Çırağı sönməyən poeziya



Yüklə 1,58 Mb.
səhifə9/10
tarix22.01.2018
ölçüsü1,58 Mb.
#39652
1   2   3   4   5   6   7   8   9   10
BƏDİİ NƏSRİ
Əli Kərim ədəbiyyatın bütün janrlarında olduğu kimi, nəsrdə də qələmini sınamış, bir sıra hekayələr, povest, ro­man və pyeslər yazmışdır. Bunlar sayca çox olmasa da, şai­rin gördüyü, hiss etdiyi hadisələrin təcəssümüdür. Şairin ilk nəsr əsəri olan “Bər­bər” hekayəsi oxunaqlığı ilə diqqəti cəlb edir. Hələ 50-ci illərdə Azərbaycan jurnalında hekayələr üçün elan edilmiş müsabiqədə ikinci mükafata layiq görül­müş bu hekayədə oxucu çox qəribə bir bərbərlə görüşür. Elə bir bərbər ki, başqalarına əsla bənzəmir. Bərbər Seyfinin tər­cümeyi-halı kolxoz həyatı ilə bağlıdır. Əgər işdə qabaqcıl­san­sa, Seyfi sənin başını, üzünü elə qırxacaq ki, heç ruhun da incimə­yə­cək. Vay o gündən ki, tənbəl və işdən, zəh­mət­dən bo­yun qaçıran olasan, vay onda sənin halına.

“Seyfi axırda saçına ətri də könülsüz tökəcək. Ona “sağ ol” deyib gedəndə Seyfinin “xoş gəldin”i “rədd ol” sö­zün­dən də pis səslənəcək. Başının köhnə maşınla qırxılması xə­bəri isə yarım saata bütün kəndə yayılacaqdır” (26, 65).

Məhz elə bu baməzəliyinə görə “Bərbər” hekayəsi Əli Kərimin digər hekayələrindən fərqlənir.

Müəllifin “Kayutada iki adam” hekayəsində isə çiçək kimi zərif bir qızın gündələyini vərəqləyib ötən günlərini xa­ti­rə süzgəcindən keçirməsindən, şirinli-acılı həyat səhifə­lə­rin­dən söhbət açılır. İlk baxışda biri-birinə bağlanan bu gənc­lərin nəinki məhəbbəti, heç görüşləri də baş tutmur. Qız cəsurları sevir, oğlan isə dovşan kimi qorxaqdır. Burada han­sı sevgidən danışmaq olar? Görəsən, bu cavan “Pələng” he­ka­yəsindəki Sədi kişinin yerinə olsaydı, neylərdi? Axı, yaralı pələnglə üz-üzə gəlmək hər oğulun işi deyil.

“Güllə lülədən, pələng fızıllıqdan çıxdı. Güllə dəymiş pələng havada idi. Barıt tüstüsünü yarıb, düz qocanın üstünə gəlirdi. Bu vaxt qayanın o biri tərəfinə çıxıb onları seyr edən briqadir və başqaları dalın-dalın çəkilib qışqırırdılar: “Qooo-ca qaç! Qoca qaç!” Qoca qaçmırdı. Qoca yanıla bilməzdi. Gül­­lə pələngi tutmuşdu. Qocanın indiyə qədər nişangah qa­ba­ğı­na minlərlə quş, heyvan çəkib gətirmiş qara bir alovla yanan gözləri görürdü ki, pələng öz qüvvəsilə ancaq yarı yola qədər tullanmışdı.

Pələng düz qocanın ayaqları altına düşdü. O, sanki bi­lə-bilə başını qocanın qara çəkməli ayaqları üstünə qoydu (41, 86-87).

Predmetə yanaşma səriştəsi Əli Kərimin nəsrində də öz orijinallığını göstərir. Onun nəsrindəki epiklik povestlərin­də­ki mənzum təfərrüatlara, poetik süjet psixologiyasına çox uyğundur. Bu nəsrdə bölmələrin keçidi, hadisələrin kompo­zi­siya daxilində əlaqəsi, bədii lövhələrin mənzərə sistemi “poe­malarındakı kimidir, şeir silsiləsi təşkil edir”. Bu mənada “Mavi nəğmənin sahilində” povesti fikrimizi təsdiq edir.

Bu povest aydın süjeti, mükəmməl quruluşu, hadisələ­rin ardıcıllığı, inkişafı, bitkinliyi və bütün lirikası ilə əsl nəsr nümunəsidir. “Mavi nəğmənin sahilində” lirik povestdir. Bu li­ri­ka əsərin adından başlayır və axıracan epik lövhələri mü­şa­yiət edir. Lirik-poetik müşayiəti süjetin gedişində nəsr ay­dın­lığına kölgə salmır.

Bu “mavi nəğmə” bir çaydır ki, Aydıngilin evinin ya­nın­dan axır və Səfa ilə onun ürəyindən keçənləri daimi züm­zümə kimi müşayiət edir. Həmin çay – həmin mavi nəğmə povestin bir pak, munis, səmimi obrazıdır ki, Aydınla Səfanı bir-birinə bağlayır, hər ikisinin qulağına eyni melo­diyanı pıçıldayır (T.Hacıyev). Povest müharibənin başlaması xəbəri ilə başlayır. Bu xəbəri ilk eşidənlər dəhşətə gəlməyib, onu zarafat bilir, təbəssümlə qarşılayır; “dava” sözünü bəzisi ərlə arvad arasındakı narazılıq; bəziləri də qonşu ilə qonşu ara­sındakı söz-söhbət kimi başa düşür. Bir an sonra aydınlaşır ki, bu daha o davadan deyil. Qəribədir ki, bu xəfif başlanğıc, bu mülayim kədər povestin sonuna qədər davam edir. (Yal­nız son epizod bu mülayimliyi alt-üst edir və əsər qurtarır).

Müharibə xəttindən çox-çox uzaqlarda yerləşən kənddə bəlkə müharibənin səsi var, ölümü-itimi yoxdur. Əsərdə dal­ğın baxışlar, pərişan əhvallar verilir, hələ öldürücü, göy­nə­dici hüzn görünmür. Burada, top-tüfəng nərəsindən uzaq bu kənddə hələ qaraqılçıq buğda zəmisinin, turac səsinin, “mavi nəğmə”nin poeziyası duyulur. Bu kənddən müharibəyə ge­dən­lərdən hələ qara xəbər gəlməyib, hələ onlar döyüşə yol gedirlər, ya da xəbərləri hələ yol gəlir. Bu davalı günlərdə hələ təbiət səfalıdır – nə müddətdir başlanan müharibə in-san­ların ürəyinə girmiş, ancaq hələ çöllərin bərəkətinə, təbiə­tin naz-nemətinə, gül-çiçəyinə nüfuz etməmişdir.

Bu hüzn yeli əsən mühitdə Əli Kərim işartı, sevinc, se­vib-sevilmək duyğuları görür. Bu, düşmənə qarşı insanları sə­fərbər edən, qəzəbli nikbinliyi qidalandıran poeziyadır. Əli Kərim bu poeziyanı görür – hüzn içərisində, kədər dərya­sın­da mülayim pərdə tapır, lirik mənzərə seçir; povest şeriy­yət­lə doludur. Bu şeiriyyət povestin dilində də boldur və aş­karca görünür ki, bu nasir şeirdəki Əli Kərimdir. Bu epik nəsr lövhələrinin üstündən müntəzəm poetik nəfəs əsir.

“...Səfa dikəlib eynəyini bərk-bərk gözlərinə basdı. Ba­xışları Aydının şəhadət barmağının göstərdiyi səmti diq­qət­lə gəzdi. Orda qarlı, dumanlı dağlar göylərlə birləşirdi. Bu göy-sulu çay sanki göylərdən bir yaşıl şəlalə kimi tökülür, nəğmə oxuyur, axıb dağlara enir, ordan da dərələrə dağılıb çaya dö­nür­dü. Aydın qıza ayaqları altında axan suyu göstərdi. Su­yun dibi al-əlvan daşlarla dolu idi. Səfa çox baxdı, gözlərini su apa­randa elə bil daşlar rəngli yarpaqlar kimi çayın üzünə çıx­dılar. Aydın: – Xoşuna gəlirmi? – deyib Səfanı fikirdən ayı­­­randa isə daşlar çayın dibinə cumub yerlərində dondu­lar...” (41, 10).

“...Səfa dönub Aydına baxdı. Başını yellədi. Yaşıl sö­yüd bu­dağının suya dəydiyi yeri göstərdi. Orda sürüşkən daş­ların üs­tündən tökülən su söyüdün budağını oynadır, şı­rıl­tısının ahən­­gi dəyişirdi. Səfa qolunu söyüd nəhrəsinin ya­şıl, yum­şaq, xoştəmas budağına keçirdi. Başını qolunun üs­tü­nə qoy­du, sö­yüdün çaya sallanan budaqlarına dəyib şırıl­da­yan mavi su­lara qu­laq verdi. Birdən başını qaldırıb gözləri dolusu Ay­dına baxdı.

– Nə olub, Səfa?

Səfa əlini dodaqlarına apardı.

Yenə bayaqkı kimi şırıltını dinləməyə başladı. Sadə, qəribə, amma nə isə insana xoş gələn xalları olan bir musiqi parçası səslənirdi. Suyun dibindəki narın qum Səfanın ayaq­ları altında qaynayıb ovulurdu. O, söyüdləri bir-bir qucaqla­yıb, suya dəyən budaqların səsini dinləyir, gedir, gedirdi. Ay­dı­na elə gəlirdi ki, çay nəhəng, çoxşaxəli mavi nəğmədir. Səfa da onun qoynunda vəsf olunan bir mələk!”... (41, 10-11).

Ə.Kərimin nəsr yaradıcılığında “Pillələr” romanının xüsusi yeri vardır. “Pillələr” romanı Əli Kərimin ilk böyük nəsr əsəridir. Onun mövzusu müasir həyatdan, tələbə gənc­lə­rin gündəlik təhsil güzəranından alınmışdır. Ali məktəb audi­toriyasını – müəllim heyəti və tələbələri təsvir edən müəllif onlar arasındakı ixtilafları ilk plana çəkir. Lakin romanda qələmə alınan münaqişə geniş mənada müəllim-tə­lə­bə kon­flik­ti deyil, müəllim-insan adını ləkələyən tək-tək anti­pod­larla xeyirxah, təmiz adamların konfliktidir. “Pillə­lər”i həm də təmiz, kristal təbiətli Azərin romanı adlandıra bilə­rik. Onu səciyyənləndirən başlıca cəhət mənəvi bütöv­lük­dür. Kəndin ab-havasında böyümüş Azər şəhərə gəldik­dən sonra da mə­nə­vi təmizliyini qoruyur, hətta institutdan qo­vulmaq təhlü­kəsi olanda belə öz mövqeyini qətiy­yətlə müdafiə edir. Ali təhsilə, oxuduğu məktəbə, dərs aldığı müəllimlərə yüksək tə­ləb­lərlə yanaşan Azəri onlar qane etmir; o hələ ilk addım­larından bi­rin­də “dahiyanə mühafizə­kar” Osmanlı ilə toqqu­şur. Tələbə­lər üzərində “hökmran­lı­ğa” öyrənmiş Osmanla Azərin şəx­sində daş qayaya rast gəlir.

Osmanlı yeniliyə düşmən, istedada laqeyiddir. O öz al­çaq niyyətlərini yalnız başqaları vasitəsilə həyata keçir­mə­yə çalışır heç vaxt əsəbləşmir, ən gərgin anlarda belə, soyuq­qan­lığını saxlayır: “Həyatda hər şeyi öyrənmək lazımdır. Hər şey qanunidir. İnstitutda oxuyan olduğu kimi, qovulan da olmalıdır”. Məharətlə maskalanmış, öz qüvvəsindən ehti­yat­la istifadə edən bu pedant professoru yazıçı, Azər və onun atası ilə toqquşdurur və məğlub edir.

Azərlə Zərifin münasibətləri romanın əsas emosional-lirik xəttidir. Həmişə səbatlı, sevgilisinə böyük inam bəslə­yən Azərdə qıza qarşı şübhə baş qaldırır; o, elə bilir ki, Zərif artıq dəyişib. Bu dəyişiklik qızın “orijinallıq” sevən Elmana xüsusi diqqət yetirməsi ilə əlaqədardır. Zərifi ittiham edər­kən Azərin mənəvi zənginliyi, xəyalpərvərliyi və düşüncə tərzi daha aydın şəkildə üzə çıxır.

Ona elə gəlir ki, sevgilisi artıq onu “kəşf edib”, o, daha qız üçün maraqlı deyil. Buna görə də o, məzəmmətini, giley-güzarını çox kəskin şəkildə deyir, hətta oxucuya elə gəlir ki, bunlar Zərifə layiq deyil. Qızı Azərin ittihamından çox , mə­nəvi maksimalizmi qorxudur. Azər Zəriflə həddən ziyadə ağıllı söhbət edir: bundan məqsəd ona günahlarını xatırlat­maq­dır. Müəllif Azərin şübhələrinə çox haqq qazandırmır, biz Zərifi də sevgilisinə xəyanət edən görmürük. Azərin Zə­rif tənələrinin başlıca səbəbini onun düşdüyü böhranlı vəziy­yət­də axtarmaq bəlkə doğru olardı. “Mühafizəkarlardan, ədə­biy­yatı xalturaya çevirən, yaltaqlıqla başını girləyən “alim­lərdən” zəhləsi gedən, daim mütaliə və axtarışla məş­ğul olan Azərin mübahisəli fikirlərini, bizcə onun zamanla ayaqlaşmaq istəyində, yeniliyə həssaslığında axtarmaq lazımdır” (51).

Azər və Elman başqa-başqa adamlardır. Azərin özün­dən bədgüman, xudbin, “çərçivəyə” sığmayan bu novator­lu­ğu əlində bayraq edən oğlana münasibəti əvvəlcə adi həm­rəylik olsa da, sonralar onun kimliyini başa düşür. Elman tək­cə tələbə yoldaşlarına deyil, müəllimlərə də yuxarıdan aşa­ğı baxır. Onun üçün heç bir konkret meyar yoxdur, dost-tanışı da məlum deyil, işi-peşəsi ona-buna istehza etməkdir. Nihilist gənclərin tipik nümayəndəsi olan Elman ədəbi irsə xor baxır, milli ədəbiyyatı danır; vaxtını belletristika oxu­maq, dadsız-duzsuz şeirlər yazmaqla keçirir. O, bir fərd kimi də mənən puçdur. Onun daxili siması Azərin komsomol bi­le­tini oğurladıqdan sonra açılır. Lakin ifşa olunduqda belə daha da sırtılması, nihilizminin daha da artması onun mənəvi müvazinətini itirdiyini göstərir.

Osmanlı kimi, Elmanın da yüksək insani sifətlərə hör­məti yoxdur. Xeyirxahlıq, düzlük, dostluq, inam və s. on­la­rın hər ikisi üçün “köhnə”, “primitiv” məfhumlardır. Osman­lı­nın və Elmanın daxili monoloqları mənəvi eybəcərliyi cə­hət­dən çox səsləşir.

“Pillələr” realist ahəngi, zəngin həyat materialı ilə müa­­sir nəsrimizdə özünəməxsus nümunələrdən biridir. Ro­ma­nın qəhrəmanı Azərin ədəbi əsərdən tələb etdiyi sadə, yığ­­cam təhkiyə, psixologizm əsərin mühüm məziyyət­ləri­dir”.

“Pillələr” çap olunduqdan sonra akademik T.Hacıyev yazırdı: “...Romanda süjet sərt konflikt üstündə qurulmur, geniş həyat səhnələri yoxdur, obrazlar əsərdə təkamül keçir­mir, elə bil hərə bir şeirdə təqdim olunan obrazdır – ilk təq­di­mat­dan necə tanınırsa, elə də qalır. Ancaq özlüyündə gözəl dra­ma­tik təsvirlər var, dərin psixoloji anlar roman boyu sə­pə­lənmişdir, oxucunu ayrılmağa qoymayan gözəl bədii dili ro­­ma­nı şeir kimi oxutdurur. Bu həm də əsil ədəbi, normativ dil­dir. Bütövlükdə şairanə dili romanın hər səhifəsində elə mü­­hakimələr, elə düşüncələr, elə təsvirlər, ayrı-ayrı elə ifa­də­­lər var ki, şeir kimidir və məhz şeir emosiyasi daşıyır” (28).

Akademikin söylədiyi kimi, əsərin bir səhifəsində elə ifadələr var ki, şeir kimi oxunur. Məsələn: “Mürgü kiprik­lə­rin­də tor toxuyurdu”, “Gözlərin lal musiqisi pianonun səsini batırırdı. Gözlər özləri barədə oxuyurdu”, “O birdən durub san­ki otağını doldurmuş sirri, sevinci, məhəbbəti çölə bu­rax­mamaq üçün pəncərələri bağladı” (46).

Göründüyü kimi, bu nümunələr romandan çox mənsur şeir dilinə bənzəyir, ancaq romandakı psixoloji anların li­riz­minə uyğundur.

1964-cü il aprel ayının 8-də akademik B.Nəbiyevin “Hə­yat həqiqətlərinə sadiq qalmalı” məqaləsində isə roma­nın bir sıra qüsurları göstərilmiş, müəllif bir sıra tövsiy­yə­lərini söyləmişdir.

Əli Kərim yaradıcılığını bir daha diqqətlə nəzərdən keçirdikdə məlum olur ki, psixoloji faktor Əli Kərim poezi­ya­sın­da bədii fenomen kimi mövcuddur.

Maraqlıdır ki, istər psixologizmlə bağlı, istərsə də ümu­­miyyətlə ədəbi proseslə, sənət və estetika ilə bağlı nə­zə­ri söhbətlər Əli Kərimin bədii əsərlərinin içərisində daha geniş və müntəzəmdir. Onun “Ürək güzgüsü” pyesinin qəh­rə­manı paranpsixologiya mütəxəssisidir. Burada psixoloji təhlillər əfsun və cadugərlik səviyyəsinə qalxır. Aydınlaşır ki, vaxtilə Sokratların, İbn-Sinaların yaratdıqları möcüzələr məhz cadugərlik imiş – cadugərlik professional səviyyədə və professionalların əlində elmi-psixoloji təzahür imiş. Əsl hə­ki­mi yalançı həkim, əsl müəllimi yalançı müəllim, əsl dövlət başçısını boşboğaz, fitnəkar dövlət başçısı ləkələyir və bu “əsllər” “yalançı”ların sayəsində şübhə altına düşürlər. “Heç demə, fırıldaqçı hoqqabazlar da psixoloji tədqiqatdan ibarət olan cadugərliyi hörmətdən salırmışlar”, heç demə öyrən­mək üçün onun gözlərini oxumağı bacarmaq kifayət imiş. “Adil müəllim haqqında elə niyə dediniz?” – sualına pa­ranpsixoloq Adilin cavabı budur” (46, 54).

“Gözlərinizdən soruşun” – əsərin “Ürək güzgüsü” adı da buradandır, ürəyin güzgüsü gözdür” (26, 6). Pyesdə Əli Kə­rimin pxisologiya biliyi, sənət “cadugərliyi” öz maksi­ma­liz­minə çatır. Hadisələr fiziklər mühitində cərəyan edir. Gö­rünür, onu heyran edən Dostoyevski-Eynşteyn koordinatını aş­karlamaq üçün Əli Kərim paranpsixoloqla fizikin iş la­boratoriyasında ədəbi-elmi sınaq quraraq öz pösixoloji sənət devizini ekspertiza yolu ilə ümumiləşdirmək və əyani­ləş­dir­mək qərarına gəlir.

“Ürəyin güzgüsü” pyesinin hərtərəfli təhlili barədə akademik T.Hacıyevin mülahizə və fikirləri aşağıdakı şəkil­də öz əksini tapmışdır: “Əli Kərimin bu ilk pyesi şairin poe­ti­kası haqqındakı təsəvvürümüzü bütövləşdirir. Aydın olur ki, onun sənətkarlığı və müasirliyi fitrətindəki şairlik vergisi ilə zəngin bədii və elmi-fəlsəfi mütaliəsinin vəhdətidir. Bu pyes təsdiqləyir ki, şeirində olduğu kimi, Əli Kərim nəsrin­də, mə­qa­lə­lərində, hətta pyesində də pxisoloqdur” (26, 6). Həmin bədii-psixoloji yaradıcılıq ovqatı ilə Əli Kərim oxu­cu­larının ürək yaddaşına kövrək, ancaq bütöv və kamil bir sevgi bəxş edib bu dünyadan köçmüşdür.

“Ürək güzgüsü” pyesi uzun illər Nizami yurdunda C.Cab­barlı adını daşıyan Dövlət Dram teatrında oynanılmışdır.



SƏNƏTKARLIQ, DİL VƏ ÜSLUB
Əli Kərim müasir Azərbaycan şeirində novator poezi­ya­nın görkəmli nümayəndələrindən biri olmaqla, bütün cə­hət­ləri ilə tam özünəməxsus obrazlı poeziya nümunələri, son dərəcə zəngin mənalarla, poetik incəliklərlə dolu bir ədə­bi irs qoyub getmiş şairlərimizdəndir. Fərdi yaradıcılıq ma­ne­rası, poetik üslubu baxımından Əli Kərim şeiri haq­qın­da ge­niş və hərtərəfli elmi-nəzəri söhbət açmaq üçün əhatəli ma­terial verən, dərin təhlil və tədqiqə kifayət qədər geniş im­kanlar açan dolğun sənət nümunəsidir.

Qısa bir insan ömrü yaşayan, həyata yaradıcılığının ən coşğun çağlarında göz yuman Əli Kərim, Rəsul Rzanın tə­bi­ri­lə desək, “deyə bildiklərinin, demək istədiklərinin az, çox az bir hissəsini dedi” (38). Bununla bərabər, Əli Kərim şeiri­nin mövzu və məzmun dairəsi kifayət qədər geniş və əha­tə­li­dir. Şairin bütün yaradıcılığını küll halında diqqətlə izlə­dik­də, tədqiq etdikdə istər-istəməz belə bir qənaətə gəlməli olur­san ki, sanki o, konkret tarixi zamanla, daha çox öz əsri ilə bağlı olan və insan adını daşımağa layiq olan hər kəsdə narahatlıq hissi doğura biləcək bütün məsələ və anlayışların poetik məsuliyyətini daşımaq üçün dünyaya göndərilmiş bir poeziya əsgəridir. Belə ki, Əli Kərim özünün istisnasız ola­raq bütün şeirlərində İnsan, Vətən, Yer planeti və bütün dün­ya, onların bu günü və gələcək müqəddəratı ilə bilavasitə əla­­qə­­dar olan bir çox müqəssəs məsələ və anlayışların keşi­yin­də dayanmağa çalışır. “Bu vəzifənin ifasında gücünün yetmə­di­yini hiss etdikdə özünəməxsus səsi və şeirinin dərin poetik mənaları, “daşdan keçən” kəsərli obrazları ilə haray çəkmə­yə, həmvətənlərini, bütün dünyanı sayıq olmağa, kö­məyə çağırmağa məcbur olur (1, 166). Bu cəhətdən, təkcə Əli Kəri­min yaradıcılığının deyil, müasir poeziyamızın nai­liy­yət­lə­rin­dən sayıla biləcək “Daş” şeiri səciyyəvidir.


Yarıçılpaq,
Qədim insan

Düşməninə bir daş atdı,

Qana batdı.

Daş düşmədi

Amma yerə,

Uçub getdi

Üfüqlərdən üfüqlərə.

Deməyin ki daş yox oldu,

Daş çevrilib bir ox oldu.

Oldu qılınc,

güllə,

mərmi.


Dayanmadı fikir kimi.

Atom oldu

Meridianı qırıq-qırıq,

Arzuları zərrə-zərrə,

Okeanı para-para

Edib keçdi...

Həmin o daş

İndi yenə dayanmayır,

uçur hara?

O, neytron – elektron,

Dönüb

nələr,


nələr olur.

Alov olur,

ölüm olur,

zəhər olur

Ey həməsrim,

Həqiqətin qan qardaşı,

Dayandırmaq olmazmı, de,

Yarıçılpaq

yarıvəhşi

Qədim insan

atan daşı?! (47, 52).
Göründüyü kimi, “Əli Kərimin şeirlərindəki fəlsəfi ümu­­mi­ləşdirmələr və mənalandırmalar heç vədə nəsihətamiz kə­lam­lar şəklində, məlum həqiqətlərin bərbəzəkli və təm­tə­raqlı təkrarı tərzində peyda olmur. Bu fikirlər həmişə əyani detal­larla, sırf realistik aydınlıqla və dəqiq təfərrüatla əlaqə­də verilir” (5).

Adını çəkdiyimiz məşhur “Daş” şeirində Əli Kərim çox böyük humanist fikri konkret və əyani obrazlara çevir­miş və şeiri ehtiraslı bir çağırışla bitirmişdir.

Ümumiyyətlə, bəşərilik Əli Kərim şeirinin mahiy­yə­tini müəyyən edən əsas səciyyəvi xüsusiyyətlərindəndir.

Şair müasir dünya ilə bağlı olan, onu maraqlandıran, düşündürən və narahat edən hər şey haqqında öz poetik mü­la­hizələrini söyləməyə xüsusi ehtiyac duyur. Bu poetik mü­la­hizələrin ifadəsində o, bir çox hallarda özünəməxsus ümu­mi­ləşdirmələr yolu ilə gedərək çoxlarına külçə halında mə­lum olan və ya artıq bədii sənətin də nəzərini dəfələrlə cəlb etmiş məsələlərə, anlayışlara heç kəsi, “hətta özünü təkrar­la­ma­dan” (Rəsul Rza) tam fərdi şəkildə öz münasibətini bildi­rir. Bunun üçün şair onun yalnız öz təcrübi laboratoriyasına, öz manera və üslubuna uyğun gələn assosiativ müqayisə və obraza müraciət edir.

Əli Kərimin bəşəri ümumiləşdirmələrlə zəngin olan poe­tik qənaətləri Nazim Hikmət, Nezval, Pablo Neruda və Rə­sul Rza şeirində olduğu kimi, millilikdən beynəlmiləl­çili­yə doğru bir-birini tamamlayıb müəyyən edən istiqamətdə öz ifadəsini tapır. O, nədən yazırsa-yazsın, hansı bəşəri hiss­lər­lə yaşayırsa yaşasın, hər cür vəziyyətdə bəzən kiçik bir detalla, bəzən də assosiativ şəkildə öz milli mənsubiyyətini biruzə verir. Əli Kərim bu məsələdə heç bir xarici ölkəyə sə­fər etmədən və bu barədə konkret təsəvvürü olmadan bilava­sitə öz təxəyyülünün gücünə arxalanır. O, dünyanı, onun keç­mişini, bu gününü və gələcək taleyini öz fərdi ümumiləş­dir­mələri və obrazlarının gözü ilə görməyə çalışır və bu cür vəziyyətdə buna nail ola bilir. Buna görə də o, müəyyən coğ­rafi məkan və adlara az müraciət edir, hər cür konkret və­­ziyyətin ümumiləşdirilməsində və ya ümuminin konkret­ləş­­dirilməsində öz imkanları daxilində özünə və obrazın poe­tik gücündən daha çox obrazdan poetik istifadə etməyə ça­lışır. Bu baxımdan, “Füzuli” və “Habil” şeirləri milli-bə­şə­ri mə­na­larla zəngin sənət nümunələri kimi daha çox diqqəti cəlb edir.

Dərdlərdən, ələmlərdən qəlbində nə şöhrətə, nə gecik­miş məhəbbətə, hətta öz sözlərinə belə “yer qalmayır”. Fü­zu­li dühasına Əli Kərim obrazının yüksəkliyində dünyanın özü də qibtə edir:


Dünya səni qocaltdı, yaşıdın olsun deyə,

Gömüldü dərdin yerə, ucaldı ahın göyə.

Dərdə şərik – dərd özü, sükut – suala cavab

Qranit dağlar belə, gətirməzdi buna tab.

Füzuli, o nə dövran! – Görsələr yanır insan,

Yanana od verdilər.

Füzuli, o nə kədər!

Görsələr donur insan,

Donana buz verdilər…

Füzuli, o nə qədər? –

Görsələr batır insan,

Batana dəryaları

Birdən bəxş elədilər,

Dünya səni qocaltdı,

Qocaldın dünya kimi,

Könlün kədərlə dolu –

çalxalan dərya kimi. (45, 48)
Və yaxud “Habil” şeirində doğma musiqimizin doğma xalları ilə zəngin olan doğma kamanın yaşamağa, dərk etmə­yə, insanlaşmağa çağıran nalələri dinlədiyi zaman da şair dünyanı,onun taleyini düşü­nür, varlığını rahat buraxmayan suallara cavab axtarır:
Əli – kəmanədir,

kəmanə – Əli.

Çalır kamançanı

kəmanə özü.

Gözümdə ilk məna dəyişir,

dönür,


Dünya düşəcəkmi sahmanə özü?

Elə bil unudub segahı Habil.

Qırılsa musiqi, o neyləyəcək?

Habil ilan dili çıxarır, nədir,

Arzu qızmarında ilantutantək. (45, 48)
Şairin məhəbbət lirikasında da yüksək ümumbəşəri hiss­lərlə zəngin olan elə sanballı ümumiləşdirmələrə rast gə­li­rik ki, ilk baxışda adi məhəbbət dəqiqələrinin təsviri kimi görünən misraların lirik axarında birdən-birə istər-istəməz “ayaq saxlayıb” bütün dünya və zamanların, bütün insan­lı­ğın keçdiyi müqəddəs bir yol – məhəbbət yolu haqqında dü­şünməyə, həm də ciddi şəkildə düşünməyə məcbur oluruq:
İlk görüş yox olsa, yox olub gedər,

Dönər bir heçliyə görüşlərimiz...

Görüşlər hamısı vərdişə dönər,

Bəlkə bir saatda qocalarıq biz. (40, 132)


Şair öz zəmanəsi ilə bağlı olan bir çox konkret məsələ və anlayışlarla bərabər məhəbbətin də ədəbi keşiyində daya­nır, onu hər cür soyuq və cansız hisslərdən, şəxsi və ictimai təhlükədən, xain ləkə və böhtan­lar­dan, laqeydlik və bir çox müvəqqəti duyğulardan qoru­ma­ğa, məhəbbətin adına ləkə gətirən hər şey haqqında insanları sayıqlığa, əl-ələ verib onu müqəddəs, uca tutmağa, ona layiq olmağa çağırır.

Əli Kərimin yaradıcılığında bir çox başqa ideya və key­fiyyətləri ilə xüsusi yer tutan “Üçüncü atlı” poeması öz bəşəri mahiyyəti ilə də diqqəti cəlb edir. Poemada şair fərdi yaradıcılıq üslubuna sadiq qalaraq bir-iki günlük səfərin təs­viri fonunda Lermontovu bütün cəhətləri ilə oxucunun təsəv­vü­ründə canlandırmağa, onun şairliyindən gələn, incə və həs­sas olduğu qədər də dəli-dolu xarakterini, qısa, lakin tək­rarsız həyat yolunu açıb göstərməyə müvəffəq olur. Şair onu bir tərəfdən konkret bir şəraitdə müəyyən bir milli kökə, zə­minə bağlı olan şəxsiyyət kimi göstərir, digər tərəfdən də dünyəvi bir şair, poeziya övladı kimi ümumiləşdirir. Həm də bu iki səciyyəvi obrazın təsvirində elə “qarışıq” tellər­lə on­ları bir-birinə bağlayır ki, millilik və bəşəriliyin harda başla­yıb bitdiyini ayırmaq mümkün olmur. Əli Kərim özünün Nə­simiyə həsr etdiyi şeirində böyük Azərbaycan şairinin öm­rü və fəaliyyəti ilə, hər şeydən əvvəl, öz xalqına xidmət etdi­yinə, xalqını əsl insanlıqdan, insanlığı isə xalqından ayırma­dı­ğına görə nəticədə həm xalqının, həm də bəşəriyyətin övladı kimi tanınıb sevilməsini:


O, altı yüz il qabaq

Dərisindən çıxaraq

Göylərə baxa-baxa,

Dözüb hər məşəqqətə,

Getdi əbədiyyətə.

Al qanı axa-axa.

Yeridi, gücü artdı.

Tarixləri qızartdı (47, 143) –


deyə ümumiləşdirdiyi kimi, “Üçüncü atlı” poemasının müx­təlif yerlərinə səpələnmiş misralarda onun (Lermon­to­vun) milli olduğu qədər də bəşəri hiss və duyğularını son də­rə­cədə təbii cizgilərlə təsvir edir. Lermontovun Azər­bay­can tor­pağında rast gəldiyi hər şeyə valeh olduğu zaman, ey­ni za­manda Peterburqu, Puşkinin ölümünü, sevimli nənəsini, uşaq­lıq çağlarını anmasını və bu təəssürat və xatirələrdə bir ümu­milik, bir yaxınlıq görməsi, xalqını sevdiyi üçün xalqın­dan ay­rı salınması, xalqını sevdiyi üçün bütün xalqları sevə bil­mə­si və s. ümumiləşdirmələrdə məhz həmin milli-bəşəri ruh hakimdir.

Əli Kərim eyni ruhlu başqa əsərlərində olduğu kimi, bu poemasında da bütün bu bəşəri ümumiləşdirmələr zamanı bir şair kimi öz milli mənsubiyyətini də unutmur, yeri gəl­dik­cə vətənini, onun füsunkar təbiətini, doğma dilinin və musiqisinin gözəlliklərini, xalqın “Vallah, üzüldü bel hanı” kimi obrazlaşdırdığı incəbel Azərbaycan gözəllərini yeri gəldikcə böyük məhəbbətlə təsvir və tərənnüm edir:


Bu şirin dilini yaratmış, güman,

İlahi damağı çağ olan zaman.

Tar üstə, saz üstə bəsləmiş onu,

İlk dəfə avazla səsləmiş onu.

Bu dildə varlığın hər sədası var;

Bir neçə sait də düşməmiş kənar.

Nəinki hər səsi, hər yarım səsi,

Dinlə sədaların zərrəsini sən.

Bu dil təmizlikdə – uşaq nəfəsi,

Gözəllik utanır bu incə dildən... (38, 218)


Əli Kərim şeirinin mövzu və məzmun dairəsinin ge­niş­li­yindən danışarkən onun ağır və ümidsiz xəstəliyi zamanı ya­zı­lan son şeirlərindən bəhs etmədən keçinmək mümkün deyildir.

Əksəriyyəti ölüm və onun insanda yaratdığı intibah­lar­la bağlı olan bu şeirlər, hər şeydən əvvəl, öz məna dərinliyi və poetik kamilliyi ilə diqqəti cəlb edir. İkinci tərəfdən bu şeirlərdəki nikbin həyati ruh oxucunu istər-istəməz öz əzə­mət­li təsirinə alır, onu riqqətə gətirir. Ölümlə açıq-aşkar çar­pış­ma prosesində yaranan bu silsilə şeirlərdə şairin ölümün çir­kin sifətinə, atəşli gözlərinə dik baxır, saysız-hesabsız ob­razlarının zirvəsində dayanaraq hissiyata qapılmadan, təm­kin­li olduğu qədər də emosional ifadə üslubunda insan mərd­liyi ilə poetik qəhrəmanlıq misilsiz ustalıqla birləşdirilir və bir-birini tamamlayır. Dönməz iradəsi və cəsarəti ilə ölü­mü dəfələrlə geri çəkilməyə məcbur edən, ona asanlıqla ya­xa verməyən bu lirik qəhrəman dəhşətli ağrılarla dolu müba­ri­zə anlarında hətta özündən sonra çarpayısında yatacaq xəs­təyə də məsləhət verməyə fürsət tapır.


Dərmana fikir ver,

iynəyə də bax,

qarışıb onlara

qorxu da keçər.

Qorxudan qorunmaq

qüdrətin olsa,

Ölüm baş götürüb

dünyadan köçər. (43, 125)


Bu son və ümidsiz anlarda şair yalnız bir şeyə – “hələ nə qədər görüləcək işlərim var,” – deyə qəlbində yuva sa­lıb, qəlbini deşən, deməyə macal tapmadığı fikir və məna­ları, hiss və duyğuları dünyada sahibsiz qoyub getdiyinə heyfs­­lənir. Bu şeirlər ölümsüz bir şairin ölümə deyil, ikinci əbədi bir həyata qovuşmasından öncə birinciyə alnıaçıq vi­da, ikinciyə ümidli salam notları kimi səslənir. Bu şeirləri oxu­duqda istər-istəməz şairin gəncliyinin çağlar illərində yaz­dığı “Həmişə səfərdə” şeirinin sonluğunu yada salır və Əli Kə­ri­min özü kimi, biz də onun ikinci ümidli həyatına salam veririk:
Qatarlar dayananda,

Təyyarələr enəndə,

Məncə, bitməyir səfər,

Səfərdəsən yenə də.

Yuxulayanda hər axşam,

Yuxusu körpüdürsə

Günlə gün arasında –

Səfərdədir o adam...

Hətta məzardadırsa,

Xatirəsi dostlara

Bir təpə aşmaq üçün

Qüvvə verirsə əgər,

O yenə səfərdədir.

Mənzilə çox var hələ...

Səfərdədir,

yol gedir... (47, 80-81)


Həyatda olduğu kimi sənətdə də həmişə təvazökar olan Əli Kərim, şeirlərinin birində poeziyasının əsrin idrak yük­sək­liyi qarşısında gücsüz olduğunu söyləyir:
Ey yeni əsrimiz!

Sözüm var sənə...

Bəsitdir nə qədər yanında şeirim

Uçub yetişməyib fəhlə sözlərim (38, 23-24).


Halbuki Əli Kərim şeiri küll halında götürüldükdə fikir zənginliyi, fəlsəfi dərinliyi ilə seçilən ən yaxşı poe­ziya nü­mu­nə­lərindəndir. Şair belə obrazlı fəlsəfi poe­­ziyanın ən yax­şı nümunələrini yaratmaqla bərabər, müx­tə­lif şeirlərində yeri gəldikcə poetik fikrin əsl ma­hiy­yəti haqqındakı düşüncə­lə­rini də ifadə edir, poetik fi­kir haqqında poetik konsepsiyasını söyləyir. Əli Kərimə gö­rə, şeirdə fikir və fəlsəfə nə qədər dərin olursa-olsun, eyni za­manda saf və aydın olmalıdır ki, “dibi görünsün”.

Baxdım,


bulağa baxdım.

O, yox idi elə bil.

Görünmürdü havatək.

(Bəlkə elə su deyil!).

O, duruydu,

O, safdı.

Ən ülvi bir arzutək.

Özü görünmürdü ki,

Dibindəki,

rəngarəng

əfsanəni tez görək. (47, 112)
Əli Kərimə məxsus poetik obrazlarda ifadə olunan bu fikir öz-özlüyündə həm də şairin sənətdə görmək istədiyi məna və fikir dərinliyinə ən yaxşı misaldır. Şair ümumiy­yət­lə hər cür dərinlikdə bir saflıq, aydınlıq görməyə çalışır, ən dəhşətli anlayış və varlıqlarda “gözlərinin içinə düz bax­maq” kon­sepsiyasını təbliğ və müdafiə edir.
Məni dəhşət

alıbdır çox,

Zülməti korlar da görür

Qoy hünərin varsa sənin

Hamı üçün işıq saçan

Günün qızıl gözlərinin

içinə düz bax! (48, 82)
Doğrudan da, “zülməti korlar da görür” – bu misra həm də öz-özlüyündə aydın olduğu qədər də ən dərin və mə­nalı poeziya nümunəsi deyilmi?!

Beləliklə, Əli Kərim hər cür dərinliyi və ənginliyi ol­du­ğu kimi görmək, duymaq, daha doğrusu, onu öz gözləri ilə görmək, hiss etmək istəyir, buna bütün varlığı ilə təşəb­büs edir, bu dəlilə poetik maraq yollarında qarşısına çıxan ölümün özü belə olsa, həqiqət, düzlük naminə onu da yaxın­dan gör­məyə çılğın bir həvəslə can atır:


Qoy görüm kişinin sifətini bir,

Qoy baxım, anlayım kimdir düşmənim,

Görüm ölümü də olduğu kimi,

Düzlüyün vurğunu-könlümdür mənim. (48, 185)


Əli Kərim şeirdən tələb etdiyi sənətin bu zəruri xüsu­siyətlərinə öz yaradıcılığında müntəzəm olaraq əməl etməyə çalışmış və əksər hallarda da buna nail olmuşdur. Cəsarətlə de­mək mümkündür ki, Əli Kərimin bir çox şeirləri, xüsusən “Şəhidliyin zirvəsi”, “Füzuli”, “Analar ağlar”, “Fraqment­lər”, “Daş” və son şeirlərinin bir çoxu bədii məna yükü, ma­hiyyətin özülünü seçmək, sözə qənaət, tipik vəziyyətlərə müraciət yolu ilə bütöv bir poema təsiri bağışlayırlar. Şair buna həm də dilimizin təbii imkanlarından, konkret ob­raz və metaforalardan bacarıqla istifadə etmək, yeri gəldikcə ayrı-ayrı geniş mənalı bir neçə sözü və ifadəni oraya başqa lüzumsuz söz qatmadan ardıcıl şəkildə işlətmək yolu ilə nail olur. Konkretlik Əli Kərim şeirinin obrazlarında özünü daha qabarıq şəkildə göstərir. Şairin elə bir şeirinə rast gəlmək mümkün deyil ki, orada silsilə halında yüksək poetik obraz­la­ra təsadüf edilməsin. Həm də bu obrazlar o qədər mənalı və poetikdir ki, şairin hər bir yeni əsərini oxuduqda oxucu istər-istəməz bu müdrük gəncin təxəyyülündəki hüdud­suzlu­ğa heyran qalır, onun sənətinin əsiri olur, hər biri öz-özlü­yün­də xüsusi çəki və ölçüyə malik olan, yüksək poetik məna daşıyan bu obrazların içərisindən daha yaxşılarını seçmək çətin olduğu kimi, bütünlüklə bu obrazlara müraciət etməklə şairin az qala bütün əsərlərini başdan-başa buraya köçürmək zərurəti doğurardı. Bununla belə, qənaətlərimizi əyani şəkil­də əsaslandırmaq üçün onlardan bəzilərinə müraciət edək:
– Saçlarında günlərin

ayaq tozları qalmış. (38, 36)


– Böyük əqidəsindən

bir misralıq enməsin. (38, 37)


– Al qanı axa-axa

...tarixləri qızartdı. (38, 41)


– Yuxumu evdən qovub

Serim keçib yerinə. (38, 23)


– Dünya səni qocaltdı –

Cavan görünsün deyə. (38, 43)


– Göz yaşında islanar

bayatılar,

ağılar. (38, 67)
– Könlünü atmış sulara

əbədi lövbər kimi. (38, 57)


– Neçə ağır qurşunu

Ürəyində əridər

Gözlərindən axıdar. (38. 68)
– Sandı ki yolların üst tərəfinə

Ağrıyan çiynindən düşdü o dağlar. (38, 92)


– Ona dərman verərlər,

Dərman xəstələnər.

– Bir deyin insafmı, mürvətmi bu da

Çəmən çöldə yata, şair otaqda?! (38, 71)


– Dağların atlı belindən endi. (38, 213)
– Bir azdan ay batdı

gecə də yatdı. (38, 217)


– Bir hay çəkdim, səsim çatdı

qaranlığın divarına.

– Əsrlərin üzərilə ehtiyatla yeriyirik. (38, 21)
– Dinib-danışmır ki, gözəllik

ülkər


külək də, yarpaq da, çaşar sözünü və s. (38, 189)
Şairin zəngin obrazlar silsiləsinin yalnız bir qismi olan bu misallar öz-özlüyündə bədiiliyə ən yaxşı me­yar, onun etalonu olmaqla bərabər, həm də yalnız Əli Kəri­mə məx­sus olmağı baxımından diqqətə layiqdir. Əli Kərim ya­radıcılığı bən­zətmə, təşbeh, aforizm və metaforalarla da zən­gindir. Lakin bunların da öz-özlüyündə maraqlı cəhəti ora­sın­dadır ki, bu bənzətmə, təşbeh, aforizm və metaforalar həm də öz obrazlı mahiyyəti ilə diqqəti cəlb edir. Və onların bir ço­xu­nu şairin obrazlar silsi­lə­si­nə, yaxud bənzətmə, təş­beh, afo­rizm və metaforalar düzümünə aid etməklə ayırmaq çox çətindir:
– Gözündən bir nöqtə yaş

sinəsinə düşməsin,

– Qaşları çatılmasın

bir xırda vergül kimi.

– Elə bil köksündən çəkib çıxarır,

Titrək kəmanəni bir xəncər kimi. (38, 49)


– Axır kəlmə-kəlmə Damcılı bulaq

– Baxışlar dərin –

gün şüası kimi uzun (38, 82)
– Bir sözün qoşa hecası kimi

ayrılmazdır qəlbimiz. (38, 91)


– “İki sevgi” şeirindəki bütün bənzətmələr və s.
Göründüyü kimi, bu kamil bənzətmə, məşbih, aforizm və metaforalar o qədər obrazlı ifadə olunmuşdur ki, bu, onla­rın bədii məzmun və vüsətini dərinləşdirib daha da yüksəlt­mək­lə bərabər, həmin anlayışları (bənzətmə, təşbeh, afo­rizm, metafora, yoxsa obrazlılıq) bir-birindən ayırmaq da yax­şı mə­na­da çətinlik törədir. Xalq şeirlərimizdən gələn bu incəlik Əli Kərim yaradıcılığında tamamilə fərdi və özünə­məxsus şəkildə öz ifadəsini tapır, şair şəxsi nümunələri ilə çoxəsrlik şeiri­mizin bu cəhətini yeni poetik incəliklərlə zənginləşdirir.

Daha bir maraqlı cəhət barədə. Poetik obrazlar (bən­zət­mə, təşbeh, aforizm və metaforalar) silsiləsi, qafiyə sistemi baxı­mından Əli Kərimin yaradıcılıq yolunu diqqətlə izlədik­də ilk baxışda belə bir qənaətə gəlmək olar ki, onun poezi­ya­sı sabit, dəyişməz və həmişə eyni bədii güc və mahiyyətə ma­lik olan yaradıcılıq nümunəsidir və onu xüsusi inkişaf mərhələlərinə bölmək qeyri-mümkündür. Çünki bu yaradıcı­lıq özünün bütün mərhələlərində, yaranma və davam prose­sin­də eyni dərəcədə obrazlılığı, lakonikliyi və s. bədii in­cə­likləri (bənzətmə, təşbeh aforizm, metafora, orjinal qafiyələr və s.) ilə diqqəti cəlb edir və həmişə eyni səviyyəsini qoru­yub saxlayır. Bu xususiyyət oxucunu belə bir qəribə nəticəyə gətirib çıxara bilər ki, Əli Kərim yaradıcılığı müəyyən inki­şaf mərhələsindən məhrumdur. Doğrudan da, 1951-1955-ci illərdə yazılan “Mənim ömrüm”, “Ana”, “Qaytar ana borcu­nu”, “İki sevgi”, və s. şeirlər və şairin yaradıcılığını yekun­laş­dıran son əsərləri: “Ağrıya bir-iki söz”, “Vəsiyyət”, “Gül-çö­rək”, “Od tutub yandı içim” və s. şeirləri arasında yuxa­rı­da sadaladığımız bədii xüsusiyyətlərin tamlığı, məna və siq­lət baxımından heç bir fərq yoxdur – hər iki dövrdə yaranan əsərlər eyni dərəcədə məzmunlu və poetikdir:


Bəzən rastlaşıram özümlə-özüm,

Düşəndə bir yerə güzarım mənim.

Yüz gördü, min gördü, çox gördü özüm.

Bir deyil, on deyil, məzarım mənim.


Baxsan bu dünyanın hatərəfinə

Bir yerdə qəbrim var, yerdə sağam.

Göy uçsa, yer qopsa, ölmərəm yenə,

Hələ neçə dəfə doğulacağam. (48, 74)


Şairin 1954-cü ildə yazdığı “Mənim ömrüm” şeirindən gətirilən bu parça mənalı və obrazlı kamil sənət nümu­nəsi­dir. Lakin diqqətlə fikir verdikdə həmin məsələnin ikinci tə­rəfi üzə çıxır və beləliklə də, bizi düşündürən sualın cavabı aydınlaşmış olur. Əli Kərimin müxtəlif dövrlərdə yazılan ey­ni məzmun və məna siqlətinə, bədii incəliklərə malik olan əsərlərinin hərəsi məhz həmin keyfiyyətlərin müstəqilliyi ba­­xı­mından bir-birindən seçilməklə şairin yaradıcılığının in­ki­şaf yollarını, mərhələlərini ayırıb müəyyən edir. Belə ki, bütün yaradıcılığı boyu dərin bədii incəliklər, xüsusən incə poetik obrazlar içində “çarpışan” Əli Kərim yaradı­cılı­ğında heç bir vaxt bir-birinin təkrarı olan iki eyni məzmun, məna, təşbeh, bənzətmə, metafora, aforizm, qafiyə, xüsusən poetik obraza təsadüf etmək mümkün deyildir. Şairin hər yeni ya­radıcılıq ili, hər yeni şeiri onun məhz yeni bədii tapıntıla­rı, ya­­radıcılıq kəşfləri ilə doludur.

Yüksək poetik obrazlarla zənginlik Əli Kərim şeirinin dilində nəzərə çapran ağırlığı da “gözdən qaçırır”, unutdu­rur. Rəsul Rza Əli Kərim yaradıcılığının mahiyyətini məhz bu baxımdan hiss edib qiymətləndirirdi. “Şair var ki, yüksə­liş pillələrini dayana-dayana, tövşüyə-tövşüyə, yazdığını tək­rar­laya-təkrarlaya qalxır. Şair var ki, öz-özü ilə yarışda, hər əsə­rində bir pillə qalxır, özünü, özgəni təkrarlamaq faciəsin­dən uzaq olur, Əli Kərim ikincilərdəndir”.

Bu sözlər Əli Kərim yaradıcılığının məhz daimi inki­şaf­da olan mahiyyətini və bu mənada onun təkcə çağdaş Azər­­baycan poeziyasında deyil, ümumiyyətlə sənətdəki möv­qeyini çox düzgün müəyyən edir. Bütün bu cəhətlər və irəlidə haqqında geniş şəkildə bəhs edəcəyimiz Əli Kərim şeirində forma və quruluş xüsusiyyətləri bizə onun şair intel­lekti haqqında da müəyyən bir fikir deməyə əsas verir.

Əli Kərim yaradıcılığını diqqətlə tədqiq etdikdə şair bü­tün varlığı ilə öz zamanının övladı, yeni və misilsiz kəşf­lərlə zəngin olan əsrinin sirlərinə dərindən bələd olan həqiqi vətən­daş kimi öz oxucusunun gözləri qarşısında canlanır. Şai­rin mənəvi dünyasını işıqlandıran bu xüsusi cəhət, heç şüb­həsiz, hər şeydən öncə onun sənətində öz ifadəsini tapmış olur. Əli Kərim istər əsər­lərinin məzmun və ideya səviyyəsində, istər fikir və mə­na dərinliyində, istərsə də forma və quruluş xüsusiy­yətlə­rin­də qoynunda yaşadığı konkret zamanın, tarixi-ictimai mər­hə­lənin bütün tələblərinə cavab verməyə çalışır və əksər hallarda buna nail olur. Azərbaycan və dünya poeziya­sının bir çox nailiyyətlərini öyrənmək, qavramaq və onlardan ya­ra­dıcı şəkildə faydalanmaqla onları öz fərdi yaradıcılıq xü­susiy­yət­ləri, dünyagörüşü, hər cəhətdən müasir səslənən və məhz za­ma­nın səviyyəsindən deyilən, günümüz və onun ha­disələri ilə uyğunlaşdırılan öz fərdi mənaları, obrazlar aləmi, bən­zət­mə, metafora, təşbih, forma, bölgü, qafiyə və s. yalnız özü­nə­məx­sus olan bədii xüsusiyyətlərlə zənginləşdirmək tə­şəb­büsü Əli şeirinin intilektini müəyyənləşdirən xüsusiyyət-lə­r­dən­dir.

Babək də, Nəsimi də, Füzuli də, Lermontov da Əli Kə­rimin bədii ifadəsində günümüzün səviyyəsində təqdim olu­nan müasirlərimizdəndirlər. Bir zamanlar yarıçılpaq, yarı­vəhşi qədim insanın düşməninə atdığı daş Əli Kərimin başı­nın üstündən keçəndə artıq uça-uça şəklini dəyişmiş, atom bombasına, nüvə silahına çevrilmişdi. Müasir şair bunu nəzə­rin­dən qaçıra bilməz. “Əli Kərim bu daşı nəinki görür, hətta bütün dünyanı bundan xəbardar etməyi, haray salıb, “hə­məsrini”, bəşər övladını köməyə çağırmağı özünə mü­qəd­dəs bir borc sayır. Həm də müasir poetik imkanlar səviy­yəsin­dən, Əli Kərimə məxsus olan bir səslə!” (1).

Əli Kərim qələmini həm heca, həm də sərbəst vəzndə sınamış, hər iki vəzndə eyni dərəcədə müvəffəqiyyətli əsər­lər yaratmağa nail olmuşdur. Şair istər heca, istərsə də sər­bəst vəzndə yazdığı şeirlərlə həqiqi novator kimi hərəkət edə­rək, klassik şeirimizin, şifahi xalq ədəbiyyatının ən yaxşı cəhətlərindən qidalanmış, bu vəznləri yeni yaradıcılıq xü­su­siyyətləri ilə, yeni düzüm, bölgü və çalarla zənginləş­dir­məyə çalışmışdır. Buna görə də o, müəyyən məzmun, məna və obrazlar aləmində olduğu kimi, forma xüsusiyyətləri baxı­mın­dan da hər cəhətdən özünə xas olan Əli Kərim şeiri ya­rat­mağa nail olmuşdur. Əli Kərim misraların quruluş və dü­zü­lü­şü­nü, hər şeydən əvvəl, onun məzmun və mənasına tabe edir, məna ahəngi ilə quruluş ahəngi arasında qırılmaz vəh­dət ya­ra­dır. Hər cür vəziyyətdə forma məzmun deyil. Məz­mun for­manı axtarıb tapır, onu öz məna axarına salaraq ar­xa­sınca apa­rır. Bunun üçün şair dilin bütün incə xüsusiyyət­lərindən, o cümlədən alletirativ birləşmələrdən, uzaq, bəzən də tam müxtəlif mənalı sözləri yan-yana işlətmək üsulundan, təkrir, vurğu ahəngi, səs quruluşu və s. vasitələrdən məha­rət­lə isti­fadə edir, onları özünəməxsus poetik rənglərlə həqiqi poe­zi­ya materiallarına çevirir. Beləliklə də, öz-özlüyündə dilin ümu­mi incəlikləri ilə bağlı olan xüsusiyyətlərin Əli Kə­rim şeirin­də hansı şəkil və keyfiyyətlərdə mövcud olduğu kon­­kret olaraq müəyyənləşdirmiş olur.

Alletirativ birləşmələr:
Elə bil köksündən çəkib çıxarıb

Titrək kəmanəni bir xəncər kimi. (48, 80)


Uzaq və ya zidd mənaların yan-yana işlədilməsi:
Tarın sarı simindən dönə-dönə səs qopur,

Qəm qopur, sevinc qopur,

Söz qopur.

– Sümürdülər ləzzətlə

Tüstüsünü, neft iyini,

dincliyini.

– Ondakı ağrını,

qanı,


kəlamı. (38, 49)
Eyni sözün misra və tərkiblərin əvvəlində təkrarı:
Damcılar axdı bu an,

Axdı yerə tələsdi

Damcı yarpağa düşdü,

Yarpaq oynadı əsdi,

Damcı torpağa düşdü.

Damcı qaçdı damcıdan,

Damcı onu haqladı,

Damcı onu bircə an

Sanki göydə saxladı. (38, 42)
Eyni sözün misraların ortasında təkrarı:
Qışqırırdı

Bir at kimi

on at kimi,

yüz at kimi...

Qırat kimi,

Dürat kimi... (38, 59)


Eyni sözün misraların sonunda təkrarı:
Ovucları adam dolu,

məktub dolu,

Yollar dolu,

Bahar dolu... (38, 63)


Şeirdə müəyyən müvazilik yaradan, yeni söz və tərkib­lərə birləşdirilib daha çox məcazi mənada işlədilən təkrarlar:
Meridiyanı qırıq-qırıq,

Arzuları zərrə-zərrə,

Okeanı para-para

edib keçdi... (38, 65)


Bu xüsusiyyətlər Əli Kərim şeirinin həm də qafiyə sistemi ilə bağlı şəkildə meydana çıxır. Əli Kərim hələ yara­dıcılığının ilk illərindən istər heca, istərsə də sərbəst vəzn­də yazdığı şeirlərdə müstəqil hərəkət edərək özünə­məx­sus orijinal qafiyələndirmə üsulundan istifadə etməyə başlamışdır.

Şairin ənənəvi a-a, a-b-a-v və a-b-v-b qafiyələndir­mə sistemində yazdığı şeirlərə çox da təsadüf edilmir. Hətta az tə­sadüf edilən belə əsərlərindən o, şeirin məzmun və mə­na­sı­nın daxili ahənginin tələb etdiyi müxtəlif yerlərdə həmin qa­fi­yələndirmə üsulunu “pozaraq” tamamilə sərbəst hərəkət edir:


Bir gözəl, bir sevimli oğul böyütdü ana,

O bəd, uğursuz günü – ərinin öldüyünü

Bildirmədi heç ona. (48, 127)
Əli Kərim şeirlərinin əksəriyyətində müxtəlif şəkillər­də yaxın və uzaq qafiyələrdən istifadə edir. Həm də bu qafi­yələr forma, ritm, zahiri effekt xatirinə deyil, daha çox şeirin məz­mun və mənasını tamamlamaq və istifadə etmək rolunu oyna­yır. İstər heca, istərsə də sərbəst vəzndə yazılan müxtə­lif şeir­lə­rində şair belə məzmun və mənanı tamamlayıb isti­fadə edə­rək yerinə görə yaxın və uzaq qafiyələrdən istifadə edir. Misal ola­raq hər iki vəzndə yazılmış üç müxtəlif parça­ya diqqət yetirək:
Söz axtardım tapmadım,

Misram qopub töküldü

Özülsüz divar kimi.

Girdim söz dəryasına,

Çox gəzdim, çox aradım,

Kəşfiyyatçılar kimi.

Nəhayət onu tapdım.

Yerinə düşdüyündən

Bu söz nə qədər gözəl,

Əzəmətli və nəhəng!

Yorulmuşdum...

Uzandım


Bu sözün yamacına

Başımı söykəyərək... (47, 132)


Sənin yerin xəstəxana,

Mənimki boşluq,

Sahilsiz kədər.

Bir sənsən bu sonsuz

məmləkətin yiyəsi,

Gəl məni gözlətmə bu qədər.

Gəl, könlümün istəyi

Həsrətimin qənimi.

Sevinc təşnəsi

Sevinc dilənçisi

Olmağa layiq gördün

Mənimi? (38, 104)


Qışqırırdı

Bir at kimi

on at kimi,

yüz at kimi...

Qırat kimi,

Dürat kimi...

Dəlilərin atı kimi

Bozat kimi

Birdən-birə xətt qırıldı

İşıq söndü

Şirin nə var həyat kimi?! (38, 102)
Heca vəznində yazılmış on dörd misralıq birinci şeirdə iki formal qafiyələndirmə mövcuddur. Lakin şairin ümumi rit­mi daha çox məzmun və məna ahənginə tabe edildiyindən bu qafiyənin daha çox “azlığını” əsla hiss etmirsən. Sərbəst vəzn­də on bir misralıq şeirin ikinci misrasında da yenə iki formal qafiyələndirmə mövcuddur. Burada da şair eyni yolla gedə­rək məzmun və məna ahəngini yaratmağa çalışmışdır. Üçün­cü parça onların hər ikisindən fərqlənir. Bu parçada Əli Kə­rim daha mürəkkəb yolla gedərək məna ahəngi ilə formal qafiyələndirmə üsullarını eyni zamanda “yan-yana” işlətmiş və hər iki ahəng sisteminin bir-birini tamamlamasına nail olmuşdur. Lakin ilk baxışda qafiyənin çoxluq təşkil etdiyi bu parçada da şeirin forması, qafiyələndirmə sistemi onun məz­mu­nuna, məna ritminə tabe edilmişdir. Həm də Qırat, Dü­rat, hə­yat kimi qafiyələrlə yanaşı, bir at, on at, yüz at kimi əslində qafiyə təşkil etməyən sözlər şeirin ümumi ahən­gi­nə müvəffəqiyyətlə tabe edildiyindən əsl qafiyə kimi səs­lə­nir­lər. Lakin bütün bunlar Əli Kərim şeirinin qafiyə­lən­dir­mə sis­teminin yalnız bir tərəfidir. Məsələ burasındadır ki, şairin qafiyələrində diqqəti cəlb edən əsas cəhət onların yeni, ori­jinal və yalnız şairin öz adı ilə bağlı olmasıdır. Uzun əsrlik inkişaf tarixinə malik olan, öz bədii key­fiy­yət­lə­ri ilə insanı heyran edən:
Əzizim gül üşüdü,

Şeh düşdü, gül üşüdü.

Güldün ağlım apardın,

Bu necə gülüşüdü?! –


kimi zəngin obrazlarla yanaşı, xüsusi qafiyə və cinas­lar­­la zəngin olan bayatı və qoşmaları yaradan böyük poeziya nə­həngləri yetişdirən şeirimizdə heç bir zaman müraciət edil­məmiş qafiyələr tapıb işlətmək son dərəcə çətindir. Çə­tin­dir, lakin zəruridir. Çünki şairin poeziyadakı yerini təyin edən, onu ədəbiyyata qovuşduran bədii keyfiyyətlərdən biri elə və başlıcası, onun hər cəhətdən fərdi poetik üsluba malik olması, hər bir səciyyəvi poetik incəliyinin yalnız və yalnız özü­nəməxsus olması kimi mühüm bir bədii tələblə əlaqə­dar­dır. Əli Kərim şeirinin məhz bu cəhətdən əsas keyfiyyətlə­rin­dən biri də onun poetik obraz, bənzətmə və təşbehləri ki­mi bir çox qafiyə və cinasların da yalnız öz adı ilə bağlı olmasıdır.

Doğrudan da:


– Nə şıltaqmış, nə tərsmiş,

İntizarın, həsrətin.

– Nə məni qoyur yatım,

Nə də özü yuxlayır.

Nə də rahat buraxır –

Sənə şeir həsr edim. (47, 164)


Söylə sən ey uşaq, dərd dayan,

Analar qəlbində dərdə yan...

Cantatək

Qacıdır yeri kövrək,

Küsür.

Qalır canda tək.



Yox, qardaşım sözlər!

Dostum sözlər!

Bəsdir daha dözdüm, sözlər.

Durna qatarıdırmı?

Yoxsa heç nə görmədim?

Uçdumu, qurtardımı? (38, 118)


Çıxardı-çaxırdı, kəmanə-sahmanə, ayrıldılar-ayrı oldu­lar, məhəbbətə nöqtə, keçə-keçə, çiynimə-çiyninə, çılğına-qu­la­ğına, günəşim-gümüşüm, ayrıdır-ayıdır, özünü-özülünü, toku bir-toku, maraqdadır-marıqdadır və s. dilimizin imkan­la­rından məharətlə istifadə etmək nəticəsində yaradıcı, təzə, orijinal və yerində işlədilən qafiyələr və s.
Ürəyi çırpınır barmaqlarında

Onlardan tökülür, simlərə nəbzi

Özü də bilmir ki, çalır

ya çalmır;

Nə dünyanı görür Habil,

nə bizi. (47, 70)

– Ayağım sıyrılıbdır,

Elə bildik qanadı.

Gülüb qaçır uşaqlar

hərəsi bir qağayı

hər əldə bir qanadı. (40, 112)

– Onunla sən elə

qayna ki,

qarış ki,

Ölümlə aranda

O bircə qarış ki,

qalacaq...

– Özünə yanma sən.

Belə bir mərdə yan,

Mərd dayan! (40, 166)


Əli Kərimin hər bir şeiri, bəndi, misrası birdən-birə yox, zaman keçdikcə, keçib uzaqlaşdıqca bizə yaxınlaşır. Bu mə­nada Bəxtiyar Vahabzadənin Əli Kərimə həsr etdiyi şei­rin məna “kristalının” içindən gələn səslər təsirlidir: şeirin mün­dəricəsi bundan ibarətdir ki, ulduzlar var ki, işığı bizim dünyaya min, milyon illər sonra gəlib yetişir. Əli Kərimin özün­də də ulduz metaforası rəngarəng, çoxcəhətli, zaman keçdikcə həm içinə yığılan, həm də maksimum güclə ətrafa yayılan bir anlama bağlanır; hətta belə bir ayrıntı da var: bir ulduz kəşf edib, onu sevdiyin qız kimi çağırmaq!

Yaşar Qarayev yazırdı: “Siqlətli ideya ilə fikir vüsəti və miqyası ilə yanaşı, bu şeirlər bədii forma mədəniyyətinin yüksəkliyi və zənginliyi ilə seçilir. Bizim müasir şeirimizdə yeni poetik lüğət, bədii sintaksis, vəzn və ritm mürəkkəbliyi, sənətkarlıqda poetik novatorluğun əlamətləri öz yaxşı ifa­də­sini bir də məhz bu şeirlərdə tapmışdır. Müasir əlvan poli­fo­nik bəzən, müxtəlif ritmik vahidlər və formalar, söz materia­lı­nın məharətlə seçilməsi, orijinal qafiyə, bənzətmə və ifadə sistemi – bütün bunlar Əlinin üslubunda sözün enerjisini, onun bədii zərbə qüvvəsini, təsir və sirayət gücünü artırır, kəskinləşdirir. Burada “vəznsiz şeir” bəlkə də var, lakin vəzn­siz, musiqisiz misra yoxdur. Yüksək dərəcədə yığcam­lıq, təbiilik və səmimiyyət, poetik nitqin canlılığı, vüsəti və çevik, dinamik bir düşüncə tərzi onun sərbəst şeir ədasını fərqləndirir” (50, 126).

Bu mətndə bir sözü xüsusi olaraq se­çib ayırmaq lazımdır: polifoniya. Məhz polifonik düşüncə tərzi, hər şeyə, bütün gerçək dünyaya bu pəncərə çərçivəsin­dən baxmaq Əli Kərimin şeirlərini hətta onunla eyni dövrdə ədəbiyyata gələn şairlərin poetikasından kəskin şəkildə fərq­ləndirirdi. Bu fikri, mülahizələri izah etmək üçün başqa bir fərqləndirici cəhətə fikir verək: məhz Əli Kərimin təqdim etdiyi poetika sistemində şeir həm də bitdikdən sonra başla­yırdı. Məsələn, “Babəkin qolları” şeirinə diqqət yetirək:
Qolu sındırılmış Babək.

Yurdu yandırılmış Babək,

Qan rəngli bir arabada,

Şərq boyda bir xarabada,

Söylə-söylə,

Döyə-döyə,

Hamıya görk olsun deyə

Kənd-kənd gəzdirilən Babək,

Ölübən-dirilən Babək;

Qollarını görməyəndə

Azca rahat olan Babək;

Bir qırmızı yuxu içrə,

Uzaqlara dalan Babək.

Deyən Babək: - Aman dostlar,

Hücum çəkin qoşun-qoşun,

Orda mənsiz qılınc çalan

Qollarımla bir vuruşun. (47, 32)
Burada bədii mətn, necə deyərlər, “özünü qapayan”, bit­­məsi, qurtarması, əzbərlənməsi üstündə təkid edən bir sis­tem kimi yox, “sonsuzluğa açılan sonsuzluq” (P.Bart) kimi çıxış edir. Sistem elə qurulur ki, əzbərləmək, yadda qalmaq stixi­ya­sı ölür, yerini fikir, məna müstəvilərinin bir-biri ilə kə­siş­mə­sinə verir. Sistem elə qurulur ki, hər misra qurtardıq­dan sonra yeni şeir başlayır: qan rəngli bir araba, Şərq boyda bir xa­raba... bütün bunların hər biri təzə sətirdən başlayan şeir­lərdir.

Əli Kərim yaradıcılığının, xüsusilə poetik fəaliyyətinin ən coşğun və yetkin çağlarını yaşamışdır. Onun qələmə aldı­ğı əsərlər bugünkü şeirimizin ən gərəkli məsələlərindən: rea­lizm və xəlqiçilik ənənə və novatorluq, lirik xarakter və bə­dii sənətkarlıq kimi ciddi problemlərdən söz açmağa imkan verən materiallardır.

Dünyaya kosmos baxışı... XX əsrdə elmin və texnika­nın misilsiz yüksəlişindən doğmuşdur. Kosmos baxışı altın­da yazılmış şeirlərdə nəhəng ölçülər ki­çil­dilir, bu vaxtacan bö­yük saydığımız Yer kürəsinin nisbi ki­çikliyi aydınlaşır. Hələ vaxtı ilə Əli Kərimin “Ucalıq” şeirində: “Torpaq uclu-bucaqlı, balaca, göy dairə sayılır”; “Açıq pəncərə” şeirində: “Açılır evimə dün­yanın pəncərəsi”, “Tutaram xətləri atamın tutduğu yiyən kimi: Ey kainat, çapıram səni ləyaqətli yiyən kimi”; “Aut” şeirində: “Ekvator çəkilir araya topdan” mis­­ralarındakı məna həmin yeni baxışın məhsuludur. “Əylən­cəli həndəsə” şeirin­də stolüstü lampa Ay ilə yanaşı durur, uşağın kağız üstündə çəkdiyi xətt mətbəxdən Hindistana, Odlu tor­pağa, Arktika­ya­can uzanır, döyüşən Vyetnamda bombalanıb qırılır. Bu şeir­lərdə bol-bol işlənən “meridian” sözü təsadü­fi deyil, şair Xəlil Rzanın dediyi kimi, “baxışların meridian olub” deyən şairin görüş dairəsinin genişliyinin ifadəsidir”. Əli Kə­rim bütün dünyanı ovcu içində hiss edir və bu hiss ona çox dərin, bəşəri mənalar çıxarmaq imkanı verir. “Bu əl çatan zirvədən aşağı baxsan əgər: Yer əzizdir, gözəldir, bala­cadır nə qədər”. “Məhv eləmək də olar, yaşatmaq da...”. Bu düşüncələr “Ucalan” şeirindəki kosmonavta məxsusdur. Kos­monavtın qulağına Yer kürəsindəki dəhşətli partla­yış­la­rın səsi gəlir, əslində bu, onun narahat ürəyinin öz səsidir. “Bu zaman oğlan... sanki diksindi uzaq gurultulardan: Qu­caq­ladı xəyalən evi boyda dünyanı, dünya boyda evini o, bərk-bərk: fəzalardan asılmış mavi rəngli nənni tək”. Yer kürəsini və bəşəriyyətin taleyini qorumaq – şair bugünkü dünya­mı­zın ən vacib probleminin bədii ifadəsini necə dürüst ver­mişdir. Bu tipli şeirlərdə Əli Kərimin dili, bədii təsvir va­si­tələri də xüsusi gözəllik kəsb edir, bədii təzadlar artır, emo­sional coşğunluq fikir gücü ilə birləşir. Ucsuz-bucaqsız dünya “uclu-bucaqlı torpağa” çevrilir, əlçatmaz kosmos enir, “əl çatan zirvə” olur. Şair bədii şişirtmənin həm böyütmə, həm də kiçiltmə dərəcəsindən bacarıqla istifadə edir, “evi dünya boyda”, “dünyanı ev boyda” görür. “Meridian üstün­də oyun” şeirində ölkələrin dinc yanaşı yaşaması, mehriban qon­şuluq, tərksilah kimi müxtəlif ideyalar necə sənətkarlıqla ifadə olunmuşdur. “Bir kötük üstə o vaxt uzun ağac qo­yar­dıq, hər ucunda birimiz sevinclə oynayardıq. Meridian üs­tün­dəyəm: Uşaqlıq hissindəyəm. Deyirəm ki, ölkələr razılığa gələlər: Hərdən dincəlmək üçün, ilhama gəlmək üçün sevinc aşiqi olub coşalar, qaynayalar, meridian üstə çıxıb uşaq tək oynayalar”. Bu cür şeirləri yaza bilmək üçün son dərəcə tə­miz xilqətə, uşaq sadəlövhlüyü ilə birgə böyük zəkanın ver­diyi parlaq bədii düşüncəyə malik olmaq gərəkdir.

Əli Kərimin şairlik gücü bir də xarakter yaratma­ğın­da­dır. Onun hər hansı şeirində ya lirik qəhrəmanın, ya da kon­kret bədii obrazın aydın xarakterini görürük. “Aut” şeirində ilk sevgisini gizlədə bilməyən, sevdiyindən əli üzüləndən son­ra şənliyini, şuxluğunu, hamıya sevinc paylamaq vərdişi­ni itir­miş tələbə qızın ruhi sarsıntıları necə incə cizgilərlə göstərilmişdir.


Həsrət alovlanır necə baxışda,

Ürək korun-korun yanır,

göynəyir.

O qız oynadıqda tarım çəkilir,

Gözümdən ərkanə məzəmmət yağır. (47, 145)
Əli Kərim yaddaqalan bədii portiretlər yaradır. Əli Kə­rimin şeirlərinin arxasında çox maraqlı – böyük ürəkli, qibtə ediləcək dərəcədə həssas, kövrək, istiqanlı bir insan durur. Tənqidçilərin “lirik qəhrəman” adlandıqları bu insanın təəs­süfü də şair təəssüfüdür, sevinci də, narahatçılığı da, etirafı da. Bu misraların arxasında onu açıq-aşkar görür, sə­sini eşidir, nəfəsini duyuruq. O, əl-qolunu ölçmədən, hay-küy qal­dırmadan məsləhət, hökm vermədən, təmkinlə sübut edir. Amma bu təmkin də şair təmkinidir.

Əli Kərim şeirlərində ilk oxunuşundan hiss olunmayan bir haray var. Özü də içəridən – Əli Kərimin ürəyinin lap də­rin­liyindən gəlir, şeirə, sözə, misraya hərəkət verir, onu hiss­lə, emosiya ilə tənzim edir və beləliklə, oxucu ilə şair ürəyi arasında körpü yaradır.

Əli Kərim şeirlərinin bir cəhəti daha çox maraq doğu­rur. Onun şair xəyalı həmişə hərəkətdə və narahatlıqla çır­pın­maqdadır. “Bürokrat təyyarə, bürokrat qatar” misrası heç də təsadüfi işlənməmişdir. Müxtəlif vəziyyətlərin, psixoloji anların bir-birinə qarışması, bir-birinə çevrilməsi kimi mü­rək­kəb prosesi ifadə etmək hər şairin işi deyil. Birdən Əliyə elə gəlir ki, onun baxışları merediana çevrilib – üstündə öl­kə­lər, şəhərlər... Birdən ona elə gəlir ki, bir gecəlik Kür olub: çayla baş-başa verib ona səhərədək tamaşa edir... axır özü də Kürə dönür. “O göz yaşların” şeirində deyildiyi kimi:
Çilənəndə yağış,

ələnəndə qar

Gah yerə baxıram, gah da ki, göyə,

Yağır qəlbimdəki bir xatirəyə

O zaman gözümdən tökdüyü yaşlar. (43, 322)
Vaxtı ilə axan göz yaşları indi bir xatirəyə yağır – özü də yağışlı, qarlı günlərdə. Görünür, bu xatirə belə bir güclə bağlıdır: yoxsa, “göz yaşının yağması” qəribə səslənərdi, ye­ri­nə düşməzdi. Aydın olur ki, bu göz yaşlarına görə kimsə əzab çəkir və onun təsəvvüründə hər il qanadlanıb göyə uçan yaş təkrar-təkrar üstünə qayıdır. Əvvəl xatirəyə, sonra üstü­nə yağan göz yaşları onu o qədər kövrəldir ki, axırda ya­ğışla, qarla birlikdə gözlərinə yağır.
Göylərə baxıram. Artar qubarım,

Baxaram canlı bir intizar kimi.


Yağar gözlərinə o göz yaşların

Bəzən yağış kimi, bəzən qar kimi. (43, 322)


Bir itkinin, bir həsrətin illərlə artan ağrısı üç prosesdə, üç mərhələdə elə sənətkarlıqla canlandırılıb ki, oxucu mü­rək­­kəb bir psixoloji mənzərənin şahidi olur. Cəmi dörd bənd­lik bir şeirin təsir gücünü “yağar”, “qayıdar”, “baxa­ram” sözləri daha da artırır, demək, göz yaşları hələ də ki­min­sə xatirə­sinə yağır, hələ də yağışla, qarla birlikdə ki­min­sə üstünə qayı­dır, hələ də kimsə “canlı bir intizar kimi” göyə baxır. Görün­düyü kimi, bir psixoloji anın çevrilməsi, dəyiş­mə­si və davam­lılığı kimi mürəkkəb prosesin ifadəsi şair istedadı tələb edir.

Maraqlı olan cəhətlərdən biri də ondan ibarətdir ki, Əli Kərimin şeirlərində heç vaxt obraz ədasına rast gəlinmir. Mübaliğələr, bənzətmələr nəyə isə xidmət üçün işlədilir. Onun obrazları psixolojidir, dinamikdir, həmişə hərəkət­də­dir. Məş­hur şeirlərindən “Qaytar ana borcunu”, “İki sevgi”, “Məkr və məhəbbət qalası”, “Daş”, “Gəl Azərim” və başqa­la­rını gös­tərmək olar. “Daş” şeiri belə başlayır: “Yarımçıl­paq, qədim insan düşməninə bir daş atdı, qana batdı”. Elə əsl şairlik də bundan sonra özünü göstərir. Həmin daş müəl­lifin gözündən yerə düşmür, illərin, əsrlərin üstündən uça-uça, nəhayət, XX əsrə gəlib çıxır: atoma çevrilir, arzuları zər­­rə-zərrə, okeanı para-para eləyir. Şair axırda həməsrinə müra­ciətlə deyir: bə­yəm, yarımçılpaq qədim insanın atdığı həmin daşı dayandır­maq olmazmı? İndi, XX əsrin 70-ci illə­rində o daşın əks-sədası planetimizin müxtəlif nöqtələrindən gəlir. Nə qədər ki, müharibə təhlükəsi var, “Daş” şeiri ittiham kimi səslənəcək.

Orijinal, gözəl ifadələr Əli Kərim şeirlərində bol-bol­dur. Amma demək olar ki, o heç vaxt ifadə dalınca qaçma­mışdır. İlk baxışda o qədər də uyuşmayan sözlərlə yanaşı, şair oxucunu heyrətləndirir. İnanırsan ki, könlüm məhəbbəti yiyəsiz qalarmış, inanırsan ki, “Həsrətin nöqtəsi”, “Həsrətin qənimi” ola bilərmiş. İnanırsan ki, istəyin qanadı sınıq-sal­xaq olarmış, ümidsizliyin, qəmin təkinə enmək mümkün­müş. Bütün Əli Kərimin poeziyasını çoxçalarlı, çoxrəngli, onun poetik nəfəsini, fantaziyasını tutumlu eləyir.

Hələ 1954-cü ildə, 22 yaşlı bir gənc ikən yazırdı:


Göy uçsa, yer qopsa ölmərəm yenə,

Hələ neçə dəfə doğulacağam. (43, 385)


Bu, “Hər şeiri ilə yenidən doğulmaq” həsrətində olan şairin inamı idi.
belə bir dərdə yan,

Mərd dayan!

– Gedib çatsın

parçalanmış

bir sinirə

Gərək necə olum uda

və sinirə.
kimi cinaslar yalnız şair Əli Kərimə aid olmaqla onun hərtə­rəfli poeziyasını xüsusi bədii keyfiyyətlərlə daha da zən­gin­ləşdirir.

Beləliklə, biz, Əli Kərimin yaradıcılıq yolunu əsasən tədqiq etməklə və onun ədəbi irsini diqqətlə araşdırmaq nəti­cə­sində şairin sənətinin əsasən poetik xüsusiyyətlərini, fərdi üslubunu yığcam şəkildə müəyyənləşdirib ifadə etməyə ça­lış­dıq. Belə maraqlı və zəngin poetik sənət bizə belə bir qə­naətə gəlməyə əsas verir ki, Əli Kərimin yaradıcılıq yolu da­ha dərin və ətraflı tədqiqata, geniş, nəzəri təhlilə meydan aça bilən hərtərəfli ədəbi irs kimi ədəbiyyatşünaslığımızın və ümumiyyətlə filologiya elmimizin diqqətini hələ bundan sonra dəfələrlə cəlb etməyə, onu dərindən düşündürməyə qadir olan əsl sənət nümunəsidir.



Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin