Folklorun qorunmasının qanunvericiliklə tənzimlənməsi
Azərbaycan Respublikası Prezidentinin 23 may 2007-ci il tarixli 2198 saylı Sərəncamı ilə təsdiq edilmiş, Azərbaycan Respublikası Milli təhlükəsizlik konsepsiyasının giriş hissəsində göstərildiyi kimi, Azərbaycan xalqı daha geniş demokratik dəyərlərə qovuşmaq imkanından istifadə edərək, özünün milli dövlətçilik ənənələrinə, tarixi və mədəni irsinə söykənən müasir, demokratik, hüquqi dövlət quruculuğu yolunu seçmişdir.
Dövlətçilik ənənələrinə, tarixi və mədəni irsinə söykənən müasir dövlət hər şeydən əvvəl özünəməxsusluğunu, milli dəyər, sistem və strukturunu saxlayan, qoruyan və inkişaf etdirən, xalqın formalaşdırdığı dövlətdir.
Məhz buna görədir ki, 16 may 2003-cü ildə Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilən “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikası Qanununun preambulasında göstərilir ki, bu Qanun Azərbaycanın mədəni irsinin tərkib hissəsi olan milli folklor nümunələrinin əqli mülkiyyətin xüsusi növü kimi hüquqi qorunması, istifadəsi və müdafiəsinin təminatı ilə əlaqədar yaranan münasibətləri tənzimləyir [4].
Qanuna görə, folklor nümunələri dedikdə Azərbaycan xalqı, onun ayrı-ayrı fərdləri tərəfindən yaradılan və qorunub saxlanılan, Azərbaycan xalqının ənənəvi-bədii dəyərlərini, dünyagörüşünü, ümid və arzularını, bədii irsin xarakterik xüsusiyyətlərini özündə əks etdirən, şifahi şəkildə yaradılan söz sənəti nümunələri, xalq musiqisi, oyunları və rəqsləri, xalq sənətkarlığı və tətbiqi sənət nümunələri (maddi və qeyri-maddi), eləcə də, digər xalq yaradıcılığı nümunələri nəzərdə tutulur. Qanunun məzmunundan aydın olur ki, folklor nümunələri bədii xalq yaradıcılığı, xalq sənətkarlığı və tətbiqi sənət nümunələrindən ibarət olan aşağıdakı maddi və qeyri-maddi irsə aid edilən əsərlərdir:
Bədii söz sənətinə aid olan əmək, mərasim və uşaq folkloru nümunələri, miflər, əfsanələr, rəvayətlər, nağıllar, dastanlar, lətifələr, xalq dramları, atalar sözləri, zərbi-məsəllər, tapmacalar, xalq və aşıq poeziyası nümunələri, bayatılar və başqa şifahi söz nümunələri;
Xalq mahnıları və rəqs melodiyaları, xalq professional musiqisinə aid aşıq havaları, muğam dəsgahlar, zərb-muğamlar, təsniflər, cənglər və başqa folklor musiqisi nümunələri;
Xalq rəqsləri, yallılar, oyunlar, mərasimlər, bayramlar və başqa hərəkətli nümunələr;
Duyulan tətbiqi sənət və xalq sənətkarlığı nümunələri, o cümlədən qrafik sənət – şəkillər, rəsmlər, silsilə təsvirlər, kölgə rəsmləri, döymə və oyma işləri, heykəltəraşlıq, keramika, gil məmulatı, mozaika, metal üzərində işləmə, mis və bürünc tökmə məmulatları, ipəkçilik, xalçaçılıq, misgərlik, zərgərlik, dabbaqlıq, tikmə, səbəthörmə işləri, gəbələr, butalar, geyimlər kimi folklor sənəti nümunələri, ornamentlər, naxışlar, musiqi alətləri, xarratlıq, memarlıq işləri və bu qəbildən olan başqa nümunələr.
Göründüyü kimi, hüdudsuz zamana, geniş, bütöv Azərbaycan arealına yayılmış müxtəlif çeşidli, çoxsaylı sərvət, maddi və qeyri-maddi milli irs nümunələri milli təfəkkürün, həyat tərzinin və yaradıcılıq təxəyyülünün göstəricisi kimi hüdudsuzdur, zəngindir.
Qanunda folklor nümunələrinin hüquqi qorunması sahəsində dövlət siyasətinin əsas istiqamətləri müəyyənləşmişdir. Bu Qanun müasir folklorşünaslığın çərçivəsini genişləndirməklə yanaşı folklor nümunələrinin hüquqi qorunmasını daha mükəmməl təmin edərək gələcək qanunvericilik bazasının yaranmasına da təkan verir.
Folklor nümunələrinin hüquqi qorunması dedikdə, folklor nümunələrinin hər hansı qeyri-qanuni istifadədən və onlara zərər vuran hərəkətlərdən qorunması başa düşülməlidir.
Açığı, Qanunun bir çox müddəaları müasir milli folklorşünaslığın inkişaf səviyyəsindən öndə durur.
“Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Qanun qəbul edildikdən sonra o, bir çox digər məcəllə və qanunlarda, proqram və strategiyalarda da öz ifadəsini tapdı, onun normativ gücü artdı.
Azərbaycan Respublikası Konstitusiyasında göstərilir ki, hər kəsin mədəni həyatda iştirak etmək, mədəniyyət təsisatlarından və mədəni sərvətlərdən istifadə etmək hüququ vardır. Hər kəs tarixi, mədəni və mənəvi irsə hörmətlə yanaşmalı, ona qayğı göstərməli, tarix və mədəniyyət abidələrini qorumalıdır (Maddə 40. Mədəniyyət hüququ). Bundan başqa, hər kəsin milli mənsubiyyətini qoruyub saxlamaq hüququ vardır. Heç kəs milli mənsubiyyətini dəyişdirməyə məcbur edilə bilməz (Maddə 44. Milli mənsubiyyət hüququ) [1].
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Folklor nümunələrindən istifadə tələblərinin pozulması adlı 165-2. maddəsinə görə Folklor nümunələrindən istifadə tələblərinin pozulması, əgər bu əməllər nəticəsində xeyli miqdarda ziyan vurulmuşsa əmlakı müsadirə olunmaqla yüz əlli manatdan beş yüz manatadək miqdarda cərimə və ya yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər ilə cəzalandırılır.
165-2.2. Eyni əməllər:
165-2.2.1. təkrar törədildikdə;
165-2.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə – əmlakı müsadirə olunmaqla şərti maliyyə vahidinin beş yüz mislindən min mislinədək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd: Bu maddədə "xeyli miqdar" dedikdə, min manatdan artıq olan məbləğ başa düşülür [2].
Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 50-2-ci Folklor nümunələrindən istifadə tələblərinin pozulması adlı maddəsinə görə isə, Folklor nümunələrindən istifadə tələblərinin pozulmasına görə, bu, az miqdarda ziyan vurduqda – folklor nümunələrinin istifadəsinə qoyulan tələblərin pozulması ilə istehsal olunmuş və ya yayılmış folklor obyekti nüsxələri (pirat nüsxələr) müsadirə edilməklə, fiziki şəxslər on beş manatdan iyirmi beş manatadək miqdarda, vəzifəli şəxslər otuz manatdan əlli manatadək miqdarda, hüquqi şəxslər yüz manatdan yüz əlli manatadək miqdarda cərimə edilir [3].
Dövlətimizin milli təhlükəsizlik siyasətinin həyata keçirilməsində elmin rolunun artırılması, xalqımıza məxsus milli-mənəvi dəyərlərlə bağlı istiqamətlərdə bir çox məsələlərin yenidən azərbaycançılıq məfkurəsi mövqeyindən araşdırılması, milli-mənəvi dəyərlərin, Azərbaycan mədəniyyəti və tarixinin obyektiv, konseptual və kompleks şəkildə araşdırılması, ictimai və humanitar elm sahələrində keçmiş sovet metodologiyası ənənələrinin milli maraqlara uyğun yanaşmalarla əvəzlənməsi və s. kimi şərtləri folklorşünasların fəaliyyətini genişləndirmiş, məsuliyyətini artırmışdır.
Dostları ilə paylaş: |