Birincisi, tarixi materializm və dialektik təzad halında olan nəzəriyyədir. Bu nəzəriyyəyə əsasən – onun barəsində sonra danışacağıq – hər şey malikiyyət ünsüründən asılıdır. İbtidai icma quruluşu və fərzi kommuna kimi xüsusi mülkiyyət forması olmayan cəmiyyətlərdə, adətən bir təbəqə və bir qütb olur. Amma, xüsusi mülkiyyət formasına malik olan cəmiyyətlər iki quruma malik olur. Deməli, cəmiyyət ya tək, ya iki qurumlu ola bilir və üçüncü formanın olması mümkün deyildir. İki qütblü cəmiyyətlərdə insanlar istismarçılara və istismar olunanlara bölünürlər, burada hakim və məhkumdan başqa üçüncü şəxs, ya təbəqə yoxdur. Cəmiyyətin digər ünsürləri də, məsələn, fəlsəfə, əxlaq, din və mədəniyyət də iki qrupa bölünür. Biri hakim, o birisi isə zəif təbəqəyə məxsusdur. Bunların hər ikisinin cəmiyyətdə özünəməxsus nüfuzu var, hətta əgər bunlardan biri ictimaiyyət üzərində hakimlik edərsə, bu o deməkdir ki, o cəmiyyət iki təbəqədən birinə məxsusdur və o biri təbəqəyə zorla qəbul etdirilib. Bunun ayrı növü mövcud deyildir.
İkinci nəzəriyyə budur ki, cəmiyyətin təkqütblü, ikiqütblü və ya çoxqütblü olması malikiyyət formasından asılı deyil. İdeoloji, mədəni, ictimai amillər də cəmiyyətin çoxtəbəqəli olmasına səbəb ola bilər. Xüsusilə də, mədəni və idoloji amillər mühüm rol oynayaraq, cəmiyyəti nəinki iki, hətta bir neçə qütbə bölə bilər, hətta bu amillər malikiyyət ünsürü ləğv olunmadan da, cəmiyyəti birləşdirə və ya parçalaya bilər.
İndi baxaq görək Quranın cəmiyyət müxtəlifliyi haqqında fikri nədir? Müxtəlifliyi və ixtilafı qəbul edir, yoxsa yox? Əgər qəbul edirsə, cəmiyyətin təbəqəli olması haqqında nə fikirdədir. Cəmiyyət malikiyyət və istismara əsasən iki qrupa bölünür, ya başqa formaya məxsusdur? Güman etmək olar ki, Quranın nəzərini öyrənmək üçün ən yaxşı yol, Qurandakı ictimai sözləri araşdıraraq bu sözlərin mənasının necə izah edildiyini öyrənməkdir.
Qurandakı ictimai sözlər iki növdür: Onlardan bəziləri, ictimai ünsürlərə aiddir. Məsələn, millət, şəriət, düzgün yol, adət-ənənə və s. bu sözlər bizim bəhsimizə daxil deyildir. Amma, başqa anlayışlar da vardır ki, ya bütün insanlar, ya da bir qrup insanlar üçün ictimai məna daşıyır. Bu sözlər, Quranın nəzərini təyin etməkdə köməklik göstərə bilər. Qövm, ümmət, qəbilə, şöbə, rəsul, nəbi, imam, vəli, mömin, kafir, münafiq, müşrik, mühacir, mücahid, siddiq, şəhid, müttəqi, saleh, yaxşıya dəvət edən, pisdən çəkindirən, alim, zalım, nəsihət verən, xəlifə, kahin, ali, zəif, kasıb, varlı, malik, azad, qul, rəbb və s. bunlara aiddir.
Əlbəttə, zahirdə bunlara bənzər sözlər çoxdur. Müsəlla, müxlis, sadiq, abid və buna bənzər sair sözlər də mövcuddur. Amma bu sözlər qrupları öyrənmək və aydınlaşdırmaq üçün deyil, yalnız bir sıra əməlləri bəyan etmək üçün qeyd olunub,. Elə buna görə də bu sözlərin qrup, təbəqə və qütbləri aydınlaşdıracağı ehtimalı çox azdır.
Birinci qrupa aid olan sözlərin işləndiyi ayələr, xüsusilə də ictimai proseslərə adi olanlar, gərək araşdırılsın və aydın olsun ki, bütün bunları iki təbəqədə yerləşdirmək olar, yoxsa yox? Və əgər iki qrupda yerləşərlərsə, onların əsas nişanələrindən sayılırlar, yoxsa yox? Məsələn, etimad baxımından onları mömin və kafir adlı iki qrupa, ya iqtisadi baxımdan varlı və kasıb adlı qruplara bölmək olarmı? Başqa sözlə, bütün bu bölüşmələrin sonda bir əsas bölüşməyə qayıdıb-qayıtmamasını aydınlaşdırmaq lazımdır.
Bəziləri iddia edirlər ki, Quran cəmiyyəti iki qütbə ayırır. Quranın nəzərindən cəmiyyət iki mərhələdə, hakim və istismarçı, zəif və istismar olunan qütbə bölünür. Quran birinci qütbü «müstəkbir» (hegemon), ikinci qütbü isə «müstəzəf»(məzlum kütlə) adlandırır. Sonrakı bölmələr, məsələn, mömin və kafir, təkallahlı və müşrik, əməli-saleh və günahkar ikinci dərəcəli bölmələrdir. Yəni nifaqa, şirkə, küfrə səbəb olan istikbar və istismarçı təbəqə; islah, cihad, hicrət, iman və s. şeylərə səbəb olan istizaf. Başqa sözlə, Quranın etiqadi, əxlaqi və ya əməli azğınlıq adlandırdığı proseslərin səbəbi iqtisadi əlaqələrin bir növü olan istismarçılıq, təsdiq etdiyi əməllərin əsas səbəbi isə məzlumluq və istismar olunmaqdır. İnsanın vicdanı təbii olaraq onun maddi vəziyyətindən asılıdır. Maddi yaşayış səviyyəsində dəyişiklik olmadan ruhi, əxlaqi və nəfsani vəziyyətin dəyişəcəyini gözləmək düzgün deyildir. Elə buna görə də, Quran ictimai mübarizəni təbəqələr arası mübarizə formasında doğru və düzgün sayır. Yəni əxlaqi və ya etiqadi mübarizə ilə müqayisədə ictimai mübarizəyə daha çox üstünlük verir. Quran nəzərindən kafirlər, münafiqlər, müşriklər, günahkarlar, fasiqlər, zalımlar, «israfçı və müstəkbir» adlanan qrupların içindən çıxırlar. Bu qrup və ya şəxslər qarşı təbəqədən çıxdığı kimi, peyğəmbərlər, rəsullar, imamlar, siddiqlər, şəhidlər, mücahidlər, mühacirlər və möminlər də zəif təbəqədən çıxır və onların da qarşı təbəqədən çıxması heç cür mümkün deyildir. Deməli, istikbar və zəiflik, ictimai vicdanı yaradır və o da öz növbəsində ictimaiyyət arasında qütbləşmə aparır. Bütün başqa xüsusiyyətlər, istismarçılığın və istismar olmağın əlamət və nişanələridir. Quran təkcə adı çəkilən iki əsas qrupu zəif və zalımların nümunəsi saymır, eyni zamanda onların bir sıra yaxşı və pis xüsusiyyətlərini də sadalayır. Birinci qrup xüsusiyyətlər zəif və əzilən dəstələrə, ikinci qrup xüsusiyyətlər isə zalım dəstələrə aid edilir. Deməli, istismar etmək və istismar olunmaq iki qrupu bir-birindən ayırmaqla yanaşı, onların bir-birinə zidd olan əxlaqi xüsusiyyətlərini də göstərir. İstismarçılıq və zəiflik bütün seçimlərin, təmayüllərin və hətta, mədəni proseslərin əsası və özülüdür. Əxlaq, fəlsəfə, incəsənət, ədəbiyyat, din və s. şeylər həmin təbəqənin ictimai təmayüllərini göstərir. Hər şey mövcud vəziyyətin qorunmasına xidmət edir və tənəzzülə, geriləməyə səbəb olur. Bunun əksinə olaraq, zəiflər təbəqəsinə məxsus olan əxlaq, fəlsəfə, ədəbiyyat, incəsənət və ya din inqilabçı və qurucu olur. İstismarçı təbəqə ictimai sərvətləri öz əlində topladığına görə, dar düşüncəli, eyş-işrət düşkünü və mövcud vəziyyəti qorumağa çalışan olur. Əksinə, əzilən təbəqə agah, inqilabçı, daim hərəkətdə olan və yeni-yeni formalar tələb etmək xüsusiyyətinə malik olur.
Bu şəxslərin əqidəsinə görə, Quran insanı yaradan, onun təbəqəsini müəyyən edən, onu istiqamətləndirən, ideoloji, dini, əxlaqi və fikri əqidəsini təyin edən amilin maddi vəziyyət olması nəzəriyyəsini təsdiq edir. Ümumiyyətlə Qurandakı ayələrdən aydın olur ki, o, öz təlimatlarını bu əsasda bəyan edir. Elə buna görə də, bir qütbə bağlı olmaqla bütün şeyləri təyin edir. Bu meyarla bütün iddiaları öyrənmək olar. Mömini, islahatçını, rəhbəri və hətta peyğəmbərlik, ya imamlıq iddiası edənləri bu əsasla təsdiq və ya təkzib etmək olar.
Həqiqətdə bu nəzəriyyə insana və cəmiyyətə maddi nəzərdən baxır. Şübhəsiz Quran, şəxslərin ictimai vəziyyəti üzərində xüsusi dayanır, lakin bu o demək deyildir ki, Quran bütün bölmələri və qütbəşmələri bu əsasla aparır və ya təyin edir. Bizim nəzərimizə görə, cəmiyyətə bu növ baxış, islamın insana, dünyaya və cəmiyyətə baxışı ilə uyğun gəlmir. Bu nəzəriyyə, Quran məsələlərində səthi araşdırmalar nəticəsində meydana çıxıb. Bu barədə gələcək bəhslərdə geniş şəkildə söhbət açacağıq.
Dostları ilə paylaş: |