D ədə Qorqud ● 2016


Kontaminasiyanın yaradıcı və dağıdıcı tərəfləri



Yüklə 2,43 Mb.
səhifə86/154
tarix01.01.2022
ölçüsü2,43 Mb.
#103364
1   ...   82   83   84   85   86   87   88   89   ...   154
Kontaminasiyanın yaradıcı və dağıdıcı tərəfləri: Kontaminasiyaya dair fol­klor­şünaslıqda iki fərqli fikir mövcuddur. Bir qrup tədqiqatçılar süjet birləşmələrinə janrın tənəzzülünü göstərən mexaniki hadisə kimi yanaşırlar. Bu istiqamətin əsas tə­rəf­darlarından biri A.N.Veselovskidir ki, nağıl haqqında araşdırmasında bundan ge­niş bəhs edir (Ve­selovski, 106-110). N.İ.Kravsova görə bədii əsərlərin bir sistem kimi for­ma­­­laş­ması üçün onun hissələri bütöv və üzvi şəkildə bir-biri ilə birləşməlidir. Daha sonra müəllif ya­zır: “Kontaminasiya bir qayda olaraq əsərin ideya və bədii zəmininin, sistemin çök­məsi, fikir bütövlüyünün dağılması nəticəsində baş verir və dağılma prosesinə şahidlik edir” (Kravsov, 12). Onlardan fərqli olaraq, ikinci yanaşmanın tərəf­darları süjet bir­ləş­mələrini yaradıcılıq hadisəsi kimi qiymətləndirir və onu zəngin re­pertuarlı usta söy­lə­yicilərin sahib olduğu mürəkkəb bədii priyom hesab edirlər (Veder­nikova 1972, 161).

Fikrimizcə, kontaminasiyanın tənəzzül kimi qiymətləndirilməsi bu hadisənin mahiy­yə­tinin dərk olunmamasından, ona sadəcə süjet birləşməsi kimi yanaşılmasından irəli gəlir. Əslində kontaminasiya daha mürəkkəb və söyləyicidən xüsusi yaradıcılıq tələb edən bir prosesdir. Əgər kontaminasiya N.İ.Kravsovun yazdığı kimi, nağıllarda gedən tənəzzülün bir əlaməti olsaydı, onda bu tənəzzül bütün səviyyələrdə özünü gös­tər­məli idi. Müasir nağıllarda bu prosesi açıq-aydın izləmək mümkündür. Müasir dövr­də tənəzzül nağıl ifaçılığının zəifləməsindən tutmuş ənənəvi formul­ların nağıl struk­tu­rundan çıxması, müasir məişət elementlərinin nağıllara nüfuz etməsi, bir çox nağıl­ların müasir dövrün tələbi ilə forma dəyişikliyinə uğramasına qədər bir çox sahələrdə mü­şahidə olunur. Süjet birləşməsindən təşkil olunan nağıllarda isə nəinki bu cür par­çalan­ma müşahidə olunur, əksinə onlar nağılın qayda-qanunlarının gözlənildiyi, bədii və ustalıq cəhətdən ən gözəl və mükəmməl parçalardır. Hətta usta söyləyicilərin reper­tu­a­rı­nı incələdikdə məlum olur ki, onların repertuarındakı ən şah əsər məhz süjet bir­ləşmələri əsasında təşkil olunan mətnlərdir. Məsələn, beş süjetin birləşməsindən təşkil olunmuş “İsgəndər” nağılı Abbas Abbasovun repertuarının ən gözəl əsəridir (Qarabağ, IX, 149). Maraqlı cəhət odur ki, nağılçılıq ənənəsi bu gün məhz kon­taminasiyaya meyl­li usta söyləyicilər tərəfindən yaşadılır və inkişaf etdirilir. Ona görə də T.Q.İva­nova haqlı olaraq qeyd edir ki, “Kontaminasiya yaradıcılıq üsulu kimi o dövr üçün xa­rak­terikdir ki, onda nağıl özünün fəal həyatını yaşayır. Nağılçılıq ənə­nəsinin tənəzzülü dövründə təbii olaraq kontaminasiya da yoxa çıxır” (İvanova, 246).

Deməli, kontaminasiya nağıl ifaçılığının ən pik nöqtəsidir. O, süjeti parçalamır, əksinə müxtəlif süjetləri vahid bir mövzu, vahid bir sistem ətrafında birləşdirir. N.M.Vedernikovanın “kontaminasiya nağıla mürəkkəblik qazandırır, amma onun bədii bütövlüyünü pozmur” fikri də bunu təsdiq edir. Sual oluna bilər. Nağılın bədii bü­tövlüyü necə qorunub saxlanılır? N.M.Vedernikovaya görə bu, süjetlərin bir-birinə uyum saxlaması, asılı süjetin əsas süjetə tabe olması, yeni əsaslandırmaların verilməsi hesabına baş verir (Vedernikova 1969, 44). Kontaminasiyaların təşkilində iştirak edən süjetlərin hər biri tamın, bütövün tərkib hissələri kimi çıxış edir. Həmin nağılı onlarsız təsəvvür etmək mümkün deyildir. Bir neçə sütunun üzərində dayanmış binanı təsəvvür edək. Həmin sütunlardan birini ləğv etsək, onda bina ya yıxılacaq, ya da uçmaq təh­lü­kə­si ilə üz-üzə qalacaq. Kontaminasiya əsasında təşkil olunmuş nağıllarda da eyni halla qarşılaşırıq. Məsələn, beş cildik nağıllar toplusunun I cildində çap olunmuş “Peşə dalınca” nağılı dörd süjetin birləşməsindən təşkil olunub. Onlardan hansısa birini nağılın strukturundan çıxsaq onda nağıl natamam, yarımçıq təsir bağışlayacaq. Çünki nağılı təşkil edən həmin süjetlər sadəcə mətni genişləndirməyə xidmət etmir, həm də onların hər birinin nağıl daxilində öz rolu, yerinə yetirdiyi funksiya vardır. Məsələn, “Peşə dalınca” nağılında qəhrəman dəmiri qızıla döndərmək sənətini öyrənmək üçün səfərə çıxır və uzun macəralardan sonra həmin sənətə yiyələnir. Səfər zamanı qəhrəman xeyli var-dövlət, sərvət əldə edir. Amma gözü, könlü o qədər tox olur ki, onların heç birini özünə götürmür, yolda qarşısına çıxan imkansız şəxslərə paylayır. Söyləyici 1137, 378 saylı süjetləri nağılın strukturuna daxil etməklə həmin sərvətin əldə edilməsini təmin edir. Qəhrəman təpəgözü öldürüb onun əsir aldığı adamları azad edir, əvəzində həmin insanlar onları xilas etdiyi üçün var-dövlətlərinin bir qismini qəhrəmana hədiyyə edirlər. Sifətinin bir tərəfi qızıla dönmüş qızı sağaldır, əvəzində qız sehrli yağı ona hədiyyə edir. Göründüyü kimi, bu süjetlərin hər birinin nağıl daxi­lində öz funksiyası, oynadığı rol vardır. Ona görə də nağılı onlarsız təsəvvür etmək mümkün deyil. Deməli, həmin süjetlərin hər birinin bəlli strukturu, özünəməxsus hadisələr gedişi olsa da, söyləyici onları nağılın əsas ideyasına tabe etdirir, onlar nağı­lın əsas qayəsinin açılmasına, qəhrəmanın rolunun daha yaxşı başa dü­şül­məsinə, an­laşılmasına xidmət edirlər.

Kontaminasiya zamanı süjetlər ilkin funksiyalarını itirib yeni mahiyyət qaza­nırlar. Kontaminasiya olunmuş süjetləri incələdikdə bunun açıq-aydın şahidi olu­ruq. Məsələn, 300 nömrəli süjetin müstəqil variantlarında qəhrəman suyun qabağını kəs­miş əjdahanı öldürdükdən sonra xilas etdiyi qızla evlənir. Amma kontaminasiya olunmuş variantlarda biz belə bir finala, sonluğa rast gəlmirik. Qəhrəman göstərdiyi igidliyin qar­şı­lığında padşahdan işıqlı dünyaya çıxması üçün onu lazımi ərzaqla təmin etməsini tələb edir. Deməli, süjetin oynadığı rol, yerinə yetirdiyi funksiya dəyişir, yeni bir məz­mun, yeni bir mahiyyət kəsb edir. Sadəcə hadisələrin gedişi, motivlərin ardıcıllığı 300 saylı süjeti xatırladır, amma məzmun, mahiyyəti, oynadığı rol ənənəvi variantdan ta­ma­milə fərqlənir.

Folklorşünaslıqda belə bir fikir hakimdir ki, kontaminasiya şüurlu bir yaradıcılıq hadisəsi deyil, ifa zamanı improvizasiya nəticəsində yaranır. R.P.Matveyeva yazır: “Nağılçı ifa zamanı qarşı­sına hansısa bədii məqsəd qoymur, hətta hekayəni uzatmaq məqsədilə bilərəkdən etdiyi kontami­nasiya da bədahətən baş verir “Matveyeva, 80”. Bu fikirlə razılaşmaq mümkün deyil. Doğrudur, bir çox sadə kontaminasiyalar var ki, onların gerçəkləşdirilməsi üçün o qədər böyük ustalıq tələb olunmur. Söyləyici ifa zamanı çox asanlıqla süjetləri birləşdirib nağılın həcmini genişləndirə bilər. Lakin mürəkkəb kontaminasiyalar əsasında qurulmuş nağılları incələdikdə və söyləyici­lərin süjetlər üzərində həyata keçirdiyi əməliyyatları göz önünə gətirdikdə bu dəyişikliklərin gözlə-qaş arasında başa vermədiyinə, uzun bir zaman tələb etdiyinə bir daha əmin oluruq. Həmin dəyişikliklərin spontan şəkildə, birdən birə söyləyicinin ağlına gəlməsi mümkün deyil, bunun üçün söyləyicinin qabaqcadan fikirləşib söyləyəcəyi mətni beynində tam sabitləməsi lazımdır, yalnız bundan sonra auditoriya qarşısında həmin mətni ifa edə bilər. A.Lord ifa zamanı mətnin nə kimi dəyişikliyə uğradığı izləmək üçün maraqlı bir təcrübə həyata keçirir. Aşıqdan ilk dəfə eşitdiyi mətni təkrar ona söyləməsini xahiş edir, amma aşıq mətni təkrar söyləmək üçün bir neçə gün möhlət istəyir. Bu müddət ərzində o həmin mətni öz beynində bir daha canlandırır, epizodların ardıcıllığını formalaşdırır, ondan sonra onu ifa edir. Eynilə Cəbrayıl sakini Abbas Ab­ba­sov da toplayıcı ondan bildiyi nağılları söyləməsini xahiş etdikdə uzun müddət ifa etmədiyi üçün bəzi epizodları qarışdıra biləcəyindən, nağılı tam, mükəmməl şəkil­də çatdıra bilməyəcəyindən ehtiyat edərək bir neçə günlük möhlət istəmişdir. Bir neçə gündən sonra toplayıcı onunla görüşdükdə əvvəl üç, iki-üç günlük əlavə möhlətdən sonra daha üç nağıl söyləymişdir (Qarabağ, IX, 6). Deməli, söyləyici auditoriya qarşı­sına çıxmazdan əvvəl müəyyən hazırlıq görür: nəyi söyləyəcəyini özü üçün müəy­yən­ləşdirir, bu prosesdə nağılı necə genişləndirəcəyini, hansı süjetləri konta­mi­nasiya edəcəyini də müəyyənləşdirir. Auditoriya qarşısına çıxdıqda artıq hazır şəkildə çıxır. Beləliklə, biz bu qənaətə gəlirik ki, kontaminasiya spontan deyil, qabaqcadan düşü­nül­müş, məqsədli və şüurlu bir yaradıcılıq hadisəsidir.

N.M.Vedernikova kontaminasiyaları iki qrupa ayırır: mexaniki və yaradıcı kontaminasiyalar. Onun fikrincə, mexaniki kontaminasiya zamanı süjetlərin birləşməsi təsadüfi xarakter daşıyır, bir süjetdən digər süjetə keçid, demək olar ki, əsaslandırılmır. Söyləyici süjetləri çox vaxt bədii tamlığa gətirə bilmir və final formulu ilə nağılı mexaniki tamamlayır. Müəyyən söyləyicinin repertuarı ilə məhdudlaşan bu cür kontamina­siyaları N.M.Vedernikova ənənəvi nağılların tənəzzülü kimi qiymətləndirir. Bu cür nağıllar toplulara daxil edilməsə də, arxivlərdə onların sayı xeyli çoxdur. Yaradıcı kontaminasiyalar isə nağılda ideya və bədii funksiya yerinə yetirir. Belə nağıllarda söyləyicinin hadisələri özünəməxsus tərzdə mənalandırması, mürəkkəb fəaliyyəti əsaslandırmaq cəhdləri hiss olunur (Vedernikova 1972, 161).

Mexaniki kontaminasiyalar çox vaxt əsas süjetin bir çox detallarının unudulması üzündən, zahiri bənzərliklər əsasında baş verdiyindən nağılçılıq ənənəsinin inkişa­fında, onun zənginləş­məsində elə bir rolu yoxdur. Bu cür kontaminasiyalar çox vaxt zəif söyləyicilərin repertuarında müşahidə olunur. Məsələn, Tovuzdan qeydə alınmış “Kefli İsgəndər” nağıl iki süjetin birləşməsindən təşkil olunmuşdur. Əsas süjetdə qəhrəmanın İsgəndər adlanmasına dayanaraq söyləyici “İsgəndərin zülmət dünyasına səfəri” süjetini də ona calaq edir. Bu süjetlər arasında personaj adlarının zahiri bən­zəyişindən başqa heç bir yaxınlıq yoxdur, asılı süjet əsas süjetdəki hadisələrin inki­şafını nəinki davam etdirir, əksinə nağılın tamam başqa məcrada, başqa səmtdə inkişa­fına səbəb olur.

Yaradıcı kontaminasiyalar isə tamam fərqlidir. Onlar əsas süjetdəki mövzunu inkişaf etdirməklə yanaşı, Azərbaycan nağılçılıq ənənəsinin yeni kontaminasiya tipləri, yeni nümunələrlə zənginləşdirilməsində mühüm rol oynayır.

Kontaminasiya bütün nağıl qruplarında müşahidə olunmasına baxmayaraq, onla­rın hamısına eyni gözlə baxmaq, onları bərabərhüquqlu, eyni tipli kontamina­siya­lar kimi dəyərləndirmək düzgün olmazdı. N.M.Vedernikovanın araşdırmalarında bu fərq gözlənilmir, onların hamısından eyni tipli kontaminasiyalar kimi bəhs olunur. T.Q.İva­nova heyvanlar və axmaq şeytan haqqında nağıllarla sehrli və novellistik nağıllardakı kontaminasiyaların bir-birindən fərqləndiyini qeyd edərək yazır: “Fikri­mizcə, nağıl­larda iki növ kontaminasiya ayırmaq mümkündür. Birinci növ heyvanlar və axmaq şeytan haqqında nağıllara xasdır. Burada əsas və asılı tərəf yoxdur. Dinləyici qarşı­sında bərabərhüquqlu hadisələr zənciri açılır. Bu tip nağıllarda kontaminasiya olduqca müxtəlif, hərəkətli və dəyişkəndir. Süjetlər kontaminasiya zəncirində asanlıqla yerini dəyişə bilir” (İvanova, 235). İkinci növə sehrli nağıllardakı kontaminasiyanı aid edən müəllif yazır: “Burada əsas və asılı süjetlər ayrılır. Sehrli nağılların birləşməsi daya­nıqlıdır, süjetlər adətən öz ardıcıllığını dəyişmir” (İvanova, 235). Müəllifə görə, kon­taminasiyalardakı bu fərqlilik həmin qruplara məxsus süjetlərin təbiətindən irəli gəlir. “Heyvanlar haqqında nağıllar əsas motiv üzərində qurulur, nağılın əsas ideyasını aç­mağa kömək edən yardımçı motivlər bu nağıllarda yoxdur. Sehrli nağıl süjetləri isə çoxsaylı motivlərdən təşkil olunur, onlardan biri mərkəzi motivdir” (İvanova, 235).

Biz indiyə qədər kontaminasiyanın söyləyicilik ənənəsinin inkişafında, nağıl­yaratma prosesində rolundan danışdıq, amma unutmaq olmaz ki, kontaminasiya süjet­lərin müstəqilliyini itirmələrinə səbəb olur. Müstəqillik süjetə məxsus bir əlamətdir. O heç bir süjetlə birləşmədən sərbəst şəkildə bu və ya digər nağılı təşkil edə bilir. Amma kontaminasiya olunmuş nümunələr şifahi ənənədə o qədər geniş yayılırlar ki, bu da öz növbəsində süjetlərin müstəqil variantlarının arxa plana keçməsinə və tədricən unudulmasına səbəb olur. Məsələn, “Suyun qabağını kəsmiş əjdaha” (300) süjetinin bizə məlum 26 variantından yalnız biri müstəqil şəkildə çıxış edir, digər variantlarına başqa süjetlərlə kontaminasiya daxilində rast gəlinir. Eynilə “Ər itmiş arvadını axtarır” (400) süjetinin 13 variantından yalnız ikisi, “Gəlinlərin sınanması” (402) süjetinin bizə məlum 12 variantından ikisi, “Göyçək Fatma” süjetinin 9 variantından ikisi, “Cins dəyişmə” (514) süjetinin beş variantından biri müstəqil şəkildə çıxış edir. “Usta və şəyirdi” (950), “Hirslənməmək sazişi” (1000) süjetlərinin isə ümumiyyətlə müstəqil variantlarına rast gəlinmir. Bu siyahını daha da genişləndirmək olar. Konta­mina­siya­nın bu cəhətini nəzərə alaraq N.M.Vedernikova qeyd edir ki, kontaminasiya bir tərəf­dən ənənəvi material əsasında yeni süjet birləşmələri yaratmaqla nağılçılıq ənənəsini dəs­təkləyirsə, digər tərəfdən süjetlərin müstəqilliyini itirməsi nəticəsində ənənəni zəiflədir (Vedernikova 1980, 262).



Deyilənləri ümumiləşdirəsi olsaq, belə qənaətə gəlmək olar ki, kontaminasiyaya dair araşdırmaların keçən əsrin ikinci yarısından etibarən xüsusi aktuallıq kəsb etməsinə baxmayaraq, nə rus, nə də qərb folklorşünaslığında hələ də onun tam nəzəri izahı verilməmişdir. Terminin ifadə etdiyi anlam haqqında dəqiq fikrin olmaması bir çox dolaşıqlığa yol açmış, bununla belə kontaminasiya­ların nağılçılıq ənənəsinin inkişafında, söyləyici repertuarının formalaşmasında rolu danılmazdır. Bu hadisəni öyrənmədən V.P.Anikinin də vurğuladığı kimi “folklorda gedən əsas prosesləri başa düşmək olmaz”.


Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin