3. İŞİN DÜŞÜNCƏYƏ NİSBƏTƏN ÜSTÜNLÜK PRİNSİPİ
İnsan həm fikirləşən və düşünən, həm də işləyən bir varlıqdır. Görəsən iş mühümdür, yoxsa düşüncə? İnsanın cövhəri işdir, yoxsa düşüncə? İnsanın şərəfi işlədir, yoxsa düşüncə ilə? İnsan işdən yaranıb, yoxsa düşüncədən?
Tarixin maddiliyi işin mühümlüyü, onun düşüncədən üstün olması prinsipinə əsaslanır. İşi bazis, düşüncəni üstqurum sayır. Qədim fəlsəfə və məntiq, düşüncəni açar hesab edirdi. Həmin məntiqə əsasən düşüncə və fikir iki yerə bölünürdü: Təsəvvür və təsdiq. Onlar da öz növbəsində iki yerə bölünürdü: bədihi və nəzəri. Bədihi – yəni, sübuta ehtiyacı olmayan – fikirlər, nəzəri fikirlərin açarı sayılır, həmin fəlsəfə isə, insanın cövhərini fikir sayırdı. İnsanın kamalı onun elmi ilə ölçülür, kamil insan isə alim adama deyilirdi.
Ancaq tarixi materializm, «iş fikrin açarı, iş fikrin meyarıdır, iş insanın cövhəridir, iş insanın formalaşdırıcısıdır» prinsipi əsasında qurulur. Marks deyib: «Dünya tarixi bütünlüklə, insanın bəşəri əmək vasitəsilə yaradılmasından başqa bir şey deyil.»1
Engels isə deyir: «İnsanın özünü də əmək yaradıb.»2 Çünki, əzəldən insan təbii fəlakətlərə qarşı düşünmək əvəzinə, öz ağır zəhməti ilə ətraf mühitə qələbə çalır, bu yolla da təcavüzkarlarla vuruşaraq öz istədiyi cəmiyyəti yaradır və inkişaf etdirir.
Marks və marksizm kitabında yazılıb:
«Varlığın fəlsəfəsində əvvəl fikir və prinsiplərin bəyanı və sonda onlardan əməli nəticə çıxarmaq adi hal olduğuna baxmayaraq, praksis (əməli fəlsəfə) əməli fikrin əsası sayılır. Bu fəlsəfə, imanı qüdrətlə əvəz edir və Heygel kimi, o, da iddia edir ki, insanın həqiqi varlığı, ilk növbədə onun əməlidir. O, bu düşüncə ilə də, məşhur alman filosofuna həmfikirlik edib deyir: ilk olaraq ruh və söz yaranıb yerinə, öncə əməl yaranıb demək lazımdır.3
Bu prinsip, bir marksist-materialist fəlsəfə prinsipidir. Bu prinsip, marksizmdə «praksis» adı ilə tanınır və Marks onu, öz ustadları Feyerbax və Heygeldən əxz edib.
Bu nəzəriyyənin müqabilində, iş və düşüncənin qarşılıqlı təsirini və düşüncənin önəmliyini bəyan edən realist fəlsəfi prinsipi dayanır. Bu fəlsəfədə insanın cövhəri, fikirdir. İnsan – ətraf mühitlə məşğul olmaqla – öz işi ilə, məlumatlarını ətraf mühitdən kəsb edir və zehni, bu məlumatlarla dolmayana qədər onları araşdırmağa macal tapmır. Bu məlumatları topladıqdan sonra, beyin bunlar üzərində müxtəlif formalarda araşdırmalar aparır və doğru anlayış üçün şərait yaradır. Anlayış təkcə görünən maddənin beyindəki sadə əksi deyil. Maddənin beyində əks olunmasından sonra, ruhun qeyri-maddi cövhərindən doğan bir sıra beyin prosesləri nəticəsində, anlayış formalaşır. Deməli, iş fikrin başlanğıcı və eyni halda da, fikir işin mənşəyidir. İş fikrin və fikir də işin meyarıdır. İnsanın şərəfi, onun elmi, imanı, izzəti və kəraməti ilə ölçülür və iş də, bunları təmin etmək vasitəsi olduğu üçün şərəf mənbəyi sayılır. İnsan, işin həm yaradıcısıdır, həm də yaratdığı. Bu xislət yalnız insana məxsusdur – bu xüsusiyyət başqa varlıqlarda yoxdur – və onun xüsusi, ilahi yaranışından irəli gəlir. Ancaq, insanın işi yaratmağı həqiqi, işin insanı yaratmağı isə məcazidir. Yəni insan öz işini həqiqətdə yaradır. Ancaq iş insanı yaratmır. İş, əmək və əməllərin təkrarı, insanın daxilən formalaşmasına şərait yaradır. İki şeyin qarşılıqlı əlaqəsi, biri «həqiqi» və «icadi», digəri isə «məcazi» və «imkani» olduqda, üstünlük «həqiqi» və «icadi» tərəfdə olur.
Deməli, agahlığı və elmi, onun zati cövhəri olan insanın işlə qarşılıqlı əlaqəsi olmaqla – insan işi yaradır, iş də insanı – bərabər, yuxarıda dediyimizə əsasən, işdən üstündür. Yəni, iş insandan deyil, insan işdən üstün və mühümdür.
Dostları ilə paylaş: |