi bapbalaca olduğuna ürəyində ironiya edir, səsini qəsıb barmaqları arasından bu sürətli hərəkəti seyr edir). Hadisələr inkişaf etdikcə məlum olur ki, ölüm insanların o biri dünya adlandırdıqları dibsiz və zamansız məkandan xəbər kimi, şərhə, yozuma gəlməyən informasiya seli kimi axışır. Bu informasiya real həyatın, gerçəkliyin hadisələri ilə, necə deyərlər, reaksiyaya girərək, bir-bir «açılır». Əsas məsələ bu son dərəcə maraqlı hadisələrin arasından xəfif külək kimi əsən, onların arasına yeriyən nəsnələri anlamaq, gözdən qaçırmamaqdır. Qəhrəmanın öldürüldüyü səhnə bu mənada xarakterik məqamlarla səciyyəvidir. Bu dəhşətli hadisənin baş verdiyi zaman, Maks bütün gücünü toplayıb sərxoş səsiylə qışqırmaq istəyir, bacarmır, ancaq ruhu bədənindən uçar-uçmaz gözü hər gün parkda gördüyü, axır zamanlar salamlaşmağa başladığı qızın birlikdə gəzən köpəyə sataşır; köpək işığı söndürülmüş otağın pəncərəsi ağzında durub, səsini içinə çəkib bu səhnəyə baxırmış. Qəhrəman o biri dünyadan geriyə- Parisə, o biri dünyanın məntiqi ilə cəhənnəmə qayıtdıqdan sonra heç kəs onu tanımır, bu köpəkdən savayı... Köpək onu görcək sahibinin əlində dartınır, ip dartılı qalır. Baxır, baxır və birdən gözlərini ayırıb kənarda çirkli suda çimişən göyərçinlərə tərəf hürür, düşünür ki, bu qədər hisin, pasın çində qanıd çırpıb necə uçmaq olar...Bu məqam bir anın, anın bircə qətrəsinin, damlasının içində dünya durduqca görünən şeyin birdən rəngini itirməsi və görünməməsi məqamıdır. Əslində romanın mifopoetik süxurlarında gerçək hal bundan ibarətdir ki, o dünyadan bu dünyaya gələn, geri qayıdan insan yox, onun haqqında indiyə qədər rastlanmayan və öyrənilməyən bir informasiyadır. Yəni əslində dünyanın gerçək mənası da bundan ibarətdir. Gerçək həyatda təsadüfən küçədə gördyün, qarşı-qarşıya gəldiyin insanı artıq dünyasını dəyişmiş insana bənzətməyin bu informasiya ilə ilgilidir, insan haqqında, onun həqiqəti, ruhu, eşqi... haqqında informasiya mütləq geri qayıdır. Və dünyaya qayıdan informasiyalar arasında çox mürəkkəb münasibətlər şəbəkəsi yaranıb-formalaşır. Əli Kərimin bir şeri var:
Baxdım, bulağa baxdım.

O, yox idi elə bil.

Görünmürdü havatək.

(Bəlkə elə su deyil?)


Qayıdan informasiya bu dünyada ömrünü sürən insanlara da sirayət edir, olur ki, onların da təfəkkürünü müəyyən dərəcədə özlərinə uyğunlaşdırır. Bu şeir parasında da həmin informasiyanın təsiri duyulur. Söhbət kiçik bir şerin son nöqtəsinə qədər olan bir şeyin olmamağından (görünməməyindən-!) gedir. Qayıdan informasiya əslində Əli Kərimin şerindəki gerçək durumla paraleldir – məna etibarilə, yəni o mənada ki, informasiyanın qayıtması insan haqqında həqiqətin bildirilməsi üsuludur. Əli Kərimin poetik məntiqində hava kimi görünməyən bulağın «qeybə çəkilməsi» onun dibindəki əfsanəni (informasiyanı, real, həqiqi informasiyanı) görükdürmək üsuludur. Əli Kərim üslubunda bu cizgilər elə aydınlıqla nəzərə çarpır ki, birdən-birə sevdiyi qızın həsrəti də insanın təsəvvür eləmədiyi bir şey kimi mənalanır, burada həsrət – təkcə, sadəcə gözlənilən, fərağ odunda yanaraq arzu edilən bir şey yox, həm də bütün varlığa ömür boyu, tale içində hakim kəsilən bir təşnənin, susuzluğun söndürülməisnə bənzər bir şeydir.
Həsrətin araya atdı dağ, dərə,

Sönən işıq oldun, batan səs oldun.

Qayıt, mənim gülüm, qayıt bu yerə,

Ey mənim istəyim, nə gəlməz oldun.


Gözləninlən nəsnə dünyanı, gerçəkliyi, necə deyərlər «aşkarlayan» şeylərlə tən tutulur: sönən işıq, batan səs... Ey mənim istəyim, nə gəlməz oldun - yer qopsa, göy uçsa da gəlməyəyək, yetişməyəcək bir şeyi gözləmək həsrəti, ilk baxışdan belə təsir bağışlayır ki, şair bu mətləbi onun əlçatmaz formasında təsvir eləməyi poetik qəlibdə, model daxilində bir «mövqe» kimi seçmişdir. Eşq aləmində ənənəvi Füzuli mövqeyidir: ən dəhşətli şeylər də baş verir, inanılmaz nəsnələr də çin olur, sən gəlmirsən. Çünki sən insana ömrünün bahasına başa gələn bir şeysən, əslində mövcud olmayan, ancaq insanın ömrünün mənasına çevrilən bir qədər, qismətsən.
Ümidlər, arzular pərən-pərəndir,

Qəlbə təsəllidir xatirələrim.

Bir halımı soruş, könlümü dindir;

Axşamlar yadıma düşür səhərim.


Bu həsrətin, bu fərağın içində aşiq o qədər başını itirib ki, onun «halını soruşmaq» lazımdır. Əsl mətləb sonra başlayır:
Qayıt, mənim gülüm, yerbəyer elə

Dərdli səhərləri, gecələri sən.

Çaşıb başqa yolla keçirəm elə,

Düz öz qaydasınca küçələri sən.


Qayıt, yerinə qoy Ayı, Günəşi, -

Yenə olduğutək görüm həyatı.

Qayıt gözüm nuru, könlüm atəşi,

Qayıt səhmana sal bu Kainatı!


Bu qədər gözləməyin, ürəyə dağ çəkən həsrətin mənası düzümlə, mövcud olanı pozub, yeni düzüm, yeni qayda yaratmaqla bağlıdır. «Kainatın səhmana salınması» motivi ənənvi həsrət, fərağ... mənalarını, adi qaydada işlənən sözlərinin içini-semantikasını, gözlə görünənlərin batini-virtual aləmini dəyişir və onlara yeni anlam verir: çaşıb başqa yolla keçirəm elə, düz oz qaydasınca küçələri sən...

Bir həqiqət var – ölümü birbaşa ölüm haqqında yazılmayan şeirlərdə axtarmaq gərəkdir. Nazim Hikmətin «Paris tapmacaları» şerinə diqqət yetirək:


Hansı şəhər şəraba bənzəyir?

Paris!


İlk qədəhi içərsən

Büzüşdürər,

İkincidə vurar dumanı başına,

Üçüncüdə mümkün deyil süfrədən qalxmaq,

Ay uşaq, bir şüşə daha gətir!

Artıq harda olsan, hara getsən

Parisin əyyaşısan, iki gözüm...
Bu şeirdə əslində haqqında min illər boyu traktatlar yazılan, adına həyat fəlsəfəsi deyilən bir kateqoriya təcəssüm etdirilmişdir. Əli Kərimin «dünyaya gəldim, dedim, bəs o niyə gəlmədi» misralarındakı həqiqət burada da belə deyək «heç bir günahı olmadan ölümə yollanan» insanın aqibəti təsvir edilmişdir. Sürəkli şəkildə ölümə doğru canatma, sonsuz və dibsiz fəzanın içində itmək, yox olmaq susuzluğu... burada şərab timsalında təsvir edilib.
Hansı şəhər yağışlarda belə gözəldir?

Qırx gün sürən yağışlarda?

Paris.

Hikmətin oğlu! Hansı şəhərdə ölmək istərdin?



İstambulda,

Moskvada,

Bir də Parisdə.
Başqa bir şeir, Orxan Vəlidən:
ÖLÜME YAKIN
Akşamüstünə doğru, qış vaxtı;

Bir xəstə odasının pəncərəsində;

Yalnız məndə deyil yalnızlıq halı;

Dəniz də qaranlıq, göyüzü də;

Bir əcaib quşların halı.
Baxma, fağırmışam, kimsəsizmişəm

- Axşamüstünə doğru, qış vaxtı –

Mənim də sevdalar keçdi başımdan

Şöhrətmiş, qıdanmış, para hırsıymış

Zamanla anlıyor insan dünyanı.
Ölürüz diyəmi üzülüyoruz?

Nə etdik, nə gördük bu fani dünyada

Kötülükdən başqa.

Ölüncə kirlərimizdən təmizlənir,

Ölüncə biz də iyi adam oluruz.

Şöhrətmiş, qadınmış, para hırsıymış,

Həpsini unuturus.
Əli Kərimdən:
***

Keçirdim qəlbimi

Yüz-yüz gözəlin

Heyran baxışının

Odu içindən.

Mən onu keçirdim

Neçələrinin

Sözü,


gözəlliyi,

adı içindən.

Mən onu vermədim,

Verə bilməzdim,

Çünki sənin üçün

Saxlamalıydım,

O qış baxışının,

Çovğun sözünün

Odları içində yoxlamalıydım.

Saxlamalıydım ki,

Mən onu

Sonra,


Verəm gözlərinin

Cəfəlarına,

Saxlamalıydım ki,

Rahat olmaya,

Çırpına,

Alışa,


Odlana,

Yana.


Saxlamalıydım ki,

Gecəbəgündüz

Sən ona dərd verə,

Əzab verəsən.

Həsrət aləminin

dolaylarında

Yol göstərəsən.

Mən onu saxladım,

Sənindir dedim,

Sevib saxlamadın

Amma onu sən.

Bir gün mükafatsız,

Səssiz,

Səmirsiz


Getdi gözlərinin

Məmləkətindən.


Məlumdur ki, bədii mətn vahid, az qala teoloji məna ifadə edən sözlərin bir sapa düzüldüyü məkan yox (Rolan Bart – «Müəllifin ölümü» - «Müəllif-Allahın gətirdiyi xəbər»), müxtəlif dillərin mübarizə və bəhsləşmə meydanıdır, Rolan Bartın fikrincə, bədii mətndə nəyə toxunsan, əlini vursan, dərhal qarışacaq, burada, bu məkanda nəsə bir nizam-intizam, «poryadka» yaratmaq, nəyisə bəlləmək, nəyinsə axırına çıxmaq müşkül məsələdir, əslində mətnin məkanı da bizə yalnız qaçış üçün verilir, mətndə əvvəldən, əzəl başdan yazılmış yazını (alın yazısını) yamsılamaq stixiyası var, sən əbədi yazırsan, mənadan məna doğrur, alın yazısına doğru qaçış davam edir. Alın yazısını yamsılamaq aktı metaforadır, əslində bu prosesi şeir mətni ilə müqayisə eləmək bir o qədər də yerinə düşmür, çünki Qaston Başlyarın dediyi kimi, poeziya anın metafizikasıdır, yaxud ani, göz açıb-yumunca bitib-tükənən metafizikadır. Yuxarıdakı şeir mətnlərinə də nəzər salsaq, görərik ki, burada hər şey – dünya, ürəyin təlatümləri... hər şey bir anın içində baş verir, bir anın içində yerləşir. Poeziyadakı bu «eynizamanlılıq» onun göstəricisidir ki, şair işarənin gücünə həyatı, öz oxu ətrafında fırlanan yer kürəsini ... dayandırmaq istəyir. Poeziyanın səslənməsindən, şerin yazılmasından yeganə məqsəd yer üzünü bürüyən səs-küyü yatırıb sükut, son nəticədə əbədi lallıq yaratmaqdır. Qaston Başlyarın fikrincə, «.. poetik məqam, an boşluğun içində yaranır. Bu anın içində sonsuz sayda eynizamanlılıq sıraları yaratmaq üçün şair bağlı zamanın sadə arsıkəilməzliyini qırır...». Şeirdə bütün dünya... bir anın içində qərar tutur. Öz yoluyla varıb keçən çay da məcrasından çıxır, göyə millənir, buludların arasından süzülüb yoxa çıxır. Şeirdə üfüqi xəttin şaquliləşməsi vəziyyətin dəyişməsindən çox, nizamın pozulmasının işarəsidir. Orxan Vəlinin şerinə bir də diqqət yetirin, - an, məqam tutulub və bu «görüntü» bütün zamana, dünyaya aid edilib, - hər şey həmin məqamla paralel vəziyyətə gətirilib, axan zamının məcradan çıxması dərin təbəddülat yaradır. Axşamüstü, qış vaxtı, təkcə mən deyiləm yalqız, dəniz də, göy üzü də qaranlıq... Nə gördük bu dünyada. Əslində bütün həyatımız boyu gördüyümüz bu deyilmi? Hər şey- qadın sevdası, para qazanmaq ehtirası damcı-damcı canımızdan çıxır, nəfəs alıb-verdikcə (öldükcə) dünyanın kirindən təmizlənirik. Hər şeyin bir anın içində yerləşməsi zamana qarşı qəsddir. Poeziya zamanı dayandırıb, əyləyib onun yerinə danışmaq istəyir.

Əli Kərimin şerində hər şey göz açıb-yumunca baş verir. Bu şeirdə ləngərlə, necə deyərlər hər bir detalına diqqət yetirilərək təsvir edilən məmləkətin torpaqları birdən... ayaqlar altından qaçır, kadr sürətlənir, aləm, düyna, kontekst, təsvir, məna konteksti dəyişir, bayaq sadəcə seyr edilən, üfiqi istiqamətgə göstərilən «kadrlar» indi sürətlə fırlanır, hərəkətin istiqamətinin, mənanın, semantikanın açılışının belə-radikal şəkildə dəyişməsi dərin təbəddülat yaradır.


İtdim bir şəhərdə mən,

Ünvan çıxdı yadımdan.

Oldum ki, elə qərib,

Hətta qorxdum adımdan.

İndi Şərq nə,

Qərb nədir,

İndi çox qəribədir,

İndi sol da sağımdır,

İndi sağ da solumdur,

Bütün şəhər evimdir,

Bütün yollar yolumdur,

Gözümdən qaçırmıram

Bir qarış səkini mən.

Tez düşən axşamı mən.

Şəhərin sakini – mən,

Şəhərin rəssamı – mən.

Dolanıram,

Gəzirəm,


Bayaqdan hər yeri – mən.

Gəzirəm,

seyr edirəm

elə daşı,

torpağı

İllərlə dəyməmişdir,



Ora insan ayağı.

Gəzirəm elə məyus

Dərdli xərabələri,

Ora heç kim getməmiş

Düşmən qaçandan bəri.
Bu, əslində «Qayıt» şerində qoyulan motivin davamı və inkişaf etdirilməsidir. Əslində hər iki şeirdə və belə demək olarsa Əli Kərimin bütün yaradıcılığında əsas motiv, bilinsə də, bilinməsə də həsrət, möhnət, ayrılıqdır. İlahi mənada, varlığın hər bir sualına cavab tapmaq mənasında. Bayaq həsrətdən, möhnətdən başını itirən, istiqamətləri səhv salan aşiq üçün başqa bir «semantik gərginlik sahəsi» yaranır – bütün istiqamətlər, tərəflər bərabərləşir, bir olur, necə deyərlər dünya – bir üfiqi xətt boyunca düzülür: indi sağ da solumdur, indi sol da sağımdır...

Bütün yollar yolumdur... «yol» anlayışının içindəki zaman-məkan bağlılığı qırılır, məkan –zamana, zaman düz yola-haraya aparıb çıxarması bəlli olmayan bir məkana çevrılir. Hardan keçirəmsə, hara gedirəmsə – yalnız bir yerə gətirib çıxarır, bu məkanı aşmaq, bu maneəni yox etmək, sənin üçün əvvəldən müəyyənləşdirilmiş yolları çalın-çarpaz etməlisən. Şeirdəki semantik gərginlik müsətvisi təzədən «əyilir» və bununla da səthdə yeni məna sıraları və onlar arasında yeni münasibətlər şəbəkəsi yaranıb formalaşır. Bayaqdan hər yeri tanış olan, hər qarış torpağı tanışdan tanış gələn məkan o biri üzünə çevrilir – bu qatda heç kəs heç kəsi tanımır – bura insan ayağı dəyməyib. Mənim dönə-dönə oxuduğum


Gəzirəm elə məyus,

Dərdli xərabələri,

Ora heç kim getməmiş

Düşmən qaçandan bəri.


misraları məcbur edir ki, ayaq saxlayasan. Gərginlik sahələrinin bu şəkildə sürəkliliklə dəyişməsinin səbəbi nədir? Baxanda məyusluq, dərd gətirən xərabələr əslində insanın özü-özü ilə görüşüdür, virtual bir məkandan güclə sızan, bu dünyaya keçərək gerçəkliyin üst qatına qədər qalxan informasiya şifrələrinin, kodunun açılmasıdır. Bayaq hər həyət-bacası, yolu-yolağası tanışdan tanış olan bir məkanın başqalaşması – tanınmaması və buna görə də insanda onu öyrənmək, istila etmək arzusunun oyanması (... bat suya, ucal göyə, sancıl yerin təkinə, atom-atom alınıb gərək şəhər tükənə...) qəribə ovqat oyadır. Azdığın yerdə heç bir ünvanı tapa bilməyəcək, yadına sala bilməyəck dərəcədə az ki, özünü tapasan. Bu, əslində fəslin başlanğıcındakı «ölümün azdırılması» motivinə tuş gəlir. İnsan həyat naminə ölür və dirilir, hər şey sonuna çataçatda azdırılır ki, həyata, həyat eşqinə alternativ heç nə olmasın, çünki həyat eşqi varlığın, Nazim Hikmət demişkən, «surətini çıxaran», insanla Tanrını bir-birinə, bir ilahi məqamda birləşdirən dayaq nöqtəsidir.

«Ölümün azdırılması» motivi əslində, mahiyyət etibarilə müqəddəs Qurani-Kərimdə bir ayədə verilən informasiyaya paralellik təşkil edir (… Tanrının rənginə boyan ki, bir daha solmayasan…), onun doğrulmasına xidmət edir. Aşağıda verilən şeir parçalarında ovqat nə qədər dəyişsə də, qədimlərdən gələn düstur – ruhu əbədi saxlamaq, onu yer üzünün, düynanın bütün təmiz, müqəddəs şeylərindən keçirib olduğu kimi, bakirə şəkildə təhvil vermək anlamı dəyişmir. Ortada yalnız təmizlik, saf matiriyanın qalması üçün öldükdən sonra yer üzündən insanın bütün izləri «silinir». Qədimlərdəki dəfn mərasimi – ölünün basdırıldığı yerə ilxı-ilxı atların buraxılması (dəhşətli toz-tozanaq qopur, ilxı heydən düşənə qədər həmən yeri düzləyir, olduğu yerdən silib-süpürür..) hadisəsi Səməd Vurğunda qəribə deyil ki, elə tufan şəklində təsvir edilir, Əli Kərimdə «tufan yatır», insan özü bu yer üzü ilə bir olmaq istəyir, ona ilahi ehtirasla can atır:


… Oturmahmış burada,

Bu divarın yanında,

Görünməzmiş dərdimiz

Onun həyacanında.

Özü olmadığından

Olmayıb bir arzusu.

Nə biz olmuşuq, nə o,

Ağ bir yalan imiş bu.

Ağlama, könlüm, kiri,

Gözümdə yaş qalmamış.

Bu adda, bu nişanda,

O gözəl gənc cahanda

Olmayıb, olmayıb, olmayıb…
Nazim Hikmət isə bu mətləbi çox sakitliklə, məhz mətdəbə uyğun gələn forma içində (rübai-! – Səməd Vurğun bu «tufanı» göstərmək üçün türk şerinin 15-lik heca ölçüsündən, Əli Kərim isə tufandan sonrakı mərhələni təsvir etdiyi üçün 7-likdən istifadə etmişdi) ifadə edirdi.
Bu bağça, bu nəmli torpaq, bu yasəmən qoxusu, bu aylı gecə,

Parıldamaqda davam edəcək mən ölüb gedincə də.

Çünki o mən gəlmədən, mən gəldikdən sonra da mənə bağlı olmadan vardı

Və məndə bu əslin surəti çıxdı sadəcə.


Nazim Hikmətin şerində çox mürəkkəb mətləblər təsəvvür olunmayan sadəliklə göstərimlmişdir. İnsan ölüb gedəndən sonra da onun sağ olduğu zaman gördüyü şeylər – bu bağça, bu nəmli torpaq, bu yasəmən qoxusu, bu aylı gecə… onu əvəz edir, ətri və işığıyla… Ölümün azdırılması əslində əvəzetmədir.

Türk şerində, türk təfəkküründə ölüm kabus kimi, qorxulu, gəlişiylə hər şeyə son qoyan bir əcaib varlıq kimi yox, Səməd Vurğunun da, Əli Kərimin də, Rəsul Rza və nəhayət Nazim Hikmətin də dedikləri kimi bir «səadət» kimi təsvir edilir, şerə çəkilir, az qala «vəsf edilir»:


Ölümdən xəyanət –pis!

Ölümdən rəzalət – pis!

Bəzən necə gözəlsən,

Ölüm, sən ey səadət!


Nazim Hikmət «səadət» sözünü işlətməsə də, insanlara bunun ləzzətini «dadızdırır»:
Bu il payız başlarında cənubda

Dənizə, quma, günəşə bulanıram.

Ağaca bulanıram,

Bala bulanır kimi almalara bulanıram.

Gecələri göy üzü qoxuyur əkin kimi,

Gecələri enir göy üzü tozlu, isti yola,

Ulduzlara bulanıram.

Dənizə, quma, günəşə, almaya, ulduzlara

Qarışıb getməyin zamanı gəldi.
Əli Kərim şerilə Nazim Hikmət şeri arasında yuxarıdakı nümunədən də göründüyü kimi, bir quruluş, ruhi simmetriya yaxınlığı var; göylərin «yerə enməsi» motivi Əli Kərim poetikasına doğma olan, onun əsasını təşkil edən, necə deyim, strukturyaradıcı elementidir. Bu şeirdə təbiətin insanla mərhəmləşməsi ani, ancaq çox ciddi bir zərurət kimi baş verir, qəfildən yada düşən adicə bir ştrix bütün zamanları ayıran «arxın» qabağını açır, hər şey bir-birinə qarışır, itiy itiyini tapır, anadillərin səsi gəlir: «Tapdın?», «Tapdım...». İlkin harmoniya bərpa edilir:
... O qədər baxdım ki, mavi göylərə,

Onlar duydu məni,

Sinəmə endi.

Ağlağan söyüdün altından axan

Arx da «Əli» deyib astaca dindi.

Bahar gül-çiçəklə yağdı başıma,

Dinib-danışmadan boşaldım, doldum.

Uzandım beləcə...

Qovuşdum yerə,

Axırda özüm də yer boyda oldum.


Əli Kərimdə başqa bir obraz da var:
... Haqlayar sizləri soyuq bir xəbər,

Ya da ki, onların toyuna bir gün

Toya çağrılmamış bir qoca gələr...
Bu – Əli Kərimin, belə demək olarsa, mövzunu, şerin içinə qoyulan mətləbi ifadə etmək baxımından ən dəhşətli şerilərindəndir. Burada «dəhşətli» sözü bəlkə də yerinə düşmür, şeri izah etmək baxımından məqbul sayılmaya bilər, ancaq fikirimizcə, müəyyən ayrıntıları izah etmək üçün ondan uğurlusunu tapmaq mümkün deyildir. Bu şeirdə artıq yaşanmış hisslərin yanıq yerləri mövcuddur. «Təhkiyyə» adicə narazılıqdan «ölümə» qədər sürdürülmüşdür. Jan Eşnozun romanında olduğu kimi, ailə narazılıqlarından «ölmüş» bir adam saç-saqqalı ağarmış halda oğlanlarının toyuna gəlir. Üz-gözündə milyon illərin həsrətinin «yanıq yerləri» qadının qəlbində «yayalıq hənirli» külək əsdirir. İnsan mütləq qayıdır. Bu dünyada qoyub getdiyi yerlərdə külək kimi əsmək üçün. İnsan həmişə yaşadığı, yorulub-əldən düşdüyü şeyə «yaşamadım» deyir. Bu mənada əslində insanın dünyaya gəlməsi toy-bayram yox, ayrılıqdır. Ayrılıqdan doğulan insan mütləq qayıtmalıdır, məhz bu səbəbə görə Əli Kərim yaşadığı ömrü başqa cür qiymətləndirə bilmirdi:
Mənə çox yad idi bu sızıltılar,

İndi hakimidir onlar könlümün.

Dağıt başdan-başa yaşanılmamış

Ystünü,


Altını

Axmaq ömrümün.


Bu şeirlə Nazim Hikmətin aşağıda tam şəkildə sitat verilmiş şeri mahiyyətcə bir-birini tamamlayır – bəli, mahiyyətcə, mövzunun fəlsəfi dərinliyini göstərmək, adı çəkilən mətləbin naşı gözə görünməyən, özünü yalnız, necə deyərlər tanrı qatında büruzə verən, başlanğıcını həmin qatdan götürən gerçəkliyin metafizik dərki baxımından... Burada, bu məqamda şeir indiyə kimi yazılmayan, qələmə gəlməyən mətləblərdən sonra dünyaya gəlmiş bir zərurət kimi meydana çıxır, doğulur. Şerin strukturu elədir ki, əsas özül indiyə kimi keçilmiş mərhələlri inkar etməyə, onlardan imtina etməyə, yaşanmaq üçün axışıb gələn anları... rəd etməyə əsaslanır. Bəli – bəzən haqq qazanır insan öləndə, hətta unudulur ağır günahı... Bəli, adi həyatın gedişatı və məntiqi budur ki, hər şey unudulur, hər şeyə vaxt keçdikcə haqq qazandırılır, günahlar bağışlanır, zaman su kimi axır, bu dəfə lillə axan sabah dupduru suya çevrilir... Ancaq, əvvəldə göstərdiyimiz kimi, insanın dünyaya gəlməyi əslində ayrılıq olduğundan, bu şəkildə yığışıb getmək «əl vermir», əzəli ayrılıq insanın özünə qarşı üsyanına çevrilir: dağıt başdan-başa yaşanılmamış, altını, üstünü axmaq ömrümün. Dünyaya ayrılıq kimi gələn doğuluş mahiyyətcə insanın taleyinə də təsir göstərir, bir an da onu gözdən qoymur, yaşanan hər bir anı, günü, ili ağuşuna alıb əridir, yox edir, yazdığımız sətirlər pozulur, görünmür, vərəq ağ qalır, yəqin «axmaq ömür» ifadəsi də buradan, bu ovqatdan irəli gəlir.

Nazim Hikmətin şeri belədir:


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin