Muğam elə dərin bir dəryadır ki,
Muğamdan min dəfə söz salmaq olar.
Amma muğamdan bəzən bəstəkar
Köçürür sadəcə çox nəğmələrin.
O, elə qəribə bir mənadır ki,
Onunla dünyaya səs salmaq olar” (47, 215)
“ – Qaldı ki, öz səsin bəs,
Qaldı ki, könlümüzdən,
Gələn səda, gələn səs,
Sən dediyin səsləri
Hamı eşidə bilər.
Sənətkar üçün isə
Sükutdan da səs gələr”. (47, 205)
Əli Kərimin musiqi sənəti üçün dedikləri bədii ədəbiyyat üçün də eyni dərəcədə vacibdir. Musiqişünas da, yazıçı, şair də sükutun səsini belə dinləməyi bacarmalıdır.
İlhamın həqiqət oxlarına tuş gələn Azad intiqam hissi ilə alışıb yanır:
“Bir Nigar olarmı heç
Bu gözəl Nigar kimi?
Onu qucaqlar Azad,
İlhamı dağlar Azad,
Onda bilər ki, İlham,
Sevimli bəstəkaram”. (47, 206)
Poemanın ibrətamiz və dramatik süjet xətti vardır. Azadın bu qərarından sonra süjet dramatik xətt boyunca hərəkət edir. Azadın Nigarla dialoqundan məlum olur ki, Azad Nigar kimi ala gözlü, şirin dilli, ağıllı, kamallı, musiqi duyumlu, uca qamətli bir qız sevmək, məhəbbət yollarında, qəm, iztirab, həsrət çəkmək istəyir. Onun bu sözləri Nigarı həyəcanlandırır:
“Sönmüş arzuların, ehtirasların
Külləri altında qalan bir közü
Közərtdi Azadın alovlu gözü”. (47, 209)
Artıq Nigarın fikri qarışmışdır. İlhamı sədaqətlə sevən Nigara birdən-birə nә oldu? Axı onların sevgisi adi, bir anda yaranan sevgi deyildir. Oxucu qəlbində yaranan bu suallara inandırıcı cavablar vermək əsl sənətkar məharətidir. Əli Kərimin poeziyamıza gətirdiyi yeni tərz, yeni üslub da bundan ibarətdir. O, Nigar obrazını tam qara rənglə vermir. Onun İlhama xəyanətinin səbəblərini aça bilir, qadın psixologiyasının dərinliyinə məharətlə enir. Nəticədə Nigar oxucunun qəzəbinə səbəb olsa da, nifrətini qazanmır. Çünki Nigar etdiyi səhvi tez dərk edir, Azadla görüşə gedəndə İlhamı gördüyünü zənn etdiyi zaman ruhi sarsıntılar keçirir, İlhamın saf məhəbbətini çirkləndirməmək üçün onu tərk edir və ömrü boyu peşmançılıq çəkir. Əli Kərim Nigar obrazını bütün dolğunluğu ilə təsvir edir. Sönən arzu və ehtirasları közərən Nigar ilk sözü, ilk idealı, hamıdan uca, şöhrətli, gözəl bir oğlanı sevmək xəyalını, oxuduğu roman qəhrəmanlarını, onların mənalı təsirini xatırlayır.
“Birisi qüdrətli, о biri təmiz –
İki hiss
Yaşadı qəlbində mübahisəsiz:
Bir gün coşdu amma, tufan
qopardı,
Aldı qucağına Nigarı onlar,
Hərəsi bir yana çəkib apardı.
Çaşdı bu tufanda fırlanan
Nigar”. (47, 210)
Bu misralar Ə.Kərimin “İki sevgi” şeirini xatırladır. Nigar Azadın parıltısına, gözəlliyinə, özünün dediyi kimi, “rəngarənglik eşqinə” aldanır.
Əli Kərim üslubunun ən səciyyəvi cəhətlərindən biri də odur ki, şair qəhrəmanların psixologiyasını onların monoloqları ilə məharətlə açır. Nigar düşünür ki, “Eh, bu gözdə, bu qaşda İlham olaydı, İlham. İlhama qurban ollam, Nə deyirəm, ay aman. Çıx, ey fikir, bəd fikir, Qara fikir başımdan” (47, 210).
Poemanın əsas obrazları olan İlham və Azad az və ya çox dərəcədə ətrafındakı adamlara bağlıdırlar. Beləliklə, poemadakı personajların münasibətlərini küll halında götürdükdə əsas obrazların xarakteri və əsərin ideya məzmunu daha dərindən aydınlaşır. Bu cəhətdən xala, Nigar və professor obrazları maraqlıdır.
Nigar İlhamın həyat yoldaşıdır. O, səmimi, mehriban, həmçinin mürəkkəb xasiyyətli bir qadındır. Onun uşaqlıq və gənclik illəri “kefdə, qonaqlıqda” keçmiş, vaxtının çoxunu “rəqslərin ümmanlarında üzməyə” sərf etmişdir. İndi də o, İlhamla evləndiyi ilk gündən də özünü xoşbəxt hiss edir. “Gündə bir-birinə yüz kərə vurulan” bu gənclərin həyatı bəxtəvərlik nəğmələri, günləri sevinc qəhqəhələri içərisində əriyir. Lakin sonralar Nigar Azadın ucuz şöhrətindən xumarlanır, onun bayağı, saxta eşqinin əlində əsir olur.
Nigar ürəyində xırda hisslərə yer verdikcə qəbahətli və nəcib ürəkli İlhamın qarşısında kiçilir və ruhi məyusluğunun ağır pəncəsində əzilir.
Şair zəif iradəli Nigarın hərəkətlərinə nifrət doğursa da, bu nifrətdə dərin bir hüzn də duyulur. O, Nigara, onun əməllərinə qəlbən acıyır. Buna görə də sonsuz əzab və peşmançılığın bədii ifadəsi olan məktub oxucunu mütəəssir edir:
…Vəfasızam,
Pis qızam,
Uzaqlarda yalqızam.
Gündüzüm qəm, gecəm qəm,
Yaşayıram hardasa.
Heç özüm də bilmirəm,
Yəqin deyirsən: “ölmüş!…
Ölməmişəm mən ölmüş.
Canımı almaq üçün
Əcəli tap, əmr elə.
Mən bir heçəm, barı sən,
Səadətlə ömr elə. (47, 236-237)
Şair Nigarın ancaq səhv və büdrəmələrini, keçirdiyi peşmançılığı göstərməklə kifayətlənmir. O, Nigarın hərəkətlərini axıra qədər izləməyə çalışır. Poemanın sonundakı lövhə bu cəhətdən maraqlıdır. Nigar öz yanlış hərəkətləri üçün vicdan məhkəməsi qarşısında titrəyib, iztirab içində boğulur:
Simfoniya susmayır,
Simfoniya çağlayırdı.
Elə bu vaxt uzaqda,
Yerə dikib gözünü,
Qucaqlayıb dizini,
Bir gözəl ağlayırdı. (47, 242)
Poemada üç qadın surəti var: İlhamın xalası, Nigar və Qəmər. Qəmər Nigarın rəfiqəsidir. Müəllimə olan Qəmər Azadı tərifləyən Nigara deyir: “Məncə, belə nəğmə az yaranmışdır. Onu dinləyəndə adam düşünür. Həyat başdan-başa mənaya dönür. Amma Azadınkı birtəhərdir ey… Bir az gurultulu nəğmələrdir…”
Bu həqiqəti görə bilən Qəmər oxucu gözündə ucalır, o, poemada az görünsə də, açıqgözlülüyü, səmimililiyi, utancaqlığı, həqiqi sənətə düzgün qiymət verməsi ilə diqqəti cəlb edir.
Poemada xala obrazı da maraqlıdır. Müəllif xalanın təbiətindəki gözəl keyfiyyətləri, qəlbindəki hərarəti, ürəyindəki səmimi sözləri, davranışındakı mənanı məhəbbətlə təsvir etmişdir. Xala İlhamı doğma balasından çox sevir, onu bir an belə qüssəli görəndə dözmür. Xala Nigarla canbir qəlbdə yaşayır.
Xalanın həyəcanında bir sakitlik, nifrətində bir hüzn duyulur. Onun bu nifrəti şərəfini, insanlıq sifətini itirməkdə olan Azada qarşı çevrilmişdir.
Filarmoniyada Azadın simfoniyası çalınan gecə xalanın şadlıq və fərəhi də bir neçə misrada yaxşı və təsirli şəkildə verilmişdir.
Lakin bununla belə poemada Nigarın və xala obrazının xarakterini daha dəqiq görməyə, təfərrüata bir ehtiyac duyulur. Xalanı sevməyə başlayan oxucu onun hərarətli ürəyindəki söz və arzuları eşitmək istəyir. Poemadakı xarakterlərin açılmasında müəyyən dərəcədə rol oynayan, əsas hadisə ilə çox bağlı olan Nigar obrazının xasiyyət və hərəkətlərinin dəyişmə prosesi bir qədər də geniş verilməli idi. Belə ki, onun Azaddan üz döndərməsi və birdən-birə “bu evdə gün görmədim, bu evdə şad olmadım” – deməsi göydəndüşmə olur. Doğrudur, müəllif irəlidə Nigarın “dəbdəbəli günlər keçirən” bir ailədən çıxmasına işarə edir. Lakin bununla belə, Nigarın xarakterinin açılması üçün həmin izahat az və natamamdır.
Əli Kərim poemada quru təbliğ yolu ilə getməmiş, obrazları və xarakterləri poetik bir tərzdə işləməyə, əsərin mərkəzində duran xarakterləri bütövlükdə, müfəssəl verməyə çalışmışdı. Təsvirdə yığcamlıq, hər cür detalı poeziyaya gətirmək isə müsbət bir xüsusiyyətdir. Şair İlhamdan danışarkən, məhz bu cəhətə daha çox fikir vermişdir. O, İlhamın xarakterini dolğun vermək üçün ən səciyyəvi hadisələri seçmişdir.
Şair poemada personajların əhvali-ruhiyyəsini, onların ətrafında baş verən hadisələri təsvir edərkən, zahiri effektdən qaçmış, laqeyd təsvirçiliyə, soyuqqanlı mühakiməyə uymamış, real həyatın bir parçasını vermişdir. O, poemanın əsas süjetini müstəqil xətt üzrə nağıl etməklə kifayətlənməyib, onu lirik-epik bir tərzdə inkişaf etdirmişdir. “Poemada təhkiyə və lirika, təsvir və tərənnüm bədii vəhdət şəklində meydana çıxmışdır” (22, 212).
Poemada insan xarakterlərini, psixologiyalarını açıb göstərmək, hadisə və predmetləri, təbiəti bütün əlvanlığı ilə canlandırmaq cəhətdən maraqlı olan bir sıra epizodlar vardır. Başqasının köməyi ilə həyatda özünə yol açmağı öz gənclik vüqarına sığışdırmayan İlham konservatoriyaya imtahan verərəkən qoca professora tanışlıq vermir. Bu, özlüyündə insan psixologiyasını açmaq cəhətdən gözəl bir faktdır. Bundan sonra xəbər tutan professorun düşüncələri daha orijinaldır:
Qoca fikrə getdi: – yamanca tərssən,
Amma təəssüf də eləmirəm mən.
Bunu əzəldən də bilsəydim əgər,
Yaxşılıq edərdim elə bu qədər,
Mənə hər talantlı adam qohumdur,
Mən də bir qocayam əqidəm budur. (47, 239)
Beləliklə, bu sözləri deyən professor hamıya bir gözlə baxan, yalnız istedadı qiymətləndirən obyektiv bir insan kimi nəzərimizdə ucalır.
Əsərdə İlhamın Xəzər dənizini seyr etməsi, iclas salonunda onun Azadla üz-üzə gəlməsi, Azadın evində Nigarın “sevda zirvələrindən yerə enməsi”, radioda “İlk simfoniya” çalınarkən onun uzaqlarda dizlərini qucaqlayıb ağlaması, habelə Azadın qonşudan radionu bağlamağı xahiş etməsi və s. bu kimi lövhələr təbii və qüvvətli verilmişdir.
Əli Kərim üslubunun ən səciyyəvi cəhətlərindən biri də odur ki, şair qəhrəmanların psixologiyasını onların monoloqları ilə məharətlə açır. Nigar düşünür ki, “Eh, bu gözdə, bu canda İlham olaydı. İlhama qurban ollam. Nə deyirəm, ay aman, çıx ey fikir, bəd fikir, qara fikir başımdan” (47, 210).
Poemada təsirli, ürəyəyatan bir şeiriyyət vardır. Şair öz qəhrəmanlarının ürəklərindəki döyüntüləri hərtərəfli sözlərlə verməyə müvəffəq olmuşdur.
Onun şeirlərindəki təsir qüvvəsi və emosional boyalar poemada daha dərindən duyulur:
Nələr deyəcəyini
Oxuyaraq gözündən
Öpdü dodağındakı
deyilməmiş sözündən.
Gözəl Nigar necə şən,
Gözəl Nigar sevincdən,
Göyrələrək ağladı,
Yar-yarı qucaqladı,
İki ürək döyündü,
Onların sinəsində.
İki ürəyi oldu
Bu vaxt ikisinin də. (47, 198)
Poemanın bu kimi parçalarında həyat haqqında müşahidələr, bədii faktlar ancaq qeyd olunmamışdır, burada hər şeydıən əvvəl şairin sağlam duyğuları, ehtiras və coşğunluğu hiss olunur. Bu da cansız, quru, dolaşıq təsvirlərə qaçmamaq meylindən irəli gəlir.
Poemada təhkiyənin ümumi ruhu ilə əlaqədar olaraq heca vəzninin müxtəlif şəkillərindən yerində istifadə edilmişdir. Təbiətin bir lövhəsini təsvir edərkən heca vəzninin yeddilik şəklindən, qəhrəmanın təhsil illərinə, yəni epik təsvirə keçərkən nisbətən bir qədər ağır və təmkinli olan ondördlük şəklindən istifadə olunmuşdur. Şair bəzi misraları qəsdən parçalamaq yolu ilə dinamikaya, daxili hərarətə diqqət yetirmişdir. Dənizin təlatümü, coşğunluğu belə təsvir olunur:
Su gəldikcə üzü bəri,
Dənizdəki yaş qayalar,
Elə bil ki, üzüb gedir.
Gedib, gedib, birdən vurur.
Dalğalara baş qayalar.
Dalğa gedib bir də dönür,
İndi daha gur görünür,
Gəlir dalğa, gəlir qaya,
Gör necə baş-başa dəyir,
Coşur dalğa,
Aşır dalğa.
Uçur dalğa birdən göyə,
Səpələnir parça-parça,
gilə-gilə.
Yenə gedir, yenə gəlir,
gülə-gülə. (47, 193-194)
Bu parçada heca vəzninin müxtəlif bölgülərindən müvəffəqiyyətlə istifadə olunmuş, aşıb-daşan dalğaların hərəkəti səslərin təkrarı yolu ilə çox müvəffəqiyyətli verilmişdir. Poemada belə gözəl, şairanə lövhələr çoxdur. Akademik T.Hacıyevin dediyi kimi, “İlk simfoniya” poemasını oxuyarkən əvvəldən axıra musiqi dünyasına düşürsən, buradakı obrazların timsalında musiqiçilərin sənət bəxtəvərliyini, ailə-məişət ziddiyyətlərini təbii lövhələrlə yaşayırsan (25, 9).
Burada təsirli bir vəziyyəti də xatırlayaq. Bəstəkarlar İttifaqında Azada rast gələn Nigar öz doğma evindən uzaqlaşır. Onun bir daha geri dönməsi təbiət hadisələri ilə çox üzvi şəkildə bağlanmışdır. Burada sanki təbiət qəhrəmanın taleyində iştirak edir. Əslində isə bədii bir vasitə kimi qəhrəmanın hərəkətinin yanlış və dürüst olmasını aşkara çıxarmağa kömək edir:
Dolandı həftələr, dolandı günlər,
Ay da başa çatdı, Nigar gəlmədi.
Günəş axşam batıb, göründü səhər,
Hər gedən qayıtdı, Nigar gəlmədi.
İnsafı harda qaldı,
Özü harda, gəlmədi.
Niyə Nigar gəlmədi?
Pəncərəni tutdu toz,
Tutdu qubar, gəlmədi.
Gündüz günəş, axşam ay,
Pəncərə qarşısında
Dayandı, fikrə daldı.
Açılmadı pəncərə.
Bu Nigar harda qaldı? (44, 51-52)
Məlumdur ki, hər hansı bədii əsərin əsas məziyyəti, hər şeydən əvvəl, orada həyat həqiqətinin nə dərəcədə doğru və düzgün əks etdirilməsi və ideyalılığı ilə müəyyənləşir. Məhz buna görə də bədii sənətkarlıq yazıçının həyatı hərtərəfli, dərindən görmək və əsərində əks etdirmək bacarığı ilə üzvi surətdə bağlıdır. Hər hansı əsərin, xüsusilə şeirin bədii üstünlüklərini, yazıçının sənətkarlığını təkcə ayrı-ayrı müvəffəqiyyətli təşbihlərdə, istiarələrdə, epitetlərdə, mübaliğələrdə deyil, həmçinin əsərin ümumi ruhunda axtarmaq lazımdır.
Əgər yazıçı həyat həqiqətini dərk etmişsə, onu daxilən yaşamışsa, müvafiq bədii təsvir vasitələrini yerli-yerində işlədirsə, o yazıçı sənətkarlıqda daha da kamilləşir və yetkin əsərlər yaratmağa müvəffəq olur. Bu cəhətdən Əli Kərimin işlətdiyi təşbihlər, bədii təyinlər, mübaliğələr və bədii təzadlar çox maraqlıdır. Şairin təşbihləri təşbiq xatirinə deyil, bədii təsvir vasitəsi rolunu oynayır. Məsələn:
O qız getdi, nə tez getdi,
Ən sevimli bir an kimi.
Dalğalandı ağ ətəyi,
Uzaqlarda gözdən itdi
Bir parça ağ duman kimi. (47, 195)
Həmin parçada şair Nigarın İlhamdan tez ayrılıb getməsini “sevimli bir an”a, onun ətəyini “bir parça dumana” bənzədir. Buradakı təşbihlər obyektin xarakter cəhəti ilə üzvi surətdə bağlanmışdır.
Poemada orijinal mübaliğələr də işlənmişdir. Öz səhvi nəticəsində Nigarın keçirdiyi xəcalət hissini göstərən şair kiçik, mənalı detallar seçmişdir:
İstədi ki, məhv olub,
Nə danışa, dinə o.
Dönə daşa, torpağa,
Bir heçliyə dönə o! (47, 228)
Poemadakı peyzaj da hadisələrlə, personajların əhval-ruhiyyəsi ilə dərindən bağlanmışdır. Xüsusilə yağışın təsvirini verən lövhə canlı və gözəldir. Bu lövhə hadisənin passiv fonu olmayıb, əsərdəki mövzunun açılması və inkişafi üçün xüsusi əhəmiyyətə malikdir.
“İlk simfoniya” poemasında bahar damcılarının təsviri həm təbiəti oxuculara sevdirir, onun gözəlliyi və rəngarəngliyi haqqında canlı təsəvvür oyadır, һәm də bəstəkar İlhamın şeiriyyətlə dolu olan təbiətə münasibətini, oradan aldığı təəssüratı gözəl ifadə edir:
...Yarpaqların ucundan
Damcılar axdı bu an,
Axdı, уеrә tələsdi;
Damcı yarpağa düşdü;
Yarpaq oynadı əsdi,
Damcı torpağa düşdü. (47, 188)
Bu “damcılar” poemanın hadisələri ilə bir məcraya axır, onlar tez-tez bir-birini qovur, buradakı yağışlar ilk baxışda sanki fasiləsiz yağır... Lakin maraqlıdır ki, Əli Kərimin təsvirləri hər yerdə yeni və orijinaldır. Ədəbiyyatşünas M.Əsgərovun yazdığı kimi, “bunların çoxunda bir şuxluq, nikbin əhval-ruhiyyə duyulur” (22, 156). Nəhayət, əsərdə məhz bu damcıların axışı nikbin bir əhval-ruhiyyə, həyata sevgi hissi ilə birləşmiş şəkildə ifadə olunmuşdur.
Şairin “İlk simfoniya” poeması lirik ricətlərlə bəzənmiş monumental epik poemalarımızdandır. Burada hadisələr müəyyən ardıcıllıqla verilmiş, biri digəri üçün səbəb-nəticə olmuş, dramatizm qüvvətlənmiş, qənaətbəxş kompozisiya quruluşuna nail olunmuşdur. Poemada lirik ricətlər epikliyə köməkçi vasitə kimi səslənir ki, bu da surətlərin daha canlı çıxmasına, müəllifin özünün münasibətinin aydınlığına dəlalət edir. Şair poemada maraqlı mövzuya toxunmuş və bunu tutarlı bədii ifadələrin gücü ilə rövnəqləndirmiş, əsərin bədii estetik keyfiyyətlərinə kamillik gətirmişdir.
“İlk simfoniya” poemasında Ə.Kərim ecazkar təbiət lövhələri yaratmaqla özünün təbiətə, onun əsrarəngiz gözəlliyinə məftunluğunu inandırıcı şəkildə ifadə etmişdir.
Damcı qaçdı damcıdan,
Damcı onu haqladı.
Damcı onu bircə an
Sanki göydə saxladı. (47, 188)
Yağış yağarkən yarpaqlardan süzülən damcıları şair necə də gözəl təsvir etmişdir. Şair “şıltaqlıq” edən damcıların rəqsini təsvir edir. Adi bir damcının dağ döşündə qalan qarın əriməsindən yarpağa, nəhayət, torpağa düşməsini bir ömür yolu kimi izləyirik. Bir damcının səyahəti şairin ətirli poeziyasının özünəməxsus tapıntısıdır.
Qayaları fikrə salan, dağdan dağa atlanan nəğmələri dinləyən oğlan: “Əksini çayda gördü, Arzusunu nəğmədə. Çox istədi ucadan bu arzunu nəql edə. Səs verdi o taydakı ən uzaq, gözəl səsə, oxuduqca oxudu, düşdü min bir həvəsə. Amma səsi çatmadı Uzaq dağlar başına, Bayaqkı səs batmadı, Aldı kəndi başına. Uşaq yaman xar oldu. Onun bu sirli dərdi, Nəğmədə xallar oldu (47, 189).
“Sirli dərdin nəğmədə xallara” çevrilməsi İlhamda ilahi verginin olduğunu göstərən əlamətdir” (58, 203).
Bu ilahi vergini Bakıda qonaq olduqları vaxt onlara qonaq gələn Eyvaz kəşf edir:
– Bacı, oğlun oğuldur,
Musiqi təbi vardır.
Sənətkar olacaq bu,
Oğlunuz bəxtiyardır. (47, 191)
Yeri gəlmişkən, qeyd edək ki, Altay Məmmədovun yazdığı kimi, “Əlinin “İlk simfoniya” əsərində Üzeyir bəy məktəbi keçmiş bir professor var: Eyvaz. Təəssüf ki, əsərdə dolğun obraz səviyyəsinə qaldırılmayıb, bəlkə buna heç ehtiyac da olmayıb. Lakin poemanın mərkəzində paytaxt musiqi həyatına donor ola biləcək bir obraz vardır – bu əsərin baş qəhrəmanı İlhamdır” (58, 199).
Poemanın təhlilinə yekun vurarkən sözümüzü tanınmış tənqidçi alim Məti Osmanoğlunun maraqlı bir mülahizəsi ilə bitirmək istərdik: “Bu yazı könlümə şeirlərdən düşən rəngli duyğuların işığında yaranıb. Çoxdan, lap çoxdan bədii sözü hiss etdiyim vaxtlardan o işıq duyğularımın başı üstündədir. O işığa hərdən çılğın bir musiqi də qoşulur. Bu poemada musiqinin, melodiyanın söz vasitəsilə ifadəsi, simfoniyanın sözə “tərcüməsi” Azərbaycan şeiri üçün təzə olduğu qədər də bədii fikrimizin yeni dövr üçün son dərəcə maraqlı bir hadisə oldu. Burada simfonik lövhə böyük sənətkarlıqla poetik tabloya çevrilir” (65).
“Həyat faktlarına xüsusi poetik yanaşma üsulu” nümunəsi şairin “İkinci simfoniya”dan sonra böyük rus şairi M.Y.Lermontovun Qafqaz səfərindən bəhs edən “Üçüncü atlı” (1958) poemasıdır. “Poema dilinin rəvanlığı, sadəliyi ilə canlı danışıq dilinə ustalıqla yanaşan, coşğun, dərin hissi ricətlərlə daha poetik olan süjetli poemalardan biri kimi seçilir. Əsərdə böyük klassik rus şairi M.Y.Lermontovun Şəkidən ötüb Şamaxıya gəlişi səfəri bədii dillə səslənir” (19).
“Bu poema şairin yaradıcılığının ilk dövrlərinə aid olsa da, fikir və mülahizələrinin səmimi və səlistliyinə görə oxucular tərəfindən rəğbətlə qarşılanmışdır. Əli Kərim “Üç atlı” poeması ilə ədəbi ictimaiyyətdə xoş təəssürat, yaxşı ümidlər yaratdı, öz nəfəsi, öz səsi və istedadı ilə sevildi” (7).
“Üçüncü atlı” poemasında rus şairi Lermontovun həyatının müəyyən zaman kəsiyindən və Qafqaza sürgün müddətində qədim Şamaxı şəhərinə tarixi səfərindən bəhs edilir.
“Üçüncü atlı” poemasında “İlk simfoniya”da olan məhəbbət macərası yoxdur. “İlk simfoniya” poemasında oxucu Nigar və İlhamın sevgi macərası ilə, ailə-məişət məsələləri ilə rastlaşırsa, “Üçüncü atlı” poemasında klassik rus şairi Lermontovun, Axundovun, azadlıq, insanpərvərlik kimi ictimai məsələlər haqqındakı düşüncələri ilə qarşılaşır.
Poemanın mərkəzində Əli Kərimin etiraf etdiyi kimi, “Sevirəm Qafqazı mən” şeirindəki hiss və duyğular əsas yer tutur. Dahi söz ustadının Qafqazın füsunkar təbiətinə, qədim mədəniyyətinə, qonaqpərvər ellərinə bəslədiyi məhəbbət hissi, eyni zamanda görkəmli gürcü şairi Çavçavadzenin Azərbaycanın görkəmli sənətkarı Axundovla tarixi dostluğu, iki uşaqla görüşü, xəyalları, düşüncələri poemada öz əksini tapmışdır. Bütün bunları yığcam, sadə bir süjetdə verən şair çətin və ağır bir işin öhdəsindən bacarıqla gəlmişdir.
“Qalın, sıx meşədəki bir cığır kimi, bu sujet də poetik ricətlərin, obrazların, təsvirlərin, müxtəlif bədii vasitələrin içindən keçib gedir. Ayrı-ayrı lövhələri, mənzərələri, epizodları, tarixləri, hadisələri bir-biri ilə sıx bağlayan, əsərin bütövlüyünə, möhkəmliyinə xidmət edən məhz bu süjetdir” (54).
Əli Kərim “Üçüncü atlı” poemasında tarixi şəxsiyyət olan Mixail Yuryeviç Lermontovun obrazını yaratmışdır.
M.Y.Lermontov (1814-1841) Rusiyanın görkəmli humanist şair və mütəfəkkirlərindən olub, XIX əsrin birinci yarısında yaşayıb-yaratmışdır. Əli Kərimin Lermontovu öz qəhrəmanı seçməsinə nələr səbəb olmuşdur? Bu sualın bir neçə cavabı ola bilər. Birincisi, Lermontov Şərq mövzusuna müraciət etmiş və Qafqaz xalqlarının həyatını, onların adət-ənənələrini çoxsaylı əsərlərində əks etdirmiş və nəticədə məşhur rus ədibi Azərbaycan xalqının sevimli şairlərindən birinə çevrilmişdir. İkincisi, “Rus poeziyasının ən yüksək zirvələrindən biri sayılan M.Y.Lermontovu tanıdan və sevdirən һәm də onun yaradıcılığında rast gəlinən insan və cəmiyyət, güclü şəxsiyyət problemlərinə yanaşma tərzidir”. Üçüncüsü, M.Y.Lermontov da Puşkin, M.Müşfiq və digər ölməz sənətkarlar kimi, namərd gülləsinin qurbanı olmuşdur. Dördüncüsü, Əli Kərim Lermontovun üsyankar şəxsiyyətində, azadlıq ideyalarında özünü, öz ideyalarını görürdü. Lermontov cəmiyyətin ən vacib problemlərini kəskin şəkildə ədəbiyyata gətirən ən barışmaz şair, yazıçı və dramaturqlardan idi.
Məmməd Əmin Rəsulzadə “Çağdaş Azərbaycan ədəbiyyatı” əsərində yazırdı: “Od gəlini”ni Cəfər “Çeka”dan çıxdıqdan sonra yazmışdır. Bu əsərdə atəşpərəst Azərbaycanın müsəlman-ərəb istilasına qarşı mübarizəsi təsvir edilir. Yeni sahiblər məmləkətin bütün zənginliklərini çapıb aparırlar... Tamaşaçılar üçün ‘‘ərəb’’ və “islam” sözləri yerinə “rus” və “kommunizm” sözlərini qoymaq mənanı aktuallaşdırmaq üçün kifayətdir” (67). M.Ə.Rəsulzadənin C.Cabbarlının “Od gəlini” əsəri haqqında dediyi bü sözləri Əli Kərimin “Üçüncü atlı” poemasına da şamil etmək olar. Yəni poemada Puşkinlərin, Lermontovların həyat eşqini söndürən Çar Rusiyası tənqid olunursa, həmçinin onun simasında M.Müşfiqlərin, H.Cavidlərin, Ə.Cavadların qətlinə fərman verən Sovet hakimiyyəti də tənqid atəşinə tutulur. “Üçüncü atlı” poemasının müasir ruhu da yaramaz ictimai quruluşun tənqidi ilə bağlıdır. Əli Kərim hakimiyyətə qarşı etirazını açıq şəkildə deyil, sətraltı mənalarda verir. Bununla yanaşı, poemada Azərbaycan xalqının gözəl adət-ənənələri, dilimizin gözəlliyi, heyranedici təbiət lövhələri və s. təsvir edilir.
Əkbər Əlioğlu “Əli Kərim dünyalı poeziya” adlı məqaləsində yazır ki, “Üçüncü atlı” poeması Azərbaycanın Rusiya ilə ədəbi əlaqələrinin tərənnümünə həsr olunmuş gözəl poemalarımızdan biridir. Maraqlıdır ki, son illər bu əlaqələri vəsf etmək gözəl ənənəyə çevrilmişdir. Məsələn, tanınmış gənc şairimiz Nəriman Həsənzadə “Zümrüd quşu” poemasında böyük rus şairi A.S.Puşkinin canlı obrazını yaratmağa çalışmış, onu A.Bakıxanovla görüşdürmüşdür... Hər iki poema Rusiya ilə mədəni əlaqələrimizin tarixini maddiləşdirmək istəyindən, böyük rus klassiklərinə dərin məhəbbətdən yaranan dolğunluqdur” (18).
Əli Kərim poemasında tarixi şəxsiyyətin Qafqaza səfərini, M.F.Axundovla görüşünü, ondan Azərbaycan dilini öyrənməsini, “Aşıq Qərib” dastanını yazıya almasını tarixi həqiqətlərə uyğun şəkildə təsvir edir.
Qafqaza vurğun olan rus şairlərindən biri də M.Y.Lermontov olmuşdur. Qafqaza ilk dəfə hələ uşaqkən gələn Lermontov bu yerin gözəlliyinə, təbiətinin əzəmətinə, sərtliyinə, məğrur ruhlu camaatına valeh olmuşdur. Qafqaz Lermontovun poeziya vətəni sayılırdı. O, “Qafqaz” şeirində ona uşaqlığını, anasının obrazını xatırladan bu уеrә sevgisini etriaf edir: “Sevirəm Qafqazı mən”. Əli Kərimin poemaya bu misranı epiqraf seçməsi də təsadüfi deyil. Lermontov 14 yaşında Puşkinin “Qafqaz əsiri” poemasını dəyişdirib yazmaqla poeziya yaradıcılığına başlamışdır. Lermontov Qafqaza həsr etdiyi ilk əsərlərini uşaqlıq xatirələri əsasında yazmışdır, sonralar Qafqaza sürgün olunanda “Demon”, “Rahib” kimi poemalarını yazır. Lermontovun Qafqaz poemalarına “Qafqaz əsiri”, “Çərkəzlər”, “Kanlı”, “Bostançı aulu”, “İsmayıl bəy”, “Hacı Abrek”, “Qaçqın”, “Mtsıri”, “İblis” daxildir.
Telman Cəfərov yazır ki, “qayğıkeş nənəsinin (Yelizaveta Alekseyevna Arsenyeva) himayəsi olmasaydı, Puşkinin ölümünə çox sərt münasibət bildirən və onun qətlində birbaşa çarı və onun əhatəsini günahlandıran və ifşa edən Lermontov (“Şairin ölümü”) daha sərt cəza ala və bəlkə də ən azı Sibirə sürgün edilə bilərdi”. Ancaq şairi “isti Sibirə”, yəni Qafqaza sürgün edirlər. 1837-ci ildə baş verən bu hadisə Lermontovu Azərbaycana gətirir (12).
Dostları ilə paylaş: |